Elektron ədəbiyyat və sənət portalı

Dosta zəng

Bölmə: «Aydın Yol»çular 18.03.2016

Bugünlərdə özəl telekanalda işləyən prodüser dostum qəribə bir əhvalat danışdı. Studiyada teleoyunun videoyazısı zamanı bir neçə iştirakçı “dosta zəng” imkanından imtina edib. Səbəbini belə izah ediblər: “Həyatda dostum çoxdur, amma vaxt azlığından, demək olar ki, görüşmürük, nadir hallarda zəngləşirik, ara-sıra sosial şəbəkələrdə yazışırıq, vəssalam. İndi gözlənilmədən, özü də kömək üçün ona zəng vurmaq yaxşı düşməz! Bir də ki, o, niyə mənə kömək etməlidir, noolsun ki, dostumdur, axı bu, onun  borcu deyil?!”

Bax, belə! Bu nədir - müasir insanın həyat tərzi, yoxsa zamanın burulğanına düşüb bəzi mənəvi dəyərlərdən könüllü, yaxud məcburən uzaqlaşan adamların seçimi?

Seçimi kim edir? Əlbəttə, ilk növbədə özümüz. Dostları da özümüz seçirik, həyat tərzimizi də.

“Vaxt çatışmazlığı” və “baş qarışıqlığı” sindromu, əslində bizim üçün əlverişli bəhanəyə çevrilib. Bəs canlı ünsiyyətdən qaçıb tənhalığa qapılmaq, sevinci və kədəri çevrədəkilərlə paylaşmaqdan çəkinmək, son nəticədə bizə xal qazandıra bilərmi?

Əsla! Heç kimə ağıl öyrətmək, vəziyyətdən çıxmaq yolları barədə resept yazmaq fikrində deyiləm. Onsuz da öyüd-nəsihəti dinləyən yoxdur. Bir çoxları məsləhət almağı da qəbahət sayır. Ancaq yaranmış əlverişli bir fürsəti xatırlatmaq yerinə düşərdi.

Təqvimə nəzər salın. Hamının səbirsizliklə gözlədiyi Novruz, nəhayət ki, qapımızı döyüb. Hər evdə, ailədə bayram məclisi qurulub, xeyir-bərəkət rəmzi olan səməni cücərdilib, qız-gəlinlər yumurta boyayıb, paxlava, şəkərbura bişirib.

Amma bütün bu maddi nemətlərdən başqa, bayramın gətirdiyi digər sovqat da var: mənəvi dəyərlər. Belə məqamlarda insanlar daha həssas davranır, xəyala dalır. Bəzən ən ağlasığmaz, qeyri-adi və məzəli əhvalatlar məhz bayramlarda baş verir. Belə günlərdə yeyib-içməkdən çox canlı ünsiyyətə, xoş sözə, təbrikə, hal-əhvala, isti nəfəsə ehtiyac düyülur. Düşüncələr rahatlıq vermir: “Görəsən, filankəs niyə zəng edib bayramlaşmadı?”, yaxud: “Qonşudan nə əcəb, Novruz axşamı qapını döyüb salaməleyk  eləmədi”. Bu fikirləri vecə almayanlar da var, amma onların da qəlbinin dərinliyində bir nisgil düyününün ilişib qaldığına əsla şübhəm yoxdur.

Məncə, Ulu Tanrının bizə ərməğan göndərdiyi bu əziz bayramda ünsiyyət fürsətindən maksimum yararlanmaq lazımdır. Köhnə ədavətləri unutmaq, umu-küsünü kənara qoymaq, yandırılmış körpüləri yenisi ilə əvəzləməyin əsl vaxtıdır.

Gəlin, təkəbbürü unudub, küsülü olduğumuz adamlara doğru ilk addımı atmaqdan çəkinməyək. Əmin olun, qəlbiniz dərhal rahatlaşacaq, mənəviyyatınız saflaşacaq, əməliniz çevrənizdəkilərin alqışına səbəb olacaq, özünüzü dünyanın ən xoşbəxt adamı hiss edəcəksiniz.

Adi günlərdə hər axşam əzizləyərək ayrılmaq istəmədiyimiz kompüteri müvəqqəti söndürək. Dünyaya monitordan yox, bir cüt canlı gözümüzlə baxaq. Sınayın! Virtual aləmlə real həyatın fərqini dərhal hiss edəcəksiniz.

Bu bayram axşamı, nəhayət ki, ev və mətbəx qayğılarından azacıq uzaqlaşıb məxsusi olaraq təzə paltar geyinmiş, saçlarına sığal çəkmiş həyat yoldaşınızın necə gözəl göründüyünü, tər çiçəyə bənzədiyini vurğulayın. Bəlkə heç vaxt ona demədiyiniz daha təsirli sözlər düşünün. Ona elə xoş sözlər deyin ki, xoşbəxtlikdən pərvazlansın!

Dərdi-səri unudub bolluca gülümsəyin. İnanın, xoşbəxt olmaq üçün xəfif təbəssüm, adi bir söz yetər. Valideylərinizlə, övladlarınızla bayram süfrəsi arxasında əyləşəndə həyatda olub-keçmiş yaxşı nə varsa, xatırlayın. Ahıllara bu əziz günlərdə mərhəmət və qayğını daha da artırın. Yaxın qonşuların, uzaq qohumların qapısını döyün. Doğrudan da, bir reklamda deyildiyi kimi, həyat paylaşdıqca gözəldir!

Bir də... Novruz bayramında çoxdan zəngləşmədiyiniz dostlarınıza zəng vurun. İnanın, “Necəsən? Təbrik edirəm” kəlmələri məşhur teleoyunda səslənən ən mürəkkəb suallara belə cavab tapmaqda yardımçınız olacaq...