Elektron ədəbiyyat və sənət portalı

Vanununun həbsi

Bölmə: Tarix 31.12.2015

İsrail müstəqillik alan andan yeni dövlətin başçısı Ben-Qurion ən yaxın vaxtda nüvə silahına malik ölkələr sırasına qoşulmağı milli prioritetə çevirdi. Bu istiqamətdə ilk əhəmiyyətli addım 1955-ci ildə atıldı. O vaxt Birləşmiş Ştatlar prezidenti Duayt Eyzenhauerin təşəbbüsüylə İsrail 5 meqavatt gücündə bir nüvə reaktoru aldı. Bu reaktor hərbi istiqamətdə nəsə bir ciddi iş görmək üçün həddindən ziyadə gücsüz idi. Bundan başqa, dinc məqsədlər üçün istifadə olunmalı həmin reaktor, amerikalıların özü tərəfindən müntəzəm yoxlamalara məruz qalırdı.

Bir müddət sonra İsrailin baş naziri Şimon Peres əsl diplomat, kəşfiyyatçı, silah alverçisi kimi hərəkət edərək Fransadan 24 meqavattlıq nüvə reaktoru almağa müvəffəq oldu. Məhz o vaxtdan İsraildə nüvə silahının hazırlanması yolunda konkret iş başlandı. Amma ölkənin öz içində nüvə silahına yiyələnmək planları heç də birmənalı qarşılanmadı. Təsəvvür edin ki, nüvə problemləriylə məşğul olan komissiyanın səkkiz üzvündən yeddisi hökumətin bu qərarına etiraz əlaməti olaraq istefa verdi. Amma bunun nüvə proqramının aqibətinə heç bir təsiri olmadı, kütləvi qırğın silahına yiyələnmək istiqamətində çoxdan müəyyənləşdirilmiş addımlar tam məxfilik şəraitində atılmağa başladı...

(Əvvəli ötən saylarımızda)

Məqalənin nəşrinə iki gün qalmış qəzet materialları yekun rəy üçün İsrail səfirliyinə göndərildi. Orada isə elan etdilər ki, bu, yalan məlumatdır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Bundan savayı səfirlik təkzib verərək, Vanununu heç bir məxfi işə icazəsi olmayan əhəmiyyətsiz bir əməkdaşı kimi təqdim etdi.

Lakin həddindən artıq narahat olan səfir bu barədə İsrailin baş naziri Şimon Peresi məlumatlandırdı.

Peres də öz növbəsində bütün İsrail mətbuatının rəhbərlərini iclasa toplayaraq tapşırdı ki, ingilislər bu yazını dərc edəndən sonra, heç bir reaksiya göstərməyərək, sussunlar. Jurnalistlər baş nazirə söz verdilər. Amma bu yığıncaq haqda da xəbər Londona sızdı. Təkcə belə bir iclasın keçirilməsi, orada baş nazirin tapşırığı “Sandi tayms”ın redaktorlarını əmin etdi ki, hazırladıqları yazı həqiqətən əhəmiyyətlidir. Əgər Şimon Peres bu dərəcədə narahat olursa, deməli, materiallar əsl sensasiya yaradacaq!

Lakin Şimon Peresin dərdi yalnız bu materialların yayılmaması deyildi; o, həm də günahkarın cəzalandırılması üzərində düşünürdü. Baş nazir “Mossad”a MorduxayVanununu həbs edərək, İsrail məhkəməsi qarşısına çıxarmaq əmri verdi. O, mütləq öz layiqli cəzasını İsraildə almalı idi! Lakin kəşfiyyatçılara xəbərdarlıq edildi ki, əməliyyat əsnasında Böyük Britaniya qanunlarını heç bir vəchlə pozmasınlar. İngiltərənin baş naziri Marqaret Tetçerin nüvə silahının yayılması məsələsində necə sərt mövqedə durduğunu Şimon Peres yaxşı bilirdi...

“Mossad”ın qarşısında asan vəzifə qoyulmamışdı, lakin onlar Britaniya xüsusi xidmət orqanlarındakı həmkarlarının köməyinə ümid edirdilər. Bununla yanaşı, Vanununu tanıyanlardan onun barəsində məlumat yığılır, zəif cəhətlərini müəyyən etməyə çalışırdılar.

“Mossad” agentlərindən ibarət böyük bir dəstə Londona yola düşdü. Müşahidə qrupunun agentləri Morduxay Vanununun “Santi tayms”ın yerləşdiyi binadan çıxmasını qeydə aldı və izləyərək qaldığı oteli müəyyən etdi. Bundan sonra artıq onu gözdən qoymadılar. Vanununun keçmişini öyrənib, Londondakı davranışını izləyərək bəlli etdilər ki, qadınlarla arası sazdır...

Londondakı məşhur diskotekalardan birinin qarşısında Morduxaya çox gözəl bir qız sırıdılar. Vanunu ona ilk baxışdan vuruldu. Qız onunla görüşə məmnuniyyətlə çıxır, amma yatağa girməyə qəti razılıq vermirdi: “Mən səninlə yalnız Romada yatağa girəcəm!”

“Sandi tayms”dakı dostları onu fikrindən nə qədər daşındırmaq istəsələr də, alınmadı. Onlar Vanunuya həmişə deyirdilər ki, İngiltərədən çıxmasın, təyyarəyə minməsin, qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsini göstərməli olduğu yerlərdə, yəni otel və pansionlarda qalmasın...

