Elektron ədəbiyyat və sənət portalı

İlham Əliyev və ailə üzvləri Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında iştirak ediblər

Bölmə: Beynəlxalq 31.12.2015

Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. İkimərtəbəli binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətlərini əks etdirən fotostend qurulub. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər bir şagird masası son elektron texnologiyalı kompyuterlərlə təchiz olunub. Zirə Mədəniyyət Mərkəzindəki IDEA resurs mərkəzi ölkə üzrə fəaliyyət göstərən anoloji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin ideyası ilə yaradılıb. Burada qlobal iqlim, flora və fauna dəyişikliyi problemləri, kimyəvi tullantılar, ekoloji tarazlığın pozulması ilə bağlı görüşlərin, “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninqlər də keçiriləcək.

Şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən üstün elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsi ilə monitorda nümayiş olunur.

Moda studiyası da müasir tikiş avadanlıqları ilə təmin olunub. Bura dərzilik kursu, tikiş dərsləri ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır. Paltarların biçimi və tikişi kursu fərdi və qrup xarakteri daşıyır.

Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Muzeydə 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla və hanalarla təchiz olunub. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədiləcək. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.

Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. “Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin müasir texnologiya ilə təchiz olunan bu kinozalda da yayınlanması nəzərdə tutulub. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.

Nikah evində nikahların qeydiyyatı aparılacaq və bununla əlaqədar tədbirlər keçiriləcək. Yeni evlənənlərin tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi, yeni doğulmuş körpələrin qeydiyyatı da burada aparılacaq. Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.

Mərkəzdə idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulan gimnastika zalı da yaradılıb və zal Gimnastika Federasiyası tərəfindən müvafiq avadanlıqlarla təchiz olunub. Art-studiya isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclərin cəlb olunması üçün nəzərdə tutulub. Studiya zəruri avadanlıq və rəngkarlıq vasitələri ilə təchiz edilib. Burada gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili planlaşdırılır.

Elektron kitabxana mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Kitabxana xüsusi dizaynla tərtib olunub. İstifadəçilərin rahatlığı üçün kitablar sərbəst istifadəyə verilib.

Foto-video studiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Burada müasir fotostudiya - xüsusi fon pərdələri, işıq sistemi, kompyuterləşmiş foto avadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.

Zirə Mədəniyyət Mərkəzində seçicilər, qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün də hər cür şərait yaradılıb. Seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili üçün zəruri avadanlıqla təchiz olunan 60 nəfərlik konfrans zalı qurulub.

Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada Orxideya Evinin yaradılmasıdır. Ölkədə ilk dəfə yaradılan bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Zalın tərtibatında müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşüblər.