Elektron ədəbiyyat və sənət portalı

Türkcədən şeir tərcümələrində təhriflər

Bölmə: Ədəbiyyat 22.04.2016

Məsələn, Türkiyənin tanınmış şairlərindən Faruk Nafız Çamlıbelin dilimizə tərcümə edilmiş beşbəndlik  “Ali” adlı şeirini bütövlükdə orijinalda oxuyaq:

 

Namluna dayanır, yola dalarsın,

Duruşun, bakışın yaman, be Ali!

Boşuna tetiği ne kurcalarsın?

Var daha ateşe zaman, be Ali!

 

Yıllanmış bir çınar pusuluk yerin,

Nerdeyse gelecek beklediklerin

Var iki atımlık canı kederin,

Desene işleri duman, be Ali!

 

Onu sen büyüt de söğüt boyunca

Kendini ellere versin o qonca!

Sözüme kanmadın bunu duyunca,

Gönlündü gözünü yuman, be Ali!

 

...Geldiler beklenen cütler ormana,

Duruyor iki genç, ne hoş, yanyana.

Bir kurşun kadına, bir de çobana,

Çınlasın yıllarca orman, be Ali!

 

Görünce uzanmış yar kucağına,

Boynunu dolamış zülfü bağına,

Kurşunu kahpeye sıkacağına

Kendine çevirdin... Aman, be Ali!

İndi isə şeirin tərcüməsinə və xətalarına baxaq:

 

Tüfəngə söykənib yola baxırsan,

Duruşun, baxışın yaman bə Əli.

Boşuna tətiyi nə qurdalarsan,

Hələ gəlməyibdir zaman bə Əli.

 

Birinci bəndin tərcüməsi uğurludur. Hər iki dildə lirik qəhrəmanın əhvali-ruhiyyəsi cəmi dörd misrada usta şəkildə ifadə edilib. Hərçənd ki, türkcədə bu, daha qüvvətli verilib. Birinci misradakı yola dalmak ifadəsi gözləri yol çəkmək, birini intizarla gözləmək fikrinə daha uyğundur. Dördüncü misrada silahı işə salmaq, atəş açmaq məqamının hələ gəlmədiyi orijinalda daha açıq şəkildə vurğulanır.

İndi ikinci bəndin tərcüməsinə baxaq:

Bir qocaman çinar gizlənmə yerin

Hardansa gələcək gözlədiklərin

Var iki atımlıq barıtın sənin

İşlərin hər zaman duman bə Əli.

İkinci misradakı nerdeyse sözü yalançı ekvivalentdir, hardansa şəklində yox, indilərdə, tezliklə deməkdir. Üçüncü və dördüncü misralarda orijinalın məna təhrifinə yol verilib. Orijinalda lirik qəhrəmanı sıxan, kədərə boğan hadisənin cəmi iki qurğuşunla (güllə ilə) həll olunacağı və bu güllə ilə vurulacaq adamların (şair işləri kəlməsini cəmdə verir) halının pərişan, duman olacağı bildirilir. Tərcümədə isə iki atımlıq barıtı olan lirik qəhrəmanın özünün işlərinin hər zaman duman olduğu göstərilir.

Üçüncü bənddə ilk iki misranın tərcüməsi əslinə adekvatdır. Üçüncü və dördüncü misralarda məna təhrifi var:

Ona inanmadın niyə duyunca

Könlünü, gözünü yuman bə Əli.

Orijinalda sevgilisinin lirik qəhrəmana xəyanətini, onu bir çobanla aldatmasını Əliyə şair-təhkiyəçi xəbər verir. O isə inanmır. Sevginin gözü kordur – könlü, sevən qəlbi onun gözünü yumub, bağlayıb. Tərcümədə isə ona inanmadın (kimə?), könlünü yuman (?) deyilir ki, bu zaman məna başa düşülmür.

Dördüncü bəndin sonuncu misrasının tərcüməsi də uğurlu sayıla bilməz:

Qoy yansın illərcə orman bə Əli.

