Elektron ədəbiyyat və sənət portalı

Mehriban Əliyeva “Venesiya şəhərciyi”ndə

Bölmə: Tarix 12.08.2015

Azərbaycanın birinci xanımı Avropa qonaqpərvərlik klubunun açılışını edib.

İyunun 10-da Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı olub. Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Mehriban Əliyevanı Avropa Qonaqpərvərlik Klubunun önündə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qarşılayıb. Mehriban Əliyeva və Patrik Hikki burada yaradılmış şəraitlə tanış olublar.

“Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubu Avropa Olimpiya Komitəsinin, ümumilikdə Olimpiya Oyunları ənənəsinə uyğun yaradılıb. Kluba giriş Avropa Olimpiya Komitəsi tərəfindən təqdim edilən xüsusi kartlarla VIP qonaqlar üçün nəzərdə tutulub.

Avropa Qonaqpərvərlik Klubunda birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri ilə bağlı müzakirələr aparmaq, idmançıların uğurlarını qeyd etmək, qaliblərin şərəfinə ziyafətlər təşkil etmək mümkün olacaq. Bununla yanaşı, istənilən ölkənin nümayəndə heyəti burada milli komandalarının oyunlarını izləmək üçün də toplaşa bilər. Klubda biznes mərkəzi də fəaliyyət göstərəcək. Burada, eyni zamanda, Azərbaycanın uğurları, tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri də təbliğ olunacaq.

Klubda idmançılar və qonaqlar üçün əyləncəli proqramlar təşkil olunacaq. Onlara Azərbaycan milli mətbəxinin və Avropa mətbəxinin təamları təqdim ediləcək.

Tədbir zamanı birinci Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər etmiş 53 yaşlı velosipedçi Corc Kristovao Milli Parka gəlib. Mehriban Əliyeva velosipedçiyə oyunların açılış mərasimində ailə üzvləri ilə birlikdə iştirak etməsi üçün biletlər təqdim edib. Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən ünvanlanmış məktubu Mehriban Əliyevaya təqdim edib.

Sonra Mehriban Əliyeva oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşüb.