Elektron ədəbiyyat və sənət portalı

Dörd dildə susmaq fərasəti

Bölmə: «Aydın Yol»çular 11.12.2015

Oğlum universitetdə oxuyur, deyəsən...
Bu “deyəsən” kəlməsi əslində, həm oğlumun “oxuması”na, həm də oxuduğu təhsil ocağının “universitet” olmasına aid edilə bilər, çünki uşağın oxumasının vacib şərtlərindən birincisi, həm də “oxudanın” olmasıdır.
Nə reklam, nə də antireklam olmasın deyə, həmin universitetin adını çəkməyəcəm, eləcə şərti bir ad qoyacam: məsələn, Məğrib universiteti...
Test tapmacalarına cavab verdi, adını siyahıda görəndə, sevindik: zarafat deyil, Azərbaycanın ən nüfuzlu, özəl tədris ocaqlarından birinə düşmüşdü, özü də “Beynəlxalq münasibətlər” fakültəsinə...
Təhsilhaqqı yaman yüksək idi, bilmirdim bu yükü rahat çəkə biləcəkdimmi? Ürəklənmək üçün bir təsəlli axtarırdım özümə söykək verməyə, yadıma ataların gözəl bir sözü düşdü: “Ucuz ətin şorbası olmaz!”
Elə bu kəlmələri dodağımın altında “vird” eləyə-eləyə universitetə özüm baş çəkdim - istədim ab-havası ilə şəxsən tanış olam. Elə qapıdan keçib turniketə yaxınlaşırdım ki, içəridəki işgüzar atmosferdən ürəyim dağa döndü: dəhliz boyu irəlilədikcə hər iki tərəfdən asılmış rəngbərəng şəkillərdən ağıllı müəllimlər, xoşbəxt tələbələr, minnətdar valideynlər boylanır, adama “gəl-gəl” deyirdilər... Hələ dünyanın müxtəlif ölkələrindən alınmış gözəl dizaynlı, amiranə imzalı, qızılı möhürlü sertifikatları demirəm... Uzun-uzun dəhlizlər bitdi, sertifikatlar bitmək bilmədi ki, bilmədi. Əməllicə arxayınlaşdım, öz-özümə “yaxşı olacaq” deyib ürək-dirək verdim...
İndi bir ili başa vurmuşuq, yaxşı, ümidlərim doğrulubmu barı?
Problemlər, əslində elə ilk aylardan başlanmışdı. Özü də onların qaynağını universitetdə yox, elə oğlumda görürdüm. Ona lap uşaqlıqdan düz danışmaq, müstəqil fikir yürütmək öyrətmişdim. Məntiqli, obyektivdir. Bəsit yeniyetmə beyni ilə müəyyən analizlər də edə bilir.
Amma oxumağa, öyrənməyə göstərdiyi həvəsi, ömrünü elə ilk aylardan Məğrib universitetinə bağışlayıb bu gen dünyadan nakam köçdü. Niyəsini araşdıranda məlum oldu ki, uşaqlar bu universitetə dərs oxumaq üçün gəlməyib, üstəlik, oğlum Amerikada üç aylıq kurs keçib “amerikanist” olmuş bir müəlliminin fikirləriylə razılaşmayıb, aralarında mübahisə yaranıb və sair, və ilaxır. Müəllim hər dəfə “canamazını” açıb, həmin o dominant dövlətin səmtinə “namaz qılmağa” girişəndə, oğlum Vyetnam müharibəsindən üzübəri axıdılan qanlardan, məzlum xalqların “başına hörülən corablardan“ suallar verirmiş. Sual verməyi bəs deyilmiş kimi, hələ bir məntiqli cavab da tələb edirmiş...
Gördüm olmayacaq, dekanın yanına özüm getdim. İstəyirdim görəm, bizim uşaqlara, həyata Azərbaycanın maraqlarından baxmağı, azərbaycanpərəstliyi öyrədən bir müəllim tapılacaq burda, ya yox. Gördüm ki, universitetin belə bir planı yoxdur.
Amma dekanla görüşüm faydasız ötüşmədi, növbəti semestr eyni fənndən “namazını” rus “qibləsinə” qılan müəllim dərs deməyə başladı. Axırı nə olacaq bilmirəm, amma oğlum indi də onunla mübahisədədi...
Məni düşündürən bir məqam da var: birinci kursda, az qala hər gün ingilis dili dərsləri olurdu. İkinci kursda ingilisin daşını yarımçıq atıb, başlayıblar fransız dilinə. Qorxuram ki, dünyalarca şöhrətli Məğrib universitetinin kəramətindən üçüncü kursda alman, dördüncüdə rusu keçələr, axırda da bəzəkli diplomuna “dörd dil bilir” yazılan uşaqlarımız nə az, nə azacıq – düz dörd dildə, çox mükəmməl SUSA...