Elektron ədəbiyyat və sənət portalı

XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının Osmanlı İmperiyası ilə yazışmaları

Bölmə: Tarix 31.08.2015

Xanlığın əsasını Cavanşir oymağının Sarıcalı tayfasından olan Pənahəli xan (1747-1763) qoymuşdu. Pənahəli xan Cavanşir Qarabağ xanlığının yarandığı ilk illərdə ən əvvəl xanlığın möhkəmləndirilməsinə diqqət yetirirdi, digər tərəfdən isə qonşu xanlıqların hücumlarının qarşısını almaqla yanaşı öz nüfuzunu artırmaq istəmiş və əsasən də buna nail olmuşdur. Qarabağ xanlığı qonşu dövlətlərlə münasibətlərə də diqqət vermişdir. Osmanlı imperiyası ilə münasibətlər 1760-cı illərin sonlarından canlanmağa başlamış və getdikcə daha da genişlənmişdi. Tarixşünaslıqda Azərbaycan xanlıqları ilə Osmanlı imperiyası arasındakı münasibətlərə müxtəlif yanaşmalar var. Sovet dövrü tarixşünaslığında Osmanlı imperiyası ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərdən bəhs olunarkən Osmanlı işğalçı bir dövlət kimi qeyd olunub və əsas fikir belə idi ki, xanlıqlar Rusiyaya meyilli olublar. V.N.Leviatova görə, XVIII əsrin sonlarında İran və Türkiyə işğalından ən münasib çıxış yolu Rusiyaya birləşmək idi. İran və ya Türkiyə istənilən vaxt öz qüvvələrini bu zəngin diyara yönəldə bilərdi. Lakin ilkin mənbələr olan Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin (BOA) “Xətti-Humayun” sənədlərinə əsasən belə demək olar ki, bu, məqsədli, yanlış yanaşma olub.

Əlbəttə hər bir dövlətin, xüsusilə də böyük imperiyaların özünün maraqları öndə gəlir və bu da təbiidir. Bu baxımdan Osmanlı imperiyası Qafqaz regionunda öz nüfuzunu genişləndirmək üçün xanlıqlarla münasibətlərə xüsusi diqqət yetirirdi. Qarabağ xanlığının da xarici siyasətində Osmanlı imperiyası mühüm yer tuturdu. G.Nəcəfli də haqlı olaraq qeyd edir ki, Azərbaycan xanlıqlarını Osmanlı dövləti ilə dil və din birliyindən başqa, əsasən şimal təhlükəsi daha çox yaxınlaşdırırdı. İ.Yücelə görə də Osmanlı imperiyası Qafqazda Rusiya-Gürcüstan blokuna qarşı müsəlman dövlətlərinin ittifaqını yaratmağa çalışırdı. Həqiqətən də, sənədlərdən də aydın olur ki, Osmanlı tərəfi regionda baş vermiş hadisələri diqqətlə izləyirdi. 1749-cu ilə aid olan sənəddə regiona göndərilən casusun xəbərlərinin alındığına dair məlumatlar var. Sultan regiondakı vəziyyəti nəzarətdə saxlamaq üçün öz elçilərini göndərirdi. Sultan III Mustafanın (1757-1774) elçiləri 1769-cu ildə Gəncə, Təbriz, Dərbənd, Şuşa və İrəvanda olmuş və Sultanın məktublarını yerli hakimlərə çatdırmışlar. Osmanlı hakim dairələri Azərbaycan xanlıqları ilə münasibətdə din birliyini ön plana çəkir və onları kafir ruslara qarşı mübarizəyə çağırırdılar. Osmanlı hökuməti mövcud vəziyyətdə xanlıqla əlaqələr saxlayır və ilkin yardımlarını da göstərirdi. 1771-ci ildə İbrahimxəlil xanın adamı Hacı Ağaya xələt, kürk və xərclik verilməsi haqda məlumat verilir. T.Müstafazadəyə görə 1768-1774-cü illər Rusiyа-Оsmаnlı mühаribəsindən sonrа Аzərbаycаn хаnlıqlаrınа diqqəti аrtırаn Оsmаnlı hökuməti Rusiyа ilə münаsibətlərin yenidən kəskinləşəcəyi təqdirdə onlаrdаn istifаdə etmək niyyətində idi.