Qızın adı Sindi idi – Sindi Hanin. Amma əslində, bu xanım “Mossad” agenti Ben Tov Çeril idi; İsrail hərbi kəşfiyyat orqanı “Aman”ın əməkdaşlarından birinin arvadı...

“Sindi” Romaya iki bilet aldı və oradakı “sakit, təhlükəsiz pansionda” otaq sifariş etdi. “Xoşbəxt cütlük” Romaya çatan kimi, birbaş həmin pansiona yollandı – yəni “Mossad”ın konspirativ mənzilinə.

Romaya yola düşməmişdən Vanunu redaksiyaya zəng çalıb demişdi ki, şəhərdən çıxır və üç gündən sonra qayıdacaq. Amma nə 3, nə 33 günə onu Londonda görən olmadı. Yalnız 40 gündən sonra, 1986-cı il noyabrın 9-da İsrail Nazirlər Kabinetinin katibi Eliakim Rubinşteyn belə bir bəyanat verdi: “Morduxay Vanunu məhkəmə orderi əsasında İsraildə həbsdədir. Onun həbsi barədə qərarın çıxarıldığı məhkəmədə müttəhimin hüquqları özünün seçdiyi vəkil tərəfindən qorunurdu...”

***

Vanununun oğurlanması haqda çoxlu versiyalar yayılıb və təbii ki, onlardan bəziləri “Mossad”ın “mətbəxində” hazırlanıb. Versiyalardan biri onun Fransanın cənubunda artıq beynəlxalq sulara çıxmış bir yaxtada həbs olunduğunu deyir. Digər versiyaya əsasən isə, Parisə uçarkən ona təyyarədə yuxu dərmanı veriblər, sonra da İsrailin “El-Al” şirkətinə məxsus laynerdə Təl-Əvivə gətiriblər. Yaxta məsələsi daha bir versiyada hallanır, amma Vanunu guya həmin yaxtaya elə İngiltərədə minib və bu əməliyyatdan diqqəti yayındırmaq üçün həmin sahillərin yaxınlığında bir neçə İsrail yaxta və kateri dolaşırmış...

Qaçırılmasının bəzi cəhətlərinin ictimaiyyətə açılmasına Morduxay Vanunu özü kömək etdi. Onu Yerusəlimdə məhkəməyə apararkən ovcunu polis avtobusunun pəncərəsinə dirəyərək mətbuat nümayəndələrinə xəbər ötürdü. Ovcunda bu sözlər yazılmışdı: “Romada 30.09.86, saat 21.00-da qaçırılmışam. Romaya 504 nömrəli reyslə gəlmişdim”.

Morduxayın qardaşı Meyr onunla həbsxanada görüşərək, sonradan qaçırılmasının bəzi detallarını aydınlaşdırmaq üçün xaricə getmişdi. O öyrənmişdi ki, “Sindi” ilə Morduxay taksidə “pansion” yerləşən ünvana yolanıblar. Mənzilə daxil olan kimi, qollarını iki israilli buraraq, onu yerə yıxıb, “Sidi” isə damarına güclü yuxu dərmanı yeridib. Qollarına qandal vuraraq, onu limana aparıblar, yeddi gündən sonra isə gəmiylə İsrailə çatdırıblar...

Elə həmin günlərdə “Sandi tayms” “İsrail nüvə arsenalının sirləri” başlıqlı geniş yazı dərc edir...

Jurnalist araşdırması nəticəsində aydın olur ki, oktyabrın əvvəlində Romadakı İsrail səfirliyi bir avtofurqon kirayələyir. Avtomobili geri qaytararkən onun spidometrindəki artıq göstərici düz İtaliyanın La Spesiya limanınadək olan məsafənin iki mislinə bərabər olub. Bundan belə bir nəticə çıxırdı ki, Vanunu limana həmin avtofurqonla aparılandan sonra maşın Romaya qayıdaraq sahibinə təhvil verilib.

Avtofurqon limana çatanda marşrutu dəyişərək, bu limana məxsusi göndərilmiş İsrail gəmisi “Tappuz” artıq orada imiş. Belə güman etməyə əsas var ki, məhbusu İsrailə elə həmin gəmi aparıb. Britaniya jurnalistləri “Sindi”nin əsl adını müəyyənləşdiriblər. Sən demə, o, əməliyyat zamanı əmisi qızının sənədlərindən istifadə edibmiş. Bütün bu faktlar: avtofurqonun kirayələnməsi, gəminin marşrutunun dəyişdirilməsi, qohumun sənədlərindən istifadə olunması ona dəlalət edir ki, bu əməliyyatı ya diletantlar həyata keçirib, ya da vaxt azlığından ona ciddi hazırlaşmaq mümkün olmayıb...

Lakin qaliblər mühakimə olunmur! Bu əməliyyat uğurla başa çatmışdı.

P.S. 1988-ci il mart ayının 24-də Morduxay Vanunu dövlətə xəyanətdə, məxfi məlumatların qəsdən yayılmasında və casusluqda ittiham edilərək 18 il həbs cəzasına məhkum edilir. Onun sonrakı taleyi haqda heç bir məlumat yoxdur.

Vanununu qaçıran xanıma gəlincə, o, öz əriylə bir yerdə 1997-ci ilədək Amerikanın Florida ştatında yaşayıb...

SON