Elektron ədəbiyyat və sənət portalı

Zəfər və faciə

Bölmə: Tarix 31.08.2015

Naxçıvanın Kəngərli süvariləri qabiliyyət və rəşadətləri ilə Azərbaycanın hərb tarixinə qəhrəmanlıq səhifələri yazıblar. Bu nəsil xalqımıza 6 general bəxş edib: I Ehsan xan, İsmayıl xan, II Kalbalı xan, Hüseyn xan, III Kalbalı xan və Cəmşid xan. Bu generalların hər birinin nəsillər üçün rəşadət timsallı hərbi fəaliyyəti olub.

General-mayor II Kalbalı xan çox maraqlı bir hərbçi taleyi yaşayıb.

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində Rusiya Hərbi Dövlət Arxivi yerləşir. Orada II Kalbalı xan Naxçıvanskinin oğlanları Hüseyn xanın, II Ehsan xanın, Rəhim xanın və Cəfərqulu xanın, həmçinin Cəfərqulu xanın oğlu Cəmşid Naxçıvanskinin şəxsi işləri saxlanılır.

İndiyədək adı heç bir yerdə çəkilməyən II Ehsan xan, yalnız adı xeyriyyəçilikdə, maarifin inkişafında çəkilən Rəhim xan və Cəfərqulu xan qardaşlarının çox maraqlı hərbçi taleləri olub. Müəyyən səbəblər üzündən biz indiyədək bunlardan xəbərsiz qalmışıq.

 

Ehsan xan II Kalbalı xan oğlu Naxçıvanski

Tiflis 15-ci qrenader (seçmə qoşun növü) polkunun xidmət kitabçasının verdiyi məlumata görə, o, 1855-ci il iyulun 14-də Naxçıvanda çox zəngin müsəlman xanı ailəsində doğulub.

10 may 1887-ci ildə tərtib edilmiş bu kitabçaya görə, Ehsan xan 31 iyul 1867-ci ildə Peterburqda zadəgan balalarına məxsus paj korpusunda oxumağa qəbul edilib. 31 yanvar 1873-cü ildə yüksək imtiyazlı kamerpaj məktəbinə dəyişdirilib. Və o, burada həmin ilin 10 avqustunda Ulan polkunun leyb qvardiyasında kornet (I zabit) rütbəsi alıb (Ulan polku nizəli süvari əsgərlərdən ibarət idi. Leyb qvardiyası isə saray qvardiyası deməkdir – müəllif). 1876-cı ilin 4 aprelində poruçik (zabit), 1878-ci ilin 16 aprelində isə ştabsrotmistr (süvari hissələrdə zabit) rütbələrini alıb. 1878-ci ilin 3, 4 və 5 yanvarında hərbi təlimlərdə fərqləndiyinə görə bantlı və qılınclı 3-cü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunub. 1877-ci ilin 19 dekabrında Balkanlarda göstərdiyi hərbi hünərə görə, 9 iyul 1878-ci ildə üstündə “İgidliyə görə” sözləri yazılmış 4-cü dərəcəli Müqəddəs Anna ordeninə layiq görülüb. Qafqazda olarkən-15 noyabr 1878-ci ildə xristian olmayanlar üçün təsis edilmiş bantlı və qılınclı Müqəddəs Vladimir ordeni alıb. Plevna şəhərinin mühasirəsində iştirakına görə (1877-ci il) ona 11 oktyabr 1879-cu ildə Rumın Dəmir xaçı təqdim olunub. 11 oktyabr 1879-cu ildə süvari ordunun mayoru rütbəsini alıb. 12 oktyabr 1879-cu ildə baş qərargahın nəzdində olan Nikolayev akademiyasında imtahan verib, həmin akademiyanın I sinfinə qəbul olunub.

1 oktyabr 1880-ci ildə Baş qərargahın rəisinin icazəsi ilə akademiyadan çıxarılıb və Abşeron polkunun üçüncü və dördüncü toplu batalyonlarına komandir təyin edilib. Əvvəlcə hər iki batalyona (28 noyabr 1881-ci ilə qədər), sonralar isə ancaq dördüncü batalyona (6 fevral 1881-ci ildən 12 may 1882-ci ilədək) komandirlik edib.

