Elektron ədəbiyyat və sənət portalı

QISA VƏ UZUNÖMÜRLÜ ƏDƏBİYYAT

Bölmə: Azad ərazi 16.11.2023

Qan Turalı

Ədəbiyyatın hər dönəmində diletantlarla dahilər yanaşı olub. Və bu diletantlar bəzən kütləni aldada da bilib. Ancaq diletantın bəyliyi, necə deyərlər, darı çıxana qədər, klassiklər isə həmişəyaşardır. Bəli, klassiklərin ədəbiyyat ömrü bəzən öz ömürlərindən çox qısadır. Nitsşenin də dediyi kimi: “Mənim günüm sabah yox, sonrakı gündür.  Bəziləri öldükdən sonra doğulur”.

Diletantın hökmranlığı mövcud zamanla bağlıdır. O, zamandan sui-istifadə edir. Əsasən, Sovet dövründə sistem hansı ədəbiyyatı istəyirdisə, diletant da onu yaradırdı və sistem də onu himayə edirdi. Ancaq göründüyü kimi diletantların ömrü heç sistem qədər də olmadı. Stalinizm bitdi, SSRİ davam etdi, amma vulqar sosioloji ədəbiyyat Sovet dövründəcə tarixin arxivinə verildi.

Əsl sənətkar isə həmişə zamanla münaqişədədir. Onu cəlb edən zamanın imtiyazları yox, problemləridir. Diletantı yaradan bir neçə məqam var. Bu, dövlətin himayəsi də ola bilər, kütlənin sevgisi də. Amma hər ikisi keçici və ötəridir. Klassik isə mövcud zamanı ittiham edir, yaşadığı dövrlə qarşı-qarşıya dayanır. Ona görə də klassikin ömrü uzundur. Başqa sözlə desək, diletant dövründən istifadə edir, klassik isə dövrünü ittiham edir.

Bəli, SSRİ artıq keçmişdə qalıb – indi nə siyasi sistemin senzurası, nə də dövlətin yazıçılardan hansısa tələbi var. Cüzi istisnaları çıxmaqla bütün dünyada vəziyyət eynidir. Ancaq di gəl ki, siyasətdən də qorxulu bir düşmən ortaya çıxıb – kütlə.

Tarixdə heç zaman kütlə bu qədər ədəbi meyara çevrilməmişdi. Orta əsrlərdə şairin qəsidəsi hökmdarın xoşuna gəlirdisə, onun üçün maddi imkanlar, şöhrət qapısı açılırdı. Sonralar hökmdarı dövlət əvəz etsə də, bu gün ədəbiyyatı məhz kütlənin zövqü müəyyənləşdirir. Və onun tələbi ilə yazıçı yox, qrafomanlar ordusu yaranır. Belə yazıçıların cızma-qarasını, əlbəttə ki, kütlə bəyənməyə bilməz. Necə deyərlər, pulu kim verirsə, musiqini də o sifariş edir.

Söz yox ki, kütlə hegemoniyasının güclü olduğu müasir dövrdə də həqiqi istedada malik yazıçılar yaranır. Ancaq onlar istisnadır. Daha çox mövsümi yazıçıların ara-sıra peyda və qeyb olduğunu, ya da hansısa əsərlərlə populyarlaşıb qısa müddət sonra unudulduğunu müşahidə edirik.

Bu mənzərə fonunda ingilis naşir Devid Şriqleyin hərəkəti xüsusi maraq doğurur. Belə ki, o, “Da Vinçi şifrəsi” romanından beş min nüsxə toplayaraq  onları kağız xəmirinə çevirir, yaratdığı yeni kağızlarda isə Corc Oruelin “1984” kitabını çap edərək satışa verir və gələn vəsait xeyriyyə işlərinə xərclənir.

Nəyə görə məhz “Da Vinçi şifrəsi”? Şriqley bunu belə izah edir: “Bu gün heç kim “Da Vinçi şifrəsi”ni alıb oxumaq istəmir, əksinə, əlində olan kitabı kiməsə vermək istəyir”.

2003-cü ildə nəşr ediləndə böyük rezonans doğuran, 2006-cı ildə ekranlaşdırılan romanın bugünkü taleyi hamıya məlumdur. Bir zamanlar, az qala, ədəbiyyat meyarına çevrilən bir əsərin ömrü heç 20 il də sürmədi. Amma Oruelin 1949-cu ildə çap olunan “1984” romanı hələ də bədii dəyərini qorumaqda, yazıçılara ilham mənbəyi, oxuculara yol yoldaşı olmaqdadır. Əsl ədəbiyyat da budur.