Elektron ədəbiyyat və sənət portalı

20 Yanvar şəhidləri şahidlərin yaddaşında

Bölmə: Tarix 15.01.2016

Bakı xəstəxanalarının həkimləri  o müdhiş gecəni belə xatırlayırlar.

Vüqar Yusifzadə - 1 saylı Kliniki Xəstəxananın (1990-cı ildə Semaşko adına xəstəxana) həkimi: 

20 yanvar gecəsi mən Salyan kazarması tərəfdə idim. Hərbi məktəbin ərazisindən tanklar çıxırdı,  onların lyuklarında gənc əsgərlər vardı. Zabit bizə yaxınlaşdı və tanklara yol verməyimizi istədi. Biz məktəbin qarşısındakı asfaltın üzərində oturduq. O zaman əsgərlər bizə tərəf bir neçə tüstü şaşkası atdılar. Külək tüstünü dağıdanda gördük ki, bizdən 50 addımlıq məsafədə əsgərlər dayanıblar. Zabitin komandası eşidildi və avtomatların tətikləri şaqqıldadı.

Əsgərlər “Ura”, “İrəli” çığırtıları ilə təxminən qırx nəfərlik, içərisində qadınların da olduğu dəstənin üzərinə şığıdılar. Panika yarandı və biz qaçmağa başladıq. Arxamızca güllə səsləri eşidildi, bir neçə nəfər yaralandı. Mən kolluqların arasında gizlənə bildim və öz gözümlə gördüm ki, əsgərlər yaralılara yaxınlaşır, onları süngü-bıçaqla vururlar.

Beləcə yolu açdılar, sonra tanklar torpağa uzanmış insanları əzərək hərəkətə keçdi.

Eldar Əliyev - Kliniki Eksperimental Cərrahiyyə İnstitutunun həkim-anestezioloqu:

Yanvarın 20-də, gecə şəhərdə atışma başlayan kimi, şəxsi maşını olan bir çox cərrahlarımız dərhal işə gəldilər. Yaralılar gecə saat birdən sonra daxil olmağa başladı və ilk əməliyyat saat ikidə aparıldı. Bütün gecəni bir-birinin ardınca cərrahiyyə əməliyyatı aparırdıq. Səhərə yaxın öyrəndik ki, şəhərin digər mərkəzi xəstəxanalarında da vəziyyət eyni cür olub.

Cahangir Hüseynov - Təcili Tibbi Yardım Xəstəxanasının o zamankı baş həkimi:

Yanvarın 22-də xəstəxanamızda 176 yaralı vardı, onlar iki sutka ərzində bizim cərrahların əməliyyat etdiyi xəstələr idi.

Elə bircə bu məqam, mərkəzi mətbuatın qoşunlarının Bakıya girməsi zamanı guya cəmi yüz nəfərin yaralanması barədə yaydığı xəbərlərin yalan olduğunu göstərir.

Yaralılardan başqa, xəstəxanaya öldürülmüş insanların meyitləri gətirilirdi, yanvarın 20-də səhərə yaxın 30 meyit gətirdilər. Yaralılardan da hər gün ölən olurdu.

Nüşabə Əsədzadə - həkim-terapevt:

Meyitləri hamam otağına yığır, sonra morqa daşıyırdılar. Yanvarın 20-nə keçən gecə saatbasaat yaralıların sayı daha da artırdı. Bütün kabinetlərdə, hətta sarğı və qəbul otaqlarında da cərrahiyyə əməliyyatları aparılırdı.  Çünki yer yox idi, yanvarın 20-də səhərə yaxın və  sonrakı günlərdə də yaralı axını güclənirdi.

Ədalət Rüstəmov - Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı:

Yanvarın 20-də gecə saat düz birin yarısı xəstəxanada işıqlar söndü. Biz əməliyyatları həyata keçirmək üçün şam yandırdıq, sonra kerosin lampası gətirdilər. Xoşbəxtlikdən, xəstəxananın öz generatoru vardı və tezliklə onu işə sala bildik.

  1. Hüseynov - cərrah:

Mən 35 ildir cərrahiyyə əməliyyatı aparıram, bu dünyada çox şey görmüşəm, amma belə yaralılarla həyatım boyu rastlaşmamışdım. Yanvarın 20-də daxil olan yaralıların nəinki daxili orqanları, hətta sümükləri də bircə güllə ilə dağılmışdı.

Fuad Əliyev - patoloqoanatom:

Yanvarın 20-də, günorta bizim morqa 85 meyit gətirildi. Onların 75-i kürəyindən güllə yarası almışdı. İkisi döyülməkdən dünyasını dəyişmişdi, altısını BTR əzmiş, bir neçə nəfər kəsilmiş-deşilmiş yaralardan və ya süngü zərbəsindən ölmüşdülər. 19 nəfər güllə yağışına tutulmuşdu, ölənlərdən birinin üzərində altı güllə yarası saydıq. Atəş yaxın məsafədən açılmışdı, məqsəd, hərbçilər demiş, onları tam məhv etmək idi. 

Fuad Abdullayev - Mirqasımov adına Klinik Xəstəxananın həkimi:

Mən həmin gecə növbətçi idim və gördüm ki, hərbçilər bizim tibb bacılarını və həkimləri yaralılara və ölülərə yaxın getməyə qoymur.
Xəstəxanamızın binası qarşısında və ovaxtkı XI Qızıl Ordu abidəsinin yaxınlığında yaralı və ölü sayı çox idi, şəhərə hücum edən tanklar əhaliyə burada atəş açmışdılar.

Cahangir Atakişiyev - həmin xəstəxananın həkim-uroloqu:

Biz Fuadla cərrahiyyə şöbəsində növbə çəkirdik. Atışma başlayanda mən xəstəxananın damına qalxdım. Oradan XI Qızıl Ordu abidəsinin qarşısında dairə vurub, atəş açaraq və insanları əzərək şəhərin müxtəlif prospektlərinə istiqamət götürən tanklar yaxşı görünürdü. Həmin abidə qarşısında çox adam həlak oldu. Toplaşan adamlar tərəfindən tanklara bircə güllə də atılmadı. Qurbanların sayı çox idi, çünki abidə qarşısındakı meydan böyük idi və tankdan qaçıb gizlənməyə imkan yox idi. Tanklar heykəlin yanından uzaqlaşan kimi biz yaralıları xilas etməyə atıldıq. Gecə saat birin yarısından başlayaraq, yaralılar daxil olmağa başladı. Odlu silahla yaralananlardan başqa, qazla zəhərlənmə əlamətləri olan xəstələr də vardı, onlarda qusma, gözlərin sulanması, qanlı öskürək, boğulma halı müşahidə olunurdu. Bir yaralının qarın nahiyəsini kəsən kimi, bütün əməliyyat otağı zəhərli qaz qoxusu ilə doldu. Məcburən əməliyyatı dayandırıb otağın havasını dəyişməli olduq. Səhərə qədər işlədik, yaralı axını yalnız səhər saat altıya yaxın səngidi.

Bizim tibb bacılarından biri yaralıları xəstəxanaya aparanda odlu silahdan açılan gülləyə tuş gəlmişdi.

O vaxt bizim şöbəyə 38 yaralı daxil oldu, onlardan altısı əməliyyata qədər keçindi. İki nəfər əməliyyat zamanı öldü. Travamotologiya şöbəsinə həmin gecə 40 yaralı gətirdilər, hamısı gənclər idi, ən böyüyünün  30 yaşı vardı.

  1. Qasımov - Respublika Xəstəxanasının 1990-ci ildə baş həkimi:

Yanvarın 21-də xəstəxanada sarğı materialı, antibiotiklər, ağrıkəsicilər bitdi. Bircə qan çatışmazlığı problemi yox idi, yanvarın 20-də səhər saatlarından insanlar dəstə-dəstə qanköçürmə stansiyasına gəlirdilər. Bizim xəstəxanaya da qan verməyə gələnlər vardı, tibb bacıları və həkimlərimiz də çoxlu qan verdilər. Ağsu, Beyləqan, Şamaxı və respublikanın digər şəhərlərindən olan həmkarlarımız bizi dərman və əməliyyatlar üçün lazım olan digər materialla təmin etdilər. Moskvadan və SSRİ-nin digər şəhərlərindən heç bir yardım olmadı. Yanvarın 25-də reanimasiyada o qədər yaralıdan cəmi 3 nəfəri qalmış, qalanları cərrahiyyə şöbəsinin palatalarına köçürülmüşdü. Yanvarın 25-də  bütün səylər ona yönəldilmişdi ki, sovet qoşunlarının ehtimal edilən yeni hücumlarına hazır olmaq üçün dərman toplayaq.
Həkimlər hesab edirdilər ki, bu ehtimal çox yüksəkdir. Yanvarın 20-də günorta üç minədək adam qan vermək üçün bizim laboratoriyaya müraciət etmişdi. Biz 145 nəfərdən qan götürüb, qalanlarını respublika qanköçürmə stansiyasına göndərdik.

Soltan Əliyev - həmin xəstəxanaın baş həkim müavini:

Yanvarın 20-də bölmələr üzrə növbətçilərdən başqa, həkim və tibb bacılarından ibarət 31 briqada yaratdıq, onlar bir-birini əvəz edərək gecə-gündüz xəstəxanada növbə çəkməli idilər. Bakının bütün iri xəstəxanaları bu cür iş qrafikinə keçmişdi. Biz dərman, ağrıkəsici, əməliyyat materialları ehtiyatını artırdıq  və yaralıların yeni axınına hazırlaşdıq. Xoşbəxtlikdən, bu, baş vermədi. Yeni kütləvi yaralı axınının qəbuluna hazırlıq prosesi olmasaydı, bizim bir çox həkim və tibb bacılarının stressli vəziyyəti bir az da gərginləşəcəkdi. Yanvarın 20-də cərrahların şahidi olduqları mənzərə o qədər dəhşətliydi ki, onları keçirdikləri psixoloji şokun fəsadlarından yalnız yeni dalğaya yüksək hazırlıq tədbirləri görmək xilas edə bilərdi.

 

İstintaq komissiyası

1990-cı ilin 22 yanvar Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında 20 yanvar hadisələrinin araşdırılması üzrə istintaq komissiyası yaradıldı. Bu komissiya yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin və  Daxili İşlər Nazirliyi qoşunlarının Azərbaycan vətəndaşlarına qarşı törətdikləri  qanlı qırğının təşkilatçı və icraçılarının aşkarlanması vəzifəsini qarşıya məqsəd qoymuşdu.

İstintaq komissiyasının müavini Tamerlan Qarayev danışır:

Komissiyada Ali Sovetin deputatları, ictimaiyyət nümayəndələri, səhiyyə, ədliyyə, daxili işlər nazirləri, Ali Sovetin sədri iştirak edirdilər. Komissiyaya təkcə Bakıdan deyil, bütünlükdə respublikadan məlumatlar daxil olurdu.

Ölüm şəraitləri çox müxtəlif idi. Bəziləri evdən çıxmadan həlak olmuşdular.

12 yaşlı Larisa Məmmədova atəş səsləri eşidib eyvana qaçmış və  gülləyə tuş gəlmişdi. Atası onun dalınca yüyürmüş, o da yaralanmış və huşunu itirmişdi. Qızının öldüyü barədə xəbəri, ata xəstəxanaya çatdırılanda almışdı.

Sonrakı günlərdə də çoxlu ölən və yaralanan olmuşdu. Əsgərlər dinc insanlara təkcə komendant saatı başlayandan sonra deyil, gündüz də atəş açırdılar.

Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsinin jurnalından 23 yanvar tarixli çıxarış:

“Yanvarın 23-də səhər saat 10.00-da döş qəfəsindən güllə yarası almış  10 yaşlı Samirə Bağırova xəstəxanaya daxil olub. Saat 14.00-da boynundan güllə yarası almış 12 yaşlı Gültəkin Paşayeva xəstəxanaya gətirilib”.

Tamerlan Qarayevin sözlərinə görə, 1990-ci ilin yanvarında dinc vətəndaşların həlak olması faktı ilə bağlı Bakı Hərbi Komendaturasında heç bir cinayət işi açılmayıb. Bircə istisna “BTR”in içərisində Elmi Tədiqat İnstitutunun alimlərinin olduğu avtomobili əzməsi hadisəsi ilə bağlıdır.

(Davamı gələn sayımızda)

Şirin MANAFOV