Elektron ədəbiyyat və sənət portalı

Axırıncı aşırım

Bölmə: Azad ərazi 16.10.2018

İnsan ömrü çox qəribədir. Həyatın sərt döngələrində uğursuzluğun, çarəsizliyin nəfəsini duyursan, bilirsən ki, təhlükə lap yaxındadır, indicə haqlayacaq səni, çənginə alıb aparacaq. Özünə nə qədər toxtaqlıq versən də, özünü qorumağa çalışsan da, taleyini yenidən yazmağa cəhd göstərsən də, xeyri yoxdur. Bəlanın nə vaxt, haradan, neçə batman gələcəyi bəlli olmaz...Bilsəydik nə vardı ki!

Hər dəfə büdrəyəndə, çətinliyə duruş gətirə bilməyib yıxılanda özünü toparlayıb birtəhər qalxırsan, yola davam etməyə çalışırsan. Ömür təkrarlanır: yıxılırsan, durursan, qaçırsan, ləngiyirsən, addımlayırsan, nəfəs dərməyə macal tapmırsan. Amma birtəhər gedirsən! Bax beləcə, sona yaxınlaşırsan. Düşünürsən ki, bu axırıncı aşırımı da keçsən, rahat nəfəs alarsan, arzulara qovuşarsan, dünya ayaqlarının altında olar. Hə, az qalıb, lap az, bir az da... Yox! Alınmır. Hərənin bir axırıncı aşırımı var. Keçənə, oğul deyərəm...

... Əgər Almaniyanın saat mexanizmi kimi dəqiq işləyən nəbzini tutmaq istəyirsinizsə, səyahətə mütləq Frankfurtdan başlayın. Adı “Frankların keçidi” mənasını daşıyan bu şəhər həm Avropa, həm də Almaniyanın maliyyə və nəqliyyat mərkəzi kimi tanınır. İnsan əqlinin və alman mühəndislərinin şah əsəri sayılan Frankfurt  Beynəlxalq Hava Limanının timsalında bunu bir daha yəqin edirsən. Dolub-boşalan uçuş terminalları, tükənməz insan axını... Bura sanki dünyanın görüş nöqtəsidir. Brend mallar satan lüks mağazalar, heyrətamiz dizaynla bəzədilmiş bar və restoranlar, mehmanxanalar və istirahət guşələri - inanmıram ki, bir günə bu nəhəng nağılvari məkanı gəzib başa vurmaq mümkün olsun!

Frankfurt Hava Limanındakı kafelərdən birində əyləşib bu möhtəşəmlikdən yaranmış  həyəcanımı ört-basdır edib hələ çox şeyləri müşahidə edəcəkdim ki, sarışın xörəkpaylayan qızın incə səsi məni düşüncələrdən ayırdı:

 - Quten Taq! Möchten Sie etwas trinken? (Salam! Bir şey içmək istərdinizmi?)

Üzbəüz əyləşmiş və yaşı 70-i keçmiş yeni və əslində köhnə tanışım nəzərlərini qəzetdən ayırıb qıza, sonra da mənə baxdı.

- Nə içəcəksiz?

- Çay pis olmaz.

Müsahibim iki fincan çay sifariş verərək qiraətinə davam etdi. Onun acgözlüklə nəzərdən keçirdiyi qəzetləri oğlu Namətin xahişi ilə az öncə Bakıdan gətirmişdim. Almaniyaya ezamiyyətə gedəcəyimi eşidən Namət yolüstü bağlamanı  atasına çatdırmağı xahiş etmişdi. 1990-cı ilin mart ayı idi. Bakı, Qanlı Yanvar hadisələrindən  sonra yavaş-yavaş özünə gəlməyə başlamışdı. Azərbaycanda müstəqillik hərəkatının geniş vüsət aldığı bir dövrdə siyasi nəşrlər və  “samizdat”  bu yaşlı adam üçün görünür, hər şeydən vacib idi.

Namət mənə əməlli-başlı təlimat keçmişdi: “Atam heç kimə etibar etmir, hətta mənə də! Keçən il heç vaxt üzünü görmədiyim atamın Münhendəki evində bir ay qonaq qaldım. Son günə qədər məni suallarla sınağa çəkirdi, düşünürdü ki, KQB-nin casusuyam, onu öldürməyə gəlmişəm. Tam əmin deyildi ki, həqiqətən onun oğluyam!  Qohumlar, doğulduğu kənd, vaxtilə tanıdığı şəxslər barədə elə özəl şeylər soruşurdu ki!? Ona görə də kişini çox sorğu-suala tutma”.

