Elektron ədəbiyyat və sənət portalı

Ölü dənizdə həyat varmı?

Bölmə: Elm 06.02.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İnsanlar nə vaxtsa latın dilində danışıblarmı?

 

Bu gün latın dilində danışmaq, ya da heç olmasa oxumaq öyrənən adama nadir hallarda rast gələrsiniz. Bu dildən yalnız alimlər, bir də həkimlər istifadə edir, özü də yalnız peşəkar fəaliyyətlərində. Buna görə də biz latın dilinə ölü dil deyirik. Amma bir zamanlar o hələ diri idi. Bizim eradan qabaq 753-cü ildə əsası qoyulan Roma tədricən böyüyür, əməlli-başlı şəhərə çevrilirdi. Şəhərdə, ona yaxın ərazilərdə yerləşən adamlar latın dilində danışırdılar. Bu dilin adı Tibr çayı sahillərində yaşayan tayfalardan biri olan latınlardan gəlirdi. Latın dili əslində müxtəlif yerli dialektlərin qarışığından ibarət idi.

Əvvəllər latın dili yöndəmsiz, o qədər də yaxşı səslənməyən bir dil olub. Sonra bu dil az qala izsiz-soraqsız itib gedib. O zamanlar romalıların öz yazısı yox idi. Lakin bizim eradan əvvəl 740-cı ildə Yunanıstanı istila edən romalılar onun mədəniyyəti, o cümlədən ədəbiyyatı ilə də tanış oldular və orada gördükləri bütün yaxşı şeyləri təqlid etməyə çalışdılar. Lakin sadə romalılar nə yaza nə də oxuya bilirdilər. Əvəzində, onlar teatr vurğunu idilər və ona görə də Roma şairləri çoxlu dram əsərləri yaradırdılar. O zamanlar artıq latın dili bir çox cəhətlərdən tanınmaz dərəcədə dəyişmişdi. Onun dəqiq orfoqrafik və qrammatik qaydaları vardı və məhz elə bu dilə görə də həm o dövrün sadə adamlarının danışıq, həm də Roma əsilzadələrinin ünsiyyətdə istifadə etdiyi zəngin dil nümunələri bizim günlərə kimi gəlib çatıb.

Beləliklə, latın dilinin möhkəm əsasları yarandı, daha sonraların yazıçıları, şairləri isə bu dili, həqiqətən, gözəl və zəngin bir ünsiyyət vasitəsinə çevirdilər.

Latın dilinin daim təkmilləşməsinə baxmayaraq, romalılar gündəlik həyatlarında bəsit, vulqar latın dilindən istifadə edirdilər. Savadlı insanların istifadə etdiyi ədəbi dildən fərqli olaraq, vulqar latın dili qrammatik qaydalara uyğun olmasa da, hamı üçün daha aydın və əlçatan idi.

 

İngilis folkloru və adət-ənənəsi nə vaxt meydana gəlib?

 

Bir çox bütpərəst ənənə və mərasimlərinin İngiltərənin qədim sakinlərinin həyatında oynadığı əhəmiyyətli rolu görən xristian kilsəsi qərara alır ki, onları zorla məhv etməkdənsə, xaçpərəstlər üçün məqbul şəklə salıb yaşatmaq daha münasibdir. Bu ənənə və ritualların bəzilərinin 2000 və daha artıq yaşı var.

Məsələn, sərvətin artırılmasına, şər qüvvələrdən qorunmağa yönələn bəzi rituallar bir qədər dəyişmiş şəkildə müasir insanların həyatında da yaşamaqdadır. Başqa rituallar uzaq keçmişdəki qəhrəmanların, yaxud əlamətdar tarixi hadisələrin şərəfinə düzənlənən bayramlarla əlaqədardır. Üçüncü qisim rituallar bir zamanlar praktiki əhəmiyyət kəsb etmiş, indi isə artıq rəmzə çevrilmiş hərəkətlərlə bağlıdır. Bəzi xalq rəqsləri hələ xristianlığaqədərki dövrlərdən müasir günlərə qədər şəklini dəyişmədən, lakin özünün ritual kimi dəyərini itirərək gəlib çıxıb.

Xalq qəhrəmanlarından bəhs edən əfsanələr əvvəllər yalnız şifahi şəkildə söylənərək ağızdan-ağıza keçib. Ona görə də bu nümunələrin özünün ilk variantına nə dərəcədə uyğun olduğunu təyin etmək mümkün deyil. Məsələn, kral Artur da daxil olmaqla Britaniya qəhrəmanlarının əksəriyyəti qədim kelt əfsanələrinin qəhrəmanlarıdır və onların arasında sırf ingilis olanı bəlkə də yalnız Robin Quddur!

