Elektron ədəbiyyat və sənət portalı

Yazıçılar Nobel mükafatının vəsaitini nəyə xərcləyib?

Bölmə: Ədəbiyyat 06.02.2016

Mixail Şoloxov

Rus yazıçısı Mixail Şoloxov 1965-ci ildə aldığı Nobel mükafatının vəsaitini dünya səyahətinə xərcləyib. “Atam 1941-ci ilin Stalin mükafatını Müdafiə Fonduna keçirmişdi, Lenin mükafatını vaxtilə oxuduğu məktəbin təmirinə vermişdi, Nobel mükafatını isə özünə saxladı. O, həmin pulu bizə – uşaqlarına Avropanı və Yaponiyanı göstərməyə sərf etdi. Biz maşınla İngiltərəni də, Fransanı da, İtaliyanı da başdan-başa gəzdik” – deyə yazıçının qızı Svetlana xatirələrində yazırdı.

 

İvan Bunin

Rus yazıçısı İvan Bunin mükafatı 1933-cü ildə almışdı. Buninlər ailəsinin dostu, şair, nasir Zinaida Şaxovskaya öz memuarlarında yazır ki, bir balaca praktiki xərcləsəydilər, mükafatın pulu onlara ömürlərinin sonuna qədər yetərdi:

“Amma Buninlər nə mənzillər, nə də villalar aldılar... Fransaya qayıdan İvan Alekseyeviç... gəlirini-çıxarını hesablamadan məclislər qurmağa, emiqrantlara “müavinət” verməyə, müxtəlif cəmiyyətlərə ianə paylamağa başladı. Nəhayət, qalan vəsaiti bəzi xeyirxah adamların məsləhəti ilə “yüzdə-yüz gəlir gətirəcək iş”ə yatırdı və o pullar da havaya getdi”.

 

Rene Fransua Arman Sülli-Prüdom

Ədəbiyyat üzrə ilk Nobel mükafatı fransız şairi Sülli-Prüdoma verilmişdi (1901).

Bu pulla o öz adını əbədiləşdirməyə yönələn layihəyə start verir – öz adına mükafat təsis edir. “Sülli-Prüdom adına poeziya mükafatı”.

Mükafat şairin ölümünə qədər – cəmi 6 il verilir...

 

İrme Kerteş

2002-ci ilin Nobelçisi mükafatın pullarını xərcləmək ixtiyarını həyat yoldaşına vermişdi:

“Mənimlə birgə guşənişin və yoxsul yaşadığı onilliklərə görə həyat yoldaşım mükafat pullarını kefi istədiyi kimi xərcləmək haqqı qazanıb. Qoy özünə nə qədər istəyir pal-paltar, bər-bəzək əşyaları alsın”  - deyə İrme Kerteş mətbuata bildirmişdi.

 

Elfriede Jelinek

Avstriya yazıçısı Elfriede Jelinek Nobeli 2004-cü ildə alıb. “Mükafat pulları sizin üçün nə deməkdir” – sualına o, “maliyyə müstəqilliyi” cavabını vermişdi. 

 

Orxan Pamuk

Türk yazar mükafatın bir hissəsini İstanbulda öz “Məsumiyyət muzeyi” romanı əsasında yaratdığı eyniadlı muzey üçün binanın alınmasına, dizaynına, eksponatların hazırlanmasına xərcləyib.

Hazırladı: NARINGÜL