Orijinalda lirik qəhrəmanın qadına və çobana sıxdığı iki güllənin səsinin illərcə meşədə əks-səda doğuracağı (xəyanətinə görə sevgilidən alınan ağır intiqamın illərlə gurultu qoparacağı) ifadə edilib. Tərcümədə isə qurşun (güllə, mərmi) səsindən meşə illərcə yansın (?) deyilir.

Beşinci bəndin son iki misrası orijinalda daha təsirlidir. Tərcümədə xəyanət və onun qarşılığının faciəviliyi bir az yumşaldılıb:

Qurşunu düşmana atacağına

Özünə çevirdi (n), aman, bə Əli...

Əvvəla, qurşun sıxılan adam düşmən deyil, lirik qəhrəmanın onu çobanla aldadan xəyanətkar sevgilisidir. Ərinə, sevgilisinə xəyanət edən qadının isə el arasında bir adı var və bu ad hər iki dildə eynidir: qəhbə. Doğrudur, türkcə kahpe kəlməsinin düşmən, satqın mənaları da var, lakin bu kontekstdə evfemizmə ehtiyac yoxdur və həmin sözün müstəqim mənasını işlətmək də tabu sayılmaz.

İndi isə Faruk Nafızın “Sen nerdesin?” (“Sən hardasan?”) şeirinə baxaq. Orijinalda oxuyuruq:

Caddeden sokaklara doğru sesler elendi,

Pencereler kapandı, kapılar sürmelendi.

***

Son yolcunun gömüldü yolda son addımları,

Bekçi sert bir vuruşla kırdı kaldırımları

Mezarda ölü gibi yalnız kaldım odamda:

Yanan alnım duvarda, sönen gözlerim camda.

***

Senin için kandiller tutuştu kendisinden,

Resmine sürme çektim kandillerin isinden.

***

Nihayet ben ağlarken toprağın yüzü güldü,

Sokaklardan caddeye doğru sesler döküldü...

Şeirin müvafiq misralarının tərcüməsinə diqqət edək:

Yenə də evdən (?) küçələrə səslər ələndi,

Pəncərələr bağlandı, qapılar pərdələndi (?).

***

Son yolçunu basdırdı yolda son addımları (!),

Gözətçi acıq ilə ardı qırıntıları (?)

Məzardakı ölü kimi tək qaldım otağımda,

Yanan alnım divarda, gözlərim sönən şamda (?).

***

Sənin üçün çiçəklər (?) od aldı öz-özündən,

Rəsminə sürmə çəkdim o güllərin səsindən (?).

***

Nəhayət mən ağlarkən torpağın üzü güldü

Küçələrdən evlərə (?) şirin səslər töküldü...

İndi isə sual işarələriylə göstərdiyimiz tərcümə xətalarının haradan meydana gəldiyinin izahına çalışaq. Əvvəla, şeir İstanbulun geniş caddəyə – prospektə çıxan tipik ara küçələrindən birində yerləşən evdə sevgilisini gözləyən gənc aşiqin yalqızlıq ovqatının, həyəcan və iztirablarının təsviridir. Axşam düşür, küçələrdən əl-ayaq çəkilir. Pəncərələr örtülür, qapılar sürmələnir – kilidlənir, cəftələnir (pərdələnir kəlməsi yerində deyil). Gecə gözətçisinin səkilərdəki ayaq səsləri yalqızlığa qərq olmuş lirik qəhrəmana son dərəcə qaba və sərt gəlir (kaldırımla qırıntının əlaqəsi yoxdur).  Aşiq cama – pəncərə şüşəsinə (şama yox) üzünü söykəyib, yanan qəndillərə (çiçəklərə  yox) gözünü dikib. Lampa hisindən (güllərin səsindən yox) sevgilisinin fotoşəklinə düşən kölgələr – cizgilər onun gözlərinə sürmə çəkir. Sevgilisi isə gəlib çıxmaq bilmir. Beləcə, aşiq sabahı dirigözlü açır. Şeirin ilk misrasındakı küçələrdən evə yığışan səslər şeirin son misrasında evlərdən küçələrə daşır. Tərcümədə isə son misrada küçələrdən evə şirin (?) səslər tökülür. Bütün gecə gözünə yuxu getməyən, intizarla gözlədiyi sevgilisi gəlib çıxmayan aşiqin əhvali-ruhiyyəsinə, o ankı ovqatına (şair özü də sondan əvvəlki misrada mən ağlarkən) ifadəsini işlədir şirin səslər nə dərəcədə uyğun gəlir?!