İngiltərədəki bir çox adət-ənənələr xalq bayramları ilə bağlıdır: Milad, Pasxa, yazın gəlişi bayramı və sairə. Onlar indi hər yerdə qeyd olunsa da, müxtəlif regionlarda bu bayramlar fərqli keçirilir. Uzun əsrlər boyu riayət olunan adət-ənənələr sonuncu onilliklər ərzində tədricən aradan çıxmağa başlayıb. Bunun səbəbi iki dünya müharibəsi dövründə insanların ölkələr daxilində kütləvi şəkildə yerdəyişməsi, xaricə köçməsi, yaşadığımız sosial sarsıntılardır. Bu təbəddülatlardan çıxa bilərək bu gün də yaşayan ənənələr bizi tarixi köklərimizə bağlayan sonuncu tellərdir.

 

Viqlər kimdir?

 

“Viq” sözü şotland dilindəki “viqqamor” sözündən törəyib. Şotlandiyada ingilis ağalığıyla barışmaq istəməyən, müstəqillik uğrunda mübarizə aparan kasıb kəndliləri belə adlandırırdılar. II Çarlz hakimiyyətinin axırına yaxın ingilis parlamentində antikral koalisiyası yaranmışdı və onlar əsasən, protestantların nümayəndələri idi. Həmin bu koalisiyaya viqlər deyirdilər. Kral II Çarlzın İngiltərəyə dönərək taxta çıxdığı 1660-cı ilədək parlament üzvləri öz siyasi əqidələrinə uyğun şəkildə fərdi fəaliyyət göstərir, hər hansı bir siyasi qrupa, təşkilata girmirdilər. Sonra Bərpa dövrü başlandı və İngiltərə yenə monarxiya oldu. Lakin artıq kral əvvəlkinə nisbətən qat-qat məhdud səlahiyyətə malik idi. Parlamentdə sonradan siyasi partiyalara çevriləcək xüsusi qruplaşmalar yarandı. Bu partiyaların əksəriyyəti indi də fəaliyyətdədir.

XVII əsrin sonu, XVIII əsrin əvvəlləri İngiltərə cəmiyyətində böyük ictimai dəyişikliklər dövrü idi. Hindistan və Yeni Dünya ilə dəniz ticarətində üstün mövqelərə malik olan Hollandiya artıq üstünlüyünü əldən verməyə başlamışdı. Bu ölkə “günəş-kral” təxəllüsü daşıyan XIV Lüdovikin hökmdarlıq etdiyi Fransa ilə uzun sürən müharibəyə girərək, özünü məhrumiyyətlərə məruz qoymuşdu. Məhz bu cəhət ingilis dənizçi və tacirlərinə bir şans vermişdi və onlar bu fürsəti əldən qaçırmadılar.

Qısa bir zaman ərzində bir çox şəxslər əhəmiyyətli sərvətə sahib oldular. Əvvəllər belə bir şey qəti mümkün deyildi, çünki bu imkan yalnız torpaq sahibi olan qədim zadəgan nəsillərinə məxsus idi. Təbii ki, İngiltərə cəmiyyətinin bu iki varlı təbəqəsi arasında rəqabət və narazılıq yaranmışdı. Bu vəziyyət İngiltərə parlamentində də öz əksini tapırdı – parlament iki yerə bölünmüşdü. Öz biznesini xarici siyasət və vahid, stabil valyuta vasitəsiylə qorumağa çalışan Ticarət Partiyası viqlər partiyası olaraq tanınmağa başladı. Krala və Stüartlar sülaləsinə sədaqətini hər vəchlə nümayiş etdirən, katoliklərə qarşı daha dözümlü olan və dünya ilə ticarətə elə də maraq göstərməyən əsil-nəcabətli mülkədar nəsillərinin nümayəndələri Torilər Partiyasında birləşdilər.

 

Devid Livinqston kimdir?

 

Devid Livinqston 1813-cü ildə Şotlandiyadakı Blantare qraflığında anadan olub. O, on yaşında pambıqayırma fabrikində işləməyə başlayıb və ilk məvacibinə latın dilində əlifba kitabı alıb.

