Elektron ədəbiyyat və sənət portalı

Dağlar oğlu

Bölmə: 18.12.2015

Xəbər vermişdik ki, RF Mədəniyyət Nazirliyinin qərarı ilə imam Şamilin ən yaxın silahdaşlarından biri, avar əsilli Hacı Muradın (1790-1852) kəlləsinin qalıqları dəfn olunmaq üçün Azərbaycana veriləcək.

Dahi rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” adlı povestinin personajına çevrilmiş avar sərkərdənin mumiyalanmış başı uzun müddət Sankt-Peterburqda yerləşən Kunstkamerada, sonra isə Rusiya Dövlət Din Tarixi Muzeyində saxlanılıb.

Onun sümükləri isə Qax rayonunun Tanqıt kəndi yaxınlığında dəfn olunub.

...1958-ci ilin payız günlərinin birində Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutuna bir məktub daxil oldu. Qax rayon qəzetində çalışan jurnalistlərdən biri yazırdı ki, Tanqıt kəndi yaxınlığındakı meşədə bir neçə köhnə qəbir aşkarlanıb. Lakin başdaşılarındakı yazılar ərəb hərfləri ilə həkk olunduğundan, onları oxumaq mümkün deyil.

Tezliklə həmin yerə Bakıdan xüsusi ekspedisiya göndərildi. Qəbirlər mamırdan və toz-torpaqdan təmizləndikdən sonra əsl mənzərə üzə çıxdı. Başdaşılarından birinin üzərində yazılmışdı: “Xunzaxdan olan avar mərhum Hacı Murad, hicri tarixi 1268”.

Tarixi mənbələrə görə,1852-ci il mayın 5-də Nuxadan (Şəki) qaçaraq yenidən imam Şamilə qoşulmaq istəyən Hacı Murad, Tanqıt kəndi yaxınlığında 4 müridi ilə birlikdə təslim olmaqdan boyun qaçırıb, onu mühasirəyə alan kazaklardan və İlisu pristavının dəstəsinin üzvlərindən 11-ini öldürüb. Həmin döyüşdə Hacı Murad və silahdaşları qətlə yetirilib.

“O, qəfildən səntirlədi, üzü üstə yıxılıb hərəkətsiz qaldı...Hacı Ağa ayağını onun kürəyinə qoyub cəsədi torpağa sıxdı və qılıncın iki zərbəsi ilə başını üzdü...” Bu sətirlər dahi rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” povestindəndir. 1958-ci ildə alimlər məzarı açdıqda, burada həqiqətən başsız skelet aşkar etdilər. Məlumdur ki, Hacı Muradın kəlləsi əvvəlcə Nuxaya gətirilib. Burada naibin başı spirtə yerləşdirilərək Şamaxıya - qubernatora göndərilib. Qubernator da xüsusi yükü Tiflisə - Rus çarının Qafqaz üzrə canişini knyaz Vorontsova çatdırıb.

Sonra xüsusi yük Peterburqa gətirilib. I Nikolay  və hərbi nazir Çernışov mürşidin kəlləsinə baxdıqdan sonra onu Hərbi Tibb Akademiyasına veriblər.

XIX əsrin birinci yarısında baş vermiş Şimali Qafqaz müharibəsinin məşhur iştirakçısı Hacı Murad, Dağıstanın Xunzax kəndindəndir. Hacı Muradın atası  Məhəmməd Alsaqari özünəməxsus torpaqlarda əkin-biçinlə, heyvandarlıqla məşğul olub. Həmkəndliləri onu çox igid və ədalətli adam kimi tanıyıb.

Alsaqarinin arvadı Zalmu, avar xanlarının sarayında dayə və “süd-əmcək” (süd anası) işləyib. Təkəbbürlü və azadfikirli qadın kimi tanınıb. Xan arvadı Paxu Bikənin ortancıl oğlu Nutsal xan Zalmunun südü ilə böyüyüb. Amma xan ailəsində körpələrin sayı artanda Zalmu etiraz səsini ucaldaraq bildirib ki, “o, qul yox, azad qadındır”.