Faruk Nafızın üçbəndlik “Əriyən adam” adlı şeiri bütövlükdə yaxşı tərcümə edilsə də, birinci bənddə təhrifə yol verilib:

Gözlerim gözlerinde dinlenirken eriyor,

Eriyor yaklaşırken dudağına dudağım.

Zerrelerim çözülmüş gibi sesler veriyor,

Ben sıcak bir denize inen buzdan bir dağım.

Tərcüməsinə diqqət edək:

Gözlərim gözlərində dincəlirkən əriyir,

Əriyir yaxınlaşarkən dodağına dodağım.

Zərrə-zərrə tökülürmüş kimi səslər əriyir,

Mən isti dənizdə buzdan bir dağam.

Qafiyə cütləri pozulmuş, məna təhrif edilmişdir. Şair sevgilisinin isti ağuşuna girməklə buz dağının (aysberqin) yavaş-yavaş isti dənizə dalmasını müqayisə edir. Buz necə isti suya salındığında çıtır-çıtır səslər çıxararaq əriyərsə, o da sevgilisinin qollarında onun dodaqlarından öpərkən elə əriyib yox olur, özünü unudur. Tərcümədə isə buz dağı isti dənizin içindədir (?) və səslər əriyir (?).

Hər iki dili bilməklə yanaşı, mütərcim eyni zamanda dilimizə çevirdiyi şairin mənsub olduğu ədəbi məktəbi, cərəyanı, bütövlükdə yaradıcılığını dərindən bilməlidir. Məsələn, türkcədən dilimizə onlarca şeiri mükəmməl tərcümə edən, özü də tanınmış bir şair-publisist olan mütərcimin Yunus Əmrədən çevirdiyi şeirdə oxuyuruq:

Şəriət, təriqət yoldur gedənə,

Həqiqət meyvəsi ondan içəri.

Beytin orijinalı belədir:

Şeriat, tarikat yoldur varana,

Hakikat, marifet andan içeri.

Türkiyə təsəvvüf ədəbiyyatının ən böyük sənətkarlarından biri olan Yunus Əmrə ikicə misrada vəhdəti-vücud fəlsəfəsinin, sufizmin mahiyyətini açıb. Bu təlimin mahiyyətinə görə kamilliyə, kamil insana gedən yol Haqqa qovuşmaqdan keçir. Bunun üçün müxtəlif mərhələ, mərtəbə-məqamlardan keçilməlidir. İlk pillə Şəriətdir. Lakin İslam şəriətini hər kəs anlamaz. Bunun üçün məktəbə, müəllimə ehtiyac var. Təriqət (ərəbcə yol sözündən) bu məktəblərdən biridir. Müəllim – mürşid, tələbə – müriddir. Bu məktəbdə oxunan elm şəriətin əsasları, haqq yoluna varmanın təməl prinsipləridir ki, buna Mərifət elmi deyilir. Yalnız bu məktəbi bitirən, bu elmi öyrənən Həqiqəti kəşf edir, Haqqa qovuşur, kamil İnsan olur. Tərcümədə Mərifət sözünün yerinə həqiqət meyvəsi işlədilir. Təsəvvüfün dörd təməl mərhələsindən biri olan Mərifətin tərcümədə verilməməsi bu fəlsəfi-ideoloji cərəyanın mahiyyət bütövlüyünə xələl gətirir.

Bir misal da ustad Nazım Hikmətin “Günlər” şeirindən verək:

Geçip gitmiş günler gelin,

rakı için sarhoş olun,

ıslıkla bir şeyler çalın,

geberiyorum kederden.

