Elektron ədəbiyyat və sənət portalı

Uca bir səs

Bölmə: «Aydın Yol»çular 06.02.2016

…O SƏSin yiyəsinin Haqqa qovuşmasındansa 15 il keçir…

…Dünyasını dəyişəndən sonra bildim ki, O SƏS Şuşada doğulub…

…O SƏSin nə vaxt yaddaşıma yazıldığını indi dəqiq xatırlamıram. Mənə elə gəlir, gözlərimi dünyaya açandan, SƏSLƏRi ayırd eləməyə başlayandan ruhum aləmi dolduran səslər içindən O SƏSi seçib. Dağlardan süzülən çeşmələr dumduru, ana südü təki dadından-tamından doyulmayan O SƏSin Məhluqə xanım Sadıqovaya məxsus olduğunu da bir qədər sonralar dərk eləmişəm; sonralar bilmişəm ki, tapındığım SƏSin yiyəsi Məhluqə xanım Milli Dram Teatrının artistidi, səhnədə bənzərsiz rollar oynayıb, çeşidli obrazlar yaradıb, bir-birindən fərqli xarakterlər canlandırıb. Amma doğrudan-doğruya, 1967-ci ildə Azərbaycan radiosunun «Bulaq» xalq yaradıcılığı verilişi üzə çıxanacan, O SƏS unudulmaz Səməndər Rzayevin səsiylə qoşalaşanacan, xalqın yaddaşının minbir ətrini, çalarını xalqın özünə qaytaranacan bunca doğma olmamışdı yəqin. Elə bil, Məhluqə xanım özü də doğulandan, öz SƏSiylə danışandan, SƏSini eşitmək istəyənlərə çatdırmaq sevdasına düşəndən bu olacağa sarı gedirmiş.

…O yolun yolçuluğu 84 illik ömrün 36 ili bahasına başa gəldi.

…O yolun yarısında SƏSinin dayağını — Səməndər Rzayevi itirdi. Bu itkidən sonra O SƏS elə bil, sınmışdı, sınıxmışdı, kimsəsizləşmişdi — nəsə özünə oxşamaqdan ötrü olmazın ağrılar çəkirdi.

…Bir də O SƏSin doğulduğu yeri — Şuşanı itirəndə Məhluqə xanımın içində ağrı göyərmişdi. Mən onda bilmirdim ki, O SƏS Şuşada doğulub…

…Şübhəsiz Məhluqə Sadıqovanı səhnədə yaratdığı obrazlarla tanıyanlar çoxdu, bundan sonra da tanınacaq…

Amma nə sirdisə, hey çalışıram, onu kiminsə rolunda görə bilmirəm. Ha cəhd eləyirəm, gözlərimin qabağına bircə görüm gəlir: xanım-xatın, üz-gözündən nur tökülən, danışığından bal süzülən Azərbaycan qadınıdı, oturub ruhumuzun yeddinci qatından gələn, min rəngə çalan qədim-qayım SƏSiylə bizə kim olduğumuzu, hardan gəlib hara getdiyimizi nağıl eləyir, günahlarımızı və savablarımızı anladır. O SƏSdə Ucalıq var, ƏZƏMƏT var, MÜDRİKLİK var, Şərə, İblisə, Xəyanətə nifrət var, Xeyrə, Sədaqətə, İnsafa sevgi var…

…Məmləkətimizin qıraqda qalan yerində — Borçalıda, Qarayazıda, Qaraçöpdə O SƏSdən kimlərinsə uşaq kimi kövrəldiyini, O SƏSƏ qurban kəsdiyini görmüşəm; milliyyətcə avar olan bir İnsan oğlunun O SƏSİ eşidəndə salavat çevirdiyinin şahidi olmuşam, inanmışam ki, O SƏSDƏ bölgə yoxdu, bölgəçilik yoxdu, bölgüçülük yoxdu, bütün Azərbaycan var, bütöv türk ruhu var. O SƏS bənzərsiz çalarlarıyla, gözlənilməz dönümələriylə RUHUMUZUN SƏSİdi..

Mübaliğəsiz deyim ki, bircə O SƏSLƏ yaddaşımızın, tariximizin, mənəviyyatımızın bu başından o başına gedib çıxmaq olar. Bu vaxtacan deyirlər, ruslar Böyük Vətən müharibəsini Levitanın səsiylə udublar. Əgər belədisə, biz də mənəviyyatımızın olub-qalanını Məhluqə xanımın (elə Səməndər Rzayevin də) səsiylə qoruyub saxlamışdıq.

…Ola bilsin, O SƏSin bizimlə yanaşı olduğunun fərqinə o qədər də varmamışıq…

Xoşbəxtəm ki, Məhluqə xanım Sadıqova və Səməndər Rzayev «Bulağ»a hazırladığım 20-yə yaxın verilişimi oxuyublar, o verilişlərin bir hissəsini lentin yaddaşına köçürüb saxlamışam. Rastlaşanda gülə-gülə deyirdi ki, «saqqalın ağarsın, yaxşı yazırsan, amma familiyan o qədər uzundu ki, oxuyanda dilim dolaşır». Həmişə yazdıqlarımı O SƏSin ifasında eşidəndə SƏSin və SÖZün sehri məni öz ağuşuna alır, doğrudan-doğruya, bənzərsiz bir DUYUMun əsiri oluram. Səməndər itkisindən sonra Məhluqə xanım YADDAŞIMIZIN SƏS YÜKÜNÜ  zərif çiyinlərində tək daşıyırdı, qəfil ortaya düşən boşluğu ağlagəlməz dəyanəti hesabına doldurmağa can atırdı. Görünür, — GƏRDİŞİN QAÇILMAZLIĞINI da başa düşürdü, TƏKRARSIZ SƏSİNDƏKİ əvvəlki çalarların yavaş-yavaş yoxa çıxdığını duyub kədərlənirdi. Amma mən bilən, Məhluqə xanımın SƏSİ insanın özündən sonra da uzun illər yaşayacaq NADİR SƏSLƏRDƏN biridi; lap elə Şövkət Ələkbərovanın, Nərminə Məmmədovanın, Yusif Vəliyevin, Həsənağa Turabovun, Həsən Məmmədovun, Şahmar Ələkbərovun, Səməndən Rzayevin, Həsən Əblucun… SƏSİ  kimi…

İndi hanı belə SƏSLƏR?!

…Məhluqə xanım Sadıqova Azərbaycanın Xalq artistiydi; amma bir dəfə də olsun, halallıqla qazandığı bu fəxri adı yazmağa ehtiyac duymadım: çünki o, mənim nəzərimdə hər cür tituldan ucada duran SƏNƏTÇİydi, UCA BİR SƏS SAHİBİydi…

Məhluqə xanımdan sonra “Bulaq” verilişi yazmadım, güman ki, bir daha yazmayacağam. Çünki indi nə Səməndər var, nə də Məhluqə xanım; elə hərdən SƏSLƏRİNƏ qulaq assam, bəsimdi…