Elektron ədəbiyyat və sənət portalı

Gündüz Abbasov: ekran, kətan və qələm adamı

Bölmə: Art 27.07.2023

Ötən əsrin səksəninci illərində qohumu olan böyük dramaturqumuz Cəfər Cabbarlının adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında, bəzən də yaşadığı binanın yaxınlığındakı Filarmoniya bağında onunla tez-tez rastlaşardıq. Söhbətlərindən başqa zamanın adamı olduğunu, get-gedə dəyişən mühitlə ayaqlaşa bilmədiyini duyurdum...

Günlərin birində Haqqa qovuşduğundan xəbər tutdum. Onda cəmi 65 yaşındaydı...

Gündüz Abbasovdan filmlər, üç kitab, çapını gözləyən əlyazmalar, bir də xatirələr qaldı...

İstedadı ona böyük gələcək vəd edirdi...

 ...Gündüz 1930-cu ildə Bakının məşhur Dağlı məhəlləsində, Abbasovlar ailəsində doğulmuşdu. Anası – musiqiçi, pedaqoji və tibb təhsili olan ziyalı qadın, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası – tanınmış yazıçı və jurnalist, bir vaxtlar Azərbaycan Radiosunun ilk sədri, “Bakı” kinostudiyasının, Opera və Balet Teatrının direktoru olmuş Şəmsəddin Abbasov idi.

Ona Cəfər Cabbarlının “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün adını qoymuşdular. Gündüz sənətlə sıx bağlı olan bir ailədə böyüdüyündən uşaqlığı teatr və kino mühitində, yaradıcı adamlar arasında keçmiş, o vaxtdan da rəssamlığa, bədii yaradıcılığa sonsuz maraq göstərmişdi. Arzuları onu 1952-ci ildə Bakı Rəssamlıq Məktəbinə, bir müddət sonra – 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə gətirdi.

Gündüz Abbasovun uşaqlıqdan mütaliəyə sonsuz marağı vardı. Tələbəlik illərində isə artıq ədəbi yaradıcılığa meyil göstərmiş, hekayələr qələmə almış, özünü tərcümədə sınamışdı. O, 50–60-cı illərdə böyük ümidlər vəd edən gənc yazıçılardan sayılırdı. “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” adlı üç kitabı nəşr edilmiş, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunmuşdu. Bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, “Uşaqgəncnəşr” və “Azərnəşr”də redaktor, sonra “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri işləmiş, nəhayət, kinostudiyaya üz tutmuşdu...

Onu xatırlayanlar deyir ki, Gündüz nəsrlə ciddi məşğul olsaydı, ədəbiyyatımızın ən sanballı simalarından olardı. Amma ekrana olan sevgisi onu çox şeydən məhrum etdi...

 

 

Nakam sevginin arxasınca

Kinoda ilk rolu 1942-ci il də çəkilmiş “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmdə olmuşdu. Həmin vaxt on iki yaşlı Gündüz ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovdan bəhs edən ekran əsərində onun kiçik dostunu – balaca çoban obrazını yaratmışdı.

Aradan illər ötdü və Gündüz Abbasovun yenidən böyük kinoya qayıdışı yalnız 1958-ci ildə gerçəkləşdi. Həmin il Əjdər İbrahimov Bakı kinostudiyasında yazıçı-dramaturq İmran Qasımovun ssenarisi üzrə “Onun böyük ürəyi” bədii filmini çəkirdi. Rejissor Gündüzə gənc prokuror Rəcəb obrazını həvalə etdi. Onda artıq Gündüz ailə qurmuşdu, iki övladı vardı. Həmin film Gündüz Abbasovun yaddaşında bir də ona görə dərin iz buraxdı ki, altıaylıq qızı Şəhla kinoda ilk addımını ataraq Rəcəbin bacısı Səmayənin qızı rolunda (körpəlik dövrü) çəkilmişdi.

Filmdə cərəyan edən hadisələr Böyük Vətən müharibəsindən (1941–1945) əvvəlki sakit həyatı, müharibə illərini və müharibədən sonrakı dövrü əhatə edir. Gündüz Abbasovun qəhrəmanı əvvəlcə 20 yaşında, filmin sonunda isə 40 yaşında təsvir edilir.

Bu obraz onu tamaşaçılara istedadlı aktyor kimi tanıtdırdı. Təsadüfi deyil ki, Əlisəttar Atakişiyev 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında çəkdiyi “Bir qalanın sirri” film-nağılındakı Elşən roluna məhz Gündüz Abbasovu dəvət elədi.

 