 

Tərcüməsi belə verilib:

Keçib getmiş günlər, gəlin,

Rakı için, sərxoş olun,

Tütəkdə (?) şarkılar çalın,

Bu kədər öldürdü məni...

Orijinalın üçüncü misrasında söhbət tütək çalmaqdan yox, fit (fıştırıq) çalmaqdan (ıslık) gedir. İnsan bəzən tək-tənha olub darıxdığı zaman o andakı ovqatına uyğun düşən melodiyanı, yaxud mahnını tütək çalaraq yox, fit (fıştırıq!) çalaraq zümzümə edir. Üstəlik, şeirdə “kədərin böyüklüyündən gəbərmək” dərəcəsinə çatan lirik qəhrəman xatirələrdən, onu məst edəcək keçmiş günlərdən mədət umur, fıştırıq çala-çala, sərgərdan (sərxoş) gəzməklə keçmişin işıqlı xatirələri ilə onu çuğlayan dərd-qəmdən qurtulmaq istəyir.

Orxan Vəlinin məşhur “Başdaşı yazısı” (“Kitabeyi-sengi mezar”) adlı üçhissəli şeirinin üçüncüsünün orijinalına baxaq:

Tüfeğini depoya koydular,

Esvabını başkasına verdiler.

Artık ne torbasında ekmek kırıntısı,

Ne matarasında dudaklarının izi;

Öyle bir rüzgar ki, Kendi gitti,

İsmi bile kalmadı yadigar.

Yalnız şu beyit kaldı,

Kahve ocağında, el yazısıyla:

‘’Ölüm Allahın emri, Ayrılık olmasaydı.’’

İndi isə tərcüməyə diqqət edək:

Tüfəngini silah anbarına qoydular

Qabını başqasına verdilər

Artıq nə torbasında çörək qırıntısı

Nə su qabında dodaqlarının izi

Elə bir rüzigar ki

Özü getdi

Adı belə qalmadı yadigar

Yalnız bu beyt qaldı

Bar masasında əl yazısıyla

“Ölüm Allahın əmri

Ayrılıq olmasaydı”

Seçdirməylə diqqət çəkdiyimiz sözlər qeyri-dəqiq tərcümə edilməklə poetik mətn təhrif olunub. Əvvəla, “esvap” türk dilində qab yox, pal-paltar mənasındadır. İkincisi, burada “hərbi geyim” nəzərdə tutulur. İlk misrada olduğu kimi, sonrakı misralardakı “torbada çörək qırıntısı”, xüsusən də “matara” kəlməsi bu epitafiyanın (başdaşı yazısının) bir əsgərə (ehtimal ki, Türkiyə milli-azadlıq hərəkatına qatılan bir kəndli balasına) aidliyinə dəlalət edir. Belə ki, türk dilində “matara” hərbçilərin istifadə elədiyi asılan kiçik su qabı deməkdir və dilimizdə bunun qarşılığı “qumquma”dır.

Şeirdəki epik lövhədə əsgərliyə gedərkən ayrılıqdan şikayət edən, döyüşlərdən birində həlak olan bir obraz təsvir edilir. Onun bar müdavimi olması (“bar masasında adını yazması”) obrazın ruhuna yad, poetik lövhənin və bütövlükdə şeirin məntiqinə ziddir. Orijinalda “kahve ocağı”ndan (qəhvəxanadan, çayxanadan) söhbət gedir. Ehtimal ki, şairin lirik qəhrəmanı əsgərliyə yola düşməzdən əvvəl bir kənd (qəsəbə) çayxanasında qəhvəsini, yaxud çayını qurtum-qurtum içərkən kiçik çib bıçağı ilə o kədərli beyti iri taxta masaya qazımışdır.

Orxan Vəlinin “Bayram” şeirinin tərcüməsində də səhvlərlə qarşılaşırıq:

Kargalar, sakın anneme söylemeyin!

Bugün toplar atılırken evden kaçıp

Harbiye nezaretine gideceğim.

