Elektron ədəbiyyat və sənət portalı

Gözləyin, dünyaya qayıtmağım var

Bölmə: Ədəbiyyat 18.03.2016

Təsadüfən köhnə kitabların birində avtoqrafı məni yaman tutdu: “Ömrü boyu sözün qabağından qaçmamışam... Amma sənə layiq söz tapa bilmirəm...”

Bu sözlər İsa İsmayılzadənin idi.

Bu sözlər də eləcə:

“Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm”.

Bu sözləri də o demişdi:

“Hər şeir ömrümü uzadır bir gün,
amma... ikicə gün alır ömrümdən...”

Söz diri idi, canlı idi. Hər şey sözdə gizliydi. Hər şeyin açması sözə bağlıydı. Hər kəs fərqində olduğu və olmadığı qədər sözlərdən asılı idi. Sözün taleyi şairin taleyi idi.

İsa İsmayılzadə belə bir şair idi. Özü-öz içində gizli. Yozumu ancaq özünə və sözə bəlli. Onun fikrincə, əsl yazıçı heç nədən asılı olmamalıdır, çünki şair olmurlar, şair doğulurlar...

Ən böyük şeirləri vətən və yurd haqqındaydı, çünki ona görə, əsl yazıçının içində gözəgörünməz bir hüceyrə var ki, o, torpaq ağrısını tez duyur...

Qatar gedər Arazboyu
Qaldım qıvrıla-qıvrıla
Qarşı dağlar görünəndə
Qaldım qovrula-qovrula

Ömründən bir qatar keçərdi həmişə.  Bakı-Tbilisi, Tbilisi-Bakı.

Ömrümdən bir qatar keçər həmişə -
Bakı-Tbilisi, Tbilisi-Bakı...
Yağışı, küləyi biçər həmişə,
Yuxumu, duyğumu biçər həmişə,
Gecədən, gündüzdən keçər həmişə,
İllərlə yolları ölçər həmişə.

İsa İsmayılzadə şeiri sanki qatar səsinə bənd idi. Bütün gedənlər bu səslə geri gələcək sanki.

Onca ildə,
Vaqon pəncərəsindən
Boz çöllərə baxa-baxa
Gözləri yol çəkəcəkdi,
Duman kimi, yuxu kimi
Anam gəlib-gedəcəkdi,
 

Onca ildə
Nəticə görəcəkdi, ana itirəcəkdi...
Sonra mənim toyumda
Əlləri ağır-ağır qalxacaqdı çiyninə
“Ənzəli” havasına...

Söz nə idisə, elastik idi, onu istənilən yerə əymək, plastilin kimi ondan istədiyin şəkli almaq olardı. Amma bu, hamıya müyəssər olmurdu.

“Mən bir termos şüşəsiyəm” -  deyirdi şair – “Çilik-çilik olub içinə tökülmüş termos şüşəsi...” İçinin qırıqlarını, sınıqlarını ifadə etmək üçün daha uğurlu bir ifadə tapmaq olmazdı. Bu, itirilən zamanın qorxusunu ifadə edirdi həm də...

Sözün ölçülərini bilirdi, ona görə sözlə davranmaq onun üçün asan idi. Ona görə özü ola bilirdi. Ona görə şeirin üstündə əziyyət çəkmirdi, sözün qabağından qaçmırdı (Yenə avtoqraf kimi yazdığı sözləri xatırlayıram)...

Təpədən-dırnağa şair idi. İlhamına isə ancaq həsəd aparmaq olardı.

O dərə
o təpə,
o qar, o yağış,
O vaqon bürküsü,
təyyarə səsi,
İçimdən duyğutək şütüyən illər,
Mənim gözlərimdə uyuyan çöllər
Dolardı otağa…
Bir gecə, bir mən
Uçardım ilhamın qanadlarında.
Duyğu yağışında islanmağımdan,
Fikir yoxuşunda usanmağımdan
Xəbərim olmazdı, olmazdı onda.

