Elektron ədəbiyyat və sənət portalı

Yaddaşımızın Xocalı yarası

Bölmə: Tarix 16.07.2015

Alatoranlıqda yolboyu sürətlə yaxınlaşıb-uzaqlaşan avtomobil işıqları kimidi ömür. Nurunda aydınlanmadan yox olur. İllərlə üstündən minlərlə maşın keçmiş yollar, milyonlarla insan ötmüş cığırlar elə bilirik həmişə var, bitmir, tükənmir. Amma o da bir gün olmaya bilər, çörək kimi qurtara bilər. Ona tüpürmək günahdı, onu da çörək kimi öpüb göz üstünə qoymaq lazımdı. Ona and içmək lazımdı, əl basmaq lazımdı, ona inanmaq lazımdı. O da bizə inanmalıdır. Yoxsa dinləməz, bir gün desək ki, qarla yoldaşlıq eləməsin, hər göydən gələn müqəddəs deyil.  Bir gün yolçularını ələ verər, yolda qoyar, qanına bais olar. Yoxsa bir gün yolların boğazında haram tikə kimi ilişib qalarıq...

İnternetin axtarış proqramında nə vaxt “Xocalı” yazsanız bunlar çıxacaq: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam, şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir gün ərzində yer üzündən silinmiş şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu”.

Dəhşətlərdən canlarını qurtarmış Xocalı sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Onlarla görüşə Bakının Pirşağı qəsəbəsindəki keçmiş “Qızılqum” sanatoriyasında məskunlaşdırılmış faciə şahidləri və keçmiş əsirlərlə başladım. Ələkbərova Səidə Qurban qızının simasında elə bil faciə gecəsinin heyrəti, qorxusu həyəcanı donub qalmışdı. Hətta gülümsəyəndə belə sifətində kədərli ifadə yaranırdı.

Onunla görüşümüz sanatoriyada tikilmiş məktəbdə baş tutdu. İbtidai sinif uşaqları həyətdə oynayırdılar, dəhlizdə fotolar çəkdiyimi görəndə bir-bir qapıdan baxıb gizlənirdilər. Xoş may səhərinin günəşi sanki şəfəqlərinin bu tərəfə düşən payını yumaq ipi kimi sarıyıb götürmüşdü, soyuq, elektrik cərəyanı kimi adamı vururdu. O uşaqlara, böyüklərə, məskunlaşdıqları məkana baxdıqca evimin rahatlığı, yatağımın yumşaqlığı, xörəyimin istiliyi günah kimi beynimi, qəlbimi deşirdi. Bəlkə elə buna görə də belə üşüyürdüm. Ölüm hökmü kəsilmiş məhbusa verilən cərəyan kimi vururdu məni dəniz küləyi. Məndən başqa, deyəsən, heç üşüyən də yox idi. Onlar bir gecəni ayaqyalın, başıaçıq qurşağa çıxan qarlı yolları dayanmadan gələn adamlardır. Həmin adamların uşaqlarının oxuduğu kiçik  məktəbin qarşısındakı bayraq, ölkənin ən yüksək məkanında dalğalanan bayraqlarımız kimi parlaq, əzəmətli görünürdü.

Səidə xanım Xocalıda doğulub. Əvvəllər tibb bacısı işlədikdən sonra, Xocalı şəhərində bağça müdirəsi vəzifəsində çalışıb. İllərdi öldüsü-qaldısı bilinməyən əsir qohumlar kimi bir-birimizə sarıldıq. Məktəb müdirəsi məni öz evində qarşılayırmış kimi, çay gətirtdi. Soyuq, şəraitsiz məktəb otağında məni bircə şey narahat edirdi: İlahi, bu qadını gözlərinin içinə baxa-baxa necə danışdırım? Necə deyim ki, əsirlik xatirələrindən danışsın? Onun daxilindəki həyəcan bəlli idi, heç özüm də haradan başlayacağımı bilmirdim.

