Elektron ədəbiyyat və sənət portalı

Balaş – bədii obraz, yoxsa real şəxsiyyət?

Bölmə: Azad ərazi 12.10.2023

Qan Turalı

Azərbaycan dramaturgiyasının məşhur pyeslərindən biri də “Sevil”dir. Cəfər Cabbarlının 1928-ci ildə yazdığı bu pyes o dövrlər Azərbaycanın ictimai həyatında, yeni quruluşun inşasında, xalqın modernləşməsində əsaslı rol oynayıb.

Bu məqalədə isə söhbət pyes yox, Balaş obrazının prototipi haqqındadır. Tarixdən bizə məlumdur ki, Cəfər Cabbarlı müsavatçı ideyalara dərin rəğbət bəsləmiş, hakimiyyət dövrü qısa sürən Xalq Cümhuriyyətinin parlamentində çalışmışdır. Məhz bu məqamlar Balaşın prototipinin kimliyinin müəyyənləşməsində  mühüm əhəmiyyət kəsb edir.

Pyesin əvvəlində Sevil atası Balakişi ilə söhbətində Balaşın vəzifəcə yüksəlişindən belə bəhs edir: “Allaha şükür, işimiz çox yaxşıdır. Doğrudur, əvvəlcə korluq çəkirdik, amma bu yaxınlarda padşahı yıxdılar, Balaş da o böyüklərdən oldu. Sən demə, bütün işlərimizi korlayan bu başıbatmış köhnə padşah imiş”. Bu dialoqdan Balaşın “köhnə padşah”ın, yəni II Nikolayın devrilməsindən sonra vəzifə aldığı, Xalq Cümhuriyyətinin məmurlarından biri olduğu aydınlaşır.

Sevil sonrakı sözlərində Balaşın varlı bir xozeynin işini həll etdiyini deyir. Bu məqamda da Balaşın iqtisadiyyat sahəsində çalışdığı məlum olur.

Pyesin əsas personajlarından olan Dilbərlə Balaşın dialoqunda da Balaşın işi ilə bağlı maraqlı bir fakt üzə çıxır. Bu məqam Balaşın kimliyini də müəyyən edir. Belə ki, Dilbər Balaşa bir sənədə qol çəkdirmək istəyir. Balaş da etiraz edərək onun 12 min manatlıq sənəd olduğunu və qol çəkməyəcəyini bildirir. Dilbərin təkidindən sonra sənədi imzalayan Balaş deyir: “Ancaq bu iş ortaya çıxsa, oğurluq kimi bir şeydir”.

Bura qədər yazdıqlarımızı ümumiləşdirsək, belə nəticə çıxır: qeyri-qanuni sənədə qol çəkən Balaş Xalq Cümhuriyyətinin yüksək vəzifəli şəxslərindən olub.

İndi isə başqa bir mənbəyə – Nağı bəy Şeyxzamanlının “Xatirələr”inə diqqət edək. Nağı bəy ADR dövründə xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Baş nazir Fətəli xan Xoyski ingilis generalı Tomsondan istiqlaliyyətimizi tanımağı tələb edir. Tomson isə şərt qoyur ki, bunun gerçəkləşməsi üçün hökuməti Mirzə Əsədullayev qurmalıdır. Xoyski etiraz edir və danışıqlar nəticəsində Mirzə Əsədullayev ticarət naziri kimi yeni kabinetin tərkibində təmsil olunur.

Neft milyonçusu Şəmsi Əsədullayevin oğlu, başqa bir milyonçu Musa Nağıyevin kürəkəni, məşhur yazıçı Baninin (Ümbulbanu) atası, ADR-in III hökumətinin tərkibində nazir olan Mirzə Əsədullayev işlədiyi dövrdə eyni ilə pyesdə cərəyan edən hadisələr kimi sevgilisi olan rus xanıma, Yazıkovaya qeyri-qanuni şəkildə çox qiymətli bir ticarət sənədi verir. Ancaq işin üstü tezliklə açılır. Baş nazir Xoyski xüsusi iclas çağırır və o, istefa verməyə məcbur olur.

Bu qədər bənzərlik təsadüf ola bilərmi?