Elektron ədəbiyyat və sənət portalı

Amerika yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 14.02.2024

“Aydın yol” məşhur Amerika yazıçısı Uilyam O.Henrinin (1862–1910) hekayəsini təqdim edir.

KAKTUS

(hekayə)

 

Zamanın ən mühüm xüsusiyyəti nisbi olmasıdır. Məsələn, suda boğulan insan bütün ömrünü kiçik bir anın içindəcə xatırlaya bilər. Yaxud da başqa bir adam, əlcəklərini çıxararkən baş tutmamış sevgisini yenidən yada sala, köhnə acıları yenidən yaşaya bilər.

...Qonaq otağında masanın yanında əyləşən Traysdeyl də həmin an məhz bu cür xatirələrə dalmışdı. Masanın üstündə gildən düzəldilmiş qırmızı dibçək var idi. İçindəki yamyaşıl kaktusun uzun yarpaqları asta-asta yellənərək zərif meh yaradır və sanki bu mehlə yanındakı adama nəyisə başa salmağa çalışırdı.

Gəlinin qardaşı Traysdeylin dostu idi. İndi o da Traysdeylin olduğu otaqda bufetin yanında dayanmışdı və dostu ona qoşulmadığı üçün qeyri-məmnun halda təkbaşına içməyə davam edirdi. Dostların hər ikisi axşamkı geyimlərində idilər. Pencəklərinin üstündə ulduz kimi görünən toy bəzəkləri otağın qaranlıq sükutunda səssizcə parıldayırdı.

Əlcəklərini çıxara- çıxara, Traysdeyl, son bir neçə saatda gördüklərini yenidən gözlərinin qabağına gətirərək olanları bir də xatırlamağa çalışdı. Və hər şeyi yenidən xatırlayarkən kilsəni əhatələyən güllərin qoxusunu təzədən duydu, bura toplaşmış insanların xəfif pıçıltısı, onların şıq paltarlarının xışıltısı, incə səsləri və o qızı əbədilik başqa birinə nikahlayan keşişin asta-asta dediyi sözlər yenidən qulaqlarında səsləndi.

Fikirləşdikcə, onu necə və nəyə görə itirdiyi barədə son nəticəyə gəlmək istəyi Traysdeyli daha çox narahat edirdi. Qızın artıq birdəfəlik əlindən alındığının dəhşətini daha aydın anladıqdan sonra bütün olanların günahkarı kimi indiyəcən heç vaxt düşünmədiyi bir səbəb ağlına gəlirdi - özü, öz daxili və sirli dünyası, həmişə uca tutduğu lovğa mənliyi. Amma artıq anlayırdı ki, bir vaxtlar lovğalıqdan, xudbinlikdən və qürurdan geyindiyi zireh indi küləklə uçub getməyə hazır olan əsgi parçalarına dönüb. Və qorxurdu ki, ətrafında olanların hamısı indi onun bu halını hiss edər... Qürur və təkəbbür? Bəli, bunlar onun ən pis xüsusiyyətlərindən idi.

Qız asta-asta mehraba tərəf addımlayarkən Traysdeylin içini anlaşılmaz, sıxıcı bir sevinc bürümüşdü. Ona elə gəlmişdi ki, gəlinin üzündəki solğunluq toy həyəcanına və ya evləndiyi adam haqqında olan düşüncələrinə yox, tamam başqa biri ilə bağlı xatirələrinə görədir. Lakin hətta bu fikir də ona təsəlli vermək iqtidarında deyildi. Çünki özünə təskinlik vermək istədiyi həmin anda bəy, gəlinin əllərini əlinə almış və bu vaxt Traysdeyl gəlinin bəyə yönələn baxışlarını gördükdən sonra qızın onu birdəfəlik unutduğunu dəhşətli bir həqiqət kimi anlamışdı . Bir vaxtlar həmin qız da eynən bu baxışlarla ona baxmışdı və Traysdeyl onda da bu baxışların mənasını anlaya bilmişdi. İndi isə özgəsinə yönələn bu baxışları gördükdən sonra Traysdeylin qürur və təkəbbürü yaz günəşinə təslim olan sonuncu qar kimi əriyib getmişdi. Lakin bir sual hələ də cavabsız idi. Niyə belə oldu? Axı onlar bir dəfə də mübahisə etməmişdilər, bircə dəfə də bir-birlərindən küsməmişdilər.

Bəlkə, artıq mininci dəfə idi ki, o, son günlər baş verənləri bir daha təhlil etməyə çalışırdı. Hər görüşdə qız ona olmazın təriflər deyir və Traysdeyl bu tərifləri böyük bir nəciblik kimi qəbul edirdi. Qız bu təriflərlə onu həyəcanlandırmağı bacarırdı. “O, necə də təvazökar, sadə, səmimi və pərəstişə layiq bir qızdır” – Traysdeyl düşünürdü.

Hər dəfə bu cür saysız təriflər deyərkən qız, Traysdeylin ən yüksək keyfiyyətlərini bir-bir sadalamaqdan yorulmurdu. O da bütün bu tərifləri yağış sularını acgözlüklə içən səhra torpaqları kimi öz canına çəkirdi.

