Elektron ədəbiyyat və sənət portalı

Minsk kitab sərgisində Tərcümə Mərkəzinin fəaliyyəti təqdim olunub

Bölmə: Ədəbiyyat 26.02.2016

Belarus Respublikası İnformasiya Nazirliyinin və Minsk şəhər İcraiyyə Komitəsinin birgə təşkil etdiyi ənənəvi kitab sərgisi digər anoloji beynəlxalq tədbirlərlə müqayisədə o qədər də böyük deyil. Lakin iştirakçıların coğrafiyası, stendlərin zənginliyi, ziyarətçilərin sayı etibarilə bu forum, ən sanballı beynəlxalq mədəni tədbirlərdən biri sayılır. Belarus telekanallarının verdiyi xəbərə görə, elə ilk gündəcə sərgiyə on mindən çox insan gəlmişdi…

Qeyd edək ki, sərgi çərçivəsində 200-dən çox müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Sərgidə Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Ukrayna və digər postsovet ölkələrindən olmaqla, 30-dan çox ölkə iştirak edirdi.

Şübhəsiz, Minsk kitab sərgisinin ən zəngin pavilyonları belaruslara məxsus idi. Bu da səbəbsiz deyil – Belarus Kitabxanalar Assosiasiyası, Milli Kitab Palatası, Belarus Milli Kitabxanası, ayrı-ayrı tanınmış nəşriyyat evlərinin stendləri sanki yarışa girmişdilər. Stendlərdə nümayiş etdirilən kitablardan duz-çörək şəklində hazırlanmış Fransisk Skorina İncili, «Belarus mədəniyyəti» altıcildlik ensiklopediyası xüsusi maraq doğurmuşdu. Bundan başqa, istənilən ziyarətçi buradakı milli belarus geyimlərindən birini öz əyninə ölçə, rəqs ifa eləyə bilərdi.

Fransa stendini ziyarət edənlər tanınmış müəlliflərin avtoqrafı ilə kitab əldə etmək imkanına malik idi.

ABŞ stendinin qarşısında prezident Barak Obamanın kartondan hazırlanmış böyük fiquru qoyulmuşdu. Burada eksklüziv viktorinalar keçirilir, qaliblər ingilis dilində kitablarla, hətta aypadlarla təltif olunurdu. «Barak Obama» ilə şəkil çəkdirmək istəyənlər isə növbəyə düzülmüşdü…

Sərgidə klassiklərin əsərlərindən tutmuş dünya bestsellerlərinə qədər, bütün kitablardan əldə etmək olardı.

Sərgi pavilyonlarında müxtəlif ölkə təmsilçilərinin yeni kitab proyektləri təqdim olunur, tanınmış xarici müəlliflərlə görüşlər, ekzklüziv toplantılar keçirilir, göz önündəcə yeni tanışlıqlar yaranır, əlaqələr qurulurdu. Belarusda «2016-cı il - Mədəniyyət ili» elan olunduğu üçün təşkilatçılar zəngin fəaliyyət proqramı işləyib hazırlamışdılar: Belarusda kitab çapının 500 illiyi, Çernobıl faciəsinin 30 illiyi, MDB-nin 25 illiyi, Birləşmiş Millətlər Təşkilatının 70 illiyi, klassiklərin yubileyləri – forumun əsas mövzuları seçilmişdi.

***

Fevralın 11-də Belarusun İnformasiya nazirliyi, Belarus Yazıçılar Birliyi və «Zvyazda» nəşriyyat evinin təşkilatçılığı və Belarus Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən «Yazıçı və zaman» yazıçılar simpoziumuna dəvət aldıq. «Zvyazda» Dövlət redaksiya-nəşriyyat evinin direktoru və baş redaktoru, yeri gəlmişkən, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bilicisi və təəssübkeşi Aleksandr Karlyukeviçin (onun haqqında ayrıca danışacağıq) moderatorluğu ilə keçirilən tədbirdə ölkənin informasiya naziri xanım Liliya Ananiç də iştirak edirdi. Toplantıda ABŞ, Rusiya, İsrail, Türkiyə, Çin və digər zəngin ədəbi ənənələri olan ölkələrin təmsilçiləri ilə birgə bizim çıxışımız da nəzərdə tutulmuşdu. Qeyd edim ki, hər ölkədən bir nəfərə söz verildiyi halda, Azərbaycanın hər iki təmsilçisi növbəylə tribunaya dəvət olundu. A.Karlyukeviç Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti haqqında iştirakçılara ayrıca məlumat verdi.

