Elektron ədəbiyyat və sənət portalı

Sonuncu tanqo...

Bölmə: Tarix 22.04.2016

- Senyor, ötüb keçmə, bir dayan, gəl bizə qoşul, birlikdə rəqsin dadını çıxaraq!

Onu səsləyən qarabəniz gözəlçənin çöhrəsində elə bir təbəssüm var ki, adamın canını alır. Qırmızı rəngli uzun libasının ətəklərinə əlvan saplardan iri güllər toxunub. Hörüklərinə bağladığı al çiçəklər isə onu qaraçı qızına yox,  dəniz pərisinə bənzədir. Üstəlik, ətəyindən aşağı bir neçə rəngli lent sallanıb. Yəqin, bu gözəlçə oynayanda bu lentlər də fırfıra kimi onun ətrafında dolaşır...

Başlarına iri sombrero qoymuş iki gənc küçənin ortasında gitarada şux melodiya çalır, ispan dilində mahnı oxuyur. Çox açıq dekolteli qarabəniz gözəlçə də qarşında elə oynayır ki, qəlbin riqqətə gəlir. Bir də ayılıb görürsən ki, gözlərindən qığılcım saçan bu küçə rəqqasəsinin ovsununa düşüb sən də oynayırsan, dərd-səri də birdəfəlik unutmusan, cibindəki pesoları qəpik-quruşunadək qızın başından səpmisən...

1971-ci ilin sonuna az qalıb. Qos-qoca Buenos-Ayres isə sanki dünyanın rəqs mərkəzidir. Elə bil bu nağıl şəhərin mayası tanqo ilə yoğrulub. İllah da ki, San-Telmo kommunasının (məkan, rayon mənasını verir - F.S.) qədim Plasa Dorreqa meydanı ətrafında. Gün ərzində, xüsusən də gecədən səhərədək gah orda, gah burda gənclər toplaşır, Latın Amerikası rəqslərindən “çələng” qurur, tanqoda heyrətamiz bacarıq və ustalıq nümayiş etdirərək yarışırlar.

...Rəqqasənin əl çəkmədiyi 73 yaşlı kişi çalışır ki, bu dəvətə məhəl qoymayıb yoluna davam etsin. Amma nə fayda? Küçədə bu qızın şirin dilindən can qurtarıb qaça bilən bir adamı mənə göstərə bilərsinizmi?

- Senyor, gəl, çəkinmə, mən içindəki məhəbbət çeşməsini oyadacam, gözlərindəki nisgil əriyib gedəcək, yetər ki, rəqs eləyəsən mənimlə...

- Hə... yaman yerdə yaxaladın məni. Sənə nə var ki? Üçdə alacağın yox, beşdə verəcəyin. Eh... Mənim gəmim çoxdan gedib, dəryada qərq olub... 50 il əvvəl rast gəlsəydin... Sənə o dediyin məhəbbət çeşməsinin suyundan o qədər içirərdim ki...

Qız ürəkdən qəhqəhə çəkib əlini onun çənəsinə toxundurdu:

- Elə indi də pis deyilsən a... maço, gözlərin gülür, deməli, canın suludur, senyor, - sonra gitara çalan gənclərə işarə elədi, - heç onlar da səninlə ayaqlaşa bilməz...

Əslində qızın sözlərində bir həqiqət vardı. Əvvəla, kənardan ona kimsə 73 yaş verməzdi. Deyirlər, əsl hərbçi qocalmır. Amma bəy nəslinə mənsubluğu da  özünü göstərirdi. Səliqə ilə geyinmiş bu ucaboy, qədd-qamətli, üzü təmiz təraş olunmuş, saçları qısa kəsilmiş və uzun illərdir ki, məcburi mühacir həyatı yaşayan Vəli bəyin qəlbi hələ də gənclik eşqi ilə döyünürdü.

Vaxtilə Qarabağda erməni qəsbkarlarına qarşı mərdliklə döyüşərək ad çıxarmış, hərb sənətinin mahir bilicilərindən sayılan əfsanəvi azərbaycanlı sərkərdə Vəli bəy kim idi? 

Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdu. Məşhur Azərbaycan şərqşünası Mirzə Cəfər Topçubaşova qohumluğu çatan atası Sadıq bəy oğlanlarını hərbi məktəbə yazdırır. Vəli bəy 1909-cu ildə Tiflis hərbi gimnaziyasına qəbul edilir.

Vəli bəy 1916-ci ildən Rusiyanın Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmətə başlayır. I Dünya müharibəsini Qafqaz Cəbhəsində qarşılayan gənc kornet məşhur Brusilov hücumunda iştirak edir. Bir müddətlik 1-ci Dağıstan süvari alayında xidmətdən sonra Vəli bəy Artilleriya Zabit Məktəbinə göndərilir. Lakin burulğanlar girdabına düşən Rusiyada inqilab başlayır. Peterburqda bolşeviklərin çevrilişi və Rusiyanın parçalanması nəticəsində ordu iflic vəziyyətinə düşür. Üstəlik, bolşeviklər bütün Rusiya ərazisində postlar quraraq keçmiş çar zabitlərini axtarır, onları sorğu-sualsız güllələyirdi. Belə bir ağır vəziyyətdə Vəli bəy təhlükələrdən çəkinməyərək, 1918-ci ilin sentyabrında Azərbaycana dönür.

