Elektron ədəbiyyat və sənət portalı

1989 avroluq “səyahət”

Bölmə: «Aydın Yol»çular 06.02.2016

Reportajda deyilir ki, separatçıların nümayəndəsi alman jurnalisti “Qafqazın İsveçrəsi olan Dağlıq Qarabağa” səfər etməyə Berlində keçirilən turizm sərgisi zamanı dəvət edib. O, bir neçə həftə ərzində “DQR vizası” alıb. Jurnalistlə birlikdə 3 turist də bölgəyə səfər edib.

Alman aparıcı İrəvan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə daxil olub, Şuşadakı hotellərdən birinin restoranında yeyib-içən erməni quldurların məclisində konyak da içib.

Qondarma “respublikanın” turizm “naziri” ilə görüşünü təsvir edən alman jurnalisti bildirir ki, Dağlıq Qarabağın inkişafı turizmdən keçir. Almaniya turistlərini “qədim Tiqranakert şəhərinin qalıqlarının tapıldığı” yerləri də gəzdiriblər. Ancaq onları xarabalığa çevrilmiş Ağdama daxil olmağa qoymayıblar. Separatçılar deyib ki, Ağdam ərazisi hərbi zona olduğu üçün ora giriş qadağandır. Bununla belə, reportajda qeyd olunur ki, Ağdam ermənilərin dağıtdığı Azərbaycan şəhəridir.

Bu yaxınlarda separatçı respublikanın turizm nazirliyi bəyan etmişdi ki, Xankəndi və işğal altında olan Azərbaycan ərazilərində müxtəlif turizm marşrutları fəaliyyət göstərir və “dəbdəbəli hotellərdə hər gün 900 turist yaşayır”. Əslində, bu, ağ yalandır və bölgəyə yalnız qanunsuz olaraq Suriya qaçqınları yerləşdirilir, yerli əhali isə başını götürüb qaçır.

Erməni təbliğat maşını Fransa əhlini ciddi-cəhdlə işğal edilmiş torpaqlara unudulmaz səyahətə çağırır. Bütün bu erməni yalvarışları Fransadakı erməni fondunun rəsmi saytında yerləşdirilib. Görünür, Xankəndi hotellərinin iştahası artıb və gündəlik “900 turist” ermənilər üçün azdır!

Boşboğaz ermənilər Fransa əhlinə nə təklif edir? Deməli, arzu edənlər Parisdən, yaxud Marseldən İrəvana gəlir, 2 gün ermənilərlə birlikdə “nəfəs alıb xoşbəxt” olduqdan sonra, 3 gün ərzində Şuşa, Xankəndi, Xocavənd və digər işğal olunmuş Azərbaycan ərazilərini gəzərək “qədim erməni mədəni abidələri” ilə tanışlıqdan “böyük şərəf duyurlar!” Proqrama Xankəndindəki “SOS” uşaq bağçasına ekskursiya, hətta “DQR”-in baş naziri ilə görüş də daxil edilib.

O ki, qaldı turpaketin qiymətinə...özünü qonaqpərvər kimi qələmə verən ermənilər hər qəpiyi saymaqda mahirdir: adambaşına 1659 avro, üstəgəl bir gecəlik hotel nömrəsi üçün 330 avro! Vəssalam! Bu məbləği ödəyən turist qəsbkar ermənilərin törətdikləri vandalizmin canlı şahidinə çevrilə bilər.

Hələlik, ermənilərin yaratdığı virtual turizm cənnətinə baş çəkib “xoşbəxt” olmaq istəyən könüllü yoxdur. Elə bu səbəbdən də baş nazirin gözünün kökü saralıb. Görəsən, o, təsadüfən yolunu azaraq cənnət əvəzinə cəhənnəmə düşmüş əziz turistlərə nə deməyə hazırlaşır?

Gözləməyin ki, “baş nazir” ermənilərin işğalçı siyasətindən, azərbaycanlılara qarşı törətdikləri soyqırımdan, vəhşiliklərdən, xaraba qoyduqları şəhər və kəndlərdən, milli-tarixi abidələrimizin dağıdılmasından danışacaq. O, qonaqlara, yəqin ki, “babasından miras qalmış ölkəsində” biçarə ermənilərin faydalı qazıntıları, təbii ehtiyatları, filiz və qızıl yataqlarını necə böyük ustalıqla taladıqlarından bəhs edəcək, meşələri qıraraq ekosistemi kor qoyduqları ilə qürrələnəcək, narkotrafik gəlirlərini açıqlayacaq.

Görünür, ermənilər hələ də anlaya bilmirlər ki, heç bir təxribat, heç bir yalan onların dadına çatmayacaq. Bu gün “DQR”-i guya cənnətə çevirdikləri barədə uydurduqları nağıllara bəlkə də kimlərisə inandıra bilərlər, bəs sabah?