Elektron ədəbiyyat və sənət portalı

Sona Cabbarlının xatirələri

Bölmə: Ədəbiyyat 08.01.2016

(Əvvəli ötən sayımızda)

Cəfər dedi:

- O cür adamı mən göydə gəzirdim, əlimə yerdə keçdi.

İndi həmişə “Almaz”a baxanda Şərəbanı arvadı xatırlayıram.

“Almaz” əsəri səhnəyə qoyulanda quruluşçu rejissorun başqası olmasına baxmayaraq, rolları ifa edən artistlərlə Cəfər özü işləyirdi. Hətta rolların paltarlarını da Cəfər özü seçirdi. Yaxşının, gecə uşağı əmizdirməyə gələndə geydiyi tuman anamın tumanı idi. Cəfər mənə dedi ki, bu tuman əsl Yaxşının malıdır. Anan bilməsin, qoy onu aparım geydirim Yaxşıya. Mən razılıq verdim. İndiyədək də anam tumanının hara yox olduğunu bilmir.

Cəfər “Almaz” əsərindəki Sürmə rolu haqqında deyirdi: “Gülarə böyüyən kimi aparacağam onu səhnəyə, Sürməni oynasın”.Lakin vaxtsız ölümü, Gülarəni səhnədə görməyə Cəfərə imkan vermədi. Mən Cəfərin ölümündən səkkiz il sonra - 1943-cü ildə, onun arzusunu yerinə yetirmək üçün qızımı Əzizbəyov adına teatra apardım. Balaca Gülarə bir neçə dəfə Sürmə rolunda çıxış etdi.

Cəfər “1905-ci ildə” əsərini “Almaz”dan sonra, 1931-ci ildə yazıb. O, həmişəki kimi, bu pyesi də yazmazdan əvvəl bu barədə çoxlu ədəbiyyat oxuyur, 1905-ci il hadisələrinin iştirakçısı olan qoca kişilərlə söhbət edirdi. Adını unutduğum bir inqilabçı fəhlənin öldürülməsini görən adamlardan ətraflı məlumat almışdı. Həmin adamlar Cəfərə inqilabçının necə, harada, nə vaxt öldürülməsini söyləmişdilər.

Cəfər, kitablardan əldə etdiyi məlumat və adamlarla apardığı söhbətlər əsasında əsərin planını tərtib etmişdi. Əsərin planı 5-6 səhifəlik dəftər vərəqində idi. Mən həmin planı özüm bilmədən Cəfərin bəzi kağızları arasında haraya isə qoymuşdum. Cəfər bir gün mənə dedi ki, ay Sonası, mənim bir planım var idi, axtarıram, tapa bilmirəm. Orda fəhlələrin danışıqları və mənim bəzi qeydlərim yazılmışdı. Bəlkə sənə rast gəlib?

Mən üç gündən sonra Cəfərin dediyi planı tapıb ona verdim. Cəfər o gündən “1905-ci ildə” əsəri üzərində işləməyə başladı. Cəfər deyirdi ki, bu, çox çətin mövzudur. Erməni-azərbaycanlı qırğınının səbəblərini camaata başa salmaq lazımdır. Cəfər həmin əsər üzərində bir ildən artıq işləyərək, onu teatra təqdim etdi.

“1905-ci ildə” əsəri teatr kollektivi tərəfindən oxunub müzakirə olundu. Pyes hələ tamaşaya qoyulmazdan əvvəl böyük mübahisələrə səbəb oldu. Bir çoxları əsərin müvəffəqiyyət qazanmayacağını və pyesin siyasi xəttinin düzgün olmadığını iddia edirdilər.

Tamaşanın quruluşu o zaman Moskvadan Bakıya dəvət olunmuş Lutse familiyalı bir rejissora tapşırılmışdı. Cəfər də Lutse ilə birlikdə işləyirdi. Cəfər yayda bağa göndərdiyi məktubların birində yazırdı: “Öz işlərim o qədər yaxşı deyil. Lutse pyesi yaxşı başa düşmür. Bir az üzümü o yana çevirirəm, bir də görürəm ki, vurub aləmi qarışdırıb bir-birinə, döndərib şuluq-bazara.

İndi gəl çalış, düzəlt. Lap əldən düşmüşəm. Qorxuram ki, pyes adi tərcümə əsərlərinin birinin kökünə düşsün. Hər halda, nə olursa-olsun, bütün qüvvəsilə gedə bilməyəcəkdir. Bir qədər zəifləyəcəkdir. Mən əlimdən gələn qədər o nöqsanları yumşaltmağa çalışacağam. İndi bilmirəm nə olacaqdır.

Bir dəqiqə evdə rahat dura bilmirəm, ayaqüstü bir parça çörək yeyib qaçıram. Görək, bəlkə bir təhər etdik. Bağa da ona görə gələ bilmirəm. Müdiriyyət özü də bir az pyesin korlanmasından qorxur”.

