Dilin yansın, yoxsa yanmasın?

Yazarlar 18.12.2015

Görəsən bu dünyada Məhəmməd ümmətindən qeyrisi dara, çətinə düşəndə özünə Allahdan ölüm arzulayırmı? İnanmıram. Avropalı düşdüyü çətin duruma çözüm axtarar, əksər hallarda da tapar. Bizlər neylərik?  Bizi bu durumdan çəkib çıxaracaq bir adam axtararıq, ümidimizi möcüzəyə bağlayayarıq. Gözlərik, gözlərik, gəlməyincə də dərhal çarəsizliyə qapılar, ağlar, sızlar, sonda da  əlimizi göyə qaldırıb Allahdan ölüm istəyərik: “Allah bir ucuz ölüm göndərmir ki, ölüm, canım  qurtarsın, maşın vursun məni, başıma bir daş düşsün” və bu qəbildən olan dürlü-dürlü qarğışlar.

Ağlımız kəsəndən bir çox dəyərlər kimi qarğışlar da həyatımızın bir parçası  olub. Evdə nənəmizdən, baxçada tərbiyəçimizdən, məktəbdə  müəllimlərimizdən (bir cəbr-həndəsə müəllimimiz vardı, 45 dəqiqəlik dərsdə bizə azı 30 dəfə “zəlil olasız, dinc oturun” deyərdi) elə hey qarğış eşitmişik. Əmim arvadı Sona xala baməzə qadındı.  Özünəməxsus, milli koloritli  qarğışları olardı:  “Ədədə Bayraaam, (biz tərəflərdə - Qarabağda müraciət çox vaxt nida formasında olur) ilanlara yalvarasan əədə, gəl bu simavarı odda!” Hər dəfə Bayramın ilanlara yalvarma səhnəsi gözümün qabağında canlananda, diksinirdim.  Uşaq ağlımla bir insanı ilana yalvaracaq dərəcədə aciz edən səbəbləri heç cür tapa bilmirdim.

Gündəlik həyatda addımbaşı eşitdiyimiz qarğışlar indi artıq musiqi ahəngiylə də qulağımıza dolur. Hit onluqlarda öndə gələn mahnıları yada salın. Getdiyiniz toyda, məclisdə oxunan mahnnılara fikir verin. “Öldüm ay Allah, iri-iri gözlərin”, “Səni yanasaaaan”. Bəh-bəh, məclis əhli (xüsusən də xanımlar) hər sətri küfr yağdıran musiqinin sədası altında qol qaldırıb bir süzür ki, gəl görəsən. Elə bil musiqi duyumu, zövqü, hissi də yediyi yeməyin altında qalıb, deformasiyaya uğrayıb.

 Elə götürək kinomuzu. Öz aramızdı, Azərbaycan filmlərində eşitdiyimiz  “kül mənim başıma”,  “ikinizi də Allah öldürsün (“Bizim Cəbiş müəllim”), “səni görüm elə əyiləsən, bir də dikələ bilməyəsən”(“Qaynana”) deyimlərini dinləyib ləzzət alırıq. Çünki hər birimiz bu sözlərdə, qarğışlarda gündəlik həyatımızdan bir parça tapırıq, elə deyil?

Hər gün küçədə, yolda, metroda, avtobusda  nə söyüşlər, qarğışlar eşidirik, sayı yox, hesabı yox. İnkar eləməyin, hərdən özümüz də küfr edənlərə yoldaşlıq eləyirik. Amma elə düşünməyin ki, insanlar  ancaq nifrətdən  qarğış eləyirlər. Heç də belə deyil. Adam bəzən rəğbətdən, sevgi bolluğundan da qarğış eləyir. İnanın inandığımıza, dünyanın heç bir yerində bir qadın rəfiqəsiylə rastlaşanda  “partdamış, nə gözəl paltarın var, mənə qalsın” və yaxud  “yanasan səni, nə gözəl görünürsən” deməz.

Eşıtmiş olarsız, Masaro Emoto adlı yapon fotoqraf var. Dünyaca məşhur  Emoto “su damcılarına həyat verən sənətkar” kimi tanınıb. Fotoqraf dünyanın dörd bir tərəfindən su damcılarını 3 C formatında  fotoya alır. Adam bütün ömrünü bu işə həsr eləyib. 70 yaşlı ustad  belə bir təcrübə keçirib. Su damlalarının bir hissəsinin  fotosunu çəkəndə mahnı oxuyub, seir deyib, hətta Baxın prelüdiyalarını “dinlədib” onlara.  Digər bir hissəsi ilə işləyəndə söyüş, qarğış yağdırıb. Nəticə?

Qarğış “eşidən” fotolar  seyrçilərə soyuq enerji ötürüb, onlarda bir gərginlik yaradıb.  Sevgiylə, şəfqətlə əzizlənən su damlaları isə fotoya harmoniya gətirib, tarazlıq yaradıb. 

Müsahibələrinin birində bu məsələyə toxunan fotoqraf deyir ki, əgər qarğış  hətta su damlalarına bu şəkildə təsir eləyirsə, gör bir bədəninin 70 faizi su olan insana, 70 faizini su təşkil edən dünyaya nələr diktə eləyir.     

Bəli, biz çılğın xalqıq, bəzən əsəblərimizə hakim ola bilmirik. Amma bu məziyyətimiz  nifrətə bürünməyimizə haqq qazandırmır. Axı biz həm də istedadlı xalqıq. Özümüzü, düşüncələrimizi çox gözəl ifadə etməyi  bacarırıq. Bu mənada, bu dil ki bizdə var, çox ustalıqla qarğışı alqışa çevirə bilərik. Təki dilimiz heç vaxt qurumasın.