Elektron ədəbiyyat və sənət portalı

Toy, toy, toydu bu gün...

Bölmə: «Aydın Yol»çular 18.12.2015

Dünən siftə elədim, toyda idim. Fürsət tapıb üzbəüz oturan tanışının kefindən hali olmaq üçün yarım saatlıq “popurri” zıppazıpına dözməli olduğun, dalınca daha yarım saat, əslində, xala xətrin qalmasın verdiyin növbətçi suala cavab gözlədiyin “el şənliklərindən” birində...

Bizim toylar həqiqətən məşəqqətə çevrilib. Özünün cilddən-cildə girən göbələk - mimoza - krab - stoliçni salatlarıyla; çolpadan başqa nə dadı deyirsən verən broyler çeşidlərilə; süfrəyə qovrulmamış gəldiyindən masadan-masaya, məclisdən-məclisə gəzən ləbləbisilə; yuyulmamış, saplağı üstündə “bakirə” kişmişiylə; ağız deyəni qulaq eşitməyən ab-havası; it yiyəsini tanımayan mühiti; kim bilir neçənci dublu xatırladan əttökən sağlıqları; şıdırğı oynayanların əlindən fürsət tapan kimi, alqışlar tələb edən “tamada”sı; güvə yemiş paltarından tər qoxusu gələn “milli rəqqasə”sinin əlində masa-masa dolaşan, boğazdan keçəndə kal armud kimi bizi boğmaq qəsdinə durmasına rəğmən, ortaya “bəh-bəh”lə gələn qupquru aşıyla...

Orta əsr Avropasındakı ən qəddar inkvizitorun belə həsəd apara biləcəyi bir məşəqqətə çevrilib Azərbaycan toyu! Qalileyi fikrindən döndərmək üçün neçə il zindanda saxladılar. Bizim toylardan xəbərləri olsaydı, yazığı iki “seansa” istədikləri şəklə salardılar...

Bu toyların əlindən deyinməyən görmədim. Deyinirik, amma bir-birimizin bəhsinə bu “milli məşəqqət institutu”na təzə, daha eybəcər çalarlar verə-verə, onu yaşadırıq və yaşayırıq.

Bu faciəni tək özümüz yaşasaq, nə var ki...

Gələnlərin “bəylə gəlin” adına gətirdiyi, əsginas şəklində hədiyyədən toy sahiblərinin yalnız sayanda bəhrələndiyini, bu pulların son qəpiyinədək yumurtadan yun qırxan işbazların cibinə axacağını bilə-bilə, onları da yaşadırıq...

Başımın tükü sanı toyda olmuşam və heç düşünməzdim ki, bu məclislərdən hansındasa təəccübümü doğuracaq daha nəsə görüm, amma gördüm: oynamaq nə olduğunu bilməyə-bilməyə, ortadan çıxmayan dingiş qızlarımızı, İran təranələrini “Burcut!” komandası kimi qəbul edib burcutmaq yarışına girən bambılı cavanlarımızı addımbaşı görürük deyə, onlara qarşı davamlı immunitetimiz var, Amma hamiləliyinin bəlkə də səkkizinci ayının sanılı günləri qalan bir təzə gəlin tərəfindən rəqs meydançasının qeyd-şərtsiz işğalını hələ görməmişdim! Məni düzgün başa düşün, əzizinin toyunda qol götürüb ehmallıca süzən boylu qadınlarımızı çox görmüşəm və bu səhnədən həmişə riqqətə gəlmişəm. Amma “bu həna o hənadan” deyildi...

Bu gəlin elə bil and içmişdi ki, onu dövrəyə alıb rahat oynamasına şərait yaradan atası, anası və ərinin köməyilə, yer üzünün bütün kataklizmlərini qarnındakı balasına indidən birbəbir yaşadacaq...

Və yaşadırdı da!

“Tərəkəmə” - sunami;

“Papaq” - 11 ballıq zəlzələ;

“Tormoz Hüseyn” - maqnit qütbünün dəyişməsi;

“Popurri” - günəşdəki permanent partlayışlar və maqnit qasırğaları;

“Meşəbəyi” - okean qabarmaları...

Zalımın qızı rəqslər arasındakı, yalnız üzünün tərini silməyə bəs edəcək fasilələrdə də əyləşmir, ayaq üstə dura bilmək üçün əlini belinə söykək verib bədəninin ağırlıq mərkəzini dəyişir, növbəti musiqini gözləyir, yenə oynayır, oynayır, oynayırdı...

Kaş Ginnesin Rekordlar Kitabından orda bir nümayəndə olaydı, doğma Azərbaycanımızın adı, kim bilir neçə nominasiyada kitaba düşərdi...

***

Hər yazının bir dramaturji strukturu olmalıdır. Süjet kolliziyaları zəruri girişdən sonra oxucunu gərginliyin zirvəsinə qaldırmalıdır, sonra da mövzuya aydınlıq gəlməli, ortaya bir nəticə qoyulmalıdır.

Bu yazımda  hər şey baş-ayaq oldu, həmişə sadiq qaldığım bir çox qaydalardan dişlərimi qıcayıb vaz keçdim və axırda “üzüm ayağınızın altına, məni məzur tutun” söyləməkdən başqa çarəm qalmadı...