Sonradan, “1905-ci ildə” pyesi yeni quruluşda ikinci dəfə tamaşaya qoyulduğu zaman rejissorluğu Cəfərin özünə tapşırdılar. Cəfər məktublarının birində bu barədə yazırdı: “Azərbaycan teatrında “1905-ci ildə” pyesini yeni quruluşda verməliyəm. Rus teatrında “1905-ci ildə” gedir. Mayorov deyir ki, gərək mütləq ikimiz işləyək, tək bacarmaram. Operadan da deyirlər ki, gərək “Səfa”nın quruluşunu sən verəsən. Bizim teatrda da “Otello”nu təzələmək mənim boynuma qalmışdır. Hamısı da bir vaxtda. Xülasə, aləm qarışıb bir-birinə. Hə, “Od gəlini”ni də gərək Mayorovla mən işləyəm. Budur, mənim təxmini işlərim”.

Cəfər, “Dönüş”ü 1932-ci ildə Fatmayı bağlarında Azərbaycan Dövlət Dram Teatrının Sovet hakimiyyəti illərində yenidən açılmasının 10 illiyi münasibətilə yazmışdı. Biz bağa köçəndə bu yubileyə böyük hazırlıq gedirdi.

Cəfər şəhərdən bağa göndərdiyi bir məktubda mənə yazırdı: “Sonası, bu saat heç bir quruşum da yoxdur, lat-lüt, züvar imam Rza. Çox güman ki, sabah pul alaram, ancaq tramvay altında-zadda qalmasam. Yazı işlərim yaman deyil, yeriyir. 3-4 gündən sonra balaca bir pyes yazmağa başlayacağam. Burada qurtarmasam, gətirib bağda yazaram. Məzmununu sən bilirsən, istəyirsən yadına salım.

Hicrinlə zarəm,

Biixtiyarəm.

Dərdindən ey gül,

Mən biqərarəm,

Mən bir bağa girmişəm,

Gözəl bir gül görmüşəm,

Ona könül vermişəm,

Biixtiyarəm”

Bir neçə gündən sonra o, özü də bağa gəldi. Ancaq istirahət üçün yox, işləmək üçün. Bağa gələn kimi Cəfər mənə dedi: - Sonası, teatrın yubileyi münasibətilə artistlərin həyatından bir əsər yazıram. Mənim üçün burda şərait yarat ki, işləyə bilim.

Bağda bir otağımız var idi. Ona görə də biz günümüzü əsasən kölgəliklərdə keçirir, otağı Cəfərin ixtiyarına verirdik. Bir gün səhər Cəfər qan-tər içində otaqdan çıxdı. Bərk həyəcanlı idi. Səbəbini soruşdum. Dedi:

- “Dönüş”ün bir yerini – Gülərin səhnəyə gəldiyi yerini nə qədər düzəldirəm olmur, “Oqtay”dakına oxşayır.

O gün Cəfər səhərdən axşama kimi əlini ağdan-qaraya vurmayaraq, hey fikirləşirdi. Bir-iki gündən sonra mən ondan soruşdum ki, ay Cəfər, nə oldu, Gülərin səhnəyə gəlməsi yerini düzəldə bildinmi, daha “Oqtaya” oxşamır ki? O gülüb dedi:

- Əlbəttə, düzəltdim, daha heç bənzəmir.

“Dönüş”ü yazarkən baş verən bir hadisə də bugünkü kimi yadımdadı. Cəfər həmişə işləyəndə çoxlu çay içərdi. Bu, onun ürəyinə zərər idi. Bir dəfə ona dedim ki, ay Cəfər, çayı az iç, bağ yeridir, qəndimiz azdır. Bir az sonra mən Cəfər üçün ikinci stəkanı gətirəndə o, mənə bir kağız uzatdı. Kağızda belə yazılmışdı:

“Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün.

Bağ yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən say gətir mənimçün”.

Cəfər bağda “Dönüş”ü yazıb qurtardı və Bakıya apardı. Oradan göndərdiyi başqa bir məktubunda yazırdı:

“Pyesi artistlərə oxudum. Bəyəndilər. İndi o yanını, bu yanını düzəltməklə məşğulam, bir də “1905-ci il”i məşq eləyirik. Məndən nigaran qalma, burada birtəhər dolanıram. Ürəyim ağrıyırdı. Soyuq dəymişdi, sonra da isti idi. İndi babatdır, yəni yaxşıdır. Sabah bizim vıxodnoydur.

Çox çalışdım bugün gəlim, mümkün olmadı, pyes gecikər. Ayağımı bir addım bir yana atmağa qoymurlar. Güman ki, gələn vıxodnoy gələrəm. Uşaqları yerimə öp. Baqi salam”.

