Elektron ədəbiyyat və sənət portalı

Mövlana zirvəsi

Bölmə: Elm 18.12.2015

Bir an dünyanın öz çevrəsindən çıxdığını təsəvvür edirsən. Bax, beləcə, 800 il insanların iç dünyasını öz parlaq nuruna qərq edən, ürəklərdə xoş duyğular bitirən, kiçikdən böyüyə qədər sevgi adlı möhtəşəm hissin – həyəcanın incəliyini, sirli-sehrli cazibəsini çox sərrast, ustalıqla könüllərə hopduran Əfəndimiz, ağamız Hz. Mövlana dühasının, eşqinin nuruna xələl gələrsə, elə o andaca insanın iç dünyasında aramsız döyünən qəlbi susar, dayanar.

İnsan könlünün gülüstan əlvanlığı solar. İllər, qərinələr, əsrlər ötdükcə Ağamız, Sultanımız Hz. Mövlananın böyüklüyü, ucalığı yer üzünün ən qiymətli, cilalanmış daş-qaşından üstün görünür.

Artıq 800 ildir ki, bütün türk dünyası Hz. Mövlana zəkasının işığına qızınır, ruhunda mənən rahatlıq tapır. Onun bu günə qədər miras qoyduğu lətif sözlər, kamil fikirlər, mərifət, həqiqət, gözə görünməyən varlıqlar ən dərin mənanı kəsb edir. Bəli, bu gün qəlbimizin ən parlaq günəşi, nuru Hz. Mövlananın müqəddəs adı, möhtəşəm, ölməz varlığıdır.

Mənə elə gəlir ki, günəş, ay, ulduzlar öz nurunu itirməyən kimi, Mövlana böyüklüyünün işığı da öz şöləsini itirə bilməz. Hz. Mövlana elə bir varlıq, elə bir parlaq günəşdir ki, onun yaydığı qızıl tellər min-min könüllərə sevgi adlı gözəllik bəxş edir. Onun əsərlərinin sehri insanların həyat məktəbinə çevrilir. Hər birinə düz yolun yolçusu olmaqda kömək edir. Mövlanasevərlər “Məsnəvi”nin hikmətindən, “Divani Kəbir”in coşqulu mövzusundan bəhrələnərək yüz illərdir ki, mənən təmizlənə-təmizlənə gedirlər. Hz. Mövlananın hər bir sətri, hər bir kəlməsi insanın iç dünyasının məlhəmidir.

Görün, Hz. Mövlana nə deyir: “Bir könüldə könül nuru olmadımı, o könül könül deyil”; “Bir bədəndə ruh yoxsa, o bədən torpaqdan ibarətdir”; “Könül səndən razısa, mən də razıyam. Könül səndən üz çevirmişsə, mən də üz çevirərəm”; “Süleyman Peyğəmbər o elçilərə dedi ki, ey utanan elçilər, geri dönün, altun sizin olsun: mənə könül gətirin, könül”. Nə qədər hikmətamiz, nə qədər ibrətamiz sözlərdir. Belə bir məqamda mənə elə gəlir ki, Hz. Mövlana ən qüdrətli memara dönüb insan könüllərini gözəlliklə yapır.

Və göylərin sonsuzluğundan hər birini sevgiylə seyr edir. Bu əsərlərin böyüklüyü, ucalığı ondadır ki, Hz. Mövlana Quranın aliliyini tam mənasında dərk edib, onun möcüzəli sehrindən bəhrələnərək, ölməz əsərlərini yaradıb. Hz. Mövlananı bilmək və anlamaq bəs etməz. Onu duymaq gərəkdir. Yüz illərlə onun yolunun işığı ilə gedən insanlar Hz. Mövlana gözəlliyinin ümmanına baş vuraraq incilər toplamış, könüllərdən-könüllərə çatdırmışlar. Yüz illərdi Türk dünyasının nur sultanına əsərlər həsr eləmiş, şeirlər yazmışlar.

“Mövlanadı evliya kutbu bilin,
Ne kim ol duyurdusa annı kilin.
Tanrıdan rahmetdir onun sözləri,
Körler okusa açılar gözləri”

Təbii ki, burada oğlu Sultan Veled, könül gözünün açılmasından söhbət açır. Qadın şairlərimiz də Hz. Mövlanaya bir çox şeirlər həsr etmişlər. Bunlardan miras olaraq on yeddinci əsrin şairlərindən Leyla xanımı yada salaq:

“Eseri aşkın ile şemi kamer.
Hep semain qibi dövran eyler.
Merhemet sendən olur eyle nazar,
Medet et bendene ya Həzrəti Pir”.

Bəli, şairlər, söz-sənət adamları onun hər sətrindən ruh, qida ala-ala yazıb-yaradıb. Və hər biri böyük ustadın qarşısında öz kiçikliklərini hiss edib. O vaxtlar islamda sənətə etiraz edənlər olduğu halda, mevləvilərdə sənətə böyük yer verilirdi. Bu təriqətdə gözəl əsərlərin öz qiyməti, yeri olurdu. Məsələn, Fenni Dədənin “Güldan içində çiçəklər”i, Dərviş Süleymanın gülləri və bir çox buna bənzər rəsm əsərləri yada düşür. Hz. Mövlana sənətin bütün qollarına yer verdiyi qədər, rəsmə də önəm verib. Bu böyük mürşid yalnız axirəti xatırlatmış deyil, dünyanı da sevməyi öyrətmişdir. Ümidsizlərə ümid yeri olmuş, günahkarlara təsəlli qapılarını açıq qoymuş və sevgi, şəfqət göstərmişdir...

...Hz. Mövlana haqqında cildlərlə kitablar, həyatı, yaradıcılığı ilə bağlı elmi əsərlər yazılıb. Bir çox insanlar elmlər namizədi, doktorluq elmi adına yiyələniblər. Mənim isə bu müqəddəsə sevgim tam başqadır.

Bu təmənnasız sevginin yolu o qədər mənalıdır ki, bu incə yolu gedə-gedə haqq yoluna çatmağın gözəlliyini dərk edirsən. Bu yolun əzabını, ağrısını, əlvanlığını, paklığını olduğu kimi qəbul edirsən. Qəlbinin səsini ney səsinin saf, təmiz tellərində - nəğmələrində  kökləyirsən. Tanrının eşidə biləcəyi ney sədaları altında gediləcək yol, insanlığın özüdür. İllərdi kimsədən xəbərsiz, gözəgörünməz bir xəyal kimi əlimdə əsam, bir də nəfsin açarı, Sultanım Hz. Mövlananın izinə düşüb, onun qurub-yaratdığı insanlıq bağçasına tərəf, bütün gözəlliklərdən pay ala-ala gedirəm. Və inanıram ki, bu yolun ölməzliyini, gözəlliyini qoruyan müridlər nəsil-nəsil artacaq, kamilliyin zirvəsinə ucalacaqlar. Qoy, Tanrım bu yolun yolçularına kömək olsun.

Fəridə HACIYEVA
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə