Elektron ədəbiyyat və sənət portalı

“Bahalıqdan şikayətlənən oxucuya haqq qazandırmamaq olmur”

Bölmə: Ədəbiyyat 31.08.2015

“Bakumoz” kitab evində ayaq saxladıq. Kitab evinin meneceri Fərid Kərimov bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi. Həmsöhbətimiz deyir ki, “Bakumoz”da 4 dildə kitab satılır: Azərbaycan, türk, rus və ingiliscə...

Onun sözlərinə görə, son zamanlar türkcə kitablara tələbat çoxalıb. Bu da səbəbsiz deyil: “Türkiyədə kitab sahəsi o qədər inkişaf edib ki, dünyada bu sahədə onluğa düşüb. Hətta kitab biznesində Rusiyanı da keçib. Həmçinin türkcə kitabların tərcümələrinin keyfiyyəti də yaxşıdır. Eyni zamanda, azərbaycanlılar türk dilini yaxşı başa düşürlər, bu dildə oxumaq onlara rahatdır. Ən əsası isə, türk kitabları ucuzdur”.

 

“Rus dilində kitablara maraq azalıb”

 

Müsahibimizin dediyinə əsasən, rusca kitablara, ümumiyyətlə, maraq azalıb: “Rusdilli kitablar bahadır. İngilis kitabları əslində ucuzdur, amma karqo qiyməti və digər amillər qiyməti artırır”.

Fərid Kərimov deyir ki, dünya təcrübəsinə əsasən, mağaza heç vaxt gedib nəşriyyatdan kitab götürmür: “Nəşriyyat özü kitab mağazalarını çap məhsulları ilə təmin edir. Yaxud bu işi yayım şirkətləri görür. Bizi bəzi nəşriyyatlar özləri təmin edir, bəzilərindən isə kitabı gedib özümüz götürürük. Ya da müəlliflər kitablarını gətirir.

“Şərq-Qərb” nəşriyyatı, demək olar ki, kitab evlərinə kitab gətirmir. Ancaq xüsusi layihələr üzrə işləyirlər. “Qanun” sifariş etdiyimiz kitabları özü çatdırır. Kitabları bütün mağazalara 25 faizlə verirlər. Yəni həmin faiz bizim qazancımızdır. Məsələn, 6 manatlıq kitabı 4 manat 50 qəpiyə alırıq. Amma Türkiyədə nəşriyyatlar kitabları 40-50 faiz mağazanın xeyrinə verir. Yüksək qiymətlə aldığımızdan qiymətdə endirim etmək imkanımız olmur.

Nəşriyyat özü də endirim edə bilər. “Alatoran” nəşriyyatı 40 faizlə satış həyata keçirir. 40 faiz bizim xeyrimizə olanda, 10-15 faiz endirim etmək imkanımız olur”.

 

“Oxucuları cəlb etmək bacarığı aşağıdır”

 

Həmsöhbətimiz “oxucu yoxdur” iddiası ilə razı deyil: “Oxucu var, sadəcə kitabı onların büdcəsinə uyğun etmək lazımdır, həmçinin bizdə oxucunu kitaba cəlb eləmək bacarığı aşağıdır. Məsələn, biz bir ara əlfəcinlər hazırlatdırıb, kitabların üstündə pulsuz verirdik. Sırf əlfəcinlərə görə nə qədər müştərimiz artdı. Müştəri kitab alıb gedəndən sonra öz dost-tanışını cəlb edirdi, beləcə alıcı sayı artırdı. Baxın, Türkiyədən kitablar gələndə üstünə konfetlər əlavə edirlər. Hamısı müştəri məmnuniyyəti üçündür, oxucunu nə iləsə çağırmaq lazımdır.

 

“Kitablar çox bahadır”

 

Azərbaycanlı oxucunu türk, rus oxucusu ilə müqayisə etmək düzgün deyil. Bizdə kitabı imkan daxilində almaq istəyirlər, amma kitablar çox bahadır. Bahalıqdan şikayətlənən oxucuya haqq qazandırmamaq olmur. Amma biz nəşriyyat deyilik axı, endirim edək... ”

Gəlib çıxırıq kitablarının satışı ilə özləri məşğul olan azərbaycanlı müəlliflərə...

Müsahibim Fərid Kərimov bildirir ki, müəlliflərlə işləmək bir qədər çətin olur, çünki elə onlar da nəşriyyatlar kimi faiz söhbətində əllərini qısırlar: “Elə müəllif olur, deyir, kitabı 20 faizlə verirəm. Eləsi də olur, faiz söhbəti eləmir, deyir neçəyə satırsız-satın. Amma elə deyil axı, kitabın bütün kitab evləri üçün standart qiyməti olmalıdır. Artıq endirim edib-etməmək kitab evinin öz işidir. Elə müəllif olur, deyir ki, mənim üçün əsas satış yox, tanınmaqdır. Bu təbəqəyə gənclər və universitet müəllimləri aiddir”.

 

Oxucuyla müəllif münasibətləri

 

Fərid Kərimov bu yerdə Azərbaycanda yayım şirkətinin olmaması probleminə də toxunur: “Kitabın yayımı ilə ayrıca qurum məşğul olmalıdır. Dünya təcrübəsində müəllifin düşüb kitab paylaması, sonra hesabat aparıb onun pulunu yığması kimi bir şey yoxdur”.

Həmsöhbətimiz deyir ki, kitab satışının az olmasında bir səbəb də piarın düzgün təşkil edilməməsidir. O, kitab satışının yüksəlməsində oxucuyla müəllif münasibətlərinin səmərəli təşkilinin vacibliyindən bəhs edir: “Bizdə müəlliflər kitabını yazıb, oturur evdə ki, kitabım satılacaq. Heç kim əziyyətə qatlaşmaq istəmir. Sosial şəbəkələr kitabların təbliğində böyük rol oynayır. 

Məsələn, Xaled Hüseynin birinci kitabı məhz sosial şəbəkələr hesabına səs-küy doğurduğundan, artıq “Min möhtəşəm günəş” kitabı çıxanda oxucuların hamısı aldı. Amma üçüncü kitabda onun marketinqi zəiflədi və kitabın satışı aşağı düşdü. Çünki oxucuları eyni mövzuyla yordu.

Müəllif fəal olmalıdır. O, bir dəfə tanındısa, həmişə oxucusu olacaq. Bizdə yazarlar bir-birləri ilə mübahisə edirlər, kitab da qalır kənarda.

Bizim yazarlar kitabları çox satılsın deyə, erotik mövzulara müraciət edirlər. Kitabın üstünə erotik şəkillər vururlar. Amma əvvəlkindən fərqli olaraq, indi oxucunu aldatmaq asan deyil. Oxucular əsasən dünya ədəbiyyatının mütaliəsi ilə bağlı məsləhət almaq istəyirlər. Bizimkiləri soruşan yoxdur. Ümumiyyətlə isə, azərbaycanca olan kitablara maraq azdır. Məsələn, eyni kitabın həm Azərbaycan, həm türk dilinə tərcüməsi varsa, oxucu türkcəni seçir”.

 

Tərcümənin səviyyəsi

 

Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə səviyyəsi də kitab sahəsində problemli məqamdır. Kimsə hər hansı xarici dil fakültəsini bitiribsə, bu o demək deyil ki, bədii əsər tərcümə edə bilər... ”

Yeri gəlmişkən, bu gün Azərbaycan oxucusunu narahat edən məsələlərdən biri də kitabların poliqrafik baxımdan keyfiyyətsizliyidir: “Doğrudur, bu fikirlə razıyam. Məsələn, “Qanun”un ən zəif nöqtəsi kitablarının tez cırılmasıdır. Oxucular nəşriyyatın əməkdaşlarına ən çox bu iradı tuturlar. Biz bir ara oxuculara icarəyə kitab verirdik, bir həftənin içində cırılırdı, oxucuları qınaya da bilmirdik. Çünki kitabların keyfiyyəti aşağı idi”.

SEVİNC