Elektron ədəbiyyat və sənət portalı

Dünya şöhrətli azərbaycanlının 95 yaşı oldu

Bölmə: Beynəlxalq 06.02.2016

Bu gün dünya elminə həmyerlimiz Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Alimə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib-hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğar ölkəyə milyardlar qazandırıb.

Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan texnologiyalardan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Bu dahi şəxsiyyətin səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. Həmyerlimiz elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi müstəsna xidmətlərə görə “Dostluq” ordeni ilə təltif edilib.

NARINGÜL