Elektron ədəbiyyat və sənət portalı

Vanununun həbsi

Bölmə: Tarix 18.12.2015

 

Bir müddət sonra İsrailin baş naziri Şimon Peres əsl diplomat, kəşfiyyatçı, silah alverçisi kimi hərəkət edərək Fransadan 24 meqavattlıq nüvə reaktoru almağa müvəffəq oldu. Məhz o vaxtdan İsraildə nüvə silahının hazırlanması yolunda konkret iş başlandı. Amma ölkənin öz içində nüvə silahına yiyələnmək planları heç də birmənalı qarşılanmadı. Təsəvvür edin ki, nüvə problemləriylə məşğul olan komissiyanın səkkiz üzvündən yeddisi hökümətin bu qərarına etiraz əlaməti olaraq, istefa verdi. Amma bunun nüvə proqramının aqibətinə heç bir təsiri olmadı, kütləvi qırğın silahına yiyələnmək istiqamətində çoxdan müəyyənləşdirilmiş addımlar tam məxfilik şəraitində atılmağa başlandı...

Bunun üçün ilk növbədə bu sahədə artıq müəyyən nailiyyətləri olan ölkələrdən kəşfiyyat yoluyla faydalı məlumatlar ələ keçirilməliydi. O zamanadək xaricdən elmi-texniki informasiyanın ələ keçirilməsiylə “Aman” və “Mossad” adlı kəşfiyyat qurumları məşğul olurdu. Amma 1957-ci ildə Şimon Peres, Benyamin Blamberqin rəhbərliyi altında xüsusi qurum yaratdı və bu qurumun adını təvazökarcasına “Xüsusi tapşırıqlar bürosu”, az sonra isə “Elmi əlaqələr bürosu” (bu adın ivrit dilində abbreviaturası “Lakam”dır) qoydu.

“Lakam”ın yaradılması o qədər məxfi saxlanılırdı ki, ilk dövrdə İsrailin nəinki dünyadakı dostları və müttəfiqləri, hətta ölkənin təhlükəsizliyinə cavabdeh olan xüsusi xidmət orqanları belə, bundan xəbərsiz idilər...

Sonralar “Mossad”ın şefi İser Harel bu barədə belə yazırdı: “Lakam” dərin konspirasiya və məxfilik əsasında, ictimai fikri yayındırmaq yoluyla yaradılmış gizli qurum idi”.

Əslində “Lakam”ın əsas vəzifəsi nüvə reaktoru haqda məlumatların yayılmasını əngəlləmək idi.

Nüvə reaktorunun qurulması üçün Ölü dənizlə Beer-Şeva vadisi arasındakı - müqəddəs “İncil”ə görə İbrahim peyğəmbərin bir zamanlar dincəldiyi yeri – Negev səhrasını seçdilər.

Reaktorun montajında yardımı fransızlar göstərdiyinə görə, onlar öz agentlərini də işə cəlb etmişdilər.

Bu agentlərdən özünü din xadimi kimi qələmə verən biri Negev səhrasında yerləşən Dimon şəhərciyinin meri ilə sıx əlaqələr yaradır və mer, söhbətlərinin birində ağzını boş qoyaraq şəhərin yaxınlığında nüvə reaktorunun inşa olunduğunu söyləyir. Merin ağızdanboşluğu təhlükəli bir simptom kimi qiymətləndirilərək Fransa kəşfiyyatının başçılarına məruzə edilir, onlar da öz növbələrində İsrail rəhbərliyini xəbərdar edirlər. “Lakam” bu vəziyyətdən çıxış yolunu həmin yerdə toxuculuq kombinatının inşa olunması haqda şayiələr yaymaqda görür.

Lakin 1969-cı ildə Birləşmiş Ştatların U-2 kəşfiyyat təyyarəsi həmin obyektin havadan şəklini çəkir və Amerika hərbi analitikləri tikintinin nə məqsədlə aparıldığını anlayırlar. Həmin gündən Dimona şəhərində Amerika kəşfiyyatının agentura şəbəkəsi çox aktivləşir, siyasətçilər isə bu məsələdən narahatlıqlarını dilə gətirməyə başlayırlar. Həm Birləşmiş Ştatlar, həm də Böyük Britaniyanın kütləvi informasiya vasitələrində İsrailin nüvə silahı yaratmaq məqsədilə işlər gördüyü açıqlanır.

Fransa prezidenti general Şarl de-Qoll da bu məsələdən narahatlığını gizlətmir və Ben-Qurion 1960-cı il dekabrın 21-də Amerika konqresinin tribunasından bəyan edir ki, İsrailin nüvə reaktoru yalnız dinc məqsədlərə xidmət edəcək. Dünyadakı vəziyyət artıq bu məsələni gizlətməyə imkan vermirdi...

Amma həqiqət tamam başqa idi. İsrail başçısı mötəbər tribunadan dediyi sözlərlə dünya ictimaiyyətinin fikrini azdırmaq istəyirdi ki, işlərin bəlli nöqtəyə çatdırılması üçün vaxt qazana bilsinlər.

