Elektron ədəbiyyat və sənət portalı

Mirzə Mehdi xan Astrabadi və onun “İnşa” əsəri

Bölmə: Tarix 31.08.2015

Mirzə Məhəmməd Mehdi xan Kövkəbi Astrabadi (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadidir) XVIII əsrin görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın (1688-1747) münşisi və saray tarixçisi olub. Onun doğum tarixi məlum deyil, 1760-cı ildən sonra vəfat etməsi güman olunur. Mirzə Mehdi xanın Şah Sultan Hüseynin hakimiyyəti illərində (1696-1722) İsfahanın bağbanbaşısı təyin edilməsi barədə fərmanın surəti mövcuddur. Bu vəzifə sahibi şəhərin dövlət idarələrinin tikintisinə nəzarət edirdi. Mirzə Mehdi xan uzun müddət Səfəvilərin və Nadir şahın sarayı ilə ünsiyyətdə olub. Tarixdən bilirik ki, o, təxminən 1726-cı ildə II Təhmasibin (1722-1732) sarayında münşi vəzifəsini icra edib. İranda fəaliyyət göstərən rus diplomatik nümayəndələri onu dövlət naziri adlandırmışlar. M.M.Astrabadinin geniş biliyinə, istedadına yüksək dəyər verən Nadir şah ona xan titulunu, müasir dövrümüzdə xarici işlər nazirinə uyğun gələn münşi əl-məmalik vəzifəsini vermişdi. 1736-cı ildə taxta çıxdıqdan sonra Nadir şah onu baş vaqiənəvis – sarayın baş tarixçisi vəzifəsinə təyin edir. Mirzə Mehdi xan Səfəvilər dövründə də, Nadirin hakimiyyəti zamanında da ölkədə baş verən bütün əsas siyasi hadisələrdən xəbərdar idi, buna görə də bu vəzifəyə tam uyğun gəlirdi. O, sarayda katiblik vəzifəsini də icra edir, Nadir şahı hərbi yürüşlərdə müşayiət edir, xarici ölkələrlə danışıqlarda, dövlətin xarici siyasət məsələlərinin həllində fəal iştirak edirdi.

M.M.Astrabadi “Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhangüşayi-Nadiri”, “Dürreyi-nadirə”, “İnşa”, “Sənglax”, “Məban əl-lüğət” adlı dəyərli əsərlərin müəllifidir. Bunlardan “Tarixi-Nadiri” və “İnşa” əsərlərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan nüsxələri barədə məlumatı “Fars əlyazmaları kataloqu. Tarix və coğrafiyaya aid əsərlər” (tərtibçi: Həsənağa Nəcəfov, redaktor və ön söz müəllifi: Rəna Məmmədova) kitabından ala bilərik. Tam adı “Tarixi-cəhangüşayi-Nadiri” (“Dünyanı fəth edən Nadirin tarixi”) olan əsərin Əlyazmalar İnstitutunda 39 əlyazması saxlanılır. Bunlardan 137 vərəqdən ibarət ən mükəmməli 1827-ci ilin iyulunda köçürülmüşdür. Əsər iki redaksiyada dövrümüzə çatmışdır. Birinci redaksiyada Nadir şahın doğumundan ölümünə, şahın xələfləri Əli və İbrahimin ölümünə qədərki vaxtda baş verən hadisələr təsvir olunur. İkinci redaksiyada Nadirin nəvəsi Şahruxun (1748-1796), Səfəvi Seyid Məhəmmədin (II Süleyman) hakimiyyəti illəri (1749-1750) barədə məlumat verilir, Ağa Məhəmməd Qacar (hakimiyyəti: 1796-1797), Astrabad qacarlarının başçısı Məhəmməd Həsən xan təriflənir. Çoxsaylı şeir parçaları daxil edilmiş bu əsər vaxtı ilə böyük oxucu marağına səbəb olmuşdu. Kitabın dünya kitabxanalarındakı əlyazma nüsxələrinin, İranda daşbasma nəşrlərinin çoxluğu bunun əyani sübutudur. M.M.Astrabadinin əsərlərində yerləşdirdiyi rəngli miniatür rəsmlər tarixi, hərbi hadisələr barədə daha dolğun təsəvvür yaradılmasına kömək edir.