- 1991-ci ilin avqust ayından sonra Xocalıya gedən bütün yollar bağlanmışdı. Gediş-gəliş yalnız tankların köməyi ilə mümkün idi. Həmin ilin oktyabr ayında  isə Xocalının özünümüdafiə batalyonu yaranmışdı. Həyat yoldaşım Firuz Kərimov da həmin batalyonda kəndin müdafiəsinə qoşulmuşdu.  O, Xocalıda  gedən döyüşlərdə şəhid oldu. Batalyonun komandiri Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov idi. Hər axşam saat beşə qədər atışma olurdu.

Saat beşdən sonra araya sakitlik çökürdü. Bu cür həyat tərzinə öyrəşmişdik. Heç vaxt ağlımıza gəlməzdi ki, Xocalıdan çıxa bilərik, Xocalı yana bilər. Bizə deyirdilər ki, Bakıdan kömək gələcək, Xocalı müdafiə olunacaq. Düzdür, Bakıdan iyirmi bir nəfər könüllü gəlmişdi. Amma bu heç nəyi həll etmirdi. Bircə ədəd BTR, beş-altı avtomat, bir də ov tüfəngi ilə silahlanmışdılar. Hadisə baş verməmişdən üç-dörd gün əvvəl şəhərdə olduqca qəribə sakitlik hökm sürürdü. Düşünürdük ki, görəsən, bu sükutun səbəbi nədir, bundan sonra nə baş verə bilər? Yanvar ayının 21-də dağdan atılan “Alazan” mərmisi evimizin üstünə düşdü. Mərmi pəncərədən keçib qayınanamın qolunu aparmışdı. Xocalıya gələn bir vertolyot yanvarın 28-də Şuşada vuruldu. Bundan sonra heç kəs vertolyota minmək istəmirdi.  Fevral ayının 11-ri, 12-si son vertolyotla anamı göndərə bilmədim, dedi, uşaqlarımı qoyub gedə bilmərəm.

Hər axşam qardaşımın maşın qarajında qalırdıq. Gündüzlər hərə öz işini görürdü, gecələr, kimin zirzəmisi, qarajı var idisə, orda gecələyirdi. Gecə saat doqquz, on olardı, qarajdaydıq. Gördük atışma səsləri gəlir. Bizimkilərin hamısı postda dayanmışdı. Elə bilirdik ki, elə əvvəlki kimi atışma olub keçəcək. Sonra gördük, yox, ermənilər eyni vaxtda dörd tərəfdən kəndə hücum ediblər. O zaman batalyonun döyüşçülərinə əmr vermişdilər ki, camaatı kənddən çıxarsınlar, ara sakitləşəndən sonra camaat evlərinə qayıdar.

O gün də qar çox yağmışdı. İşıq yox idi. Kəndin mərkəzindəki məktəbin zirzəmisi olduqca dərin idi. Biz məktəbin zirzəmisində də, univermağın zirzəmisində də gizlənməyi düşünürdük. Amma kənddən çıxmağı hələ də ağlımıza gətirmirdik. Düşünürdük ki, gedib orda gizlənəcəyik, səhər açılan kimi, kəndə, evimizə işimizi-gücümüzü görməyə gələcəyik. Bu fikirlə məktəbin zirzəmisinə yığışdıq.

Bizdən sonra kənddən çıxıb gələnlər, yerli əhalini daşımağa kömək edən hərbçilər deyirdilər ki, burda qalmaq mümkün deyil. Bu dəfə ordan çıxıb univermağın zirzəmisinə gəldik.

Univermaq Əsgərana daha yaxın idi, kəndin aşağı tərəfində yerləşirdi. Oradan bir yol keçir, sonra Qarqar çayı, daha sonra Kətiy meşəsidir. Gecə saat ikiyə kimi üç kəndin camaatını univermağın zirzəmisinə yığdılar. Dedilər ki, artıq kənddə qalmağın heç bir mənası yoxdu. Gəlin Kətiyin meşəsi ilə camaatı çıxaraq Ağdama. Kimisi kənddən çıxmağa razı oldu, kimisi razı olmadı. Fikirləşirdik ki, bəlkə bizə kömək gələr, bir yolla erməniləri Xocalıdan uzaqlaşdırarıq.

Milli ordunun əsgərləri dedilər ki, biz bir BTR-lə heç cür müqavimət göstərə bilmərik. Biz gecə saat ikidə Qarqar çayından meşəyə keçdik.

Mən, anam, milli qəhrəman Tofiq Hüseynovun həyat yoldaşı olan bacım. Anamı kürəyimə götürdüm ki, keçirdim. Anam onda deyirdi ki, kəndin başqa tərəfində yaşayan bacıların  orda qaldı. Dedim, narahat olma, gəl səni keçirdim, yəqin, onlar da keçiblər. Çayı keçəndən sonra geri boylandıq ki, artıq kənd yanır. Yaşlı adamlardan ikisi bunu görəndə oradaca ürəyi partlayıb ölmüşdü. Təsəvvür edin, filmlərdə olduğu kimi, güllələr başımızın üstündən keçirdi, raketlər yanımızda-yörəmizdə partlayırdı, amma bizə heç nə olmurdu. Qara bata-bata, min bir əziyyətlə meşəni keçdik.

Bu müsibətdə anam, bacım, yaxınlarımla bir-birimizi itirdik. Ayılanda artıq sakitlik idi. O vaxt ordumuzun əsgərləri bizə ürək-dirək verirdilər ki, sizə yolu keçməyə kömək edəcəyik. İki yüz-üç yüz metr hündürlükdə olan dağı enib, bir də yenidən qalxmaq lazım gəlirdi.

Səhərə yaxın idi. Biz Uzundərə deyilən yerdən keçən vaxt BTR gəldi və projektorlarını yandırıb hər tərəfi işiqlandırdı. Ermənilər bizim ordan keçəcəyimizə əmin idilər. Çünki bilirdilər ki, Əsgərandan keçə bilmərik. Televiziyalarda, fotolarda çəkilmiş məkandan aşağıda düz yol var idi. Ən çox adamı orda qırdılar. O yolu qəsdən açıq qoymuşdular. Çünki qaranlıqda öldürmək mümkün deyildi, kol-kosun arasında gizlənirdik. Adamları qırmağa başlayanda, o dağın döşündən neçə metr aşağı yumalandığımı bilmirəm, onda gördüm ki, arxın içinə düşmüşəm.

Arxın içi ilə sürünə-sürünə bəlkə də on kilometr getmişdik. Başını qaldıran adamı vururdular. Hər dəfə geri baxanda görürdün ki, kimsə yoxdu. Qarşıda bir kol var idi ki, onu keçsək, Qara Qayanın arxasında olacaqdıq. Milli ordunun əsgərləri bizi orda gözləyirdilər. Bu vaxt doqquz nəfər erməni başımızın üstünü kəsdirib, qalxmağımızı tələb etdilər. Yanımızda o qədər ölən vardı, seçə bilmirdik ki, kimin meyitidi. Buna görə də ölüm adiləşmişdi. Ayağa qalxmaq istəmirdik. Yanımızda iki-üç uşaq var idi - biri qarşımda, ikisi arxamda. Mənə yalvarırdılar ki, nə olar, Səidə müəllimə, qalxaq ayağa. Biri deyirdi, anamı da öldürüblər, biri deyirdi, bacımı öldürüblər, nə olar, bizi də öldürməsinlər. Uşağın ümidi var idi ki, ayağa duracağıq, ermənilər bizi öldürməyəcəklər.

Bizi tutan erməni dəstəsindəki oğlanın biri Bakı ermənisi idi.