İsa İsmayılzadənin şeirlərində həsrətin sehri var. Həsrət ayrıca bir obrazdır. Həsrət nəfəs alır, danışır. Hər şeyi öz arxasınca aparır. Canlı-cansız nə varsa, bu həsrətə uyğunlaşmağa və onun taleyini yaşamağa məhkumdur. Amma ən böyük həsrəti “Söz həsrəti” idi.

İllərlə qəlbimdə söz böyüdərdim,
Misralar dönərdi yolyoldaşıma,
Könül sirdaşıma,
qan qardaşıma.
İllərlə qəlbimdə söz böyüdərdim,
Qoşulub köçəri duyğularıma
Gecəli-gündüzlü hey yol gedərdim.

 

Şeirlərinin birində “ürəyim yağışlı günlərdən asılı qaldı”, - deyir. Yağış, ötüb-keçən vaxtdır. Yağış, zamanın bir başqa adıdır.

Qalıb saçlarımda yağışın ətri,
Qalıb dodağımda yağışın dadı.
Yanağımda sərin nəfəsi qalıb
Gözümdə qurumuş sevinci qalıb.
Qulağımda səsi qalıb.

Yağışlı günlərimiz niyə azaldı? Bunu ancaq şair deyə bilərdi.

Yağışlı günlərdən asılı qalan
Ürəyim cadar-cadar
Səsim-sözüm cadar-cadar...

Yenə İsa İsmayılzadənin “Bir ömürlük gecə” kitabına yazdığı avtoqrafı xatırlayıram. Bu sözlər də bir anın əbədiyyəti kimidir: “Ömrüm boyu sözün qabağından qaçmamışam, indi də eləcə. Amma yenə  sənə layiq söz tapmaqda çətinlik çəkirəm”.

Atam, tərcüməçi Natiq Səfərova yazılmış bir avtoqraf... Saralmış vərəqdə tarix 89-cu ili göstərir. Əslində bu tarix üçün bu qədər saralmamalıydı bu vərəqlər. Görünür, bu da bir taledir.

Söz hər zaman təzədir. Amma yenə də sizə layiq söz tapa bilmədim, İsa müəllim...

 

Mən elə bilirdim

Yay lövhələrindən

Torpağın həniri  isti təndirtək

Üzümü, gözümü qarsalayanda,

Çöllərin ilğımı iməkləyərək,

Ləngər vura-vura sürünən anda,

Quşların qanadı salaq düşəndə,

Ayağı çirmalı, sinəsi açıq,

Başında tər rəngli bağlama yaylıq

Suçular hardansa peyda olaraq

Qovaq kölgəsinə qonaq düşəndə –

Mən elə bilirdim, elə bilirdim,

İstidən, bürküdən qarıxır günəş,

təntiyir günəş,

darıxır günəş…

 

Bir də görərdim ki, çimirik Kürdə.

Bizim aramızda “qonaq” da vardı –

İstidən, bürküdən qarıxan günəş,

Nəfəsi təngiyən, darıxan günəş

Özünü hardansa suya salardı.

Onun şəfəqləri qızıl tor kimi

Kürə qovuşardı, Kürdə axardı.

Ləpələr qızılı balıqlar kimi,

Tora baş vurardı, tordan çıxardı.

İyul günəşini gördüm beləcə,

Avqust günəşini gördüm beləcə.

 

Sonra, günortadan gün əyiləndə

Üfüqə, dağlara bağlanmış toru

Çəkib aparardı kimsə gizlicə.

Bircə biz qalardıq, bir Kür qalardı,

Axşamdan soyumuş ocaq yeritək

Sular qaralardı

qaş qaralardı.

 

Yaxşı adamların azalır, dünya…

Yaxşı adamların azalır, dünya

Kosmosdan lazerlə

nə bilim, nəylə

Ayağının altı qazılır, dünya.