Mirzə Mehdi xan “Məbən əl-lüğət” (“Sözlərin əsası”) və “Sənglax” (“Daşlıq”) adlı əsərlərini ömrünün sonlarında, təxminən 1760-cı ildə bitirmişdir. A.M.Şebakın göstərdiyinə görə, cığatay dilinin qrammatik oçerki olan (“Məbən əl-lüğət”) cığatayca-farsca lüğət olan “Sənglax”a giriş kimi yazılmışdır. “Məbən əl-lüğət”in tam adı “Sərfü nəhvi-lüğəti-cığatayi”dir. Qrammatik oçerk də, lüğət də başlıca olaraq böyük özbək şairi Əlişir Nəvainin əsərləri əsasında tərtib edilmişdir. “Məbən əl-lüğət”in müqəddiməsində müəllif Nəvainin on iki poetik, on nəsr əsərinin adını çəkmiş, sonra isə bunların əsasında qrammatik oçerk yazmışdır.

Mirzə Mehdi xanın “İnşa” əsəri əfşarlar dövrünün ən məşhur nəsr nümunəsi, Azərbaycanın, İranın, bir sıra qonşu ölkələrin tarixinə dair dəyərli sənədlər toplusudur. Qeyd edildiyi kimi, M.M.Astrabadi bir sıra tarixi hadisələrin, diplomatik missiyaların müqavilələrinin imzalanmasının, rəsmi dövlət sənədlərinin tərtibinin bilavasitə iştirakçısı olmuşdur. Buna görə də bu əsər dövrün tarixinə dair ciddi mənbə hesab edilir. Müəllif buraya daha əvvəliki dövrlərə aid sənədlər, məktublar da daxil etmişdir. Məsələn, Əmir Teymurun (1336-1405) Osmanlı imperatoru İldırım Bayəzidə (1389-1402), Babur şahın (1483-1530) Seyid Məhəmməd Nurbəxşə, I Təhmasibin (1524-1576) Osmanlı imperatoru I Sultan Süleymana (1520-1566) və başqalarına məktubları bu sıradandır.

Topluda Səfəvi  hökmdarlarından Sultan Hüseynə (1694-1722) və II Təhmasibə (1722-1732) dair əsərlər də var. Lakin sənədlərin, məktubların çoxu Nadir şah Əfşar dövrünə aiddir. Tarixi və coğrafi əsərləri əhatə edən farsdilli əlyazmalar kataloqunda bu sənədlərin bölgüsü aşağıdakı kimi aparılıb: ilk növbədə topludakı materiallar dövlət və şəxsi sənəd və məktublara ayrılır, dövlət sənədləri öz növbəsində rəsmi və diplomatik məktublara bölünür. Rəsmi sənədlər bunlardır: Əyanların təyinatına dair Şah Sultan Hüseynin verdiyi rəqəmlər (fərmanlar); II Şah Təhmasibin rəqəmləri; Nadir şahın rəqəmləri; Nadirlə Osmanlı dövləti arasında imzalanmış sülhnamə (sülh müqaviləsi); Fəthnamə (qələbə barədə yazılı məlumat); Mirzə Mehdi xanın vəqfnaməsi; Nadir şahın İbrahim xanı əfv etməsi barədə məktubu; Nadir şahın İranın ayrı-ayrı vilayət hakimlərinə göndərdiyi məktubları; Nadir şahın Hindistanın fəthindən sonra Rzaqulu Mirzəyə yazdığı məktubu; Mirzə Mehdi xanın Bağdad alimlərinə məktubu və s.

Diplomatik məktublar (Nadir şahın) aşağıdakı kimi təsnifləndirilir: Moğol imperatoru Məhəmməd şaha məktub; Osmanlı imperatoruna məktub; Rus imperatriçəsinə məktub; Nadirin Əfqan şaha məktubu və s. Şəxsi məktubları Mirzə Mehdi xan dostlarına və rəsmi adamlara göndərmişdir.