Dediyinə görə,  Nəsimi bazarının yanında yaşayırmış. Bizim əsgərlər qayanın başından güllə atırdılar ki, ermənilər bizi əsir götürməsinlər. Aramızda çox az məsafə var idi. Onlar atanda ermənilər aşağı uzandılar, bizi ayaq üstə saxladılar ki, atılan güllələrə tuş gələk. Sonra bizimkilər atışmanı dayandırdılar. Heç kəs kefindən əsir düşmür. Mənim corablarımın altı buz bağlamışdı. Yeriyə bilmirdim. Əyildim ki, yerdən bir dəmir parçası götürüb buzu təmizləyəm. Erməni gəlib ayağıma təpik vurub, dəmiri əlimdən aldı. Bizi donuz fermasına yığdılar. Dedilər, kimin nəyi varsa, qızıldan, puldan çıxarsınlar.

Mən heç nə götürməmişdim. Bircə yoldaşımın isti gödəkcəsini götürmüşdüm, onun da cibində avtomatının patronları vardı. Fikirləşirdim ki, patron qurtaranda ərimə patron verim. Kimidən pul, kimidən qızıl aldılar. Yanımdakı altı yaşlı qız uşağının qulağındakı sırğanı açmadıq. Bizi tutan dəstədəki ermənilərin də gözündən yayındı. Əsgərandakı körpünün üstü ilə gedəndə yerli sakinlər bizi daş-qalaq eləməyə başladılar. Kimin əlinə nə düşürdü atırdı. Düzü, əsgərlər onlara mane olmağa çalışırdılar. Gördülər ki, biz bu baş-qalağın arasından salamat çıxmayacağıq, hamımızı bir yerə toplayıb aşağı oturmağımızı tələb etdilər. Özləri də qabağımızda dayandılar ki, ara sakitləşsin. Adamlar dağılışandan sonra bizi Əsgəranda polis şöbəsinə apardılar. Biz on bir nəfər idik.

Çatanda gördük ki, içəri  əsirlərlə doludu. Hər dəstə tutduğu əsirlərin qənimətini özünə götürürdü.

Polis bölməsində bir nəfər olduqca əsəbi halda gəlib bizi təpiklə-şilləylə döyməyə başladı. Bizi söyürdü, deyirdi ki, bütün günah sizdədi, hamısını siz eləmisiniz. Sonra baxdı ki, uşağın qulağında sırğa qalıb. İstədi qızın qulağına əl atsın, dedim, qoy mən sırğanı çıxarım. Müdaxiləm o an ağır gəldi. Əlinin arxası ilə gözümün üstündən vurdu. Amma sırğanı uşağın qulağından özüm açdım. Bizi donuz damına salanda gördüm içəridə hamı zığın-palçığın içindədi, adamları bərk döymüşdülər. Bizdən qabaq gələnlərin içində nə qədər qadın-uşaq var idi. Orada iyirmi yaşlı cavan oğlanın əlini biləkdən güllə aparmışdı, qan içindəydi.

Yaylığımı açıb onun qoluna bağladım. Təsəvvür edin, o ağrı ilə o adam dözüb dayanmışdı. Meyitlər gələndə atasıgil onu mənim yaylığıma görə tanımışdılar.

Əsirlikdə kimisə bir gülləylə vurub öldürməklə onların ürəyi soyumazdı. Meyitləri yığıb tankla üstündən keçirdilər. Əsgərandan gələn meyitlərin sümükləri qırıq-qırıq idi. İşgəncə verilmiş, tanınmaz hala salınmış meyitlərimizi əsirləri ilə dəyişirdilər. Bir gün gəldilər ki, içinizdən bir qadın, bir kişi keçsin o tərəfə, desin ki, bizim meyitləri versinlər, sizi buraxaq. O vaxt iki nəfəri azad elədilər...

Mən yaylığımı oğlanın qoluna bağladığıma görə yaşlı qadınlardan biri öz yaylığından birini açıb vermişdi ki, başımı bağlayım. Bir də bir köhnə kürk tapıb əynimə keçirdim, yaşlı qadınların arxasında sıxılıb gizləndim. Ermənilər qocaları döysələr də, gənc qızları, qadınları axtarırdılar.

