Elektron ədəbiyyat və sənət portalı

Mələyin İblis anası

Bölmə: «Aydın Yol»çular 28.12.2015

Buyaxınlarda Mingəçevir şəhərində gənc qadın körpə qız övladını parkda müvəqqəti saxlamaq bəhanəsi ilə tanımadığı başqa bir qadına verərək qaçıb.

Həmin qadın bir-iki saatdan sonra ikiyaşlı qızın anasının qayıtmadığını görərək, uşağı Mingəçevir Şəhər Polis Şöbəsinə təhvil verib. Polis əməkdaşları isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdiriblər.

Bu azyaşlı uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da dəqiq məlum deyil. Qıza Mələk adı veriblər. Həkimlərin dediyinə görə, uşaqda heç bir xəstəlik yoxdur, sapsağlamdır. Körpə Mələk hər gün “ana”, “nənə” çağırıb ağlayır...

Bax belə! İndi polis hər yerdə bu qadını axtarır. Şübhəsiz ki, qanun baxımından bu ana (əgər ona ana demək mümkündürsə) tapılıb məsuliyyətə cəlb olunmalıdır. Məncə, bu məxluq istənilən bəhanə ilə canını qurtarmağa çalışsa da, dərhal analıq hüququ onun əlindən alınmalıdır. Necə deyərlər, bəhanə qəbul olunmur!

...1941-ci ildə babam Əliabbas kişi cəbhəyə gedəndə anamın 6 yaşı olub. Fədakar dəmiryolçu tezliklə Kursk ətrafında döyüşlərdə həlak olub və ailəsinə “qara kağız”ı gəlib. 3 uşaqla dul qalan nənəm Kübarə xanım bütün ailələr kimi müharibənin ağrı-acısını kövrək çiyinlərində daşıyıb. Gecəni gündüzə qataraq xalça, cəbhə üçün yun corab və əlcək toxumaqla məşğul olan bu qadın, balalarını min bir zillətlə ərsəyə çatdırıb, onlara mükəmməl təhsil verib. Anamın dediyinə görə, gənc yaşlarında dul qalmış anasına çoxlu evlilik təklifləri olub. Lakin nənəm öz övladları naminə bütün elçiləri naümid qaytarıb. Anam xatırlayır ki, nənəm günlərlə ac qalıb, alın təri ilə qazandığı bir parça çörəyi balalarına yedirdib.

Bəli, azərbaycanlı analar, qız-gəlinlər belə fədakarlıqlar göstərib. Bu epizodu nəyə görə xatırladım? Əminəm ki, körpə Mələyin adını bilmədiyim anası tapılsa, onun ilk bəhanəsi bu olacaq ki, dolanışıq çətindir, uşağa baxa bilmirdim, məcbur qaldım və sair... Mən bu qadına bəzi məqamları anlatmaq istərdim.

Çətinliklə, maddi problemlərlə istənilən adam rastlaşa bilər. Məgər bu, övladı atmaq üçün səbəb sayıla bilərmi? Qadın tanıyıram ki, bu gün ailəni dolandırmaq üçün bir neçə işdə çalışır, gecəni gündüzə qatır ki, övladları korluq çəkməsin, təhsildən yayınmasın.

Həmin qeyrətli analardan sizin nəyiniz artıqdır? Əgər siz həyatda ən asan, lakin şərəfsiz yol seçmisinizsə, “şirin” arzularınız naminə balanızı ayaqlar altına atıb qurban vermisinizsə, deməli, əksinə, onlardan əskiksiniz.

Harda, kimdən və necə tərbiyə aldığınızı bilmirəm. Sizin kimiləri Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Çünki bu şərəfli adı daşımağa layiq deyilsiniz.

Amma sizi əmin edirəm, o gün ki gülüzlü Mələyin əlini buraxıb getdiniz, elə həmin an öz gələcək həyatınızın, taleyinizin üstündən də qırmızı qələmlə xətt çəkməli oldunuz. Heç şübhə etmirəm ki, 20-25 ildən sonra telekanalların birində yayımlanacaq axtarış verilişinə çıxıb qızınızı axtaracaq, göz yaşları tökəcəksiniz. Amma əmin olun ki, Mələk sizi əfv etməyəcək!  

Bundan sonra o, bizim hamımızın, bütün Azərbaycanın şirini-şəkəri, mələk bənizli qızı olacaq. Azərbaycan dövləti neçə-neçə Mələklərə sahib çıxdığı kimi, bu körpəni də böyüdəcək, ona mükəmməl təhsil verəcək, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi yetişdirəcək. Mələk özü isə sevən və sevilən, balalarını göz bəbəyi kimi qoruyan əsl ana ömrü yaşayacaq.

Sizdən fərqli olaraq!