Elektron ədəbiyyat və sənət portalı

Paşa Qəlbinur: “Azadlıq insan ruhunun hərəkətidir”

Bölmə: Müsahibə 31.08.2015

- Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və sizi götürək, bərk sevirsiz yoxsa, necə?

- Bu sualın içərisində bir neçə sual var. Sevginin bərki-boşu olmur. Sevgi ürəkdə olur. Bir həkim kimi deyə bilərəm ki, ürək fiziologiyanın qanunları ilə “hamı” və “heç kim” qanununa tabedir. O, hər hansı bir qıcığa ya bütün varlığıyla reaksiya verir, ya da müəyyən bir kriteriyadan aşağı olanda heç bir reaksiya vermir. Orta hədd yoxdu. Sevgi ya olur, ya da olmur. Olursa, insan bütün varlığıyla, tutumuyla, gücüylə sevir, ya da bunların heç biri baş vermir. Mən sevməyən adamlar çox görmüşəm. Məsələn, musiqini sevməyən adamlar görmüşəm. Ali təhsili var, diplomu var, amma musiqini anlamır. Poeziyanı anlamır. Sevgi də belədir. Sevgi hər adama nəsib olan bir hiss deyil. Kimdə varsa, o adam xoşbəxt adamdır. Kimdə yoxdursa, o da onun bədbəxtliyidir. Sevgi uğrunda təpik yemək çox təbiidir. Könlü balıq istəyən, gərək suya girsin, ayıdan qorxan meşəyə getməsin. Sevgi ruhdur, insanı qəhrəmanlığa sövq edən ruh. Şəlalə qayadan atılanda qəhrəmanlıq edir və bu bir ömür davam edir ki, o həmin anın gözəlliyində qalır. Sevgi də “şəlalə qəhrəmanlığı”, ucalardan özünü fəda etmək qüdrəti tələb edir. Sevgi qorxaq ola bilməz.

 

- Sevgi öldürməyə qadirdir?

- Sevgi çox böyük fədakarlıqları mahiyyətində daşıyan bir nəsnədir. Sevgi şəlalənin çox ucalardan özünü çaya atması kimidir. Əslində, o, intihar deyil, qəhrəmanlıqdır. Qəhrəmanlıq da o cür ağ gözəlliyə, ağ işığa çevirilir. Sevginin mahiyyəti öldürmək deyil, maneəni dəf eləməkdir. Sevgidə göz görmür. Sevginin mahiyyəti özünü göstərir, o da işığa can atmadır. Sevginin mahiyyəti yaşamaq və yaşatmaqdır. Sevgi işığa can atma deməkdir.

 

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Dünyada hər bir şey istəklə gerçəkləşir. Gərək istək olsun ki, ona doğru hərəkət olsun, enerji olsun, müəyyən bir cəhd olsun. Cəhd və bəxt yarıdır. İstək olmasa, azadlıq ola bilməz. Azadlıq insan ruhunun hərəkətidir.

 

- Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Biz həmişə inanmışıq ki, yaşanılacaq dünyaların ən yaxşısı bu dünya deyil. Din də bizə təlqin edib ki, ən yaxşısı, sonra olan dünyadır. Kandid düz demir ki, ən yaxşısı bu dünyadır. Ona görə də bu dünyadakı hər bir haqsızlığı, o biri dünyadakı ədalətin zəfərinə saxlayır insan.

 

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- O, yeni dünyanı insanlar öz ürəklərində, öz içlərində tapmalıdırlar. Öz içimizdə var o dünya. Mən çox çətin anlarımda həmin o dünyaya, həmin o guşəyə sığınıram. Ancaq iki dəfə mən o dünyamın qapılarını açmaq istəyəndə onu qapalı görmüşəm. 20 yanvar faciəsində və Xocalı alınan gün onun qapısı açılmayıb və mən qalmışam güllə-baranın, faciənin arasında, göydən yağan zəhrimarın mənfiliklərinə tuş gəlmişəm. Qalan bütün vaxtlarda mən o qapını açıb, orda daldalana bilirəm. Kandid o dünyanı Eldoradoda tapdı. Günəş də tək deyil, gözün içində də mövcuddur. Hər adamın öz Eldoradosu var. Biri içindədir, biri də kənarda.

 

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Məntiqlə hamınındır, ancaq faydalanma əmsalı müxtəlifdir. Günəş şüası hamınındır, ancaq günəş şüasından faydalananların fərqi böyükdür. Adamlar var ondan güc alır, sevinir, yaradır, elə adam da var, ondan çox-çox cüzi faydalanır. Ona görə də bir enerjidən, bir gözəllikdən faydalanmaq, artıq insanın öz qabiliyyətidir. Rəsul Rza deyirdi ki, anlamamaq başın günahıdır.