Zakaspidə, Orta Asiyada təkinlərlə aparılan hərbi əməliyyatlarda, o cümlədən 1880-ci ilin dekabrından 1881-ci ilin yanvarına kimi aparılan döyüşlərdə və 12 yanvar 1881-ci ildə Göy Təkənin alınmasında igidliyinə görə həmin ilin 10 avqustunda qılınclı II dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilib.

1882-ci ilin 15 oktyabrından 24 oktyabra qədər Temurxan Şurada müvəqqəti hərbi məhkəmənin üzvü seçilib. Bu zaman müvəqqəti olaraq 1883-cü ilin 7 martından 18 martadək üçüncü batalyonun komandiri olub. Həmin ilin 1 oktyabrından yenə də öz polkuna rəhbərlik edib. 9 noyabr 1883-cü ildə altı aylığa Qafqaz Qrenader diviziyası polklarından birinin ikinci briqadasına rəhbər təyin edilib. 15 fevral 1889-cu ildə isə Minqrel polkunun 16-cı briqadasının komandiri olub. Hərbi rəşadətlərinə görə 6 may 1884-cü ildə podpolkovnik rütbəsi alan II Ehsan xan 1885-ci il mayın 18-dən Tiflis polkunun 15-ci briqadasına dəyişdirilib. 1885-ci il iyunun 21-dən Minqrel polkuna komandirlik etməklə bərabər, həmin ilin 1 iyulunda Qafqaz hərbi dairə məhkəməsinin də ehtiyat üzvü seçilib. 1885-ci il 12 noyabrda dördüncü batalyona komandir təyin edilib. 21 fevral 1887-ci ildə kiçik ştab zabiti təyin olunub.

1877-ci il mayın 16-da Qafqazda Kintrişi çayı ətrafında gedən vuruşmalarda sol çiynindən güllə yarası alıb. 1881-ci ilin 12 yanvarında Göy Təkə qalasına hücum zamanı sağdan gicgahına və çiyninə dəyən daşdan kontuziya alıb.

Qeyd edək ki, məşhur diplomat Məhəmməd xan Təkinskinin 3-4 yaşı olanda II Ehsan xan onu ölümün caynağından xilas edib və oğulluğa gütürüb. II Ehsan xan vəfat edəndən sonra Məhəmməd xan Cəfərqulu xanın himayəsində böyüyür və Odessada ali təhsil alır...

Çarın əmri ilə 1887-ci il 1 iyulda xəstəliyinə görə polkovnik rütbəsində ordudan tərxis olunub və ona yüksək təqaüd təyin edilib. Ata vətəni Naxçıvana dönən polkovnikin sonrakı taleyindən hələ xəbərsizik...

 

Rəhim xan Naxçıvanski

46-cı draqun (xüsusi atlı süvari qoşunu) Pereyaslav polku kornetinin xidmət kitabçasına görə Rəhim xan 5 fevral 1859-cu ildə İrəvan quberniyasının Naxçıvan şəhərində müsəlman xanı ailəsində doğulub. İlk təhsilini Tiflis realnı məktəbində alan Rəhim xan hərbi xidmətə Pereyaslav polkunda (18-ci draqun) sıravi kimi başlayıb. 1877-ci ilin 20 avqustunda hərbi xidmətə başladığı polk sonralar 46-cı Pereyaslav draqun polkuna çevrilib.

29 oktyabr 1877-ci ildə unterofiser (kiçik zabit) rütbəsi alıb. 1877-ci ilin 23 və 28 oktyabrında gedən döyüşlərdə dördüncü dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülüb. 1877-ci il dekabrın 19-da orden ona təqdim edilir. 25 avqust 1878-ci ildə praporşik rütbəsi alıb. 21 dekabr 1879-cu ildə həmin rütbəsi təsdiq olunub. 1879-cu ilin 11 sentyabrından 1880-ci ilin 20 iyuluna kimi Tiflis piyada yunker məktəbində kurs keçib. 1880-ci ilin 3 oktyabrında Qafqaz təlim rotasının tərkibində olmaqla, 1880-1881-ci illərdə kursu fasiləsiz bitirib. 19 oktyabr 1881-ci ildə polka qayıdan Rəhim xana 4 noyabr 1882-ci ildə 100 yaşlı bayrağı olan Tiflis dairə artilleriya anbarını köçürmək işi həvalə olunub.