Qeyd edək ki, daha əvvəlki dövrlərdə də Azərbaycan və İranda məktub və sənədlər məcmuələrdə toplanırdı. Ədəbiyyat tariximizdə görkəmli şair, rəssam və alim Sadiq bəy Əfşarın (1533-1610) cığatayca və farsca məktublardan ibarət münşəatı məlumdur. Şairin Təbriz Mərkəzi Kitabxanasında saxlanan külliyyatında bu əsərin adı “Münşəati-türki və farsi ki, be müləmməat məşhurəst” (“Müləmməat kimi məşhur olan türkcə və farsca münşəat”) kimi təqdim olunur. Qeyd etmək istərdik ki, müsəlman Şərqi ölkələrində münşəat (məktub, sənədlər) bədii bir janr olmuşdur və məsələn, Məhəmməd Füzulinin Osmanlı dövlətinin yüksək vəzifəli məmuru Nişançı Paşaya yazdığı, “Şikayətnamə” adı ilə məşhur olan məktubu bədii əsər, nəsr nümunəsi kimi oxunmuşdur və oxunmaqdadır. Münşəatlar, məktub və sənədlər toplusu katiblər tərəfindən köçürülər və ən müxtəlif oxucular üçün maraq doğuran sənət nümunəsi kimi yayılardı. Müxtəlif Şərq əlyazmaları kitabxanalarında məktub və sənəd topluları-münşəatların əlyazma nüsxələri saxlanmaqdadır.

Orta əsr nəsrinin digər nümunələri kimi, məktublar, sənədlər səsli-daxili qafiyəli nəsrlə, Şərq poetikasının bədii ifadə vasitələrindən geniş istifadə edilməklə yazılardı ki, bu da onların müasir oxucu tərəfindən oxunub başa düşülməsinə çətinlik törədir. Klassik ədəbiyyatda “münşiyanə üslub” ifadəsi var. “İnşa” məktub və sənədlər, bunlardan tərtib olunmuş kitab, “münşi” – katib, yazıçı deməkdir. “Münşiyanə üslub” dedikdə klassik Şərq bəlağət sənətindən bəhrələnən, müxtəlif bədiiyyat vasitələrindən geniş istifadə edilən məktub və əsərlərin dili başa düşülür. S.Əfşarın məktublarında da poetik fiqurlardan geniş istifadə edildiyini görürük. Şairin dostlarından birinə yazdığı məktubunda belə bir yer var: “...yəni ol bir gülşənin sərvnazları və ol bir aşiyanənin şəhbazları və ol bir dumanın şəmi-ənvarları və ol bir sağərnin rahi-ruhpərvərləri filanlar bu kəminəlarni til qələmin və qələm tilin rəncə qılub bir neçə kəlmə birlə sərəfraz qılmışlar”. Bu mətn parçasının əvvəlində tərsi poetik fiqurundan (ritmik-sintaktik parallelizm) istifadə edildiyini görürük. Təkrar edilən həmcins ifadələrin əvvəlində gələn “ol bir” ifadəsi klassik poetika baxımından təkrir, dilçilik baxımından leksik anaforadır. Burada əks bədiyyat vasitəsindən (sözlərin düzümündə tərsinə inversiya) də istifadə edilmişdir: “til qələmin və qələm tilin”. Məktublarda “səhra-səhra səna töhfəsi və tağ-tağ dua hədiyyəsi” kimi mübaliğəli təşbihlərin işlədildiyini, “müdriki-idrak” kimi ifadələrdə isə iştiqaq sənətindən (eyni mənşəli sözlərin müxtəlif variantlarda işlədilməsi) istifadəni də görürük.

Mirzə Mehdi xanın “İnşa”sında toplanmış farsca məktub və sənədlərdə də poetik fiqurlardan geniş istifadə edilmişdir. Mətnlərdə yüksək bədii üslub ilkin nəzərə çarpan cəhətlərdəndir. Məsələn, saraya sadiq şəxsin məvacibinin artırılmasına dair sənəddə həmin adam haqqında “düzlük və sədaqət rayihəsi ilə burnumuzu həmişə qıcıqlandıran dövlət xəzinəsinin başçısı Mirzə Məhəmməd” sözləri işlənmişdir. Möhrdarlıq (dövlət sənədlərini möhürləməklə məşğul olan şəxsin vəzifəsi) verilməsinə dair sənəddə oxuyuruq: “...Süleyman möhürünün dünyanı fəth etmiş bəxt barmağımıza keçirildiyi gündən özümüzə borc bildik ki, möhür-möhür sədaqət izlərini canının boynundan asmış və bu əbədi dövlətə qulluq etməyin naxışını itaət ürəyinə vurdurmuş köhnə bəndələrdən hər birinə xüsusi ətalar bağışlamaqla onlara başucalığı gətirək və şahın inayətinə layiq görək”.