“Dönüş”də Cəfər teatrın, demək olar ki, bütün işçilərinin hərəkətlərindən, davranışından istifadə etmişdi. O özü deyərdi ki, mən bu əsərdə dram teatrının qapıçısından tutmuş, direktoruna kimi hamını təsvir etmişəm, hamının xasiyyətini, hərəkətlərini, davranışlarını nəzərə almışam.

Təsadüfi deyildi ki, pyes tamaşaya qoyulandan sonra artistlər arasında dedi-qodu başlanmışdı. Bəziləri narazılıq edirdilər. Hətta bir dəfə teatrın qocaman artistlərindən Bağır Cabbarzadə mağazada mənə rast gəlib dedi:

- Sona bacı, Cəfər qardaş məni təzə əsərinə niyə yazıb?

- Səni? Hansı əsərinə? – deyə, ondan soruşdum.

- Bəs sən bilmirsən, Sona bacı? O “Dönüş”dəki Xosməmməd mənəm də. Sən uşaqlarının canı, Cəfərə deyinən o rolu pyesdən çıxartsın.

Mən Bağırın şikayətini Cəfərə dedim. Cəfər cavab verdi ki, Bağır niyə inciyir? Orada bir o yox, bütün artistlər, rejissorlar, bəzi yazıçılar da var. Hətta mən özüm də varam. Burada inciməli bir şey yoxdur ki? Nə var, onu yazmışam. Eləməsinlər, yazmayım.

“Dönüş” əsəri 1932-ci ildə tamaşaya qoyuldu. Əsər tamaşaçılar tərəfindən yaxşı qarşılandı.

“Dönüş”dən sonra Cəfər “Yaşar”ı yazdı. Bu pyes Cəfərin son dram əsəridir. Cəfər bu əsərin üzərində çox inadla işləyirdi. O, “Yaşar”ı bir həftəyə yazmışdı.

Səhər tezdən gecə yarıyadək otağa çəkilib çölə çıxmırdı. Çay-çörəyini də orada yeyib-içirdi.

Bir dəfə Cəfər evdə işləyərkən nə üçünsə mən otağa getdim. Cəfər otaqda gəzişib əlləri alnında nə isə fikirləşir, bəzən ayrı-ayrı cümlələri də bərkdən təkrar edirdi. O, məni otaqda görüb incidi, dedi ki, niyə otağa gəldin, fikrimi dağıtdın, daha işləyə bilmirəm. Həqiqətən, o gün Cəfər yazmadı. Bir az bizimlə söhbət etdikdən sonra, qalxıb işə getdi. Evə gələndən sonra yenidən işə başladı.

“Yaşar” pyesi yazılıb qurtarmışdı. O günlərdə Cəfərin yaxın dostu, bəstəkar Asəf Zeynallı vəfat etmişdi. Asəf Zeynallını dəfn etdikdən sonra Cəfər, o zaman redaksiyada işləyən bir yoldaşla evə gəldi. Çörək yeyəndən sonra ikilikdə əsərin bəzi yerlərini oxudular. Durub işə gedəndə əsəri də özləri ilə apardılar.

Cəfər evə gələndə gördüm ki, şalvarının dizləri gedib, əli-qolu sıyrılıb. Səbəbini soruşduqda belə cavab verdi:

- Sonası, soruşma, evdən çıxıb hər ikimiz tramvaya mindik. Tramvaydan düşüb bir qədər getmişdik ki, gördük, portfel yoxdu. Sən demə, o elə bilib ki, portfeli mən götürmüşəm, mən də elə bilmişəm ki, o götürüb. Düşdük, bu tramvayların dalınca. O tramvaydan bu tramvaya mindik. Hətta Karl Marks meydançasının yanında az qalmışdı ki, tramvayın altına düşüm. Tramvay sürənlərdən portfeli soruşdum, gördüm deyən olmadı. Axır ki, öz mindiyimiz tramvayı birtəhər tapdıq. Tramvaysürən dedi: “Cəfər, portfelinizdən tanıdıq ki, sizinkidir, verdik Baksovetin qabağındakı tramvay məntəqəsinə. Oraya yüyürdük, portfelimi həmin məntəqədən tapdıq. Yaxşıdır ki, tapdıq. Əgər tapmasaydım, bəzi “dostlarım” deyəcəkdilər ki, Cəfər əsəri bilə-bilə itirib. İkinci dəfə də mən onu yenidən, o cür yaza bilməzdim...

“Yaşar” oxunub teatr tərəfindən bəyənildi və tamaşaya qoyulması qərara alındı. Tamaşanın quruluşunu rejissor Varşavskiyə tapşırmışdılar. Səftər Turabov da quruluşçu rejissorun laborantı idi. Cəfər özü ilə Səftəri götürüb mağazaları gəzir, müxtəlif kimyəvi maddələr alır, təcrübələr keçirirdi. Əsərin laboratoriya səhnəsidəki partlayışların hamısını Cəfər özü düzəltmişdi.

Nəhayət, “Yaşar” tamaşaya qoyuldu və böyük müvəffəqiyyət qazandı.