Elektron ədəbiyyat və sənət portalı

İncilər yaradan rejissor

Bölmə: Mədəniyyət 31.12.2015

- Rasim, günəşin istisi məni birtəhər elədi, yoruldum deyəsən, icazə versəydin dincələrdim bir az, - rejissor sözünə ara verib cib dəsmalı ilə üzünün tərini sildi, - bu epizodu özün çək, mən getdim ləpədöyənə...

Operator Rasim Ocaqov gözlərini qıyıb gülümsündü. Əslində, 46 yaşlı məşhur rejissordan bu tapşırığı eşitmək xoş idi. Amma operator bilirdi ki, bu “günəş istisi”,“yorulmaq” söhbəti bir bəhanədir. Çünki bütün varlığı ilə kinoya, yaradıcılığa bağlı olan rejissor Həsən Seyidbəylidən kimsə hələ “yoruldum” kəlməsini eşitməmişdi. Müdrik sənətkarın məqsədi Rasimi gələcək rejissor kimi müstəqil qərar verməyə alışdırmaq, onun mürəkkəb kino dünyasında daha da püxtələşməsinə şərait yaratmaq idi.

H.Seyidbəyli Azərbaycan kinosuna pafosdan uzaq, həyati kino estetikası gətirmişdi. Həsən müəllim, eyni zamanda, şəxsiyyət idi və buna görə də sevilirdi. Xüsusən də gənc rejissorlara dəstək olduğundan, hamı onunla işləməyə can atırdı. Günlərin bir günü Rasim Ocaqova da bu xoşbəxtlik nəsib oldu: ona Həsən müəllimin çəkdiyi “Sən niyə susursan” filmində quruluşçu operator işi həvalə edildi.

- Baş üstə, Həsən müəllim, necə məsləhət bilirsiniz.

Rasim nəsə soruşmaq istədi, amma rejissor artıq çəkiliş meydançasından uzaqlaşmışdı...

1966-cı ilin qızmar yay günü olsa da, “Sən niyə susursan” filmi üzərində gərgin iş gedirdi. Son epizodlar Xəzərin sahilində - Nardarandakı köhnə balıq vətəgəsində çəkilirdi. Əslində bu kino əsəri Həsən müəllimin böyük və inanılmaz səyi nəticəsində ərsəyə gəlmişdi.

H.Seyidbəyli mülayim, həssas, bir qədər də romantik baxışları ilə fərqlənirdi. Bir çoxları onu dünya şöhrətli italyan rejissor Federiko Fellininin layiqli davamçılarından sayırdı. H.Seyidbəyli də bu ustad rejissora rəğbətini gizlətmirdi, filmlərində Fellininin dəstixəttindən bəhrələnirdi. “Möcüzələr adası”nı bu ruhda çəkmişdi, elə növbəti film də Seyidbəylinin bu məktəbə bağlılığını nümayiş etdirməli idi.  

H.Seyidbəyli 1920-ci ilin dekabrında Bakıda doğulub. Uşaqlıqdan kinoya, ədəbiyyata böyük marağı olub, yaradıcılığa şeirlə başlayıb. Moskva Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. İlk təcrübə filmləri böyük uğur qazanıb. 1943-cü ildən Bakı kinostudiyasında işləyən H.Seyidbəyli bir sıra rəngli kinooçerklər, qısametrajlı filmlər çəkib.

H.Seyidbəyli son dərəcə həssas, duyumlu, yurdsevər, torpağa bağlı bir şəxsiyyət idi. Bu gün də onun bir rejissor kimi çəkdiyi, ssenaristi olduğu filmlərə baxanda gizli mətləblərlə böyük mənalar bildirməsi tamaşaçını heyrətləndirir. Çox haqlı olaraq deyirlər ki, H.Seyidbəylinin bədii əsərləri, filmləri milli tariximizin bədii salnaməsidir.

 Onun ssenarisi əsasında “Doğma xalqımıza” (1954), “Qızmar günəş altında” (1956) filmləri çəkilib. İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” kinossenarisinə kinorejissor Tofiq Tağızadə çox orijinal quruluş verdi. H.Seyidbəylinin rejissorluğu ilə doğulan və milli kino tariximizin qızıl fonduna daxil olan “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmləri böyük şöhrət qazanıb.

