Elektron ədəbiyyat və sənət portalı

İş gününə axşam başlayan rəssam

Bölmə: Müsahibə 06.02.2016

Vüqar Əli 1970–ci ildə Bakıda doğulub. Ə. Əzimzadə adına Rəssamlıq məktəbində, İncəsənət İnstitutunun sənaye qrafikası fakültəsində təhsil alıb. 1994-cü ildən başlayaraq onlarla sərginin iştirakçısı olub. 2007-ci ildə İran İslam Respublikasında keçirilən Biennaledə diploma layiq görülüb. Əsərləri Türkiyə, Almaniya, Estoniya, Polşa, Norveç, Rusiya və Bolqarıstanda şəxsi kolleksiyalarda saxlanılır.

Hər şey ondan başladı ki, rəssam Vüqar Əlinin emalatxanasından qayıdan rəfiqəm təəssüratlarını bölüşəndə belə bir ritorik sual səsləndirdi: “Mən ora daha əvvəl niyə getməmişəm axı?”

Bundan əvvəl Vüqar Əlinin bir neçə müsahibəsini oxumuşdum. Bilirdim ki, ünsiyyətcil adamdır. Yazılan və yazılmayan tarixdən danışmağı sevir. Narla bağlı silsilələri, Abşeron mədənləri, mənzərələr, dəniz peyzajlarından xəbərim vardı. Elə söhbətə də buradan başladıq - emalatxanasında adamın üzünə ilk gülümsəyən Bakı və Abşeron motivlərindən.

Vüqar Əli Abşeronda doğulub-böyüyüb. Deyir ki, hərdən bu yerlərin sərt təbiətini öz xasiyyətində də hiss edir – tənhalığa çəkilir.  Gərgin iş günündən sonra dincəlməyə ehtiyac duyanda isə nə dağ arzulayır, nə meşə. Tamam başqa məkana – dənizə üz tutur. Qumlu sahildə, çılpaq qayaların üstündə saatlarla dayanıb dənizin və küləyin səsini dinləyir: “Dənizin sahilində uşaqlığım var. Ordan enerji alıram. Nədən başladığımı xatırlayıram. Gözümü açıb gördüyüm Bakı, Abşeron olub. Rəssam dostlarımla bütün günü piyada gəzib etüdlər çəkirdik. İndi o Bakı, o küçələr, o rənglər yoxdur. Olur ki, bəzən hansısa köhnə foto əlimə keçir, onun əsasında nəsə işləyirəm. Amma əsas əsərlərim o dövrün – uşaqlığımın, gəncliyimin xatirələrindən yaranır. Belə işlər tez satılır, çünki adamlar orada öz xatirələrini görmək istəyirlər. Alıcılar arasında bakılılar da olur, əcnəbilər də. Vaxtilə Bakıda olan amerikalı diş həkimi vardı, hardansa mənim əsərlərimdən xəbər tutmuşdu, buradakı tanışlarının vasitəsi ilə əsərimi aldı. Bakıdan getmiş yəhudilər də Abşeron motivlərinə maraq göstərirlər. “Zağulba” adlı kiçik, sadə bir iş vardı, rəngi qurumamış gəlib apardılar. Bəzən eyni əsərin surətini istəyirlər”.

Rəssam maraqlı bir məqama da toxunur. İçərişəhərdəki şəhərli heykəlindən danışır. Deyir ki, o, şəp-şəpini çıxarmış heykəli heç xoşlamır:  Bakı, bakılı tamam başqa estetikadır, quş uçurmaq, təsbeh çevirmək deyil. Onların arasında köntöy adamlar da olub. Amma Abşeronda qəzəlxanlar tanıyırdım, evində filosofların kitabları vardı. Onlar bu əsərləri reklam üçün, camaata göstərmək üçün alıb yığmırdılar ki. Elə quşbazlar tanıyırdım ki, münəccimliyədək bilirdi, ensiklopedik biliyə malik idi. Mənə kitab oxumağı onlar öyrədiblər”.

 

“Rəssamları içəri buraxmıram”

Emalatxanası qonaq-qaralı olur. Daha çox jurnalistlər və alıcılar gəlir. Yarızarafat-yarıgerçək deyir ki, rəssamları içəri buraxmır. Nəfsə inanır, uğursuzluqlardan danışan adamları sevmir. Deyir, belələri özlərinə süni baryer yaradırlar: “Hər hansı işi görəndə heç vaxt onun sonrakı taleyi barədə düşünmürəm. Satılacaq, ya yox – bu məni narahat etmir, ən pis halda, divardan asacağam ki, baxıb zövq alam. Elə işlər olub ki, satışa verməmişəm, hədiyyə eləmişəm. Əlbəttə, dolanmaq üçün əsərləri satmalısan. Əsərlərimiz elə də baha satılmır, çünki insanların bunun üçün maddi imkanı yoxdur. 4 min manatlıq əsərləri 400-500 manata satdığımız olur. Bu, artıq kiminsə könlünü xoş etmək üçün hədiyyə kimi bir şeydir. Rəsm əsərlərini sevən insanlar var, amma maddi şərait əsərlərin orijinalını almağa imkan vermir. Onun posterini sifariş edib alırlar”.