Çarın əmri ilə 23 oktyabr 1883-cü ildə süvari ordunun ehtiyatına buraxılıb və yenə də çarın əmri ilə 1915-ci ilin 18 fevralından təqaüdçü-kornet Rəhim xan ikinci Dağıstan atlı polkuna xidmətə çağırılıb.

Rəhim xan 1914-cü ilin 26 dekabrında ərizə ilə Qafqazın Ali Baş Komandanı, general-adyutant, qraf Voronsov-Daşkova müraciət edir. Onun ərizəsinin mətni arxivdə saxlanılıb.

1920-ci ildən sonra Naxçıvandan ailəsi ilə birlikdə zorla sürgün edilən Rəhim xanın da son taleyindən heç bir xəbər yoxdur. Məşhur opera müğənnisi Xurşid xanım Qacar Rəhim xanın doğma qızıdır. Qacar onun ər familiyasıdır. Xurşid xanım 1963-cü ilədək Bakıda yaşayıb. Amma onun Rəhim xanın qızı olduğunu çox az adam bilib.

 

Cəfərqulu xan II Kalbalı xan oğlu Naxçıvanski

43-cü Tver draqun polkunun ştabs rotmistri (süvari hissənin hərbi zabiti) Cəfərqulu xanın 1885-ci ildə tərtib edilmiş xidmət kitabçasına görə o, 17 fevral 1860-cı ildə Naxçıvanda general-mayor II Kalbalı xanın ailəsində doğulub.

30 iyul 1867-ci ildə zadəgan balalarına məxsus paja göndərilib, 1871-ci il 23 iyunda ümumi sinifdən kiçik xüsusi sinfə köçürülüb və 1874-cü ilin 29 avqustunda hərbi xidmətə başlayıb. O, 1876-cı ilin 29 noyabrında kamerpaja aparılıb. 1877-ci il iyunun 10-dan Ulan polkunun leybqvardiyasının korneti olub. 3 avqust 1877-ci ildə ehtiyat eskadrona dəyişdirilib. 18 aprel 1878-ci ildə isə 15-ci draqun Tver polkunun poruçiki olub.

General-adyutant Lazarevin dəstəsində 1879-cu il 5 maydan 14 oktyabradək, 1880-ci il 22 iyuldan 1881-ci il 31 maya qədər Axaltəkin ekspedisiyasının tərkibində Orta Asiyada xidmət edib.

Qeyri-xristianlar üçün 26 avqust 1879-cu ildə təsis edilmiş qılınclı və bantlı üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilib. 10 mart 1881-ci ildə ştabş kapitanı olub.

17 iyul 1881-ci ildə qeyri-xristianlar üçün təsis olunmuş qılınclı və bantlı IV dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Orta Asiyada göstərdiyi hünərlərə görə 1 mart 1882-ci ildə qılınclı və bantlı üçüncü dərəcəli Müqəddəs Anna, 8 iyul 1882-ci ildə II dərəcəli Müqəddəs Stanislav ordeninin sahibi olub. 16 yanvar 1885-ci ildə polk məhkəməsinin üzvü təyin edilib.

1879-cu il 1 iyuldan 6 sentyabradək Ərzurumda, həmin ilin 5 mayından 14 oktyabra qədər, həmçinin 1880-ci ilin 9 noyabrından 1881-ci ilin 2 mayınadək Axaltəkin hərbi ekspedisiyasında olub.

Yara və kontuziya almayıb. Arxiv materialları içərisində 30 sentyabr 1885-ci ildə səhhəti ilə əlaqədar Cəfərqulu xanın çara yazdığı ərizə də saxlanılır. Həmçinin 19 sentyabr 1885-ci ildə onun sağlamlığı haqqında tibbi şəhadətnamə də qeydə alınıb. Cəfərqulu xan görkəmli sərkərdələr – III Kalbalı xanın, III Ehsan xanın, Davud xanın və Cəmşid Naxçıvanskinin atasıdır.