Frankfurt aeroportundakı çay dəstgahı əsl detektiv filmlərdəki səhnəni xatırladırdı. Mən hər dəfə ətrafa baxanda, yaşlı müsahibim də başını qəzetdən ayırıb diqqətimi cəlb edən nöqtəyə baxırdı. Yəqin yoxlayırdı ki, tək gəlmişəm, yoxsa kiməsə işarə verməyə çalışıram? Yaxud güdülmədiyimizə əmin olmaq istəyirdi…

Onun belə düşünməyə, təşviş keçirməyə tam haqqı vardı. Zarafat deyil, bütün ömrünü KQB kabusunun təhlükəsi altında keçirəsən, hər an sovet casusunun qəfil gülləsinə tuş gələ biləcəyindən qorxasan, gecələr səksəkəli yatıb özünü cəhənnəmdəki kimi hiss edəsən… Buna əsəb tab gətirər? Buna ürək dözər?

Münhendən Frankfurta gəlib məni hava limanında qarşılayan və qəzetləri acgözlüklə oxuyan, amma üzündəki həyəcanı heç cürə gizlədə bilməyən bu adam məşhur həmyerlimiz Məcid Musazadə idi.

Tanınmış jurnajist, tərcüməçi və ictimai xadim Məcid Musazadə 1914-cü ildə Bakıda anadan olsa da əslən İsmayıllının Qərsələ kəndindən idi. Azərbaycan Dövlət Universitetinin ədəbiyyat və tarix fakültəsini bitirdikdən sonra Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi işçi olmuşdu. Böyük Vətən Müharibəsi başlanan kimi cəbhəyə yollanıb, 1942-ci ildə faşistlərə əsir düşmüşdü. Alman dilini mükəmməl bildiyi üçün Musazadə Berlinə göndərilmiş və Azərbaycan Legionu rəhbərlərinin köməyi ilə əvvəlcə “İrtibat qərargahı”nda, sonra  Legionun mətbu orqanı olan “Azərbaycan” qəzetində baş redaktor işləmişdi. O, 1943-cü ildə Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan Milli Birlik Məclisinin yaradıcılarından biri kimi, mühacirətdə yaşayan həmyerlilərimizlə sıx əlaqələr qurmuşdu. Bir müddət Nyu-Yorkda yaşamış Musazadə “Amerikanın səsi” radiostansiyasında işləyən ilk azərbaycanlılardandır. Elə həmin illərdə onun təşəbbüsü və iştirakı ilə Amerika-Azərbaycan Cəmiyyəti yaradılıb. “Azadlıq” radiosunun Azərbaycan şöbəsinə 26 il rəhbərlik etmiş M.Musazadə “Qərsəlani” təxəllüsü ilə əsərlər yazıb, Y.V.Çəmənzəminlinin “Əli və Nino” romanını dilimizə çevirib, xalqımızın tarixinə aid neçə-neçə dəyərli kitablar yazaraq adət-ənənələrimizi  Avropa və Amerikada təbliğ edib, Qarabağ problemi ilə əlaqədar erməni lobbisinə tutarlı cavablar verib.

... Onun təlaşına son qoymağa çalışdım:

- Narahat olmayın, Məcid müəllim, bayaq söyləmişdim, mən də jurnalistəm, sizə, oğlunuz Namətə, ailənizə hörmətim var. Məndən sizə xələl gəlməz…

Qəzeti bükdü, eynəyini çıxarıb masanın üstünə qoydu.

- Mənim keçdiyimi, gördüklərimi siz də yaşasaydınız… Allah kimsəyə göstərməsin. Onlar ancaq bunu bacarırlar, - qəzetdəki 20 Yanvar faciəsini əks etdirən fotolara işarə elədi, - özü də peşəkar səviyyədə. Məcid Musazadənin, ya  milyonlarla insanın həyatı, onlar üçün heç nədir. Nə qədər günahsız adamların qanını axıdıblar! Bir ona sevinirəm ki, sonları çatıb, axırıncı aşırımı keçə bilmədilər, bilməyəcəklər də!

… 1945-ci il. İkinci Dünya müharibəsi yenicə tarixə qovuşub. Hitler Almaniyası darmadağın olsa da, küçələrdə hələ də müharibə kabusu dolaşmaqdadır. Faşizm bütün Avropanı viran qoyub. Çox qarışıq və təhlükəli zəmanədir. Xarabalıqlar altından gələn qorxu və ölüm qoxusu insanlığa meydan oxuyur. Bəşəriyyətə vurulmuş bu dərin yaralar nə vaxt sağalacaq? Ümumiyyətlə, sağalacaqmı?