Barlı-bəhrəli illər

Gündüz Abbasov ədəbiyyatla əlaqəsini kəsməsə də, şübhəsiz ki, yaradıcılığının ən zəngin illəri Azərbaycan kinosu ilə bağlı idi. O, ömrünün təxminən son 35 ilində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş 20-dək filmdə (8 ekran əsərində əsas rollarda) çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. “Onun böyük ürəyi” və “Bir qalanın sirri” filmlərindən sonra “Aygün” (televiziya filmi, Elyar, 1960), “Bizim küçə” (Rasim, 1961), “Leyli və Məcnun” (Zeyd, 1961), “Telefonçu qız” (Mehribanın atası, 1962), “Dədə Qorqud” (Bəybura, 1975), “Qərib cinlər diyarında” (İblis, 1977), “Vulkana doğru” (Uzun, 1977), “Babək” (Pərvinin babası, 1979), “İşarəni dənizdən gözləyin” (Məhəmməd Hadi, 1986), “Qəm pəncərəsi” (qoca kəndli, 1986), “Alman klinikasına şəxsi səfər” (milyonçu Lioznov, 1988), “Doğma sahillər” (Bəndalı kişi, 1989), “Yuxu” (Hidayət kişi, 1994) filmlərində yaratdığı obrazlar Gündüz Abbasovun böyük yaradıcılıq potensialından xəbər verirdi. Eləcə də “Çətirimiz buludlardır” (1976), “Xoşbəxtlik qayğıları” (1976), “İşgüzar səfər” (1982), “Evlənmək istəyirəm” (1983), “Sürəyya” (1987), “Şeytan göz qabağında” (1987), “Həmyerli” (1989) və bir çox ekran əsərlərində ifa elədiyi epizodik rollarda öz duyumunu tamaşaçılara çatdırmağı bacarmışdı.

Səməd Vurğunun “Aygün” poeması əsasında Bakı Televiziya studiyasında ekranlaşdırılmış ilk bədii televiziya filmində tamaşaçılar çox qısa bir müddət ərzində məhəbbət üçbucağı ilə qarşılaşırlar. Elyarın qəlbində ülvi hisslər oyanır, o, Aygünü bütün varlığı ilə sevir. Gündüz Abbasovun rolu epizodik olsa da, maraqlıdır.

Gündüz Abbasov 70–80-ci illərdə çəkildiyi filmlərdə müxtəlif planlı xarakterik obrazlar yaradır. O, “Qəm pəncərəsi” filmində qoca Kərbəlayı rolunu oynayır. Kərbəlayı kasıb kəndlilərin ümumiləşdirilmiş obrazıdır. “İşarəni dənizdən gözləyin” tarixi filmində aktyor dövrünün böyük mütəfəkkiri, şair Məhəmməd Hadinin prototipini yaradıb. O, şairin daxili aləminə nüfuz eləməyi, onun zəngin mənəviyyatını üzə çıxarmağı bacarıb. “Dədə Qorqud” filmində Gündüz Abbasov Bəybura obrazını yaradıb. Oğlunun başına gətirilən oyunlar Bəyburanı sarsıdaraq kor edib. Amma ata ümidini üzməyib, inanır ki, nə vaxtsa oğlu ilə görüşəcək. Onun oğlu Beyrəklə görüşü filmin ən maraqlı səhnələrindəndir. Həmin məqamda atanın keçirdiyi hissi, həyəcan dolu sevinci aktyor tamaşaçıya inandırıcı şəkildə çatdıra bilib.

Gündüz Abbasov o illərdə “Mozalan” satirik kinojurnalının bir çox kinosüjetlərində də çəkilib. Eyni zamanda həmin dövrdə Ukraynanın A.Dovjenko adına kinostudiyasının istehsalı olan ““Piliqrim”in kapitanı” bədii filmində qoca dənizçi rolunu ifa edib.

 

Gerçəkləşməmiş arzuların ağrısı

 

Təbii ki, Gündüz Abbasov da bütün yaradıcı adamlar kimi, hamının diqqətini cəlb edəcək, şöhrətini dünyaya yayacaq sənət uğurları arzulayırdı. Müasirlərinin şəhadətinə görə, həyatında bir neçə dəfə bu cür imkan yaranmışdı, amma təsadüflər o imkanların gerçəkləşməsinə imkan vermədi.

Deyilənə görə, vaxtilə Gündüzün atası Şəmsəddin Abbasov “Babək” filminin ssenarisini yazmış, filmin quruluşu Hüseyn Seyidzadəyə tapşırılmışdı. Gündüz həmin filmdə Babək obrazını canlandırmaq arzusu ilə yaşayırdı. Amma Moskvadakı kino rəhbərləri filmin çəkilişinə icazə vermədilər. Sonralar “Babək” filmi Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkildi.

Gündüz Abbasov “Koroğlu” filmində də baş rolu ifa etməli imiş. Həmin vaxt “Bir qalanın sirri” filminin müəyyən epizodları Moskvada çəkildiyindən aktyor orada olub. Onu sınaq çəkilişlərinə dəvət etmək üçün Moskvaya, çəkiliş qrupunun ünvanına teleqram vurublar. Rejissor Ə.Atakişiyev isə bunun aktyorun ifasına pis təsir edəcəyini düşündüyünə görə teleqramı Gündüzə verməyib. H.Seyidzadə Gündüzdən cavab almadığından Koroğlu roluna Əfrasiyab Məmmədovu təsdiq edir. Deyilənə görə, Gündüz Abbasov elə həmin vaxtlar çəkilişinə hazırlıq görülən “Şah İsmayıl” filmində Şah İsmayıl roluna təsdiq olunur. Amma foto və kino sınaq çəkilişlərindən uğurla çıxsa da, filmin istehsalı müəmmalı səbəblər üzündən baş tutmur.

Gündüz Abbasovun ekranda yaratdığı obrazlar bəzən lirik-poetik, bəzən də cəsur, cəngavər çalarlarla tamaşaçı rəğbəti qazanıb. Aktyor öz dəst-xətti, özünə xas ifaçılıq bacarığı ilə seçilərək tamaşaçı yaddaşına əbədi həkk olunub.

 

Nəriman

ƏBDÜLRƏHMANLI