Paralel olaraq bir neçə əsər üzərində işləyir. Bunu aldığımız gündəlik informasiyaların çoxluğu ilə izah edir. Hətta bəzən bir gündə bir neçə fərqli iş üzərində çalışır, bir işi qoyub digərinə keçir, ya paralel fərqli-fərqli işləri görür. Çünki icrasını sonraya saxladığın ideya sabah aktuallığını itirə bilər. Üstəlik, hər gün eyni enerji, güclə işləmək mümkün deyil. Buna görə də vaxtdan qənaətlə istifadə etməyə, onu bölməyə çalışır.

Deyir ki, rəsm onun üçün həyatdakı obrazı, özünüifadə vasitəsi, hətta aldığı nəfəsdir. Hər  insanın bir missiyası var, onun da missiyası rəsmləri vasitəsi ilə insanlara pozitiv hisslər ötürməkdir. O da Dostoyevski kimi dünyanı gözəlliyin, pozitivliyin, xeyirxahlığın və əlbəttə, sevginin – xilas edəcəyinə inanır. Söyləyir ki, rəssamlıq musiqi kimidir, o insanda nəsə isti, parlaq, yaxşı bir şey buraxmalıdır, insan tənha və kədərlidirsə belə, ona pozitiv nəsə verməlidir. Əlbəttə, rəssam da depressiyaya düşür, ancaq bunun yalnız özünə dəxli var, o öz problemləriylə tamaşaçını yükləməməlidir: “Onsuz da dünyada indi o qədər neqativlik var ki. Rəssamın hədəfi qarada ağı göstərməkdir. Mənim bir məqsədim var. Gözəllik yaratmalıyam, insanlara neqativ hisslər yox, məhz gözəl duyğular, xoş əhval-ruhiyyə və gələcəyə ümid kimi yalnız pozitiv enerji verim. Qorxu, dəhşət, çirkab – bu, mənim amalım deyil və çalışıram ki, heç kimə o hissləri aşılamayım. Düzdü, gözəlliyi yaradan Allahdı, mən kiməm ki?! Əlimdən yalnız onu köçürmək gəlir”.

Daha çox naturadan çəkməyi sevir. Çünki bu, həmişə aktualdır, hər rəssam təsəvvürünü qidalandırmaqdan ötrü naturaya müntəzəm müraciət etməlidir: “Hətta abstrakt əsər çəkəndə də, estetikanı unutmaq olmaz, yoxsa tamaşaçı özünü təhqir olunmuş hiss edə bilər.

Axı abstraksiyanın özündə belə kompozisiyanın əsasları – pozitiv, etika, estetika və tamaşaçıya hörmət olmalıdır. Ona görə də natura və fantaziya mənimçün vəhdətdədir, onları ayırmıram. Mən uzun illər portret çəkmişəm, özü də təkcə kətanda deyil, mərmərdə də”.

Söhbətin bu yerində məlum olur ki, rəssam əvvəllər qəbiristanda da işləyib, boyanı iskənə, kətanı isə qranit və mərmər əvəz edib. İndi isə portret janrına onu çəkən daha çox təəssüratlar olur, məsələn, xüsusi qız, qadın və yaxud uşaq obrazı görərkən onları rəssam yaddaşına köçürməyə başlayır: “Bu rəsmləri kətana, naturadan istifadə etmədən, personajı necə görürəmsə, elə köçürə bilərəm. Portretdə vacib olan ideyanı yerləşdirmək, personajın xarakterini göstərməkdir”.

 

Şanapipik, nar, arlekinlər

Əsərlərində şanapipik obrazının çox görünməsini belə izah edir: “Şanapipiyi həm təbii formada, həm də avanqard üslubda çəkirəm. O mənə uşaqlığımı, Abşeronun qumlu sahillərini, Zuğulbanı, uşaqlığımın keçdiyi və koloritlə bol dövrü xatırladır”.