Mənbələr də bunu təsdiq edir, belə ki, 1776-cı ildə İbrahimxəlil xan Osmanlı hökumətinə yazdığı məktubda qeyd edilir ki, Rusiyaya arxalanan II İrakli Azərbaycan sərhədlərinə hücum edir, bu məsələdə isə sərhədyanı Osmanlı qüvvələrinin köməyi lazımdır. G.Nəcəfli arxiv materialları əsasında qeyd edir ki, 1776-cı ildə Qarabağ xanı İbrahimxəlil xan (1763-1806) öz sədaqətli vəziri Molla Həsəni Türkiyə sultanının yanına göndərərək ona bildirirdi: “Mərhəmətli Sultanım, əgər sizdən gözlədiyimiz köməyi alsaq biz düşmənlərimizi məhv edərik”. Sənədlərdən də aydın olur ki, Sultan regionun müsəlman dövlətlərinin birləşməsini istəyirdi: Ən bəyəniləni müsəlmanların əl-ələ verib bir-birinə kömək etmələridir. Və bir daha ərzimiz odur ki, dövlətli Şəki xanı Şirvan və Qarabağ sərkərdələri, Alicanlı Məhməd Səid xan və İbrahim xan və Ağası xan və başqaları sol tərəf kafirlərdən gələn əsgər və təhlükəyə qarşı birlikdə kömək edəsiz. Belə etsəniz İnşallah Allahın köməkliyi ilə bunun faydasız və qarşılıqsız qalmayacağı bəllidir”. Bu məsələdə Osmanlı dövlətinin əsas məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etmək idi, əlbəttə ki, birlikdə çıxış etmək Azərbaycan xanlıqları üçün də faydalı ola bilərdi.

Məlumdur ki, 1779-cu ilin martında Kərim xan Zəndin ölümündən sonra regionda vəziyyət daha da mürəkkəbləşir. Osmanlı imperiyası da bunu nəzərə alaraq xanlıqlarla münasibətləri intensivləşdirir. Mənbələrdən aydın olur ki, Osmanlı imperiyası Azərbaycan xanlıqları arasındakı münasibətləri də diqqət mərkəzində saxlayaraq bu münasibətlərdə birlik görmək istəyirdi: Sabiq Qars mühafizi İbrahim paşanın Osmanlı hökumətinə göndərdiyi məktubda Şuşa xanı İbrahimxəlil xanın Qaradağ xanlığı üzərinə hücumu, Qaradağı tamamı ilə ələ keçirdiyi və Qaradağ xanı Mustafa xanın Xoy xanının yanına qaçdığı haqqında məlumat verilir. 1780-ci ilin oktyabrda Çıldır valisi Süleyman paşa Dərbənd, Şirvan, Şəki və Qarabağ xanlarının münasibətləri haqqında məlumat verir. Qeyd edilir ki, Dərbənd, Şəki, Şirvan və Qarabağ xanları arasında narazılıqlar davam edir. Həmçinin baş verən hadisələr haqqında davamlı məlumat veriləcəyi də bildirilir. Tarixdən də məlumdur ki, müəyyən vaxtlarda Qarabağ xanlığı ilə Quba xanlığı və Xoy xanlıqları arasında narazılıqlar olub.

Bu məsələ Osmanlı hakim dairələrinə də məlum idi və bu soyuqluğun aradan qaldırılmasını istəyirdi. 1781-ci ildə Ərzurum valisi vəzir Mustafa paşa tərəfindən mərkəzə göndərilən məlumatda qeyd edilir ki, Qarabağ xanı İbrahimxəlil xanla Quba xanı Fətəli xanın münasibətləri soyuqdur və bəzən bunun düşmənçilik həddində olması Dərbənd və Ərdahan tərəfindən məlumat almağa mane olur.

Sənəddə qeyd olunur ki, Xoy xanlığı ilə Urmiya xanlığı arasında olan ittifaq Naxçıvan və Qarabağ xanlıqlarının birləşərək Çorsda müharibəyə başlamasına səbəb olub.

