Elektron ədəbiyyat və sənət portalı

Həkim ola bilməyən dahi - Qalileo Qaliley

Bölmə: Elm 31.08.2015

Qaliley 1564-cü ildə İtaliyanın Piza şəhərində – dövrünün tanınmış musiqiçilərindən olan Vinçenzo Qalileyin ailəsində doğulub. O, orta təhsilini bitirəndən sonra – 1581-ci ildə Piza Universitetində tibb sahəsi üzrə oxumağa başlayıb. Ancaq maddi çətinlik ucbatından təhsilini yarımçıq qoymağa məcbur olub.

1583-cü ildən etibarən riyaziyyatla dərindən maraqlanan Qaliley apardığı araşdırmalar sayəsində – 1589-cu ildə Pizada professor adı qazanıb. Bununla da, onun müstəqil elmi karyerası başlayıb.

 

Aristoteli inkar edən alim

Professor adı alandan sonra elmi dairələrdə nüfuz qazanan Qaliley bəzi yeni ideyalar irəli sürür. O, mexaniki rəqqasın, üzən cismlərin və hərəkətin Aristotel fizikasının qanunları ilə yox, fərqli elmi yanaşmayla araşdırılmasını təklif edir.

O, “bütün şərtlər bərabər olduqda hər cismin düşmə sürəti, ağırlığından asılıdır” deyir və Piza qülləsindən ağırlıq daşı sallayıb bu mülahizələrini sübut etməyə çalışır. Qalileyin fikirləri yüz illər ərzində formalaşmış Aristotelçi fizikayla daban-dabana zidd olduğuna görə gənc alim Pizada arzuolunmaz şəxsə çevrilir və 1592-ci ildə oranı tərk edərək, Paduya Universitetinin riyaziyyat kafedrasına gəlir.

Bir müddət sonra Qaliley praktikada çox faydalı olan kompası elmi dairələrə təqdim edir. 1600-cü illərin əvvəllərində bir-birinin ardınca primitiv bir termometr, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilmək üçün rəqqas və 1604-cü ildə sərbəst düşmənin riyazi qanunlarını kəşf edir.

O, 1609-cu ildə Hollandiyada teleskopun olduğunu eşitdikdən sonra daha təkmil alət düzəldərək astronomik müşahidələrini, araşdırmalarını davam etdirir.

Qaliley 1610-cu ildə Aydakı dağlar, ulduz topaları və Süd yolu barədə ilk müşahidələrini nəşr etdirir. O, bu topluda Yupiterin dörd peykinin varlığını sübut etməyə çalışır. Bu kitab görünməmiş maraq oyadır və böyük alim Florensiya sarayından iş təklifi alır.

Qaliley qazandığı nüfuzun verdiyi imtiyazlardan istifadə edərək, Venera planetinin fəzaları və Saturnun şəkli haqqında məlumat verərkən, Ptolemey sistemini şübhə altına alır.

 

Kilsə xurafatının qurbanı

Qaliley 1611-ci ildə Romaya gedir və orada Elmlər Akademiyasına üzv seçilir. 1613-cü ildə Florensiyaya qayıdandan sonra günəş ləkələri barədə yazdığı əsərini nəşr etdirir. O, bu əsərində Kopernik sistemini açıq şəkildə müdafiə etdiyinə görə bu fikirlər kilsə inkvizisiyasının ağır hücumuna məruz qalır. 1616-cı ildə Papa V Paul tərəfindən onun kitablarının tədqiqi üçün xüsusi komissiya yaradılır. Bu komissiya onun kitablarını qadağan etmir, ancaq dünyanın öz oxu ətrafında fırlandığı iddiasından imtina etməyi tələb edir.

Bu hadisədən sonra Qaliley bir müddət elmi araşdırmalarını başqa yöndə davam etdirir. Lakin 1618-ci ildə üç kometanın görülməsi zamanı kilsə ilə münaqişəyə girir.

Qaliley dostunun Papa seçilməsindən cəsarətlənərək yazdığı “İki kainat sistemi barədə dialoq” adlı əsərini 1632-ci ildə yayımlayır. Kitab kilsə tərəfindən edilən xəbərdarlıqlarla ziddiyyət təşkil etdiyi üçün müəllif Romada məhkəməyə çağırılır. 1633-cü ildə “Müqəddəs İnkvizisiya” Qalileyi ömürlük həbsə məhkum edir. Sonra onun cəzası ev dustaqlığı ilə əvəz edilir. (Dahi alim məhkəmədən sonra Yer barədə: “Onsuz da o fırlanır” deyir).

Qalileo Qaliley 1642-ci ildə vəfat edir...

 

Materializmin yeni nəfəsi

Zəmanəsinin ən öncül şəxsiyyətlərindən olan Qaliley mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübarizə aparan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alimlərdəndir.

O, öz müəllimi Ostilio Riccinin rəhbərliyi ilə riyaziyyat və mexanikanı öyrənməklə kifayətlənməyərək, mexanikanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də mənimsəyib, Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların məcraya salınması və sair işlərin ideya müəllifi olub.

Deyilənlərə görə, Qaliley rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını kilsədə ibadət zamanı tavandan asılmış iki çilçırağın yellənməsini müşahidə edərkən kəşf edib.

Fitri istedadı hesabına klassik fizikanın səhvlərini göstərən Qaliley təbiət elmlərinin yeni təməlini qoymuş, onun gizli sirlərini açaraq, cəmiyyət də materialist dünyagörüşün inkişafına böyük təkan vermişdi.

 

Qalileylə bağlı maraqlı faktlar

  • Qaliley ilk dəfə öz astronomik borusu ilə 1610-cu ilin yanvar ayının 7-də gecə Ayı müşahidə etmiş, Ayda dağların, kraterlərin olduğunu görmüş, Ay səthinin Yerə oxşar olması fikrini söyləmişdi.
  • Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbə idi.
  • Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fəzalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirmişdi.
  • 1607-ci ildə Qaliley dünyada ilk dəfə olaraq işıq sürətini təyin etmək üçün təşəbbüs göstərmiş, lakin zaman fasiləsini dəqiq ölçə bilmədiyindən düzgün nəticə əldə edə bilməmişdi.
  • Qaliley şüşələrin cilalanması ilə məşğul olmuş, müxtəlif əyrilikli linzalar hazırlamışdı.
  • Qaliley həm həndəsi, həm də fiziki optikanın bəzi məsələləri ilə məşğul olmuş, ömrünün 15 ilini Boloniya daşının fosforessensiyasının tədqiqinə həsr etmişdi. O, Boloniya şəhərinin yaxınlığındakı dağdan tapılmış işıldayan Boloniya daşını 1611-ci ildə Romada çağırılmış müşavirədə nümayiş etdirərək, onun işıldamasının səbəbini belə izah etmişdir: “Boloniya daşı qızdırıldıqda və Günəş işığı ilə işıqlandırıldıqda işıq atomlarını udub, özündə saxlayır və sonra yavaş-yavaş şüalanmağa başlayır”.
  • Akustika bir elm kimi Qalileylə başlayır. O, eksperimental üsulla səs hadisələrini öyrənən ilk fizikdir. Qaliley sübut etmişdi ki, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır.

MÖVLUD