Elektron ədəbiyyat və sənət portalı

Tanınmış tərcüməçi vəfat edib

Bölmə: Hadisə 23.10.2018

 

Tanınmış yazıçı və tərcüməçi Mirzə Hüseynzadə vəfat edib.

Mərhumun ailəsindən verilən məlumata görə, Mirzə Hüseynzadə oktyabrın 20-də insultdan dünyasını dəyişib və Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

M.Hüseynzadə 1948-ci il sentyabrın 20-də Bakıda anadan olub. Bir sıra ədəbiyyat jurnallarında, 1990–1994-cü illərdə Azərbaycan Tərcümə Mərkəzində çalışıb.

Klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməçisi kimi tanınır.

Allah rəhmət eləsin!

 

 

                SÖZ ADAMI

 

                                                                                                                                                                                                      A.Məsud

  

            Əziz dostum, nəcib insan, gözəl tərcüməçi Mirzə Hüseynzadənin ölüm xəbəri məni sarsıtdı. Həyatını ucuz şan-şöhrət tozanağından kənar, sakit bir ərazidə, bədii fikir və duyğularla dolu yazılar aləmində başa vuran Mirzənin vəfatı, düşünürəm, təkcə yaxınları üçün yox, ümumilikdə Azərbaycan ədəbiyyatı, milli tərcümə sənəti üçün böyük itkidir.

            Mirzə – bədii fikrin, ədəbi sözün keşiyində sidq-ürəklə dayanan, hər kəlmənin qədrini, yazıldığı anın mənzərəsini bütün bacarığı və istedadıyla qoruyub saxlamağa çalışan peşəkar tərcüməçi, sözün əsl mənasında Söz Adamı idi. Onun Azərbaycanın tərcümə sənətinə verdiyi töhfələr istər keyfiyyət, istərsə də kəmiyyət baxımından misilsizdir.

            Bunun səbəbi ilk növbədə Mirzənin dərin ədəbiyyat duyumu, bədii sözə, fikrə verdiyi müstəsna dəyər, ərsəyə gətirdiyi kifayət qədər sanballı əsərlər külliyatında tərcümə edilən hər ifadənin, cümlənin təsir gücünü, müəllifin düşüncə və təhkiyə üslubunu qoruyub saxlamaq istedadı və bacarığıdır.

            Mirzə ilə iş prosesi, onunla ünsiyyət insanda qəribə bir rahatlıq ovqatı yaradırdı. Bunun səbəbi, düşünürəm, Mirzənin qəlbindəki dərin hüzurdan, dünya işlərinə, insanlara duyduğu xeyirxahlıqdan, rəhm və dözüm dolu anlamaq və bağışlamaq qabiliyyətindən irəli gəlirdi. 

            Mirzə bu gün artıq numizmatik dəyər kəsb edən, əsl Bakı intellegenti, 60-cı illərin Bakı xislətini özündə qoruyub saxlayan ziyalı idi – danışıq tərzi, ədaları, məsələlərə münasibəti, hətta səsi ilə.

            Bəzən biz savadla ziyalılığı qarışıq salırıq, yaxud bu məfhumların eyni məna daşıdığını düşünürük. Savadlını, yaxud zahirən savadlı görünəni “ziyalı” adlandırır, ziyanı savad kimi qəbul edirik. Bunlar isə tam fərqli məfhumlardır. “Hər oxuyan Molla Pənah olmaz” – deyirlər. Bizim Mirzə Hüseynzadə isə həm “oxuyan”, yəni savadlı, həm də ziyalı, yəni duymaq, anlamaq, sirli ali həqiqətləri dərk etmək qabiliyyəti verilmiş nadir insanlardan idi.

            Mirzənin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması, malik olduğu dəyərində rusdilli oxucuya çatdırılması sahəsində gördüyü işlər, ərsəyə gətirdiyi əsərlər hər zaman yaşayacaq, tərcümə müəllifini unudulmağa qoymayacaq. Mirzə insan kimi də unudulmayacaq. Sanki dünyanın əzəli qədimliyindən xəbər verən ahəstə səsi, ehtiyat və simicliklə dilə gətirdiyi sözləri, fikirləri yaxınlarının, dostlarının qulağından, yaddaşından silinməyəcək. 

            Allah rəhmət eləsin! Qəbrin nurla dolsun, əziz qardaşım!