Elektron ədəbiyyat və sənət portalı

Şəlalənin gəlinciyi

Bölmə: «Aydın Yol»çular 22.04.2016

...1993-cü ilin 2 aprelində baş vermiş bir hadisə hələ də gözlərim önündədir. Kəlbəcər oda-alova bürünmüşdü. Rayon mərkəzi uğrunda ölüm-dirim savaşı gedirdi. Erməni quldurları Kəlbəcəri bütün istiqamətlərdən güclü atəşə tutmuşdular.

Vertolyotlara minməyə macal tapmayanlar canlarını qurtarmaq üçün ayaqyalın, başıaçıq dolama yollarla dağdan aşağı qaçırdılar. Şaxtalı aprel günü qadınların ah-naləsi, körpələrin ağlaşması, partlayan mərmi səsləri bir-birinə qarışıb əlçatmaz qayalarda əks-səda verirdi. 

Biz, paytaxtdan gəlmiş bir qrup jurnalist, dağın zirvəsində - Güzgü deyilən yerdə dayanmışdıq. Hərbçilərin qəti əmrinə baxmayaraq, aşağı enmək istəmirdik. Birdən diqqətimi 4-5 yaşlarında bir qızcığaz cəlb etdi. Əynində qırmizı yun jaket, ayağında palçıqlı qaloş vardı. Yol kənarında qalmış kimsəsiz zavallı için-için ağlayırdı. Uşağa yaxınlaşdım:

- Niyə ağlayırsan? Ananı itirmisən?

Qız üzümə baxmadan başını yellədi.

- Yox..

- Bəs valideynlərin hanı? Niyə tək dayanmısan?

Qız hıçqıraqdan boğula-boğula cavab verdi:

- Evimizə istəyirəm. Gəlinciyim evdə qaldı, anam götürmədi...

Çaşıb qaldım. Nə deyəydim ona? Bu vurhavurda, qaçhaqaçda gəlincikmi yada düşür?

- Adın nədir?

- Şəlalə.

- Şəlalə, ağlama, gəl ananın yanına aparım səni, deyərəm, təzəsini alar.

Qızcığaz təzədən göz yaşı tökməyə başladı:

- İstəmirəm! Öz gəlinciyimi istəyirəm!

Şəlaləni qucağıma aldım. Göz yaşlarını sildim. Bu an anası da gəlib çıxdı, onu danladı, sonra da darta-darta apardı. Qız gedə-gedə dönüb mənə baxırdı. Baxışları ilə sanki demək istəyirdi ki, əmi, qoyma düşmən mənim gəlinciyimi öldürsün, yalvarıram, onu xilas elə...

Erməni xanım nazirin bəyanatını oxuyanda balaca Şəlaləni xatırladım. Bəs minlərlə alagözlü Şəlalənin, Aygünün, Günayın və daha neçə-neçə Ayın, Ulduzun haqqını kim qoruyacaq?

Siz yenə də növbəti uydurma genosid barədə dünyaya car çəkib beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyirsiz? Siz hansı əsasla Azərbaycanı irqi zəmində cinayətlər törətməkdə ittiham edirsiz? Bəs gecə-gündüz demokratiyadan dəm vuran ölkənizin çirkin əməllərindən xəbəriniz varmı? Kimlərinsə havadarlığına və gücünə arxayın olub Azərbaycanın 19 faiz torpağını işğal etmisiniz, milyonlarla azərbaycanlını evindən-eşiyindən didərgin salmısınız. Şəhərləri, kəndləri viran qoymusunuz, tarixi abidələri yerlə-yeksan etmisiniz. Minlərlə azərbaycanlı əsirə dəhşətli işgəncələr verib məhv etmişiniz. İşgəncə metodlarınıza hətta faşistlər də “qibtə edə” bilər. Hələ bu gün də gizli həbs düşərgələrinizdə neçə-neçə əsiri qul kimi işlədirsiniz...

Beynəlxalq məhkəmənin qarşısına hansı üzlə çıxacaqsınız? Amma hamı bilir ki, bir dəqiqədə min dona girməyi bacaran ləyaqətsiz erməni üçün ağ yalan söyləmək bir günahsız adamı öldürmək kimi asandır!

...Kəlbəcərin işğalından keçən 23 ildən sonra bir düşüncəmi də dilə gətirmək istəyirəm: “Şəlalə, nə səni, nə də sənin dünyaya sığmayan o balaca qəlbini ovsunlamış gəlinciyi qoruya bilmədik. Amma o tarixi gün – Qələbə günü yaxındadır. Əmin ola bilərsən: torpaqlarımızı yağı düşməndən azad edəcəyik. Yəqin, indi özün də xanım-xatın gəlin olmusan, ailən, şirin-şəkər övladların var. Uşaqlarına, yəqin, gəlinciklər də alırsan. Amma bilirəm ki, həmin o gəlinciyi sənin üçün heç nə əvəz edə bilməz...”