 

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Hər bir arzu canatmadır. Yaşamaq, əgər yaratmaq anlamında insana təşnədirsə, kiməsə kömək olma anlamında arzudursa, çox təqdir olunandır. Ancaq yaşamaq kimlərəsə əzab vermək anlamındadırsa, ondansa elə ölmək yaxşıdır. Ona görə də yaşamağın burda sualda deyildiyi kimi, hardasa ayıb olması dürüst deyil. Baxır insan hansı məqsədlə yaşamağa can atır.

 

- Bir-birindən ayrı din ola bilərmi?

- Yer üzündə bir-birindən ayrı din ola bilər və olmalıdır da. Dinlər müxtəlif olsa da, məqsəd birdir: Allaha çatma, öz missiyanı yerinə yetirmə. Siyasi partiyaların da nizamnamələri bir-birinə oxşayır. Ancaq onlar reallıqda başqa cür hərəkət edirlərsə, günah onun icraçılarındadır. Dinlərin də missiyası eynidir. Forması ayrı olsa da, məzmun eynidir: partiyaların nizamnaməsi kimi.

 

- Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

- Uçuşun da müəyyən məsafəsi var. Qaranquşlar alçaqdan uçur, amma qartallar lap ucadan uçur. Yamanlıq da, yaxşılıq da çox nisbi anlamlıdır. İnsan elə xəstəliyə düçar olur ki, özünə evtanaziyanı rəva bilir. Bu ölümdür, amma dünyanın bir çox ölkələrində humanist bir addım kimi qiymətləndirilir və tətbiq edilir. Bəzən pislik adına deyilən şey yaxşılıqdır, bəzən yaxşılıq adına deyilən şey pislikdir. Cinayətkara yaxşılıq eləyəndə, cəmiyyətə pislik eləmiş olursan.

 

- Başqalarının gözəllik tapdığı yerdə əgər və əskiklik axtarmağın adı və dadı nədir?

- Kim ki, hardasa gözəllik tapırsa, o, təqdir olunmalıdır. Hətta böyük faciələrin içərisində kiçik bir təbəssüm tapılırsa, o da təqdir olunmalıdır. Pisi böyüdəndə faciə olur, amma yaxşını böyüdəndə çox yaxşı. Yaxşı olan yerdə əskiklik axtarmağın heç bir adı və dadı yoxdur.

 

- Görəsən, niyə faciələrə maraqla tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- İnsanların içində faciələrə həmişə bir təşnəlik var. İki maşın toqquşanda və ya qeyri-adi bir şey olanda hamı yığışıb ona baxır.

 Faciə də kənara çıxmalardandır. İnsan kənara bənzərsiz bir şeyə baxan kimi baxır. Faciənin insana elədiyi təsir, faciədən alınan nəticə, faciəyə yanmaq hissi faciəyə diqqət çəkən adamın ruhunun vəziyyətindən, insanlığından asılıdır.

 

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- İnsanlarda qaranlıqla işıq bərabər olur. Uşaqlar yarananda məsum olur, sonralar artıq müəyyən rənglər çıxır üzə. İkili mübarizə gedir insanların içində. Çox təəssüf ki, mənfiliklər müsbətə qalib gəlir bəzən. İnsanlar indi dəyişilməyib, həmişə eyni olublar. Qoçağın tənbələ münasibəti, əclafın işıqlıya nisbəti, bütün mənfiylə müsbətin nisbəti həmişə eyni olub. İnsanlar öz əməlləriylə idarə olunmağa məhkumdurlar. Müəyyən çəpərlər həmişə var və o çəpər əxlaqda da olur, mənəviyyatda da olur. Cəza mexanizmi sərhədlərdir. İnsanlar həmişə müxtəlif olacaq, ona görə gərək qanunlar inkişaf eləsin.

 

- Kandid olmağa nə mane olur sizə?

- Mən heç vaxt Kandid olmağa iddialı olmamışam. Hər bir adamın bacardığı sahə var və mənim də bacardığım iki sahə var: təbabət-oftalmologiya və ədəbiyyat. Mən bu iki sahədə sərbəstəm. Bu sərbəstlik üçün bir ömür sərf eləmişəm və iddiam həmişə bir insana daha çox kömək eləmək, bir də yaxşı yazmaqdır. Ona görə də kimsə olmaq iddiasında olmamışam. İstəmişəm elə özüm olum.

Tural İSMAYILOV