Tikilən obyektin təhlükəsizliyi və məxfiliyinin qorunması ilə kifayətlənməyən “Lakam” İsrailin digər xüsusi xidmət qurumları ilə işbirliyi şəraitində nüvə silahının istehsalı üçün zəruri olan komponentlərin axtarışına başlayır. İsrailin bir çox ölkələrdəki səfirliklərinə elmi məsələlər üzrə müşavir vəzifəsinə “Lakam”ın əməkdaşları təyin olunur. Xarici ezamiyyətlərə gedən İsrail alimləri də “Lakam” əməkdaşlarının tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə borclu idilər. Hətta iş o yerə çatmışdı ki, bəzən bu alimlərə lazımi materialların, sənədlərin oğurlanması, onların fotolarının çəkilməsi də tapşırılırdı.

Bütün fəaliyyətini nüvə silahının İsraildə istehsalını təmin etməyə yönəldən “Lakam” ilk böyük uğurunu Norveçdə qazandı: Norveç İsrailə 21 ton “ağır su”yu məxfi olaraq çatdırmağı öhdəsinə götürdü. Bu qiymətli material müharibə vaxtı Hitler Almaniyasını radioaktiv element olan deyteri ilə təchiz etmiş və buna görə ingilis diversantları tərəfindən partladılmış bir zavodda istehsal olunurdu.

“Ağır su”yun İsrailə çatdırılması məsələsini həll edən “Lakam” indi də uran axtarışlarına çıxmışdı. Bu mühüm məsələ Birləşmiş Ştatlarda “Numek” adlı korporasiya yaradan və eyni zamanda “Lakam” agenti olan Şapiro soyadlı bir iş adamına tapşırıldı. Nüvə enerjisi üzrə Amerika komissiyasının ekspertləri nə qədər çalışsalar da, “Numek” korporasiyasi vasitəsiylə xaricə uran getdiyini isbat edə bilmədilər. Amma 15 il davam edən araşdırmalar nəticəsində 587 funt zənginləşdirilmiş uranın yoxa çıxdığı aşkarlandı. Diqqətəlayiqdir ki, bu qədər uran təxminən 18 ədəd ortagüclü nüvə bombasının istehsalına bəs edərdi.

1968-ci ilin noyabrında “Mossad”la “Lakam”ın birgə əməliyyatı nəticəsində 200 ton uran filizi ələ keçirildi. Yükü Antverpen şəhərindən “İtaliyanın Genuya limanına yollanan “Şeersberq A” gəmisinə yüklədilər. Gəmi Liberiya bayrağı altında üzürdü və sənədlərə əsasən, həqiqətən Genuyaya gedirdi. Amma mənzilbaşına çatmadı və ümumiyyətlə, harasa yoxa çıxdı...

Bircə şey məlum idi ki, “Şeersberq A” hardasa Kiprlə Türkiyə arasındakı sularda o, İsrailə məxsus yük gəmisiylə görüşüb...

Bir həftədən sonra gəmi Türkiyənin İskenderun limanında reydə duranda, anbarlarında həmin yükdən artıq əsər-əlamət yox idi. Sonradan bəlli oldu ki, Liberiya bayrağı altında üzən bu gəminin həqiqi sahibi elə “Mossad” imiş...

Bu, İsrailin gizli yolla ələ keçirə bildiyi yeganə uran partiyası deyildi. “Mossad” Cənubi Afrika Respublikasından da böyük miqdarda uran filizi almağa nail olmuşdu.

Dimone reaktoru möhkəm qorunurdu. Obyekt ayrıca hava hücumundan müdafiə sisteminə də malik idi. Təsəvvür edin ki, 1967-ci ildə İordaniya üzərində döyüş tapşırığını yerinə yetirib geri dönərkən kursundan yayınan bir israil qırıcısı bu müəssisənin hava hücumundan müdafiə raketləri vasitəsiylə vurulub yerə salınmışdı...

Dimone reaktorunda çalışan hər bir işçi işə qəbul edilməmişdən yoxlanılır, yalnız bundan sonra öz dilindən məxfiliyi qoruyacağı haqda iltizam verərək işə başlayırdı. Həmin iltizamnamədə hətta öz iş yoldaşlarına belə məxfi məlumatları açdığı təqdirdə 15 il həbs cəzasına məhkum ediləcəyi barədə qeyd vardı. Ölkədəki xaricilər bu obyektə yaxın belə düşə bilməzdilər. Bir dəfə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rezidenti öz avtomobilində Dimone reaktoru səmtində hərəkət edərkən onu izləyən vertolyotun heyəti tərəfindən saxlanılmışdı. Sənədlərini yoxlayandan sonra rezidentin geri qayıtmasına icazə vermişdilər...

Amma bütün bu qorumaya baxmayaraq, məxfi obyektin işi haqda həqiqətlər dünya ictimaiyyətindən gizlin qalmadı. Bunun baiskarı isə nüvə mərkəzinin sabiq texniki əməkdaşı Morduxay Vanunu oldu...

(Davamı gələn sayımızda)