Elektron ədəbiyyat və sənət portalı

Sənə aslanım deyən...

Bölmə: Ədəbiyyat 18.12.2015

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə.  Gərdişin əli hər yerdən üzüləndə, dünya  qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə klassiklərimizin tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, sənətkarlarımızın əsərlərindən örnəklər verməyi planlaşdırmışıq. Azərbaycan ədəbiyyatının görkəmli ədiblərindən olan İsmayıl Şıxlının “Sağsağan” və “Sənə Aslanım deyən...” hekayələri ilə missiyamızı davam etdiririk.

***

Adı dünyada yayılmış Diziaynalı pəhləvan bu gün şahın hüzüruna gələndə baş əymədi. Vəzir-vəkili də saymayıb, dərhal yuxarı keçdi. İçəridəkilər onu gözaltı süzsələr də, qorxularından heç nə demədilər. Bilirdilər ki, şah istəkli pəhləvanına söz deyənin boynunu vurdurur.

Diziaynalı, adəti üzrə şahın sağ tərəfində əyləşdi, dəstəyinaxışlı uzun, enli qılıncını dizinin üstünə qoyub şəstlə içəridəkiləri süzdü. Şah da dinmədi. Həmişə başını tumarlayıb kürəyinə döydüyü sevimli pəhləvanının axır vaxtlar heç kəsi saymadığını, bu gün isə onun özünə belə məhəl qoymadığını görsə də, susdu. Ancaq hiss etdi ki, barmaqları şahlıq taxtının dirsəkliyini sıxdı.

- Necəsən, oğlum?

- Keyfin yaxşı olsun.

- Güləşməyə hazırsanmı?

- Güləşməyə yox, dünyanı çiynimə qaldırıb yerə çırpmağa da hazıram. Bu saat qollarımda elə güc var ki, heç kəs, heç kim qabağımda dayana bilməz!

- Yəni deyirsən, dizini yerə gətirən olmaz?

- Elə oğulu hələ anası doğmayıb.

Pəhləvan ayağa durdu. Sinəsini qabardıb şahın önündə dayandı. Onun enli kürəyi otağın yarısını tutdu. Şah pəhləvanının iri, cod əllərinə, tüklü qollarının şişmiş əzələlərinə, şüşənin altından aydın görünən diz kündələrinə, köks qəfəsinin aşağısına, qabırğalara doğru uzanan və paltarın üstündən belə aydınca hiss edilən girdə əzələlərinə və nəhayət, boynuna bitişmiş çiyinlərinə baxdı. Onun çiyni və sinəsi o qədər qabarıq idi ki, bunların müqabilində başı olduqca balaca görünürdü.

- İstəyirsən bu saat buradakıların hamısını bürüb-büküb, alım dizimin altına!

Şahın qaşları çatıldı. Sifətindən qəzəbqarışıq acı bir təəssüf keçdi:

- Lazım deyil. – Şah qəzəbini boğub zorla gülümsündü. Diziaynalı bu gülüşdəki məzəmməti duymadı. – Sabahkı döyüşdən qabaq səni bir yerə göndərəcəm.

- Hara?

- Qəbiristanlığa.

- Nə?!

Şah pəhləvanının təəccübünə əhəmiyyət vermədi. Sakitcə sözünə davam etdi:

- Gedərsən qəbiristanlığa, Rüstəm-Zalı çağırarsan.

- Ölü mənim nəyimə lazımdır?

- Gərək olar.

Pəhləvan gəldiyi kimi, gedəndə də heş kəsi saymadı.

O, şəhərin kənarındakı qədim qəbiristanlığın girəcyində ayaq saxladı. Xəfif külək yovşan qoxulu havanı onun üzünə çırpdı. Qəbiristanlıq böyük idi. Üstünaxışlı uca, iri başdaşları qibləyə üz tutaraq qatarlaşmışdı. Daşların üstünə qəbirdə yatanların sənətini bildirən şəkillər çəkilmişdi.

Pəhləvan asta və ləngərli addımlarla lal sükuta qərq olmuş qəbirlərin arası ilə ortadakı təpəyə doğru addımladı. Otlar saralmışdı. Çökmüş qəbirlərin ətrafında böcəklər dolaşırdı. O, qurumuş otların, yovşanların arası ilə addımladıqca çəyirtkələr ətrafa sıçraşırdı. Pəhləvan bəzən büdrəyib çuxura düşür, ayağının altında sümüklər ovxalanırdı.

Diziaynalı dikdirdə dayanıb nəfəsini dərdi. Nizami qoşun kimi sıralanmış başdaşılarına baxıb, əmr verir təki saymazyana qışqırdı:

- Ay Rüstəm!

Qəbir daşları tərpəndi. Müxtəlif tərəflərdən, yerin altından çıxanlar asta-asta ona yaxınlaşdılar. Pəhləvanın qarşısında dayanıb intizarla gözlədilər. Diziaynalı onları təkəbbürlə süzüb gülümsündü:

- Sizi kim çağırıb?

- Sən.

- Siz kimsiniz?

- Rüstəmik.

Pəhləvan qəhqəhə çəkdi. Əvvəlcə istədi onları qabağına qatıb qəbiristanlıqdan qovsun. Sonra fikrini dəyişdi:

- Mənə siz yox, Rüstəm-Zal lazımdır.

Ölülər daşları qaldırıb qəbirlərin altında yox oldular.

Diziaynalı pəhləvanın sükutdan qulaqları cingildədi. Üfüqə doğru əyilmiş günəşin qürub sarılığında daha vahiməli görünən başdaşılarına baxıb yenidən qışqırdı:

- Rüstəm Zal, hey!..