Söylemezseniz size macun alırım,

Simit alırım, horoz şekeri alırım;

Sizi kayık salıncağına bindiririm kargalar,

Bütün zıpzıplarımı size veririm.

Kargalar, ne olur anneme söylemeyin!

Tərcüməyə baxaq:

Qarğalar, anama əsla heç nə deməyin

Bu gün toplar atılarkən evdən qaçıb

Hərbi Komissarlığa (?) gedəcəm

Sussanız, sizə məcun (?) alaram

Simit (?) alaram xoruz alaram

Sizi yelləncəyə mindirərəm qarğalar

Bütün aşıqlarımı (?) sizə verərəm

Qarğalar,  nə olar, anama  deməyin

Şeirin orijinalındakı “Harbiye nezareti” –  Müdafiə Nazirliyi, “macun” –  şəkər-noğul, “simit” – qoğal (bublik), zıpzıp – diyircək (uşaqların bizim “beşdaş”a bənzər oyun oynamaq üçün istifadə etdikləri yumru daşlar, yaxud metal şarlar, diyircəklər) şəklində tərcümə edilməli idi.

Türk şairi və “Hürriyyət” qəzetinin köşə yazarı Yılmaz Özdilin “Erik arakla...” şeirinin adının və aşağıdakı  misralarının tərcüməsində isə yalançı ekvivavlent və üslub xətası göz qabağındadır:

Erik arakla.

Güzel bir kıza ikram et, yürü git.

Kızsan, tersleme, al o eriği.

Tərcüməsi:

Ərik oğurla.

Gözəl bir qıza ver, çıx get.

Qızsansa, imtina etmə, al o əriyi.

Türk dilində “erik” kəlməsinin “alça” demək olduğunu, bizim “ərik” dediyimizə isə türklərin “kayısı” dediyini yuxarıda qeyd etmişdik. Üçüncü misranı “Qızsansa, acığın tutmasın, al o alçanı” şəklində tərcümə etməklə orijinala sadiq qalmaq olardı. Şeirin sonuncu üç misrasının tərcüməsi də uğurlu deyil.

Öğrettiler mi dershanede, bilmem...

70 yıl ortalaması var ömrün.

Alt tarafı 52 Haziran’ın kaldı.

Tərcüməsi:

Öyrədiblərmi məktəbdə, bilmirəm…

70 ildi orta insan ömrü

Aşağı-yuxarı 52 sentyabrın qaldı.

Nədənsə, tərcümədə dershane (hazırlıq kursu) – məktəb, iyun ayı (haziran) – sentyabr olub! Ehtimal ki, mütərcim məktəblə sentyabr ayı arasında assosiativ əlaqə yaratmaq istəyib. Halbuki sonuncu misranın “Vur-tut 52 iyunun qaldı” şəklində çevrilməsi lazım idi. Hazırlıq kurslarında dərslər qəbul imtahanları ərəfəsində (iyun ayında) başa çatır. Şeirin orijinalında bu sonuncu misra ilə ilk misraya göndərmə var: ÖSS”ye girdin, aferin (ali məktəblərə tələbə qəbulu imtahanlarında iştirak etdin, afərin). Tərcümədə isə şairin müraciət etdiyi gənclər artıq universitetə daxil olmuş kimi qələmə verilir: Universitetə girdin (?).

Şeirin adındakı “Erik arakla” söz birləşməsinin “Alça çırpışdır” (əkişdir) şəklində verilməsi doğru olardı. Çünki müasir türkcədə araklamak feili, əsasən, gənclər arasında “hırsızlık etmek, çalmak” (oğurlamaq) mənasında jargon söz kimi işlədilir. Şeir isə azadlığa, sərbəstliyə təşnə, ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq kimi ağır yükdən qurtulmuş gənclərə müraciətlə yazılıb.

Şeirdəki sutyen kəlməsinin “büsthalter” yerinə “lifçik”, ikram et ifadəsinin “ver” yerinə “qonaq elə” şəklində çevrilməsi üslubi baxımdan daha münasib səslənərdi.

Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor