Elektron ədəbiyyat və sənət portalı

Azğınların həyasızlığı

Bölmə: 11.12.2015

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti toplantısında qəbul olunmuş qərar ermənilərin “arzusunu” gözündə qoydu.

Hər şeyin hazırına alışmış, ağına-bozuna baxmadan gördüyünü qamarlamağa adət etmiş bədxah qonşuların məkrli planı bu dəfə də baş tutmadı. Söhbət xalqımızın milli rəqs incilərindən sayılan “Köçəri”dən gedir. Deyilənə görə, Komitənin iclasında erməni tərəfi “Köçəri”ni “milliləşdirmək” üçün dəridən-qabıqdan çıxıb, olmazın yalanlar uydurub, acı göz yaşları töküb, erməni nümayəndələr hətta durub rəqs eləməyə belə hazır imiş. Amma komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzvlərinin ortaya tutarlı tarixi dəlillər və təkzibolunmaz faktlar qoyması erməniləri yaman məyus edib. Komitəyə üzv dövlətlər də Azərbaycanın mövqeyini və “Köçəri” ilə bağlı yekun qərarı dəstəkləyib.

Erməni xisləti bu dəfə də öz həyasız sifətini göstərdi. Bu, azğın ermənilərin ilk cəhdi deyil. Onlar xalqımıza məxsus musiqi əsərləri, folklor və digər qeyri-maddi mədəni irs nümunələrini mütəmadi olaraq “özününküləşdirməyə” çalışır. Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnıları, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqsləri, qədim musiqi alətlərimiz (tar, balaban, zurna), eləcə də məşhur Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri, müasir bəstəkarlarımızın mahnıları ermənilərin öz adlarına çıxarmağa səy göstərdikləri milli sərvətlərimizdəndir.

“Köçəri” ətrafında söz-söhbətlər, uzun müddətdir ki, səngimək bilmir. Hələ “Eurovision-2011” mahnı müsabiqəsinin final yarışmasında Ermənistan təmsilçisi “Köçəri”ni erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Tarixə ötəri nəzər salanda məlum olur ki, bu saxtakarlıqların kökü çox qədimdir.

Hələ 1868-ci ildə erməni ədəbiyyatşünası S.Palasanyan Sankt-Peterburqda erməni dilində nəşr etdirdiyi “Erməni nəğmələri” adlı kitabında yazırdı ki, “... biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik”. M.Nalbandyan adlı erməni müəllifi “Qədim şeir və nəğmələr haqqında” kitabında bildirib ki, ermənilərin “əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm, təəssüf ki, buna nail olmamışam”.

Azərbaycan musiqisi peşəkar erməni musiqi əsərlərinə də öz təsirini göstərib. Belə ki, A.Xaçaturyan bir bəstəkar kimi Azərbaycan muğamlarının spesifik xüsusiyyətlərini qavramağı yaxşı bacarıb. “SSRİ xalqlarının musiqi tarixi”ndə çox dəqiq göstərilir ki, A.Xaçaturyanın “Qayane” əsərində “xalq musiqisi yalnız folklordan alınmış mövzular deyil, baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olub”. İ.Proxorov və Q.Skudina “Sovet musiqi mədəniyyəti” əsərində xüsusi qeyd ediblər ki, “Qayane” baletində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə”, əslində Azərbaycan rəqsləridir.

Belə faktların sayı yüzlərcədir. Unutqan ermənilərə bir daha xatırlatmaq istərdik ki, “Köçəri”, Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür. Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib.

“Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb. Azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməmişdən əvvəlki zamanlarda (1988-ci ilədək) bu rəqsi sevə-sevə ifa ediblər. Türkiyədə də bu rəqs çox populyardır.

İştirakçılar bir-biri ilə əl-ələ tutaraq dairəvi yallı gedir. Rəqs ritmikdir, əsasən balaban və nağaranın ifası ilə müşayiət olunur, cəngavərliyi, çevikliyi və cəsarəti ifadə edir.

Beləliklə, “Köçəri”nin erməni milli rəqsi kimi qələmə verilməsinin heç bir elmi və tarixi əsası yoxdur. Amma xəstə erməni təxəyyülü hüdud tanımır. Belə getsə, ermənilər UNESCO-nun növbəti iclaslarında rusların məşhur “Kalinka”, yaxud yəhudilərin “Yeddi-qırx” rəqslərinin də erməni mənşəli olduğu iddasını ortaya qoyacaqlar...

Necə deyərlər, “utanmasan, oynamağa nə var ki...”