1834-cü il sentyabrın 19-da Hacı Muradın qardaşı Osmanın atdığı güllə Dağıstanın II İmamına tuş gəldi. Amma özü də yağı gülləsindən qurtula bilmədi. II İmam Həmzət bəyin yaxın adamlarından sayılan Hacıyasavul Məhəmməd onu qətlə yetirdi. Qardaşı Osmanın intiqamını almaq Hacı Muradın öhdəsinə düşürdü. Dağlar oğlu müqəddəs saydığı bu işi böyük ustalıqla gördü və beləliklə, onun taleyində qaçaqçılıq dövrü başladı.

Bu hadisədən sonra Hacı Murad rusların tərəfindən imam Şamilə qarşı vuruşdu, ancaq 1840-cı ildə onu şərlədilər: Hacı Muradı Şamillə gizli müttəfiqlikdə ittiham edən general Klügenau onu həbs etdi və əsgərlərin müşayiəti ilə Temirxan-Şuraya (indiki Buynaksk şəhəri) yolladı.

Hacı Murad yolda qaçaraq, Şamilin tərəfinə keçdi. Həmin illərdə dəfələrlə Zaqatalaya və İlisuya hücumlarda iştirak etdi. Bədxahların həsədi tezliklə Hacı Muradın Şamillə münasibətlərinin korlanmasına səbəb oldu. 1851-ci ildə o, Rusiya imperiyasının Qafqazdakı canişini Mixail Vorontsova əməkdaşlıq təklif edərək, Şamildən uzaqlaşdı. Qəzəblənən Şamil onun həyat yoldaşını və övladlarını girov götürdü.

Sanu, Hacı Muradın ikinci arvadı idi. Çeçen əsilli bu qadın mərdliyi ilə məşhurlaşmışdı. Sanu həmişə fəxr edirdi ki, onun elçiliyinə Şeyx Şamil gəlibmiş və tonqalın yuxarı başında əyləşibmiş. Hacı Muradın birinci arvadı isə gürcü qızı Daric olub. Sərkərdə bu qızı Kaxetiyaya yürüşü zamanı qaçırmışdı.

Daniel Sultan Naib Xaraxanski eşidəndə ki, Hacı Murad rusların tərəfinə keçib, müridlərə əmr etdi ki, satqının ailəsini qazma zindana salsınlar, evini isə yağmalasınlar. Müridlər evi talan edərək od vurdular. Deyilənlərə görə, Hacı Muradın qızlarından biri – Savu özünün qızıl və zinət əşyalarını gizlincə qonşu arvada verəndə müridlər görür. Onlar qızılları alaraq, üstəlik, biçarə qızı yerə yıxaraq sinəsinə köz tökürlər.

Hacı Muradın 11 yaşlı oğlu, “Güllə” ləqəbli Qulla nənəsi Zalmuya verilən işgəncələri görüb xəncərini çəkdi və müridlərin üstünə yeridi. Amma müridlər onu da təpikləri altına saldılar. Ailənin müsibətləri bununla bitmədi. Sanu 3 aydan sonra qazma zindanda Hacı Muradın növbəti övladını dünyaya gətirdi. Körpəyə atasının şərəfinə Hacı Murad adını verdilər. Uşağı bələməyə əski yox idi. Qadınlar yaş və soyuq qazmada körpəni öz bədənləri ilə isidirdi.

Bir gün Daniel Sultan Naib Xaraxanski naiblərdən birini Sanunun yanına göndərib evlənmək təklifini bildirdi. Sanunun cavabı sərt oldu: “Mənim pələngimə tələ quran adama ərə getməkdənsə, ölmək yaxşıdır!”

Hacı Muradın qətlindən bir neçə gün sonra Qafqaz canişini Vorontsov Tiflisdən Sankt-Peterburqa, knyaz Çernışevə göndərdiyi məktubunda yazırdı: “Onun başını Zaqataladan gətirdilər, baş yaxşı vəziyyətdədir və hospitalda saxlanılır. Onu seyr etmək maraqlıdır... Bir çox insanı və əyaləti qorxu içində saxlamış bu adam həqiqətən də ölüb...”

Fərhad SABİROĞLU