Uzun illərdir ki, arxivlərdə, xatirələrdə, sənədlərdə bu hərbçi Kəngərlilərlə “dərdləşirəm”. Onların heç biri buyruq qulu olmayıb. Öz sözləri olub və sözlərindən dönməyiblər. Dönməzlik Kəngərliyə - Naxçıvan Kəngərlisinə xas xüsusiyyətdir.

Bu gün hərbi hünərləri ilə öyündüyümüz sərkərdələri yetirən ataların nəinki hərbi tarixçələri, həmçinin abadlıq, quruculuq, maarif işləri də riqqət doğurur. Cəfərqulu xanın və onun böyük qardaşı Rəhim xanın Naxçıvanda xalq üçün etdikləri saya-hesaba gəlməz.

Cəfərqulu xan 1901-1907-ci illərdə Naxçıvan şəhər starostası işləyəndə şəhər məktəbləri üçün əlindən gələni əsirgəməyib. Və əhalinin çox sevdiyi ustad pedaqoq M.T.Sidqi ilə dostluq edib.

Naxçıvan tarixində maraqlı məsələlərdən biri Naxçıvandan Makuya hərbi dəmiryol çəkilməsidir. Bu hadisə 1915-ci ilə təsadüf edir.

Böyük alim Əziz Şərifin atası Qurbanəli Şərifzadənin məktubu bu işi oxuculara məlum edir: “Cəfərqulu xan mənə təklif elədi ki, dəmiryol podratı götürək və şərik olaq. Şahtaxtıdan Makuya dəmiryolu çəkiləcək. Cəfərqulu xan özü qulluqdadır, müqavilə mənim adıma olacaq. Bu neçə gündü çalışırdıq. Hüseyn xan, general adyutant, Cəfərqulu xanın qardaşı bu işdə vasitədir. Ona görə də çox ümidvaram ki, bu iş bizə qismət ola. Şahtaxtıdan Makuya qırx verst qədər yoldur. Əgər bu iş bizə qismət olsa, ümidvaram ki, mənfəətsiz olmaya, çünki əvvəla, əfsərlər Cəfərqulu xanın və Hüseyn xanın xatirinə bizə kömək edərlər, çünki bu yol hərbi yoldur, injenerlər tamam əfsərdirlər və saniyən Makuda Cəfərqulu xanın əqvamı xanlar fəhlə cəhətindən bizə kömək edərlər...”

Amma nədənsə bu işi sonralar İbrahim ağa Şahtaxtinskiyə həvalə edirlər. Deməli, çar hökuməti Naxçıvan xanlarının Maku xanlığı ilə qohumluqlarından ehtiyat edirmiş...

Naxçıvanda sovet hökuməti qurulan kimi daşnaklar bolşevik adı altında hünərli insanlara amansız divan tutmağa başladılar. O cümlədən, xan Kəngərlilərə də. Əllərinə keçən hər nə tarixi abidə vardısa dağıdırdılar, hər bir tarixi kitabı, hətta səhifəni yandırırdılar. Bunları bilə-bilə, qəsdən edirdilər. Naxçıvan xanları, ziyalıları, əliqabarlı insanları birləşib Naxçıvanı qorumuşdular, ermənilərə təslim etməmişdilər.

Bu iş Naxçıvanskilərin hərb yollarında elə böyük zəfərləridir ki, sözə gəlməz. Ancaq özləri də bilirdilər ki, bu zəfərlərin arxasında faciə gözləyir onları. Çünki əvvəllər də yazılan tərcümeyi-hallarından görürük ki, onlar hərbi əməliyyatlarda ən çətin yerlərdə olublar. Bütün bunlar hamısı planlı surətdə həyata keçirilirdi.

Bu hərbçi qardaşların həyatlarında ən kədərli anlar çox sevdikləri Naxçıvandan əsir kimi aparılmaları idi.