Ona görə gizlənmişdik ki, bizi pəncərədən baxanda, qapıdan girəndə görüb aparmasınlar. Ananın yanında balasını onlar bir tərəfə dartdı, biz bir tərəfə. Ermənilərdən başqa rus tankçıları da tankın üstündən baxırdılar, cavan adam gözlərinə dəyən kimi gəlib aparırdılar. Ərinin yanından arvadını çəkib aparırdılar. Bəzən deyirlər ki, yaxşı ki, mən əsir düşməmişəm. Heç kəs kefindən əsir düşmür. Hətta bir müddət utanırdıq deyək, əsir düşmüşük. Elə qadın olurdu ki, beş kişi birdən dartıb aparırdı. Qapıda dayananların bəziləri insaflı olurdu. Onlar bəzən qoymurdular.

Meşədə döyüşüb itki verən ermənilər daha vəhşiləşmiş halda içəri soxulurdu. Onlar daha çox əzab-əziyyət verirdilər, istər kişilərə, istər qadınlara. Kişiləri saxladıqları otaqda bir tərəfdə döyürdülər, uşaqlara bir tərəfdə işgəncə verirdilər.

Səs-səsə qarışırdı. Ermənilərin arasında əksəriyyətinin əynində ərəblərdəki kimi uzun paltarlar geyinmiş silahlılar vardı. Muzdlu əsgərlər idilər. O vaxt dedilər ki, Livan erməniləridi. Fikirləşdik ki, niyə bu qədər əsiri iki erməni meyitinə dəyişsinlər? Dedilər, dünyanın dörd tərəfinə yayılacaq ki, bunlar uşağı, qocanı da öldürüblər, həm də burda muzdlular vuruşub, bizi tez dəyişdilər ki, səs çıxmasın. Ayın on altısında Qaradağlı hadisəsi olmuşdu, mən ordan əsir düşmüş qadınlarla birgə azad olundum. Əvvəlcə bir maşın adam aparıb azad elədilər. Fevralın iyirmi yeddisində, gecə saat on birdə on nəfər də çıxdı. Gənc qadınlar ayağa durmağa qorxurdular ki, tutub aparacaqlar. Analar qızlarını elə bürümüşdülər ki, ayağa duranda elə bilsinlər qoca arvaddı. Biz də elə bürünmüşdük ki, onlar həmin gecə qaranlıqda heç kəsi tapa bilməyib, çıxıb getdilər. Ermənilərdən bəziləri isə onları bayıra çıxardırdılar.  Döysələr də, incitsələr də, bizi dəyişəcəkdilər deyə, başqa halların olmasına mane olmağa çalışırdılar. Hər dəfə hardasa qadınlar, kişilər qışqırdıqca Allaha yalvarırdım ki, anam, bacılarım meşədə ölsünlər.

Biz Ağdama keçən gecə qonşu deyəndə ki, meşədə ananı vurublar, ölüm xəbərini olduqca rahat qarşıladım. Bacılarımın və bacımın iki balasının öldüyünü isə səkkiz ildən sonra bildik. On səkkiz il biz onları girov bilmişik. Çünki onları nə Xocalıda, nə meşədə, nə də meyitlərin arasında görən olmayıb. Onları rus jurnalisitin çəkdiyi fotoda tanıdıq. Bizi Xocalı İcra Hakimiyyətinə dəvət elədilər ki, onların kimliyini təsdiq edək. Orda bacımın birinin ürəyi getdi. Biri çox pis oldu. Mən isə çox sakit qarşıladım. Allahın bu gününə şükür. On səkkiz il əsirlikdə qalmağın nə demək olduğu məlumdur?

...Ermənilər gəldilər ki, on nəfər çıxsın, maşına sarı getsin. Onda mən qapıdan sivişib çıxdım. Təsəvvür edin, qapıdan maşın dayanan yerə qədər on metr məsafə vardı. Maşına qədər olan məsafədə kişilər dayanmışdı. Fikirləşirdim ki, hər an kimsə qolumdan dartıb məni aparacaq. Onlar elə hey söyürdülər, təhqir edirdilər. Büzüşə-büzüşə gedib köhnə UAZ-da, yenə yaşlıların arxa tərəfində oturdum. Elə bu vaxt bir erməni gəlib əlini uzatdı qabağa, sonra nə fikirləşdisə geri çəkildi. Yola düzəldik. Bir az getmişdik ki, bir erməni dedi bir qadına söz verib ki, onları azad etməyə kömək göstərək. Yenidən həmin yerə qayıtdıq. Həmin qadını iki uşağı ilə götürüb yenidən yolumuza davam elədik. Amma onlar maşına oturanda dedilər ki, Sumqayıtda erməniləri yandırdığınız kimi, biz də sizi yandırmağa aparırıq. Yolda pivə zavodundan benzin götürdülər. Onda əmin olduq ki, bizi yandırmağa aparırlar. Onsuz da, daha bizim üçün heç bir fərqi yox idi. Sakitcə oturmuşduq. Maşın bir yerdə dayandı. Pəncərədən baxdım ki, irəlidə nəsə bir qalaq şey var. Düşündüm ki, bunlar, yəqin, bizdən qabaq gedən adamların meyitləridir. Sən demə, kisələrə qum yığıb səngər düzəldiblərmiş. Bizi düşürdülər, dedilər, gedin. Fikirləşdik ki, indi, yəqin, bizi arxadan güllələyəcəklər. Hamımız vahimə içində addımlayırdıq. Çünki maşın dayanan kimi, beş-altı əli avtomatlı erməni də düşdü. Bir gözümüz arxada getdik. Gördük qabaqda bir avtobus dayanıb. Bizdən irəlidə gedən adamlar da avtobusun içərisində idilər. Fikriləşdik ki, yəqin, bizi yığıb Ermənistan həbsxanasına aparırlar. Deyilənə görə, o vaxt Vitalik adlanan erməni ilə rəhmətlik Allahverdi Bağırovun danışığı əsasında əsirlər iki erməni meyiti ilə dəyişdirilmişdi. Beləliklə, Ağdama gəldik. Martın on doqquzuna kimi, gah Xalq Cəbhəsinin binasına, gah məscidə gedib doğmalarımızı qayıdan əsirlərin, meyitlərin arasında axtara-axtara qalmışdıq. Hər gün səksən, doxsan meyit gəlirdi. Martın on doqquzunda anamın, Tofiq Hüseynovun, əmim qızının, əmim oğlunun meyitləri gəldi.

Birinə bir güllə dəyib ölmüşdüsə, əlavə döşünü-başını kəsirdilər. Avtomatın süngüsü ilə cəsədi deşik-deşik edirdilər. Həyat yoldaşımın cənazəsi gələndə onun paltarında otuz süngü yeri vardı. Bir dəfə uşaq su istədi. Uşağı göndərdilər ki, get, vedrə ilə su gətir. Palçıqlı, qarlı suya uşağın başını basıb çıxarırdı ki, susamışdın, al, bu da su. Saçımızdan tutub sürüyürdülər. Hərə öz hayında olurdu, heç kəs, heç kəsə kömək edə bilmirdi.

Orada bir döyüşçü vardı. İndi yoldaşı Goranboyda yaşayır. Ermənilər biləndə ki, o Laçındandı, qəzəblənmişdilər ki, sən Laçından bura bizimlə döyüşməyə gəlmisən? Onu orda öldürdülər. Soruşurdular ki, sən nə işləyirdin. Eşidəndə ki, tibb bacısıyam, hiddətlənirdilər. Deyirdilər, necə yəni siz orada bizim gülləylə vurduğumuz azərilərə yardım edirdiniz?

Hə, çox əziyyət çəkdik... amma...

Susdu. Araya sanki Xocalı faciəsinin əks-sədası kimi sükut çökdü...