Bu dövrdə Gürcü çarı II İrakli özünün işğalçılıq planlarını həyata keçirmək üçün Rusiya imperiyasından istifadə etməyə çalışırdı. O, Azərbaycanda baş verən hadisələr haqqında Rusiyanı məlumatlandırdığı kimi, Osmanlı imperiyasına da bəzi məlumatlar verirdi. 1782-ci ildə II İrakli Osmanlı dövlətinə göndərdiyi məktubda Ərdəbil xanı Nəzərəli xan Şahsevən, Sərab xanı Əli xan Şəqaqi və Qarabağlı İbrahimxəlil xanın birləşərək Təbrizi ələ keçirmək üçün oraya yürüş etməsindən, Təbriz xanı Nəcəfqulu xan Dumbulinin məğlub olaraq Xoy xanı Əhməd xan Dünbülünün yanına Xoy qalasına qaçmasından, müttəfiqlərin Təbriz şəhərini ələ keçirməsindən bəhs olunur. Rusiya da regiondakı vəziyyəti diqqətlə izləyərək II İraklidən və ermənilərdən bu məsələlərdə istifadə edirdi. O.P.Markova qeyd edir ki, çar Rusiyanın Qаfqаz işləri üzrə səlаhiyyətli nümayəndəsi generаl P.S.Potyomkinə tapşırmışdı ki, İrаkli və ermənilərlə əlаqə yаrаtsın və 1783-cü il аprelin 17-də onа yаzmışdı: “Çаr İrаkli ilə əlаqələri möhkəmləndirib Şuşаlı İbrаhim хаnı devirməli, Qаrаbаğdа Rusiyаnın himаyəsi аltındа müstəqil erməni vilаyəti təşkil edilməlidir”.

Aydındır ki, Rusiyanın bölgədəki əsas rəqibi Osmanlı imperiyası idi, buna görə də xanlıqlarla Osmanlı imperiyası arasındakı münasibətləri pozmağa çalışırdı. T.Mustafazadəyə görə Rusiya hökuməti İbrahimxəlil xana inanmırdı və çalışırdı ki, xanlar tamamilə osmanlıların tərəfinə keçməsin. Müəllif qeyd edir ki, Rusiyadan fərqli olaraq Osmanlı dövləti Qafqazın müsəlman əhalisinin, ilk növbədə Azərbaycan xanlarının köməyinə böyük ümid bəsləyirdi. Osmanlı hökuməti Rusiyanın bölgədəki fəallığını diqqət mərkəzində saxlayaraq, bunun qarşısını almağa çalışırdı. Çıldır valisi Süleyman paşa 1783-cü ilin aprelində Gürcüstanın Rusiya ilə ittifaqı, Azərbaycandakı vəziyyət və Rusiyanın regionda fitnə-fəsad törətdiyi haqda məlumat verir.

1783-cü il iyunun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxeti çarlığı Rusiya dövlətinin təbəəliyini qəbul etdi. Georgiyevsk müqaviləsinin imzalanmasından sonra Rusiya Kartli-Kaxeti çarlığı vasitəsi ilə Azərbaycan xanlıqlarına təzyiqlərini artırdı. Yaranmış yeni təhlükə qarşısında Azərbaycan xanlıqları Osmanlı imperiyası ilə daha sıx münasibətlər qurmağa çalışırdı. 1783-cü ilin sonlarında Qarabağ xanı İbrahimxəlil xanın Osmanlı dövlətinə göndərdiyi məktubunda digər xanlarla birlikdə Osmanlı hökmdarı tərəfindən göndərilən hədiyyələr və şərafətli məktublara görə məmnunluq ifadə olunur. Həmçinin Tiflis xanının rus əsgərləri ilə birlikdə Dağıstan və Azərbaycan xanlarına qarşı müharibədə məğlub olduqları bildirilir. Bundan əlavə, aralarındakı dostluğun əbədi olması arzulanırdı. Azərbaycan xanlıqları Rusiya hərbi hissələrinin Gürcüstan ərazisinə toplanmasından çox narahat idi. 1783-cü ilin payızında İbrahimxəlil xan Osmanlı hakim dairələrinə göndərmiş olduğu məktubunda bölgədə baş verən hadisələrdən bəhs edərək, Rusiyaya tabe olan Tiflis xanının yanında 3 min rus əsgərinin toplandığı haqda məlumat verirdi.

Davamı gələn sayımızda

Xəyalə SÜLEYMANOVA