Elektron ədəbiyyat və sənət portalı

“Molla Nəsrəddin”in poçtundan

Bölmə: Ədəbiyyat 08.01.2016

...Bax, bizim bir müəllimimiz var, bir  də görürsən ki, əlində bir kitab gəldi birinci klasa dərs verməyə. Əvvəl deyir ki, bu, şəriət kitabıdır, özünü də türk alimi sizlərdən ötrü lap ana dilində yazıbdır, çox da asandır. Başlayır dərsə, deyir ki: “...Onun əvamir və nəvahisini əxz və tələqqi edib xəlayiqə yetirsin, zira ki, xudavəndi-həkimə rəva və şayistə deyil ki, xəlqi zaye və mühmil qoya”. Bizi azca qalır yuxu aparsın. Bir də deyir ki: “...Cümlə əvsafi-həmidədə səraməd olub əxlaqi-rəzilədən ari və bəri ola”.

Durur beynimiz qaralmağa. O başlayıb deyir ki, “gərəkdir xilqəti eyblərdən və əmrazi-misriyyə və mütənəffirədən ari olub... və illa onun üçün qəlblərdə məhəl qalmayıb mətlub müntəfi olur”.

Qulaqlarımız taq-taq başlayır taqqıldamağa. Deyirik: “Cənab müəllim, bunlar nə dilidir?” Başlayır acığı tutub çığırmağa: “Bunlar xalis türk dili, lap ana dili, nə olacaq?” Deyirik: “A kişi, insaf elə! Vallah, nə bizim analarımızın belə dili var, nə də nənələrimizin!” Bunu da söyləyəndə acıqlanmış durub gedir ikinci klasa, əlində bir qeyri kitab.

Hə, hə... bizim də birimiz dalınca xəlvətcə gedib qapının dalından qulaq asırıq ki, görək orada nə olacaqdır. Elə içəri girən kimi başlayır: “Bu kitab lap türk ana dilindədir. Özünü də bir nəfər çox fikriaçıq və elmli türk müəllimi sizlərə ana dili öyrətmək üçün yazıbdır, qulaq asın!” Başlayır oxumağa, deyir: “”Ğərabət” bir ləfz və ya ibarə ki, qulağımıza ağır gəlir və onlar ilə ünsiyyət olmayıbdır, onlara “ğərabət” deyilir. Asari-ədəbiyyata istemalı adət olmayan ərəb və fars və ya əcnəbi istilahı “ğərabət”ə səbəb olur. Məəhaza türkün dilində mənaya kifayət edəcək qədər bir lüğət olduğu surətdə onun əvəzində... “ğərabət”dəndir”.

Bu halda şagirdin biri: “Müəllim, “istemalı” nə deməkdir?” Müəllim: “İşlətməyi” deməkdir. Şagird: Pəs “məəhaza” nə deməkdir?” Müəllim: “Bununla belə” deməkdir. Şagirdlər: “Bunlar nə dilidir?” Müəllim: ”Ərəb dilidir.” Şagirdlər: ”Pəs əgər “işlətməyi” və “bununla belə” yazsaydı, nə olardı? Yoxsa mənaya kifayət edəcək qədəri lüğət deyillər?” Müəllim: ”Həyasızlar, kəsin səsinizi!..

Müəllim genə başlayır: “...Vəzifeyi-bəşəriyyənin icrasına ol kəs müqtədir ola bilər ki... məlumatı kamil, əxlaqi-həsənəsi ali ola... Səbinin hissiyyati-heyvaniyyəsinə və ehtiyacati-cismaniyyəsinə xələl... kibi qəliz xörəklər verəsən, ol vəqt tiflin mədeyi-zərifeyi-zəifəsi bişəkk pozulub bədəni dəxi əlacpəzir olmayan mərəzlərə mübtəla olacaqdır”.

Şagirdlər qalırlar məəttəl və axırda biri cürət eyləyib deyir: ”Cənab müəllim! Bunları heç qana bilmədik, pəs bunlar nə dilidir?”

Rəhmətliyin oğlu müəllimin durur acığı tutmağa, başlayır ağzına gələni deməyə ki, a həyasızlar, öz ana dilinizi bilmədiyiniz bəs deyil, hələ bir başlayırsınız kitab yazana da irad tutmağa?

...İndi, ay Molla əmi, biz qalmışıq məəttəl. Bari sən bizi başa sal görək, bu dil nə dilidir. Vallah, billah biz anamızdan bu sözlərin birini də eşitməmişik.

Aman günüdü, a Molla əmi, bizə bir cavab.

Uşaqlar.

1907, 8 (ixtisarla).

***

Bakıdan idarəmizə bu məzmunda məktub gəlib:

“Biz pervi russki-tatarski uşkolanın pasledni klasının uçenikləri qaspadin Molla Nəsrəddindən prasit (təvəqqe) edirik ki, bizim bu jalobamızı (şikayət) öz jurnalında napeçat (çap) eləsin: biz səhərlər prixadit eləyirik uşkolaya, görürük ki, uşkolanın diverləri (qapıları) papiratdı (bağlıdırlar).İstər dojd (yağış) yağsın, istər qar yağsın, istər veter (yel) olsun, biz gərək tri (üç) çaşa (saat) duraq uşkolanın dverinin (qapılarının) qabağında və uçtelin qorxusundan asmilitsa (cürət) eləyə bilmirik qapını istuçat (döymək) edək. Nakanets (axırı) uçtel qapını atvarit (açıb) eləyir, yey boq (vallah) gözləri elə şişmiş olur ki, krasni yablokaya (qırmızı almaya) oxşayır. Bizə deyir, ay isvoloçlar (əclaflar), məni niyə bespokoyit (narahat) eləyirsiz? Axı mən gecə çetıre çasada yatmışam. Biz soruşuruq: Çetıre (dörd) çasaya (saata) kimi niyə ispat eləmirsən, neujeli (məgər) əhya saxlayırsan? Uçtel bizə hirs ilə otveçat (cavab) eləyir: İsvoloçlar, kakoye vam delo (Əclaflar, nə işiniz var)?”

Hərçənd, bu məktubu biz məcmuəmizdə çap eləyirik və lakin şagirdlərin gileyinə biz şərik deyilik: məktubun imla və inşasından hər bir insaf əhli təsdiq edə bilər ki, millətimizin balaları heç olmasa ana dilimizi örgənməkdə artıq tərəqqi edirlər.

1906, 5.