Onun səsi qəbir daşlarına toxunub cingildədi. Pəhləvan qulaq verib öz səsinin əks-sədasını dinlədi. Birdən ayağının altında yer titrədi. Başdaşıları silkələnib şaqqıldadı və Diziaynalı gördü ki, qəbiristanlığın aşağı tərəfindən bir təpə qalxdı və onun üstünə yeridi. Diziaynalını vahimə basdı. Dalı-dalı geri çəkilib kürəyini uca bir başdaşına söykədi. Əlini qılıncın dəstəyinə aparıb gözlədi.

Gələn insan idi. Yeridikcə dizə qədər torpağa batırdı. Onun enli kürəyi günəşin qabağını kəsdiyindən, qəbiristanlığa qaranlıq çökdü. Ətrafdakı quru otlar, yovşan kolları tərpənib xışıldadı. Elə bil külək əsdi. Diziaynalının bədənini soyuq tər basdı. Çığırmaq istədi, səsi çıxmadı.Vahiməli-vahiməli qılıncını siyirib havada yellədi. Qüvvətli bir əl onun qolunu burub yanına saldı:

- Özünü niyə itirdin?

- Sən kimsən?

- Rüstəm-Zalam.

O, kənara durdu. Pəhləvanın üzünə gün düşdü. Diziaynalı təpimiş dodaqlarını yalayıb qarşısında dayanan nəhəngə baxdı:

- Niyə torpağa batırsan?

- Görünür, torpaq yumşaqdır.

- Bəs mən niyə batmıram?

- Yəqin, mən səndən ağıram.

- Yəni demək istəyirsən ki, səndən güclüyəm?

- Bilmirəm. Hələ səninlə gücümü sınamamışam.

- Sən pəhləvansan?

Rüstəm Zal gülümsündü:

- Sözünü de.

Diziaynalı onun mehribanlığından azacıq ürəkləndi və altdan yuxarı Rüstəmin üzünə baxdı. Bu nəhəngin qarşısında nə qədər balaca və cələfsiz olduğunu dərk etdi.

- Bəs sənin sorağın niyə qulağıma dəyməyib?

- Hamı sənin kimi adlı-sanlı olmaz ki?

- Yoxsa mənim güclü pəhləvan olduğuma inanmırsan? Məni bütün dünya tanıyır. Hamı qabağımda zağ-zağ əsir. Heçə pəhləvanın kürəyini yerə vurmuşam, ancaq hələ mənim dizimi yerə gətirən olmayıb.

- Bilirəm.

- Dörd böyrək pəhləvanı mən yıxmışam.

- Bilirəm.

- Kəlboynunu da mən dizimin altına almışam.

- Onu da bilirəm.

- Haçaürək pəhləvanı necə dana boynu elədiyimi, yəqin eşitmisən?

- Eşitmişəm.

- Bəs niyə gülürsən?

- Ona görə ki, o pəhləvanlar səndən güclüdürlər.

- Necə? Məndən güclüdürlər? Bəs niyə kürəklərini yerə vurub, dizimin altına alıram? Bəs niyə qabağımda duruş gətirə bilməyib yıxılırlar?

- Şahın qorxusundan.

- Şahın buraya nə dəxli var?

- Var, əzizim, var. Əgər o sənin dalında durmasa, bircə gündə yox olarsan.

- Elə şey yoxdur. Mən özüm güclüyəm. Mənim qabağıma heç kəs çıxa bilməz. Nə qədər ad-san qazanmışamsa, özüm qazanmışam. Mənim dizimi yerə gətirən hələ anasından olmayıb. Ona görə mənə Diziaynalı deyirlər.

Rüstəm gülümsündü. Yuxarıdan aşağı baxıb qarşısındakı pəhləvanın pörtmüş sifətini, qılıncın dəstəsindən necə yapışdığını gördü. Onun xoruz kimi boynunu şax tutub dünyaya meydan oxumaq meylində olduğunu anladı. Əlini pəhləvanın çiyninə qoyub, ehmalca aşağı basdı. Diziaynalı ağırlıq altına düşmüş yay sıxılıb balacalaşdı. Nə qədər silkələndisə, çiynindəki ağırlığı ata bilmədi. Özü də hiss etmədən büzüşüb aşağı çökdü. Dizləri yerə gəldi. Rüstəm onun dizlərinin ehmalca yerə endiyini hiss edib dayandı. Bir balaca da əlinin ağırlığını salsaydı, pəhləvanın dizlərindəki aynalar sına bilərdi. Rüstəm bunu istəmədi. Əlini boşaltdı. Pəhləvanın çiynindən tutub yuxarı qaldırdı. O, sıxılmış “yay” kimi asta-asta açılıb dikəldi. Rüstəm əlini götürdü. Pəhləvan ufuldanıb dərindən nəfəs aldı. Bilmədi gözünü gün qamaşdırdı, yoxsa başının üstündə qığılcım oynadı. Özünə gələndə gördü ki, qəbiristanlığı bürüyən kölgə uzaqlaşdı. Yenə ayağının altında yer titrədi, başdaşıları silklənib şaqqıldadı, Rüstəm Zal yox oldu. Pəhləvan çiynini ovxalaya-ovxalaya onun dalınca qışqırdı:

- Sənin ki, belə gücün var, bəs niyə mənim kimi məşhur deyilsən?

Yerin altından səs gəldi:

- Sənə “aslanım” deyən mənə “pişiyim” desəydi, dünyanı çiynimdə gəzdirərdim.

Diziaynalı kürəyini söykədiyi başdaşının dibinə çömbəldi. Qolu ilə alnındakı soyuq təri sildi.

Qəbiristanlığa ağır və vahiməli bir sükut çökdü.

1974