Xalq Cümhuriyyətinin yaradılmasını sevinclə qarşılayan Yadigarovlar nəslindən 8 nəfər zabit Milli Orduda xidmətə başlayır. Onlardan biri, Vəli bəyin böyük qardaşı Davud bəy, Qarabağ və Zəngəzur döyüşlərində göstərdiyi igidliyə görə 1919-cü ildə general-mayor rütbəsinə layiq görülür. Vəli bəy dərhal Milli Ordu sıralarında xidmətə başlayır.

O, 3-cü Şəki süvari alayına eskadron komandiri təyin olunur və erməni quldurlarına qarşı döyüşlərdə əsl şücaət nümayiş etdirir.

1920-ci ildə Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal edilir. Milli Ordu zabitlərinin böyük əksəriyyəti çətin seçim qarşısında qalır. General Mehmandarov “Vətəndən ayrılmağa heç bir əsasım yoxdur” deyərək Azərbaycanda qalır və repressiyaların qurbanı olur. Bəzi hərbçilər Türkiyə, Fransa, Almaniya və başqa ölkələrə mühacirət edir, digərləri isə bolşeviklərə qarşı mübarizəyə qoşulur. Vəli bəy Yadigarov 1920-ci ilin yayında 3-cü məşhur Qarabağ üsyanında iştirak edir, düşmənə ağır zərbələr vurur. Üsyan yatırılandan sonra silahı yerə qoymayan Vəli bəy Gürcüstana keçir və bolşeviklərə qarşı gürcü ordusu sıralarında mübarizə aparmağa hazır olduğunu bildirir. Lakin Gürcüstan da tezliklə bolşeviklərin işğalı altına düşür...

...Plasa Dorreqa meydanının mələyi hələ də ondan əl çəkməyib, ətrafında dövrə vurub rəqs eləyir. Qınayan olmasaydı, qıza qoşulub, o ki var oynayardı. Amma Vətəndən ayrı düşdükdən sonra sonuncu dəfə nə vaxt, kiminlə rəqs etdiyini xatırlamırdı. Ümumiyyətlə, haçansa rəqs etmişdimi? Heç o da yadında deyildi!..

- Senyor, ötüb keçmə, bir dayan, gəl bizə qoşul, birlikdə rəqs edək!

Onu səsləyən qarabəniz gözəlin çöhrəsində elə bir təbəssüm var ki, adamın canını alır. Qırmız rəngli uzun libasının ətəklərinə rəngli saplardan iri güllər toxunub. Hörüklərinə bağladığı al çiçəklər isə onu lap su sonasına bənzədir. Üstəlik, ətəyindən aşağı bir neçə rəngli lent sallanıb. Yəqin, bu gözəl rəqs edəndə lentlər də fırfıra kimi onun ətrafında dolaşır...

Buenos-Ayres həmişəki kimi tanqonun sehrinə bürünüb. Qəlbləri riqqətə gətirən bu qız da Plasa Dorreqa meydanından ötüb-keçənlərə aman vermir, onlarla rəqs edib pul qoparmağa çalışır. Əslində, başqa çarəsi yoxdur. Bacardığı budur, küçədə tanqo oynamaqla çörəkpulu qazanır.  Qızın bayaqdan “senyor, senyor” deyərək çevrəsində fırlandığı 73 yaşlı kişi isə gülümsəyərək, hər cür bəhanə ilə bu füsunkar “şeytanın” əlindən qurtulmaq istəyir...

Yaşı ötsə də, qəlbi hələ də gənclik həvəsi ilə döyünən bu şəxs Azərbaycanın əfsanəvi hərbçisi Vəli bəy Sadıq bəy oğlu Yadigarovdur. O, uzun illərdir ki, Argentinada mühacir həyatı sürür.

...Rəqqasə qocanın əlindən tutub özünə sarı dartır:

- Senyor, gəl, incitmə məni, bir tanqo nədir ki?! Mənə də, qəlbinə də bir rahatlıq ver...

Qoca əlini geri dartmaq istəyir:

- Bir dayan görüm... Ömrümdə tanqo oynamamışam, axı... Bu yaşda məni...

Sözünü bitirməyə macal tapmadı. Üzündə ona sarmaşıq kimi sarılmış rəqqasənin ilıq nəfəsini duydu, gözlərini yumdu. Qızın saçdığı təravət ətri huşunu başından çıxardı. Aman Allah, bu təravət ətri onu Azərbaycana, nisgilini çəkdiyi gənclik illərinə qaytardı...