Onun bütün filmlərində ümumi bir ahəng var -  qəhrəmanların daxili aləmini açmağa yönələn xətlər, milli dəyərlərə üstünlük verilməsi, bədii ümumiləşmə vasitəsilə insan mənəviyyatının dərinliyinə işıq salınması ilk kadrlardan diqqəti cəlb edir. Qəhrəmanlarının mənəviyyatındakı təmizlik elə təsirli və qüdrətli verilir ki, filmdən doğan saflığa, paklığa heyran qalmaya bilmirsən.

Müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözərək ailəsini halal zəhmətlə dolandıran, Vətənin azadlığını hər şeydən yüksək tutan, sadə adamların mənəvi ucalığından söhbət açan “Bizim Cəbiş müəllim” filmində belə bir epizod var: neftçi Nəcəfzadə oğlu Namiqə xalqımızın qələbə əldə etməsi üçün Bakı neftinin həlledici rol oynamasından, neftçilərimizin gecəni gündüzə qataraq mədənlərdə çalışmalarından danışır. Maraqlıdır ki, film Moskvada təhvil verilərkən rejissora həmin epizodun çıxarılması məsləhət görülür, lakin Seyidbəyli inadından dönmür.

 “O qızı tapın” və “Xoşbəxtlik qayğıları” kinolentlərinin süjetləri isə gündəlik həyatdan götürülüb. “O qızı tapın” filmi insanları düzlüyə, doğruluğa, vicdanlı olmağa çağırır. Bu qəbildən olan filmlər insanların, xüsusilə gənclərin mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynayır və qanun keşiyində duranlara hörmət hissi aşılayır.

H.Seyidbəyli sənətdə heç vaxt güzəştə gedən adam olmayıb. Rejissora nəyi isə diktə etmək mümkün deyildi. Həmkarları onu çəkiliş zamanı çox tələbkar, nizam-intizamlı rejissor kimi tanıyırdı. Özü məsuliyyətli olduğu üçün məhz belə keyfiyyətlərə malik aktyorlara üstünlük verirdi.

Baş rolların ifaçılarını özü seçir və heç vaxt da seçimində yanılmırdı. “Nəsimi” filminə Rasim Balayevi baş rola çəkəndə hətta Mərkəzi Komitədən ona qarşı çıxmışdılar. Çoxları gənc aktyorun bu mürəkkəb obrazın öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma Seyidbəyli sözündən dönmədi və nəticədə əsər hədsiz uğur qazandı.

H.Seyidbəyli həm də görkəmli yazıçı idi. İlk kitabı - “Kənd həkimi” 1950-ci ildə çap edilib. Ömrünün sonuna kimi müxtəlif nəşriyyatlarda 20-dən artıq kitabı işıq üzü görüb. Həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzularda mükəmməl nəsr nümunələri yaradan sənətkarın “Cəbhədən cəbhəyə”,  “Tərsanə”, “Çiçək” kimi povest və romanları şöhrət qazanıb.

H.Seyidbəyli “Nəsimi”dən sonra “Babək” filmini çəkmək istədi. Hətta filmin hazırlıqlarına da başlandı. Amma gözlənilmədən filmi onun əlindən aldılar. Görkəmli rejissorun sənət uğurları bəzi bədxahlara rahatlıq vermirdi. Bağlı qapılar arxasında verilmiş haqsız qərardan keçirdiyi stress nəticəsində Seyidbəyli xəstəxanaya düşdü. Şəkər xəstəliyi də şiddətləndi və o, 59 yaşında, yaradıcılığının ən məhsuldar çağında vəfat etdi.

…1966-cı ilin qızmar yay günü. Həsən müəllim vurğunu olduğu Xəzərin ləpədöyənində aramla var-gəl edir. Bir az aralıda, çəkiliş meydançasında isə iş qaynayır. Rejissorun da bütün düşüncələri, ürəyi ordadır: “Görəsən operator son kadrları necə çəkəcək? Rasimlə (aktyor Xəyal Axundzadə) Cəmilənin (aktrisa Rəna Səlimova) hissləri lentdə necə alınacaq? Uşaqlar bacaracaqmı?

Rejissor ayaq saxlayıb dənizin sərin suyu ilə əl-üzünü islatdı. Nədənsə, birdən onu arxayınçılıq hissi bürüdü, xəfif gülümsündü və gözlərini qıyıb üfüq xəttinə baxdı…

Fərhad SABİROĞLU