Elektron ədəbiyyat və sənət portalı

Nəsir İmanquliyevin həyat dərsi

Bölmə: Elm 25.12.2015

- Nəsir müəllim zəng vurmuşdu, dedi axşam onlara gələsiniz, diplom işinizlə əlaqədar qeydləri var...

Sonuncu kurs tələbəsi olduğum Dövlət Universitetinin jurnalistika fakültəsində katibənin verdiyi bu xəbərə sevindim. Kim sevinməz ki? Bilirdim ki, onun qapısı hamının üzünə açıqdır. Təhsil aldığımız, təcrübəyə getdiyimiz və sonra da müxtəlif mətbu orqanlarda çalışdığımız illərdə bu görkəmli pedaqoqun həmişə isti nəfəsini hiss edirdik.

Bir dəfə seminar məşğələsində demişdi ki, “oğlum yoxdur, amma belə hesab edirəm ki, siz hamınız mənim oğlumsuz”. Biz – onun çoxsaylı tələbələri bu sözlərin səmimiliyinə inanırdıq. Bilirdik ki, köməyə və qayğıya ehtiyacı olan adamlar üçün Nəsir müəllim əlindən gələni əsirgəmir. Məsələn, hələ o vaxt gənc şair Nüsrət Kəsəmənlini “Bakı” qəzetinə işə götürmüşdü, ona toy eləmişdi, mənzil vermişdi. Belə faktlar çoxdur. Halbuki sovet dönəmində, kommunist partiyasının tüğyan etdiyi bir zamanda belə xoşməramlı işlər görmək böyük səy və cəsarət tələb edirdi.

...Nizami küçəsindəki binanın 3-cü mərtəbəsinə birnəfəsə qalxdım. Qapını Nəsir müəllimin həyat yoldaşı Gövhər xanım açdı. Bəstəboy, zərif qadın idi. Xınalı saçları səliqə ilə daranmışdı. Həyat eşqi saçan gözləri bu müdrik qadına xüsusi yaraşıq verirdi. Çöhrəsinə təbəssüm qondu.

- Xoş gəlmisən, keç, utanma, keç içəri, oğlum, Nəsir müəllim BK-da (Bakı Şəhər Partiya Komitəsi), büronun iclasındadır. Bayaq zəng vurmuşdu, dedi bir azdan gələcək. Sən keç kabinetə, mən sənə bir pürrəngi çay dəmləyim...

Onun iş otağı mənə nağıllar aləmini xatırlatdı. Rəflərdə saysız-hesabsız kitablar, klassiklərin əsərləri düzülmüşdü. Çərçivəyə salınmış fotolar diqqətimi cəlb etdi. Nəsir müəllimin yeganə övladı Aida xanımın (görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva), onun qızları - balaca Mehriban xanım (Azərbaycanın birinci xanımı Mehriban Əliyeva) və Nərgiz xanımın ( M.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva) fotolarına maraqla baxdım. Başım elə qarışmışdı ki, sinidə çay gətirmiş Gövhər xanımın otağa nə vaxt daxil olduğundan xəbərim olmamışdı.

- Nəvələrimiz. Bu da qızımın şəklidir. Nəsir müəllim onlarla nəfəs alır. Qızlar da onu çox istəyir. Elə gün yoxdur ki, babaları ilə danışıb görüşməsinlər...

Qapının zəngi çalındı. Gələn Nəsir müəllim idi. Mən də dəhlizə çıxdım. Gövhər xanım həyat yoldaşını çox mehriban qarşıladı, ona üst geyimini soyunmaqda kömək etdi, şlyapasını, qovluğunu aldı. Mənə işarə edərək:

- Nə gec gəldin, ay Nəsir müəllim, - dedi, - uşaq bayaqdan səni gözləyir.

- Büro iclasını bilmirsən... Bütün məsələlər qurtarıb, indi də keçiblər məhkəmə oçerkinin müzakirəsinə. Hər çıxışçı bir söz deyir.

Birinci katib də gileyləndi ki, niyə dərc eləmisiniz, guya belə yazılar cəmiyyətə ləkə vurur...

- Sənə deyirdim də, ay Nəsir müəllim, bu yazı söz-söhbətə səbəb olacaq.