Ağır iş şəraitinə baxmayaraq, o, axşam məktəbinə getməyə də özündə güc tapır, hətta evdə də dərsləriylə məşğul olurdu. Onun 20 yaşı olanda Asiyada missionerlik fəaliyyəti göstərən şəxslərlə əlaqədar yazılanları çox oxuduğundan həyatını dərin yoxsulluq və məhrumiyyətlər içində yaşayan insanların taleyini yüngülləşdirməyə həsr edəcəyinə söz verir. Qlazqo şəhərində kollecə girir və buraxılış imtahanlarının nəticəsinə görə London Missioner Cəmiyyətinə qəbul olunur. Londonda o həm də tibbi təhsilini tamamlayır.

Livinqston tibbdən başqa, teologiya, botanika, zoologiya, astronomiyanı – gələcəkdə karına gələ biləcək bütün elmləri öyrənirdi. 1841-ci ildə doktor Livinqston Keyptaun şəhərinə gəldi və ömrünün sonrakı 30 ilini Afrika qitəsini eninə-uzununa səyahətlərdə keçirdi. Bu səyahətləri zamanı alim çoxlu kəşflər etdi. Onların arasında ən əhəmiyyətliləri əzəmətli Viktoriya şəlaləsinin kəşfi və Konqo çayının mənbəyi nahiyəsindəki rayonların öyrənilməsi idi. Kitablarının satışından və elmi mühazirələrindən əldə etdiyi yığcam vəsait yeni-yeni ekspedisiyaların təşkilinə güclə çatırdı.

Onun son səyahəti faciə ilə nəticələndi. Tropik qızdırma onu əldən saldı, yerli camaatdan olan nökərləri onu çölün düzündə yeməksiz, dərmansız qoyub qaçdılar. N.M. Stenli tərəfindən təşkil olunmuş xilasedici ekspedisiya onu tapa bildi. Stenli Livinqstonu geri qayıtmaq lazım olduğuna inandırmağa çalışırdı, amma səyyah imtina etdi, azacıq güc yığan kimi, qərbə, Nil çayının mənbəyini axtarmağa yollandı. Yolda o dizenteriyaya yoluxdu, xəstəlik zəifləmiş orqanizmdə fəsadlar yaratdı. Onun səhhəti getdikcə pisləşirdi və nəhayət, 1873-cü ilin 1 may günü doktor Livinqston dünyasını dəyişdi.

Yerli xalqlardan olan, ona hələ də sadiq qalmış köməkçiləri alimin nəşinin toxunulmaz qalmasını təmin etdilər, Afrikanın yarısından keçirərək ən yaxın ingilis müstəmləkəsinə gətirdilər. Livinqstonun nəşi İngiltərəyə aparıldı və məşhur Vestminster abbatlığının məzarlığında hörmətlə dəfn edildi.

 

Nazirlər kabineti nədir?

 

Britaniya Parlamentinin İcmalar Palatasında mühüm bir problem müzakirə olunanda, bütün diqqət spikerin sağ tərəfində, qabaqda yerləşən kresloları tutan bir neçə şəxsə yönəlir. Bu adamlar hal-hazırda hakimiyyətdə olan partiyanın nümayəndələridir. Onlar bu və ya başqa məsələdə hökumətin siyasətini əks etdirən təkliflər irəli sürürlər.

Nazirlər Kabinetinin (Böyük Britaniyada bu quruma sadəcə “Kabinet” deyirlər) təyinatını Valter Boynhot vermişdi: “Kabinet hakimiyyətin qanunverici və icraedici qolları arasında əlaqələndirici rolunu oynayan və hökumətin fəaliyyəti üçün kollektiv məsuliyyət daşıyan orqandır”. Əslində isə Kabinet hakim partiyanın rəhbərliyini təmsil edir. 1937-ci ildə qəbul olunmuş qanuna görə, Britaniya Kabinetinə 17 nazir daxildir ki, onların ən çox 15-i İcmalar Palatasını təmsil edə bilər.

Böyük Britaniyanın müasir idarəçilik sistemində dövlətin idarə olunmasında əsas rol əvvəlki kimi, monarxa deyil, baş nazirin rəhbərlik etdiyi Kabinetə məxsusdur. Kraliça yalnız formal olaraq dövlət rəhbəridir və nazirlərin razılığı olmadan ciddi məsələlər ətrafında müstəqil qərarlar verə bilməz. Britaniyanın parlament qarşısında məsul olan hökumət (Kabinet) sistemi Kanada, Avstraliya, Yeni Zelandiya, habelə bir çox Avropa dövlətlərində qəbul edilib.

Birləşmiş Ştatlarda on iki nazirlik var ki, onların hər birinə senatın razılığı ilə prezidentin təyin etdiyi katib (nazir) rəhbərlik edir. Onlar öz fəaliyyətlərinə görə ilk növbədə prezident qarşısında cavabdehdirlər. Prezident onların hər birini işdən çıxara bilər, amma bunun üçün mütləq senatın dəstəyinə ehtiyacı olur.

