Yarlıqlı adamlar

Yazarlar 31.12.2015

Söhbətimizə “YARLIQ” sözünün mənşəyini araşdırmaqdan başlasam, yəqin kimsəyə qəribə gəlməz. Məşhur Dal deyir ki, “Yarlıq” sözünün kökü qədim türk dilindəki “yerlik” sözündəndir, tatar xanlarının fərmanına ruslar “yarlıq” deyirdi. İndiki dövrdə “yarlıq”, müəyyən bir əmtəənin üstündən asılan xüsusi informasiya mənbəyidir ki, mala aid bütün məlumat – onun adı, mənşəyi, növü, materialı, rəngi, qiyməti, ölçüsü və sairə orda öz əksini tapır. İstehlakçı da malı dişləmədən dadına, əyninə geymədən ölçüsünə bələd olmaq imkanı qazanır.
Mallar çeşid-çeşid olduğu kimi, yarlıqlar da cürbəcürdür. Bir də görürsən rəfdəki malın yarlığı qopub yerə düşür. Onda nə baş verir? Həmin malın sağında, solunda duranlar diqqət mərkəzində olur, yarlığını itirmiş mal isə murdar ət kimi bir qıraqda qalıb, heç cırt atan da yoxdur ona. Niyə? Çünki biz gözlə gördüyümüzdən çox, yarlıqdan oxuduğumuza inanmağa öyrəşmişik. Bundan belə bir nəticə çıxır: yarlıq malın özündən qat-qat mühümdür. Yaxşı, tutalım, elədir, onda bəs bir malın üzərindən başqasının yarlığını assaq, necə olar? Müştəri aldanar yəqin. Deməli, yarlıq həqiqətən çox mühüm bir şeydir. Bunu aydınlaşdırdıq.
Bir yarlıq da var ki, bəşəriyyətə lap qədim zamanlardan tanışdır, amma bizdə son illər dəbə minib. Yarlığın bu növü gözlə görünmür. Görünsəydi, nə vardı ki, xoşun gəlməsə, uzaqbaşı cırıb atardın, ya da heç olmasa, başqasına dəyişərdin. Bu yarlıqlar bizlərin bir-birimizə yapışdırdığı yarlıqlardır. Arxayın olun, hamımızın varıdı. Mən, şəxsən, son illər yarlıqsız adama rast gəlməmişəm. Elə bil bizim respublikada gizli bir yarlıqvuranlar ordusu cani-dildən fəaliyyətdədir. Əgər belə olmasaydı, doqquz milyon adam bu gözəgörünməz yarlıqları daşıyardı?
Bu adam yarlıqları bir vaxtlar həm özünün, həm də cəmiyyətin gözündə şəxsiyyət olmuş, lakin belinə yarlığı minəndən sonra əmtəəyə çevrilmiş yiyəsinin dalınca kölgə kimi sürünür, üstündə yazılanlardan isə heç xəbərin də olmur – onları onun-bunun ağzından təsadüfən eşidirsən. Vallah, çoxu öz yarlığından bixəbərdir desəm, elə bilirəm yanılmaram. Özü də adam yarlıqları cürbəcür malların üstünə vurulan əsl yarlıqlardan fərqli olaraq, şəxsi keyfiyyətləri əks etdirmir, mənsubiyyətə, daha dəqiq desək, kimin adamı olmasına işarə vurur – “bu, filan hökumətin, filan dövrün adamıdır”.
Baxırsan ki, eyni yarlığı daşıyanlar arasında uzunu-gödəyi, kifiri-gözəli, varlısı-kasıbı, ağıllısı-səfehi, erkəyi-dişisi, evlisi-subayı var. Özü də yarlığından asılı olmayaraq, hamısı adamdır. Yarlıq asan məxluqdan soruşanda ki, hardan bilirsən bunun filankəsin adamı olmasını? Deyir, “görmədin o gün filankəsin vaxtını necə tərifləyirdi?” Bəlkə yazıq heç o dövrü tərifləmək niyyətində olmayıb, sadəcə, sonrakı dövrləri pisləmək üçün Ezop dililə danışmaq istəyib. Amma, çifayda, ağzını açıb nəyisə tərifləyən kimi, gözünə döndüklərim “şaa-raap!” yapışdırırlar e-e yarlığını belinə - ölənəcən daşıyacaq biçarə!
Amma məndən soruşsalar, deyərdim ki, yarlıqlara inanmayın. Bizdə hansı hakimiyyətinsə adamı yoxdur. Bizdə müxtəlif hakimiyyətlərin dövründə yaxşı yaşamış adamlar var. Burda nə var ki? Xalqı yaxşı yaşadın, hamı olsun sizin adamınız.
O ki qaldı mənə, mən yarlıqlara heç vaxt baxmıram. Malı şəxsən dişimə vurmasam, eninə-uzununa dartışdırıb yoxlamasam, yaxın buraxmaram. Sizə də məsləhətim budur: Yarlıqlara inanmayın ki, aldanmayasınız!