Demə Gövhər xanım da yazını oxuyubmuş. Söhbətin nədən getdiyini dərhal anladım. Bu ərəfədə “Bakı” qəzetinin dalbadal bir neçə nömrəsində məhkəmə oçerki dərc olunmuşdu. Bütün şəhər bir-birinə dəymişdi. (İndi müəllifi və oçerkin adını xatırlamıram. Yadımda qalan təkcə odur ki, Mazan Əliyev adlı şəxsə 30-dan çox bıçaq zərbəsi vurmuşdular, o isə sağ qalmışdı). Köşklərdə qəzet tapmaq mümkün deyildi. Hamı bu yazıdan danışırdı...

- Mən bir qəzet redaktoru kimi hesab edirəm ki, belə yazılar da olmalıdır. Cəmiyyətdə yaxşı da var, pis də. Əslində, biz şayiələrin qarşısını aldıq. Oxucu hər şeyi doğru-dürüst öyrəndi. Nə isə, danışıb qərar çıxarmaq büronun işidir.

Nəsir müəllim mənimlə əl verib görüşdü. Səsinin tonu tam dəyişdi. Baməzəliyini bu dəfə də göstərdi:

- Əgər Gövhər xanımın çayını içmisənsə, deməli, yarı jurnalistsən, yüz faiz sənətkar olmaq üçün isə, mütləq onun bişirdiyindən də dadmalısan. Ay Gövhər, bax gör neynirsən, iki ac pəhləvanın qarnını doydurmaq sənlikdir...

Gülüşdük. Nəsir müəllim qoluma girib məni kabinetinə apardı. Diplom işimi müzakirə etdik. Bütün qeydlərini səliqə ilə vərəqlərin kənarına yazmışdı. Dəyərli məsləhətlər verdi. Söhbətimiz xeyli uzandı.

- Hazıra nazir gələndən jurnalist olmaz. Həyatda gərək əziyyətə qatlaşasan, çətinlik görəsən ki, yaxşının qədrini biləsən. Mən çox ağrılı günlər yaşamışam, oğlum.

Atam Əsədulla kişi, anam Reyhan xanım bizi min bir zillətlə böyüdüb. Mən, qardaşlarım Abdulla, İbadulla, Seyfulla, bacım Suğra həyatda mücadilə aparmağı valideynlərimizdən öyrənmişik. Amma heç vaxt insani sifətimizi, əqidəmizi, ləyaqətimizi itirməmişik, haram yeməmişik, yalan danışmamışıq. Yazmağı gərək dizinin üstündə öyrənəsən. Əvvəla, torpağa yaxın olacaqsan, sonra da insanlara yuxarıdan aşağı baxa bilməyəcəksən. Dizlərin və barmaqların qabar olanda bil ki, artıq nəyəsə nail olmusan...

Gövhər xanım bizi süfrəyə dəvət etdi. Getmək istəsəm də, Nəsir müəllim qoymadı. Aida xanım da gəlmişdi. Süfrə arxasına əyləşdik. Gövhər xanım toyuq qızartması hazırlamışdı.

- Möhsünə (Nəsir müəllimin xidməti “Volqa”sının sürücüsü) tapşırmışdım, Pirşağıdan təzə toyuq alıb. Bəyənərsiz yəqin...

Süfrə arxasında Aida xanım atasına son tədqiqat işlərindən danışdı. Ərəb filosofu Çubran Xəlil Çubran haqqında yazdığı kitabın bəzi məqamlarını Nəsir müəllimlə müzakirə etdi. Ərəb dilində sitatlar gətirib, tərcüməsini söylədi. Bu gözəl və ziyalı qadının bilik dairəsinə, onun nurlu qəlbində çağlayan həyat eşqinə heyran qalmamaq mümkün deyildi.

Ayrılanda Nəsir müəllim müdrik nəsihət verdi:

- Meyvə vaxtından tez yetişmir. Amma yetişənə kimi böyük təkamül yolu keçir. İnsan da illərlə formalaşır, püxtələşir. Əlbəttə ki, bunun üçün istək və səy göstərmək lazımdır. Əgər bunları qəlbində birləşdirə bilsən, deməli, xoşbəxt adamsan, mənim kimi!

Fərhad SABİROĞLU