...1920-ci ilin martında, Novruz  axşamı erməni quldurları Şuşa, Laçın, Xankəndi, Xocalı və Əsgərana xaincəsinə hücuma keçdilər. Vəhşilər qarşısına çıxan hər şeyi dağıdır, qocalara, qız-gəlinə, hətta körpə uşaqlara belə aman vermirdilər. 

Başda general-mayor Həbib bəy Səlimov olmaqla Qarabağ Ərazi Qoşunları təpədən-dırnağadək silahlanmış düşmənə layiqincə cavab verdi. Azərbaycanın milli ordu hissələri aprelin 3-də əks-hücuma keçdi. 12 günlük ölüm-dirim mübarizəsində ermənilər darmadağın edildi və Qarabağın bütün şəhər və kəndlərində yenidən üçrəngli bayrağımız dalğalandı.

...Vəli bəyin dəstəsi Qarabağda ermənilərin viran qoyduğu növbəti kəndi azad edəndə bir qız ona sarılıb hönkür-hönkür ağlamışdı. Ermənilər onun bütün ailə üzvlərini qılıncdan keçirmişdi, qız isə təsadüf nəticəsində sağ qalmışdı. Amma həm qorxudan, həm də həyəcandan tir-tir əsirdi. Vəli bəy hər şeyə rəğmən bu qızın bənzərsiz gözəlliyinə heyran qaldı, qızın saf ruhunu və dağ bənövşəsinin ətrini xatırladan incə təravətini duymuşdu.

- Adın nədir?

- Banu...

- Banu ağlama... İnan Allaha ki, qisasını o əclaflardan alacağam! 

Vəli bəy Yadigarov bir bəy kimi sözünə əməl etdi. Başçılıq etdiyi eskadron Qarabağ uğrunda döyüşlərdə xüsusilə fərqləndi. 3-cü Şəki süvari alayının komandiri, polkovnik Tonkiyev martın 26-da general-mayor Həbib bəy Səlimova göndərdiyi məktubda yazırdı:

“Bu gün, martın 26-da artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürcü kəndləri azad olunub. Ermənilər Çaylıdan qərbə – dağların şərq ətəklərinə çəkilib. Bir neçə quldur öldürülüb. Bizim tərəfdən isə bir neçə əsgər yaralanıb. Düşmənin çoxsaylı süvari dəstəsini vahimə içində qaçmağa məcbur etmiş 1-ci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm”.

Vəli bəy Azərbaycanı tərk edir, əvvəl Gürcüstanda, sonra isə Türkiyədə Atatürkün ordusunda azadlıq yürüşündə iştirak edir. Bu zaman Sovet  qoşunları Polşaya hücuma keçir. Vəli bəy, qardaşlarının Azərbaycanda bolşeviklər tərəfindən repressiyalara məruz qalmasından xəbər tutur.  Qisas hissi ilə yaşayan hərbçi Polşaya gedir.

Sovet-Polşa müharibəsinin ilk günlərində 20-dən çox azərbaycanlı zabit Polşa ordusu sıralarına qəbul edilir. Vəli bəy 7-ci süvari polkunun komandir müavini təyin edilir. Milliyyətcə polyak olan qızla evlənərək, gəldiyi ölkənin dilini mükəmməl öyrənir. 1933-cü ildə Varşavada “Mustafa Axmatoviç adına tatar-ulan alayının hərbi tarixi oçerki” adlı kitab yazır və burada Polşa, Krım, Litva, Rusiya müsəlmanlarının Polşadakı hərbi xidmətini dolğun şəkildə əks etdirir (Yeri gəlmişkən, kitab 1990-cı ildə Varşavada təkrar nəşr olunub).

Faşistlərin Polşaya hücumu zamanı Vəli bəy 1939-cu il, sentyabrın 11-də təşkil olunmuş Mazovetsk süvari briqadasına qərargah rəisi təyin edilir, Polşanın işğalından sonra Armiya Krayovanın tərkibinə daxil olan “Jelen” polkunun komandiri kimi Varşava üsyanında (1944) iştirak edir.

Vəli bəy 1945-ci ildə Polşaya sovet qoşunlarının yeridilməsi ilə barışmır. Müharibədən sonra yenidən mühacir həyatı yaşayaraq Argentinaya gedir, bu ölkədə Polşa və Qafqaz mühacirləri cəmiyyətlərinin fəal üzvünə çevrilir. Vəli bəy Azərbaycanın “İgid nişanı” ordeni, Polşanın 4 ordeni ilə təltif edilib. Azərbaycanlı sərkərdə 1971-ci il, dekabrın 3-də Buenos-Ayresdə vəfat edib, lakin öz vəsiyyəti ilə məzarı 1990-cı ildə Polşaya köçürülüb.

...1971-ci ilin xoş payız günüdür. Vəli bəy küçədə rəqqasəlik edən qıza qoşulub Buenos-Ayresin göbəyində, özü də yüzlərlə adamın gözü qarşısında tanqo oynayır. Bəlkə də 73 yaşlı qocanın ürəyinə damıb ki, bu, onun həyatda oynadığı son rəqsdir...

Fərhad SABİROĞLU