Vüqar Əlinin ən maraqlı əsərlərindən biri nar silsiləsi ilə bağlıdır. Onun nar-qadın obrazının müxtəlif variasiyaları var. Müsahibim rəssamlıqda geniş işlənmiş nar mövzusuna fərqli bucaqdan yanaşır: “Məndən qabaq da bu mövzuya bir çox rəssamlarımız müraciət edib. Amma mənim narlarım fərqlənir. Azərbaycan nağıllarında sonda deyilir ki, göydən üç alma düşdü. Mənim üçün bu, üç nardır. Nar mənimçün dünyanın simvoludur. Onun içindəki dənələr isə insanlardır. Narın pərdələrinin heç biri o birini təkrarlamır. İnsanlar kimi. Bu, insanlara göndərilən koddur, yəni sizin aranızda pərdə var, o pərdəni yırtmayın. Çox zaman narı bölürəm, yeməyə ürəyim gəlmir”.

Nar təsvirləri rəssamın yaradıcılığında təkrarlanmır, onların hərəsində yeni detallar üzə çıxır: “Bu, kentavr kimi mifik obrazıdır – nar-adam. Uşaqlıqdan bu meyvə məni özünə cəlb edirdi və mütəmadi olaraq nar obrazını çəkirdim. Bir gün kortəbii şəkildə belə obraz alındı - narın içərisindən insanabənzər məxluq çıxdı. Cızma-qaranı rəngə köçürdüm, sonra rus internet portallarındakı müsabiqələrdən birinə göndərdim. Admin rəsmlə maraqlandı və mənə bildirdi ki, siz Baltikyanı ölkələrdən olan bir yazıçının uşaqlar üçün yazdığı nağıldakı obrazı canlandırmısınız. Əsərin adı “Sehirli nar” idi. Onları əmin etdim ki, bu nağıldan xəbərim yoxdur. Sonra kitabı əldə etdim və gördüm ki, həqiqətən, obraz çox oxşardır. Nağılda da narın içərisindən çıxan pərilərdən bəhs olunurdu.

Bəzən deyirlər, rəssam bir əsəri bir dəfə çəkər. Elə əsərlər var ki, ona qayıtmaq olmur, ikinci dəfə işləyə bilmirsən. Amma mənim çəkdiyim obraz təkrar deyil. O hər dəfə yenidən doğulur. Yeddi-səkkiz dəfə bu mövzuya qayıtmışam. “Nargilə” əsərinin eyni versiyasını Estoniyada yaşayan Nargilə adlı azərbaycanlı qız aldı. İnternetdə görmüşdü”.

Emalatxananın bir küncündəki “Arlekinlər” silsiləsi diqqəti çəkir. Rəssam onların yaranma tarixçəsini danışır. Deyir, bu əsərlər teatrda işlədiyi illərdən, rejissor Rəhman Əlizadənin “İblis” əsərindəki işbirliyindən yadigardır: “Bəzi əsərlərimin yaranmasında teatrın rolu oldu. Hüseynağa Atakişiyev mənim bibioğlumdur. Onun qoyduğu bir neçə səhnə əsərində quruluşçu rəssam olmuşam. Hüseynağa müəllimdən sonra da beş il gənclər teatrının baş rəssamı işlədim, Dövlət Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrıyla birləşənədək orada çalışdım. Səhnədən uzaqlaşmağımın bir səbəbi də fərdi yaradıcılığımda baş verən dönüşlərlə bağlı idi. Sanki fikir maddiləşirdi. Şüuraltı olaraq özüm özümü yönəltməyə başlayırdım. Bunu istəmədim. Bəli, mən müstəqil sənətlə məşğul olmaq istəyirdim. Rejissor kölgəsində öz sənətini yarada bilmirsən”...

 

“Rəssam özünü aldatmamalıdır”

Vüqar Əli emalatxana ilə paralel Muzey Mərkəzində də işləyir. Sərgilər, müxtəlif layihələr, dövlət tədbirləri üçün plakatlar, posterlər, bannerlər, reklam çarxlarının tərtibatı ilə məşğul olur. Gününün yarısından çoxu orada keçir. Boş vaxt tapan kimi isə bu balaca emalatxanaya, boyalar və kətanla baş-başa qalmağa tələsir: “Mənim günüm axşam saat 6-dan sonra başlayır. Bəzən iki-üç saat da gecikirəm. Yaxud festivallarda, simpoziumlarda çıxış etməli oluram. Emalatxanada rəssam öz sözünü demək üçün uzun hazırlıq prosesi keçə bilir. Tədbirlərdə isə bədahətən işləməlisən. Əlbəttə, hazır işlə də tədbirdə təmsil olunmaq olar. Bu rəssamın özünü aldatmasına bənzəyir. Amma güc ondadır ki, sözünü hər hansı eksizsiz, şparqalkasız deyəsən. Bu, bir növ stimuldur. Kitab oxumağa da vaxt çox olmur. Vaxtım olsa, heykəltəraşlıqla məşğul olaram, fiqurlarla işləməyə böyük həvəsim var”.

RƏBİQƏ