Nazirlər (katiblər) öz səlahiyyətləri çərçivəsində olan məsələlərlə əlaqədar prezidentin məsləhətçiləri kimi fəaliyyət göstərir.

 

Boykot nədir?

 

Fərz edək ki, sinif yoldaşlarınızdan hansısa, yaxud sadəcə bir tanışınız özünü sizə qarşı daim qərəzli aparır, hər addımda aldatmağa çalışır. Bu halda siz bəlkə də dostlarınızla sözü bir yerə qoyub qərara gələcəksiniz ki, bundan sonra bu adamla heç bir əlaqəniz olmayacaq, onunla hətta kəlmə belə kəsməyəcəksiniz. Belə bir qərar o deməkdir ki, siz ona boykot elan etmisiniz.

“Boykot” sözünün mənşəyi çox maraqlıdır. Onun kökləri XIX əsrə gedib çıxır. O zamanlar İrlandiyada malikanəsi olan bir çox şəxs İngiltərə ərazisində yaşamağa üstünlük verir, mal-mülklərini idarə etməyi isə özlərinin iş müvəkkillərinə tapşırırdılar. Müvəkkillərin vəzifəsi həmin evlərdə kirayə qalan adamlardan pul yığmaq idi. Amma təbii ki, vəzifəsi kirayə haqqını almaq olan belə müvəkkilləri sakinin buna gücünün çatıb-çatmadığı qəti maraqlandırmırdı. O zamanlar özünün qəddarlığı ilə seçilən müvəkkillərdən biri də kapitan Çarlz Kanninhem Boykot idi.

Bir dəfə, 1880-ci ildə o kirayə haqqını ödəməkdə çətinliyə düşmüş irlandiyalı fermerlərin möhlət istəməsinə rəğmən, gözləməkdən imtina edərək onları yaşadığı evlərdən qovur. Bir anda küçələrdə sərgərdan qalmış insanlar onları incidən, qəddarlıq edən bu şəxsdən intiqam almaq qərarına gəlirlər – onun nökərlərini döyməyə, çəpərini sındırmağa, poçtunu ələ keçirməyə girişirlər... Onlardan nümunə götürən başqa sakinlər də həddindən ziyadə azğın olan digər müvəkkillərə qarşı eyni hərəkətlərə başlayırlar.

Özü də etdikləri hərəkətləri bu və ya başqa müvəkkilin “boykot edilməsi” adlandırırlar.

Bizim günlərdə isə bu termin hər hansı bir şəxs, şirkət, hətta bütöv bir ölkə ilə hər cür əlaqənin kəsilməsinə yönələn kollektiv qərara aiddir.

 

Totem dirəyi nədir?

 

Biz ailələrə bölünmüş bir cəmiyyətdə yaşayırıq. Bizim ailə, qohumlarımızla bir yerdə nəslimizi təşkil edir. Lakin qədim əcdadlarımız sivilizasiyanın daha aşağı pillələrində yer tutan bəzi müasir xalqlar kimi bizimkindən fərqli cəmiyyətlərdə birləşir. Bu xalqlar qəbilələrin tərkibində yaşayır və qəbilənin bütün üzvləri bir-biriylə qohumluq əlaqəsində olur. Bu əlaqə həm həqiqi, real, həm də uydurma ola bilər. Belə qəbilələrin bir qayda olaraq, qədim əcdadı olur – həmin qəbilənin əsasını qoyan şəxs, həm fəaliyyəti neçə əsrdən bəri pərəstiş obyektinə çevrilən mifik bir şəxs, həm heyvan, həm də bitki ola bilər.

Adətən qəbilə üzvləri belə hesab edirlər ki, özlərinin hansısa bir heyvana özəl münasibət bəsləyən əcdadlarından, ya da həmin heyvanın özündən  törəyirlər. Bu halda qəbilə özünü o heyvanın adıyla adlandırır, onun rəmzi şəklini isə qəbilənin nişanına, ya da toteminə çevirir. Belə qəbilələrə totemli qəbilələr deyilir. Qəbilələrin əksəriyyəti öz totemlərini oyma və bər-bəzəkli totem dirəklərində təsvir edirlər.

Bu dirəklərdə ya totem olan heyvanın, ya əcdadlarının, ya da qəbilənin həyatında mühüm rol oynayan başqa məxluqların siması oyulur.