III Şah İsmayılın adından Məhəmməd Həsən xan Qacara (1714-1787) göndərilmiş məktubda deyilir: “Həqiqətən də, bu ərizə böyük bir ordu idi ki, onun bir dəstəsi xatirələr ölkəsini qəm-qüssə qaranlığından çıxartdı və bu məktub bir yazı idi ki, onun sıralanmış sətirləri kədər tozunu qəlbin iqlimindən süpürüb atdı”. Mirzə Mehdi xanın Mirzə Tufana yazdığı məktubda aşağıdakı təşbihlərlə dolu poetik ifadələr var: “Qərinələrin qəsidələri, ayların qəzəlləri, gecə-gündüzlərin məsnəviləri, fəsillərin rübailəri və zamanın bəhri-təvili həyatın səhifələrində yazılmaq imkanına malik olduqca, seçilmiş beytin və yaranmış divanın, yəni xoşbəxt və dəyərli vücudun taleyin ağ kağızında və dövrlərin məcmuəsində varlığı yenilməz qalsın!”. Burada fikrini bədii tərzdə ifadə etmək istəyən müəllif surətlər yaradarkən klassik poeziyanın janrlarının adından istifadə etmişdir. Ümumiyyətlə, orta əsrlərin epistolyar irsinin, rəsmi sənədlərinin dili bilavasitə klassik ədəbiyyatla bağlı idi. Əlbəttə ki, bu sənədlərdəki ifadələrin həddindən artıq bəlağətli olması, cümlələrin uzunluğu müasir oxucunun başa düşməsi üçün çətinlik törədir. Hələ XIX əsrdə milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə “Tənqid risaləsi” adlı məqaləsində həmin dövrün görkəmli alimi Rzaqulu xan Hidayətin “Rövzətüs-səfayi-Nasiriyyə” əsərini oxucunu əsas mətləbdən yayındıran belə bir üslubda yazıldığına görə tənqid etmişdi. Lakin fikrimizcə, XVIII əsrdə bu üslub hələ əhəmiyyətini tam itirməmişdi və belə yazmaq üçün Mirzə Mehdi xan kimi yüksək savada və istedada malik olmaq lazım idi.

“İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları Azərbaycan və İranın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Nadir şahın dövlət başçısı, diplomat, sərkərdə kimi fəaliyyəti gözlərimiz önündə canlanır. Bu mətnlərdə Nadir şah özünün türklüyünü dərk edən bir hökmdar kimi çıxış edir. Bu, onun qonşu türk dövlətlərinin – Osmanlı və Moğol imperatorluqlarının hakimlərinə müraciətlərində özünü daha qabarıq göstərir. Nadir şah bu sənədlərdə hakimiyyətinin qanuniliyini sübut etmək üçün Səfəvilərin davamçısı olduğunu iddia edir, 1736-cı ildə Muğan qurultayında şah seçildiyini xatırladır. I Sultan Səlim – I Şah İsmayıl dövründəki müharibələri, ixtilafçılıq siyasətini tənqid, türk, islam birliyini təbliğ edir.

 Bir məsələni də diqqətə çatdırmaq istərdik: “İnşa”ya daxil edilmiş sənədlər münşilik sənətinə yiyələnəcək şəxslərin bundan nümunə kimi istifadə etməsi üçün də nəzərdə tutulubmuş. Bəzi vərəqlərin kənarlarında təsiri artırmaq məqsədi ilə iqtibas gətirmək üçün müxtəlif hədislərin köçürülməsi bir daha bu fikrimizi sübut edir.

 Əminik ki, Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsərinin dilimizə tərcüməsinin işıq üzü görməsi tariximizin, orta əsrlər rəsmi və münşiyanə üslubun, eləcə də görkəmli Azərbaycan alimi olan müəllifin irsinin öyrənilməsi baxımından böyük maraq doğuracaq. Mətni əlyazmadan götürüb fars dilindən tərcümə edən istedadlı tədqiqatçı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Rauf Şeyxzamanlının böyük zəhmətini xüsusi qeyd etmək istərdik.