Elektron ədəbiyyat və sənət portalı

Albert Eynşteynin sevimli kitabları

Bölmə: Art 01.05.2019

 

Nobel mükafatı laureatı Albert Eynşteyn (1879–1955) hansı kitablara üstünlük verirdi? Alimin qeydləri, xatirələri müsahibələri vasitəsilə bu sualın cavabını tapmaq olar. Əslində, Eynşteynin mütaliəyə münasibəti heç də birmənalı olmayıb. O deyirdi: “Müəyyən yaş həddinə çatanda mütaliə adamı yaradıcı axtarışlardan yayındırır, həddən artıq oxuyub, həddən az düşünən insan tənbəlləşir, onun yeni nələrsə yaratmaq həvəsi öləziyir”. Bununla belə, dahi fizik sevimli kitablarının adlarını qeyd etməyi də unutmayıb…

 

Migel de Servantes – “Don Kixot

Albert Eynşteyn yatmazdan əvvəl pijama geyinməyi bəzən unutsa da, Migel de Servantesin “Don Kixot” kitabını stolun üstündən götürməyi heç vaxt yaddan çıxarmazdı. O bu romanın mütaliəsindən hədsiz dərəcədə həzz alırdı. Eynşteyn hər gecə “Don Kixot”u təkrar-təkrar oxuyurdu. Alimin dediyinə görə, bu əsər onun düşüncələrinə aydınlıq gətirib:

“Bu, dramdır – ideyalar dramı. Elmlə az-çox məşğul olan hər bir kəs bu əsəri mütləq oxumalıdır”.

 

Devid Yum – “İnsan təbiəti haqqında traktat

Albert Eynşteynin şəxsən özünün etirafına görə, Devid Yumun bu əsərinin ona böyük təsiri olub.

 

İmmanuel Kant – “Saf düşüncənin tənqidi

Eynşteyn alman filosofunun bu şah əsərini yüksək dəyərləndirirdi. “Tənqidin” qarşısında qoyulan əsas məsələ – insanın bilikləri yalnız empirik deyil, ondan kənar vasitələrlə də mənimsəmək iqtidarında olduğunu araşdırmaqdan ibarətdir. Filosof bu əsərdə həmçinin zaman və məkanla bağlı suallara aydınlıq gətirərək Tanrının varlığını idrakla dərk etməyin mümkünlüyünü qeyd edir.

 

Yelena Blavatskaya – “İfşa olunmuş İzida

Yelena Blavatskayanın “İfşa olunmuş İzida”sı Eynşteynin ən sevimli əsərlərindən idi. Bu kitab həmişə alimin iş stolunun üstündə olardı. Bu əsərdə magiyanın yaranması və mahiyyəti ciddi şəkildə təhlil olunur.

 

Lev Tolstoy – “Anna Karenina”, “Hərb sülh”, “Dirilmə

Eynşteyn Lev Tolstoyun romanlarına böyük önəm verir, “Anna Karenina”nı isə xüsusi fərqləndirirdi.

 

Fyodor Dostoyevski – “Karamazov qardaşları

Eynşteyn bütün həyatı boyu böyük rus yazıçısının bu dahiyanə romanını təkrar-təkrar oxumuşdu. Məşhur fizik deyirdi ki, heç bir əsər onu “Karamazov qardaşları” qədər həyəcanlandırmayıb. Bu əsərin məğzinə varmaqda ona öz hissləri – parlaq və sevinc dolu hissləri yardımçı olmuşdu. Eynşteyn deyirdi:

“Bəli, məhz parlaq və sevinc dolu hisslər! Mən “Karamazovları” oxuyarkən yaşadıqlarımı ifadə etmək üçün başqa söz tapa bilmirəm. Başqalarının ədəbi əsərlərdən nələr gözlədiyini deyə bilmərəm, mənim üçün isə əsas olan mənəvi başlanğıcdır, yəni insanı daxilən paklaşdıran və ruhən ucaldan məqamlardır”.

 

B.Kovner – “None

Eynşteyn həyatının son aylarında “None”ni məmnuniyyətlə oxuyurdu. “None” başlığı altında B.Kovnerin (əsl adı Yakov Adler) öz qəzeti üçün yazdığı qısa yumoristik hekayələr dərc olunurdu. Eynşteyn bu silsilədən olan hər yeni hekayəni səbirsizliklə gözləyirdi.