Traysdeyl əlcəyini çıxararkən indi özünə günah bildiyi qürur hissi yavaş-yavaş yenə onun ürəyinə girməyə çalışırdı. O, həmin gecəni düşünür, amma əzab çəkməmək üçün qızın o gecəki füsunkarlığını – xəfif küləkdə dalğalanan saçlarını, baxışlarının və sözlərinin bakirə gözəlliyini xatırlamaq istəmirdi. Amma o gün bu gözəllik onu danışmağa vadar etmişdi. Söhbət zamanı qız ondan soruşmuşdu:

“Kapitan Karrusers deyirdi ki, sən ispan dilini də bilirsən, özü də əsl ispan kimi danışırsan. Niyə indiyəcən bu məharətini məndən gizlətmisən? Ümumiyyətlə, sənin bilmədiyin nəsə var?”

Ehh, Karrusers necə də səfeh imiş. Düzdü, əslində günahkar elə onun özü idi, çünki nə vaxtsa, hansısa lüğətin künc bucağından tapıb öyrəndiyi Kastiliya atalar sözlərini tez-tez ziyafətlərdə deyərdi. Karrusers Traysdeylin heyranlarından idi və yalnız onun kimi bir adam beş-on atalar sözünü əzbər bilən Traysdeylin ispan dilində mükəmməl danışdığını deyə bilərdi.

Amma çox təəssüf! Qız bu bacarığına görə Traysdeylə öz heyranlığını bildirəndə elə şirin, elə gözəl idi və elə şövqlə danışırdı ki, qızın dediyini inkar etməyə Traysdeylin dili gəlmədi. Traysdeyl onda təsəvvürünə gətirə bilməzdi ki, ispan dilini bilmədiyini gizlətmək sonralar ona nə qədər əzab verəcək.

Həmin gün o, necə sevincli, necə utancaq, necə də həyəcanlı idi! Traysdeyl onun sevgi dolu baxışlarına qarşılıq verəndə qızın duyduğu sevinc onun gözəlliyini daha da unudulmaz edirdi. Traysdeyl qızın gözlərindəki mənanı xatırlayarkən indi də and içməyə hazır idi ki, o gözlər razılıqdan başqa heç nə ifadə etmirdi, lakin qız dərhal razılıq verməyib, şirin bir işvəkarlıqla ona belə demişdi. “Cavabımı sənə sabah göndərəcəm”. Traysdeyl isə qələbəsindən arxayın olduğu üçün bu cavabdan narahat olmamışdı. Səhərisi gün o, səbirsiz halda evdə var-gəl edərək axşamacan qızın cavabını gözləmişdi. Günorta qızın xidmətçisi Traysdeylə içində qəribə bir kaktus olan qırmızı rəngli, gildən düzəldilmiş dibçək gətirmişdi. Amma Traysdeylin gözlədiyi cavabdan əsər-əlamət yox idi. Nə bir yazı, nə də bir söz. Təkcə dibçəyin içində hansısa yad dildə bitkinin adı yazılmış bir kağız var idi. O, gecə yarısına qədər də gözlədi, amma qızdan cavab gəlmədi. Qürurunun sındırıldığını düşünən Traysdeyl qızı axtarmağa, onunla danışmağa heç bir cəhd göstərmədi. İki gün sonra onlar bir ziyafətdə qarşılaşdılar. Bir-birlərinə heç nə hiss etdirmədən salamlaşsalarda, qızın baxışlarında dərin bir həyəcan, nigaranlıq və gərginlik var idi. Özünü nəzakətlə aparan və qızdan izahat gözləyən Traysdeylin görkəmində isə həm də yenilməz bir qürur və təkəbbür hiss olunurdu. Bu, qızın gözlərindən yayınmadı. Bu qürur və təkəbbürlə Traysdeylin nə demək istədiyini anlayan qız, ziyafətin sonunacan bir də Traysdeylin üzünə baxmadı. Və beləcə, onlar ayrıldılar. Bəs bunda Traysdeylin günahı nə idi? Ümumiyyətlə, günah kimdə idi? Özünü alçalmış hiss edən Traysdeylin o gecəki qürurundan indi heç nə qalmamışdı. Amma əgər...

Otaqdakı adamın qəfil səsi onu fikirlərindən ayırdı.

– Sənə nə olub, Traysdeyl? Elə bil, toyu olan sənsən, niyə kefin yoxdu? Mən sınıq- salxaq gəmidə Amerikanın bir ucundan o boyda yolu basa-basa durub gəlmişəm bura, sən də, sağ ol , yaman qulluq eləyirsən mənə. Bircə bacım var idi, o da ərə gedir. Götür, götür bunu içək. Kefini, bəlkə, bununla düzəldəsən.

– Yox, nəsə heç içməyim gəlmir indi. Traysdeyl cavab verdi.

– Yeri gəlmişkən, konyakın heç içməli deyil. Nə vaxtsa biz tərəflərə, Punta Redondaya yolun düşsə, yadıma salarsan, sənə bunların ən yaxşısından verərəm. Sağ olsun, o qaçaqmalçı qoca Qarsia mənə korluq vermir. Köhnə dostumuz da burda imiş ki, hardan almısan bu kaktusu?

– “Hədiyyədi, Traysdeyl dedi, - bir dostumdan. Hansı növdəndi, bilmirsən?

– Bilirəm, bu kaktuslar ən çox isti yerlərdə, tropik iqlimdə bitir. Puntada doludu bunlardan. Burda adı da yazılıb ki. İspanca bilirsən?

– Yox – Traysdeyl acı bir təbəssümlə cavab verdi, – ispancadı?

– Hə, yerli camaat deyir ki, guya bu yarpaqlar adama nəsə demək üçün belə uzanır... Adını da buna uyğun qoyublar - Ventomarme. İngiliscə “gəl, məni apar ” deməkdi.

 

Tərcümə edən:

Təvəkkül ZEYNALLI