Elektron ədəbiyyat və sənət portalı

İlan balası

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 13.12.2019

 

Ramiz Rövşən

(1946)

Xalq şairi, ssenarist, tərcüməçi. “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadları”, “Gedək biz olmayan yerə”, “Nəfəs”, “Sevgi məktubu kimi”, “Yağış yuyur, gün qurudur” kitablarının müəllifidir. Ssenariləri əsasında “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “İşarəni dənizdən gözləyin”, “Süd dişinin ağrısı”, “Özgə vaxt”, “Qala” və s. filmlər çəkilib. A.S.Puşkin, S.Yesenin, V.Mayakovski, A.Blok, M.Svetayeva və başqa şairlərin şeirlərini dilimizə çevirib.

 

İlan balası

Böyüyür bu körpə ilan balası,

gah o başa, gah bu başa sürünür.

Sevinir udduğu havaya, suya,

torpağa sevinir, daşa sevinir.

 

Bir sevgi həvəsi dolur canına,

Gecələr gözünün itir yuxusu.

Çiçəyin qoxusu,

otun qoxusu,

küləyin nəfəsi dolur canına.

 

...Özündən xəbərsiz,

səssiz-səmirsiz

zəhərə çevrilir canında hər şey...

 

Bu ilan balası bir vaxt canında

gizlənən zəhərdən xəbər tutacaq.

Bəlkə, qarğıyacaq baxtını onda,

bəlkə, boğazını qəhər tutacaq.

 

Ağlama, ağlama, ilan balası,

Baxtını qarğıma, ilan balası!

Bu da bir ömürdü, dözəsən gərək,

Beləymiş taleyin əmri, buyruğu;

Döşünün altında –

sevən bir ürək,

Dişinin altında – 

zəhər tuluğu.

 

Görənlər çığırar:

– İlan var, ilan!..

Qovduqca qovarlar səni dünyada.

Hər yandan kəsilər yolun-yolağan,

Tək bircə yol qalar sənə dünyada;

 

Başından

quyruğunacan,

zəhərli dişindən quyruğunacan

 

tək bircə yol qalar, –

o yol özünsən,

Özün öz yolunsan, ilan balası.

Özün bu dünyada öz əzizinsən,

Özün öz balansan, ilan balası.

 

Hara qaçacaqsan göz qabağından,

Bu zalım dünyaya neyləyəcəksən?

Yüz yol çıxacaqsan öz qabığından,

özündən ayrıla bilməyəcəksən.

 

Öyrən,

yavaş-yavaş özünə öyrən,

dünyanın hər cürə üzünə öyrən.

 

Barış canındakı zəhərli dərdlə,

iyrənmə özündən, ilan balası.

Bəlkə də, ən acı həqiqət elə

sənsən yer üzündə, ilan balası.

 

Sənsən haqqın yolu bu yer üzündə,

Tanrı özü seçib bu yolu, bəlkə.

Yüz cür sifətiylə, yüz cür üzüylə

dünya səndən keçib durulur, bəlkə.

 

Toz

Göy üzündə

hərlənən bir tozam mən,

Göydən-yerə

boylanan bir gözəm mən.

 

Mən bir gözəm

kirpiyim yox, qaşım yox,

Mən bir tozam,

ayağım yox, başım yox.

 

Həsəd çəkib

insanına, heyvanına, quşuna,

Hərlənirəm bu dünyanın başına.

 

Bir nəhəng toz dənəsitək

bu dünya da hərlənir

min-min ulduz içində,

Bu dünyanın içi tozdu,

Bu dünya toz içində,

Aşağı da, yuxarı da tozdu, toz,

Bu dünyanın

əvvəli də, axırı da tozdu, toz.

 

Mən bir tozam, –

kim nə bilir, axı hardan qopmuşam,

Ya əvvəldən,

ya axırdan qopmuşam,

 

Yorulmuşam

toz olmaqdan, İlahi,

Bədənsiz, cansız olmaqdan, İlahi.

Mən bir qadın bətninə

yığılmaq istəyirəm,

Bu dünyada

İnsan kimi doğulmaq istəyirəm.

Özümə can istəyirəm ətdən-sümükdən,

Göz yaşından,

                        tərdən,

                        qandan,

                        ilikdən.

 

Mən bir tozam, azadam göy üzündə,

Nə olsun ki,

azad deyil bir adam yer üzündə,

Sən bu cansız azadlığı

gəl, məndən al, İlahi,

Tez ol məni qəfəsə sal, İlahi!

 

Nəfəssizəm –

                    tez ol, mənə nəfəs ver,

Nəfəsimə

                    bədən adlı qəfəs ver,

Mənə səs ver –

                    səsə qəfəs ağız ver.

Mənə söz ver –

                     sözə qəfəs kağız ver!..

 

***

Nə var Allahdan yuxarı?

Nə var qəbirdən aşağı?

Çəkdiyim ahdan yuxarı?

Bildiyim sirdən aşağı?

 

Niyə günün gündüzündə

Quşlar azır göy üzündə?

Göz yaşları quş gözündən

Tökülür dən-dən aşağı.

 

Demə, biz ki quş deyilik,

Allaha tanış deyilik...

Ruhum, dur, yığış, gedirik,

Sən yuxarı, mən aşağı...