Sənin nə xəbərin,

öz işindəsən;

Günlər bala-bala gödəlir, dünya,

Ömrün bala-bala qısalır, dünya

Sənin nə xəbərin,

öz işindəsən;

 

Dan atır,

gün batır,

ulduzlar yanır,

Bir yanın yatanda biri oyanır,

Günəşin başına pərvanə kimi

365 yol dolansan belə,

Ürəyin soyumur, soyumur, dünya -

Günəşi sevirsən – bilirik bunu -

Planet sevgisinin nə olduğunu

Ürəyin soyumur –

havan soyumur,

Dənizin soyuyur,

gölün soyuyur.

Adamlar soyuyur, biri-birindən,

Ölkələr soyuyur biri-birindən.

Alovlu kürsülər, odlu natiqlər

Yaman oynadırlar səni yerindən

Yenə köks otürdün,

havan çatışmır-

Sənə də bir loğman gərəkdi, dünya,

Bəlkə səninki də ürəkdi, dünya?..

Qulağının dibində

hey xısın-xısın,

hey gizli-gizli

Səndən danışırlar, səndən deyirlər,

Sonra da susurlar hey sözlü-sözlü.

Eh… Bəlkə bu da bir tiryəkdi, dünya.

 

Pələngin, ceyranın,

cüyürün kimi

Qarağacın kimi,

turacın kimi.

Yaylağın

bulağın,

otlağın kimi,

Yaxşı adamların azalır, dünya,

Axırda bu da bir söz olar, dünya.

Çinar babaların, küknar ərlərin,

Söyüd xanımların, cüyür qızların,

Palıd kişilərin, sərv qardaşların,

Maral adamların azalır, dünya.

Axırda bu da bir söz olar, dünya…

1985

 

Gözləyin, dünyaya qayıtmağım var

Bu dünyaya bir də qayıtmağım var

Qəbrimin üstündə bitən gülləri,

Uyumuş,

soyumuş torpağı-daşı

Ölüm sükutundan oyatmağım var.

Bilmirəm çiçəklə, bilmirəm otla,

Bilmirəm ağacla, yoxsa buludla,

Dağları yerindən oynadıb gələn

Dəli qışqırıqla, yoxsa sükutla -

deyə bilmərəm.

Apardım özümlə öz dünyamı mən -

Ulduzlu göyləri, Ayı, günəşi,

İlğımlı çölləri, təpəlikləri,

Dağları, düzləri, biçənəkləri

Son gündə, son anda, son saatımda

Apardı gözüm.

O günü, o anı, dəqiqəni də

Apardım özüm.

Səsləri, sözləri, pıçıltıları,

Kür tərəfdən gələn uğultuları

Mikrofon qulağım «yazdı» apardı.

Gecəli-gündüzlü, ömrüm boyunca

Kürün uğultusu məni çağırıb,

Suyun şırıltısı məni çağırıb,

Məni haraylayıb Qarayazıdan.

Mən də yuxularda hey uça-uça

getmişəm ora.

İlğımlar çağırıb məni  uzaqdan,

Yəhərbel ilğımlar, kəhər ilğımlar,

Qarayel ilğımlar, ağyel ilğımlar –

Çağırıb düzlərdən – Qarayazıdan.

 

Kürün uğultusu aparıb məni,

Suyun şırıltısı çəkib aparıb.

Sehrli ilğımlar əl eləməklə

Aparıb, yaxama çöküb aparıb.

Məni bu dünyaya bir də, yenidən

Bəlkə o uğultu gətirə bildi,

Bəlkə o şırıltı gətirə bildi.

Bəlkə o ilğımlar sehrli yolla

Məni bu dünyaya ötürə bildi.

 

Nəsə, ürəyimə damıb, bilirəm -

Bəlkə də yüz ildən, min ildən sonra,

Milyon ildən sonra – nə bilmək olar –

Nə vaxtsa dönəcək ömrün illəri…

 

Günel NATİQ