Hamletin, yoxsa Ana dilimizin faciəsi?

Yazarlar 11.12.2015

1926-cı ildə “Hamlet”i Azərbaycan dilinə çevirmiş C.Cabbarlı “Tərcümə məsələsinə əhəmiyyət verilməlidir” adlı məqaləsində yazırdı: “...Tərcüməçilərimizdən kimsə öz qüvvəsiylə, biliyiylə, bacarığıyla, ixtisasıyla hesablaşmaq istəmir. Azacıq rusca, ya başqa bir dil bildisə, ilk təklif edilən kitabı alıb tərcüməyə girişir. Halbuki, ruscadan bir kitabı tərcümə edə bilmək üçün yalnız rusca bilmək kafi deyildir. Bir də kitabın bəhs etdiyi məsələni ətraflıca bilmək və bu məsələ ilə mükəmməl tanış olmaq, daha doğrusu, o dairədə bir mütəxəssis olmaq lazımdır”.

Böyük ədibin tərcümə işi haqqında dediyi fikirləri bu gün tərcümənin işləndiyi bütün sahələrlə yanaşı, dublyaj mətnlərinin mövcud vəziyyətinə də aid etmək olar. Bu gün Azərbaycan dilini, xüsusən, ədəbi şifahi nitqi, savadından, təhsilindən asılı olmadan, dilin, sadəcə, sıravi daşıyıcısı kimi bilən hər bir azərbaycanlıya məlum olan aydın və çox sadə bir həqiqət var: telekanallarımızda filmlərin dublyajı acınacaqlı vəziyyətdədir.

Çox güman ki, indi filmləri Azərbaycan dilinə çevirənlərin əksəriyyəti qəzəlxan şair Mirmehdi Seyidzadənin dostlarına zarafatla dediyi həmin:

Əyləşirəm hər cümə,
Eyləyirəm tərcümə.
Çünki bu, lazım olur
Xırda-xuruş xərcimə

- əqidəli “tərcüməçilər”dir. Belə olmasaydı, nə vaxtsa baxdığım filmlərdən qulağımı (həm də qəlbimi) incidən bir qisim əcaib dialoqlar yaddaşıma əbədi həkk olunmazdı:

Rus filmi. İki sevgilinin söhbəti:

“Qəm yemə, Maşacan, evlənərik, inəyimiz olar...”

Bir Hollivud filmində 3-4 yaşlarında uşaq atasından soruşur:

“- Ata, indi bizim müqəddəratımız necə olacaq?”

Vestern filmi. İki kovboyun dialoqundan:

“- Ey, bilmirsən, Con hardadı?

- Yox. Eh, Cona nə var ki, Araz aşığındandı, Kür topuğundan.”

Özbək filmi. Ana həyətdə oynayan oğluna deyir:

“- Batır, üstünü batırma.”

Bu yaxınlarda telekanallardan birində nümayiş olunan “Hamlet” filminə baxdım.

Şekspirin, onun Hamletinin, eləcə də İ.Smoktunovskinin (Hamlet rolunun unudulmaz ifaçısı) məğlubedilməz, ağıllı üzünün, Q.Kozintsevin (filmin rejissoru) məharətlə yaratdığı insan amansızlığı mənzərələrinin nataraz cümlə və ifadələrin “köməyi ilə” hansı şəklə düşdüyünü, bütün sehrini və mənasını necə itirib, məzmunsuz kino-etüdlər yığnağına çevrildiyini ürək ağrısıyla izləməyə başladım. Adam bilmir Hamletin, yoxsa Ana dilimizin faciəsinə ağlasın.

“Hamlet” əsərinin məşhur epizodlarından biri – Hamletin, atasının kölgəsi ilə söhbətindən:

Hamlet: - İplər qırıldı. Bu qırılmaları necə bitişdirək?... (bu epizodda Şekspir paltar asılan zivəni, yaxud ipi yox, insan münasibətlərində yaranan görünməz “bağlar”ı, “tellər”i nəzərdə tutur).

Digər dialoq:

Hamlet: - Onu ölümün etdiyinə əminəm. (?)

Hamlet: - Gəldiyiniz üçün xəbər göndərdilər, yoxsa könüllü gəldiniz? Mənə hiyləsiz cavab verin...

Zavallı Şekspir... Burada – tərcümə sənətinin “desert” statusunu daşıdığı bu məmləkətdə Sənin müəllif hüquqlarını kim müdafiə edəcək?

10-12 il bundan əvvəl telekanalların birində baş rolda Kennet Brananın çəkildiyi “Hamlet” filminin dublyajında C.Cabbarlının tərcüməsindən istifadə olunmuşdu. Həmin o tərcümədə bu cümlə belə verilmişdi: “Sizi mənim yanıma göndərmişlər, ya öz xoşunuzla, könüllü olaraq gəlmisiniz? Doğrusunu deyin”.

Ofeliya: -Bu yaxınlarda şənliyimi, nə iləsə məşğul olmaq həvəsimi itirdim... (?)

Hamlet: - Cinayət cizgiləri ilə bəzənmiş ab-hava (?) sadəcə üfunət qoxuyur...

Aktyorlardan biri: - Necə də alicənabcasına, heyrətedici hərəkətlərlə simasını açır o?!

Hamletin əmisi: - Nə vaxtsa qardaşımın qanı ilə əhatə olunmuşdum...(?)

Kimsə: - Axı günahı çox olanı nəyə görə bağışlamaq olar? (?)

Hamlet: - Sizin saqqalınız bildirir ki, hamı bərbərə çıxıb getsin!... (C.Cabbarlı: “Sənin saqqalın kimi. Hər ikisini qısaltmaq pis olmazdı.”)

Ofeliya: - Namuslu qızlar onlara hədiyyə verilib sonra isə aldadılmağı xoşalmırlar...(?)

Hamlet: - Qəlbim mənim, ayrılmağa saatlar qalıb. Sən isə sevgi və şöhrət içində şadyanalıqla yaşa...

Hamlet: - Bir qədər istirahət et, amma bizə hakim olmaq istəyənlər var...

Polonius: - Kraliça ananız, olduqca məyus halda məni sizin ardınızca göndərib...

Hamlet: - Fərz eləyirsiz ki, notların səsi açıqdır?

Və nəhayət, Hamletin məşhur “Olum, ya ölüm” monoloqu:

Hamlet: - Olum, ya ölüm? Budur məsələ. Taleyin zərbələrinə boyun əymək ədalətlidirmi? (?)...Ölmək. Bununla da ürəyinin əziyyətlərinin məqsədini qırmaq...

Bu isə C.Cabbarlı: “Olum, ya ölüm? Budur məsələ. Düşmən qəzanın ağır vurğusuna dözmək və ya özünü pisliklər seylabının coşqun dalğalarına qarşı qoyub, onu qurutmaq, əzmək?... Ölmək... Qəlbin iztirablarını, yaranmışların nəsibi olan minlərlə əzabları bir yuxu ilə bitirmək!..”

Daha nə deyim?! Mətnlər özləri hər şeyi aydınca deyir...