Simpoziumda çıxışların əksəriyyəti verilmiş mövzu ətrafında improvizəni xatırladırdı. Məruzələrdə beynəlxalq terrorizmdən tutmuş oxucu qıtlığına qədər, bütün mövzulara toxunuldu. Ermənistan sərginin fəxri qonağı olduğu halda bu ölkənin Yazıçılar Birliyinin sədri Melitonyanın çıxışı cəmi 1-2 dəqiqə çəkdi. Rus dilində güc-bəla ilə danışan Melitonyan ədəbi əlaqələrin inkişafı ilə bağlı bir-iki ümumi fikir səsləndirməklə kifayətləndi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Azərbaycan təmsilçilərinin məruzəsi toplantıda ən rezonanslı çıxışlardan oldu. Bunu toplantıdan sonra Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyevə yaxınlaşıb, təbrik edənlərin sayı da sübut edirdi. Həmin toplantıda iştirak edənlərin əksəriyyəti ertəsi gün Tərcümə Mərkəzinin təqdimat mərasiminə də qatıldılar…

***

Azərbaycan-Belarus ədəbi əlaqələr mövzusunda təşkil olunmuş tədbir çərçivəsində Tərcümə Mərkəzinin təqdimat mərasimi «Zvyazda» Dövlət redaksiya-nəşriyyat evinin pavilyonunda baş tutdu. Hələ tədbirə yarım saat qalmış bütün tamaşaçı yerləri tutulmuşdu. Tədbiri Aleksandr Karlyukeviçin özü aparırdı. Təqdimat mərasimində Azərbaycanın Belarusdakı səfirliyinin məsul işçiləri, Belarusdakı Azərbaycan icmalarının təmsilçiləri belarus şair və yazıçılarla yanaşı, qonşu pavilyonlardan qonaqlar da iştirak edirdi.  A.Karlyukeviçin giriş sözündən sonra «Zvyazda»nın pavilyonda quraşdarılmış böyük monitorda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Tərcümə Mərkəzinin əməkdaşları olaraq ziyarətçilərin çoxsaylı suallarını cavablandırdıq. Belarusdakı Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Salatın Ömərovanın hazırladığı ədəbi-bədii kompozisiya alqışlarla qarşılandı. Yeri gəlmişkən, Azərbaycan-Belarus ədəbi-mədəni əlaqələrinin genişlənməsi və dərinləşməsi ilə bağlı Salatın xanımın Minskdə gördüyü işlərdən hamının ağızdolusu söhbət açdığının şahidi olduq.  Belarus tələbələr Süzanna Ağayeva və Olesya Kosoykinanın Azərbaycan dilində zövqlə səsləndirdikləri şeir parçalarını heyranlıqla dinlədik. Azərbaycan icmaları konqresinin sədri, məşhur idmançı Natiq Bağırovun dərin məzmunlu nitqi, Belarusun tanınmış şairi Tatyana Sivetsin çıxışı – o özünün «Bakı» poemasından parçalar oxudu – xüsusi rəğbətlə qarşılandı.

Tərcümə Mərkəzinin uğurlu təqdimat mərasiminin keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də, Belarusun nüfuzlu yazıçısı Aleksandr Nikolayeviç Karlyukeviçə təşəkkürümüzü bildiririk.

***

Sərgi günlərində müxtəlif ölkələrdən gəlmiş naşirlər, qələm adamları, jurnalistlər və ictimai xadimlərlə çoxsaylı görüşlərdə tərcümə məsələləri, ədəbi əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycanda tərcümə işinin dövlət səviyyəsində dəstəklənməsi, Tərcümə Mərkəzinin səmərəli fəaliyyəti ilə bağlı xeyli xoş sözlər eşitdik. İnanırıq ki, Minskdə keçirilən Beynəlxalq kitab sərgisindəki fəaliyyətimiz Tərcümə Mərkəzinin xarici əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıqların yaranması və inkişafı ilə bağlı aparılan işlərə layiqli töhfə olacaq.

Etimad MURADOV, Minsk-Bakı 10-14 fevral