Totem dirəyi bir qayda olaraq, qəbilənin məskunlaşdığı məkanın görkəmli bir yerində qoyulur.  Beləliklə, qəbilə özünə hörmət qazandırmağa və əcdadlarıyla qürur duyduğunu nümayiş etdirməyə çalışır. Qəbilə halında yaşayan belə xalqlar dünyanın müxtəlif yerlərində müxtəlif adət-ənənələrə malik olurlar.

Şimali Amerika hinduları arasında çox geniş yayılan bir adət var: eyni qəbilənin üzvləri bir-biriylə ailə qura bilməz. Onlar öz həyat yoldaşlarını mütləq başqa qəbilələrdə axtarmalıdırlar. Belə nikahlardan doğulan uşaqlar atalarının qəbiləsindən deyil, analarının qəbiləsindən sayılırlar.

 

Ölü dəniz nədir?

 

Ölü dəniz – Yer kürəsinin ən qeyri-adi su hövzələrindən birinə insanın verdiyi ən qəribə addır. İlk dəfə bu dənizi “ölü” adlandıran qədim yunanlar olub. Qədim İudeyanın sakinləri ona “duzlu” deyirdilər. Ərəb müəllifləri bu dənizi “üfunətli dəniz” adlandırırdılar. Bəs bu qəribə dənizin başqalarından fərqi nədir? Həqiqətdə bu su hövzəsi İordaniya ilə İsrail arasında yerləşən nəhəng duzlu göldür. O yer qabığında əmələ gələn çatda, yaxud çökəklikdə yaranıb. Ölü dənizin uzunluğu təxminən 75 kilometr, eni isə yerindən asılı olaraq, 5-18 kilometr arasındadır.

Bu gölün maraqlı cəhəti bundadır ki, Ölü dəniz dünya okeanının səviyyəsindən 400 metr aşağıda yerləşir. Onun cənub tərəfində dərinliyi azdır, amma şimalda 400 metrə çatır. Başqa göllərdən fərqli olaraq, Ölü dənizdən bircə dənə də çay axmır, əvəzində o şimal tərəfdən gölə tökülən İordan çayının və ətraf təpələrdən axan neçə-neçə çeşmənin suyunu qəbul edir.

Bu göldən artıq suyun çıxması üçün yeganə yol buxarlanmadır. Nəticədə onun sularında xörək duzu, potaş, maqnezium xlorid, maqnezium bromid və başqa duzların çox böyük konsentrasiyası əmələ gəlib. Ona görə də Ölü dəniz dünyanın ən duzlu dənizidir. Ondakı duzun miqdarı okean sularındakından 6 dəfə çoxdur! Bunun nəticəsində suyun sıxlığı o qədərdir ki, insan bu suda bata bilmir, mantar parçası kimi suyun üzündə qalır. Ölü dəniz yer üzündə çox qiymətli maddələrin mədəni sayıla bilər. Alimlərin fikrinə görə, onun sularında

2 000 000 ton potaş həll olub ki, bu maddədən torpağın münbitləşməsi üçün gübrə hazırlamaq olar.

 

Ölü dənizdə həyat varmı?

 

Ölü dəniz Yer üzünün ən qəribə su hövzələrindəndir. Milyonlarla il qabaq bu dənizdə suyun səviyyəsi indikindən təxminən, 420 metr yüksək, Aralıq dənizindəki suyun səviyyəsindən də artıq idi. O zamanlar Ölü dənizdə həyat da vardı. Lakin sonralar elə bir quraqlıq dövrü gəldi ki, Ölü dənizdən xeyli su buxarlandı və onun sahəsi tədricən indiki vəziyyətinə düşdü.

Bu dənizin ən qəribə cəhətlərindən biri onun suyundakı duzun miqdarıdır – 23-25 faiz. Müqayisə üçün deyək ki, okean suyunda duz cəmi 4-6 faiz təşkil edir. Siz əgər Ölü dənizin suyunun dadına baxsanız, nəinki sizə çox duzlu görünəcək, həm də tərkibindəki xlorlu maqneziuma görə çox mümkün ki, ürəyinizi də bulandıracaq.

Bundan başqa bu suya əlinizi vuranda tərkibindəki kalsium xloridə görə sizdə yağlıtəhər təsir bağışlayacaq. Ölü dənizin suyunda heç bir canlı yaşaya bilməz. Təbii ki, bəzən İordan çayının sularıyla ora tək-tük balıq da düşür. Lakin bu sudakı duzun miqdarından həmin balıqlar çox qısa bir zamanda ölərək sahildə yuva salan quşların yeminə çevrilir.