Tarixin yaddaşı çox sədaqətlidir. Son illərə qədər 1920-ci ilin sentyabrın əvvəlində Naxçıvandan Şuşaya aparılan “əsir Naxçıvanskilər” çoxlarının yaddaşında idi.

Sovet əsgərlərinin silahları ilə əhatə olunmuş Rəhim xan Naxçıvanskini, Cəfərqulu xan Naxçıvanskini, bir də onların vəkil (sultan) qolundan olan qohumları İbrahim bəy Kəngərlini əsir aparırlar. Bəlkə də bu, Cəfərqulu xanın həyatının ən böyük faciəsiydi. Anası Xurşid xanım mayor Əhmədxan Makinskinin qızı olduğu üçün Şahtaxtı-Maku dəmiryolunu çəkməyə qoymamışdılar.

Həyat yoldaşı Fəxrəntac xanım İrəvanski Abbasqulu xanın qızı idi. Abbasqulu xan isə irəvanlı Hüseynəli xanın nəticəsidir. Yeganə qızı Nazilə bəyim (Nazlı bəyim) Maku sərdarı Murtuzaqulu xanın oğlu Qulu xanın arvadı idi. Oğlanları III Kalbalı xan və Davud xan da İrana mühacirət etmişdilər. Ona görə də ciddi cəhdlə onların yanına getmək istəyirdi. Bir də ayrı çarəsi yox idi. Ona Kəngərli yurdu Naxçıvanda yaşamaq qadağan edilmişdi. Çox təəssüf ki, onların son talelərindən hələ xəbərsizik. Amma mərhum yazıçımız Əli Səbrinin xatirələrindəki bir fakt təsdiq edir ki, onlar İrana öz ailələrinin yanına gedə biliblər: “Cəfərqulu xan bu məsələdən ötrü yanıma gəldi. O, bilmirdi ki, mən Əliheydər Qarayevlə dostam. Hələ inqilabdan əvvəl biz Əliheydərlə rus-tatar (Azərbaycan) məktəbində dərs demişdik. Cəfərqulu xanı Əliheydər Qarayevlə öz evimdə görüşdürdüm. Cəfərqulu xana dedim ki, bax, bu adam Əliheydər Qarayevdir. Və mən sənin xahişini ona yetirmişəm. Cəfərqulu xan Qarayev adını eşitdikdə həyəcanlandı, kibrit qutusu əlindən düşdü. Əliheydər isə güldü.

- Əmi, qorxma. Mənim sənin haqqında az-çox məlumatım var. Sənin xalqa heç bir zülmün keçməyib, qoca kişisən kömək edərik, arvad-uşağınla görüşərsən.

Üç gündən sonra Cəfərqulu xanla qardaşı Rəhim xan İrana yola düşdülər”.

Bu görüş 1922-ci ildə olub. Onların hər ikisi Bakıdan Ənzəliyə gəmi ilə yola düşüblər.

Ürəklərində Vətən həsrəti olan bu insanların qürbət ömürləri harada yaşanıb? Naxçıvanın ən çətin günlərində onu tərk etməyən Kəngərli xanlarının ömür faciələri hər birimizin qəlbini ağrıdır. Təskinliyi onda tapırıq ki, Naxçıvanda hamının çox sevdiyi sərkərdələr-Cəfərqulu xanın 4 oğlu sınmadan, əyilmədən, dillərində “Azərbaycan”, “Naxçıvan” sözləriylə ölümün gözlərinə dik baxıblar. Son anlarında “Təki Naxçıvan əzəmətlə dayansın!”-deyiblər.

1913-cü ildə nəşr olunmuş “Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabı”ndakı cümlələri xatırlayıram. Bu, yazdıqlarımı tam xarakterizə edir: “Kəngərli süvariləri bütün Şərqdə cəsurluğu ilə şöhrət qazanmışdı. Onlar döyüşə girərkən ölümə ikrah əlaməti olaraq atlarının boynuna qırmızı kaporlar geyindirirlər ki, düşmən tərəfindən tez gözə çarpsınlar. Bu, həm də düşməni vahiməyə salmaq üçün fənd idi”.

Musa RƏHİMOĞLU, AMEA Naxçıvan Bölməsinin əməkdaşı