İndi kimin kim olduğunu anlamaq çətindir. Hər tərəf ac-yalavac, evsiz-eşiksiz adamlarla, bir-iki köhnə əşyasını dalına şəlləyib sərgərdan həyat sürən zavallı qarı-qocalarla, hərbi tribunaldan yaxa qurtarmaq üçün əynindəki mundiri soyunub cır-cındır geyinmiş satqınlarla, milliyyəti, məramı bəlli olmayan dilənçilərlə doludur. Acından, xəstəlikdən ölənlərin sayı minlərlədir, “Qırmızı Xaç” meyitləri daşıyıb çatdıra bilmir. Amma müharibədən sonrakı Almaniyada bir tikə çörəyə görə dilini, imanını dəyişməyə hazır olanlar çoxdur. Bu adamlar pul və ərzaq müqabilində, hətta iblisə də xidmət etməyə hazırdırlar…

Amma indi, 1990-cı ilin ürəkaçan bir yaz günü, Frankfurt Hava Limanının kiçik kafesində, kresloda yerini rahatlayıb mənim Bakıdan gətirdiyim qəzetləri acgözlüklə oxuyan bu yaşlı adam müharibədən sonra nə dilini, nə də dinini dəyişdi. Alman pasportunda belə də yazılmışdı: Məcid Musazadə, azərbaycanlı! 1942-ci ildə faşistlərə əsir düşəndən sonra Legionun mətbu orqanı olan “Azərbaycan” qəzetində baş redaktor işləmişdi. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan Milli Birlik Məclisinin yaradıcılarından biri kimi, Avropada məcburi mühacirət həyatı sürən soydaşlarına əlindən gələn köməyi göstərirdi.

Sevdiyi peşəni də unutmurdu - “Qərsəlani” təxəllüsü ilə əsərlər yazırdı, tərcümələr edirdi. Hələ müharibədən əvvəl, Bakıda universitetdə təhsil alanda da yerli mətbuatda yazıları dərc olunmuş, həm də Nizami Muzeyində elmi işçi kimi çalışmışdı. Bolşeviklərə nifrəti elə onda da hiss olunurdu, gənci dəfələrlə “açıq söhbət” üçün müəyyən dövlət orqanlarına çağırmışdılar. Məcid alman dilini mükəmməl bilirdi, universitetdə alman dilində buraxılan divar qəzetinin redaktoru idi…

Məcid müəllimin sualı məni düşüncələrdən ayırdı:

- Yenə çay gəlsin?

- Təşəkkür…

Görüşəndən bəri ilk dəfə çöhrəsinə xəfif təbəssüm qondu:

- Bilirəm, Bakıdakı çayın yerini verməz. Elə mən də buranın çayını sevə bilmədim. Evdə çayı özüm dəmləyirəm, əsl pürrəngi, həyat yoldaşım İrenə də öyrətmişəm (İren Qreqori-Musazadə - Məcid müəllimin alman əsilli həyat yoldaşı).

Söhbətin bu məqamında çantamdan bir paket çıxartdım:

- Məcid müəllim, sizinçün Bakıdan başqa sovqat da var!

Zərf və videokaseti ona verdim (Görüntülər oğlu Namətin şərhi ilə Musazadələrin İsmayıllıdakı ata ocağında çəkilmişdi. Köhnə ev, Məcidin uşaq ikən əkdiyi qoz ağacı, qocalmış uşaqlıq dostları, sağ qalmış qohumları ona ötən və bir də qayıtmayacaq günlərini xatırladırdı). Məcid müəllim öncə zərfi açdı. Namətin anası Nazlı xanımın fotosu idi. Baxışları şəkildə donub-qaldı. Bunu dərhal duydum, vəziyyəti bir qədər yumşaltmağa çalışdım:

- Nazlı müəllimə çox dəyişib…

Kövrəldi, şəkli öpdü, gözləri doldu.

… Məcid ilə Nazlının atası cavanlıqdan dost idilər. Övladları da el adəti ilə nişanlandılar. 1941-ci ildə, toya üç gün qalmış müharibə başlandı. Məcid ailənin tək oğlu olduğu üçün atası onu müharibəyə göndərməzdən əvvəl evləndirmək istəyirdi. Dostuna yalvardı:

- Sənin 6 uşağın var, elə bil birini mənə ərməğan verirsən. İcazə ver, toy edək, Məcid getsə də, gəlin qalsın yanımızda…

Dostun sözü yerə düşmədi. Əslində, heç toy da olmadı. Nazlıgil Kürdəmirdə, Məcidin ailəsi isə Bakıda yaşayırdı. Tez-tələsik kəbin kəsildi, gənclər evləndilər. Bir həftə sonra isə Məcidi cəbhəyə apardılar...

Nazlı bir həftənin gəlini oldu. Hamilə qalmışdı, doğuş ağrıları tutanda, qayınanası maşın dalınca getdi və elə həmin vaxt poçtalyon Məcidin ölüm xəbərini gətirdi.

Hazlının bu an keçirdiyi hissləri təsəvvür edirsinizmi? Uşaq dünyaya gələndən 20 gün sonra isə Məcidin atası qəzada öldü...

Nazlı ilə körpə Namət Kürdəmirə qayıtdı. Gəlin özü ilə yalqız qalmış qayınanasını da gətirmişdi. Yeri gəlmişkən, Nazlı müəllimə ömrünün sonunadək Məcidin anasının qulluğunda durdu, dünyasını dəyişəndə də onu böyük ehtiramla dəfn elədilər.

… Nazlı xanım qiyabi ali pedaqoji təhsil aldı. Amma Məcidin ölümünə heç inanmaq istəmirdi, gecə-gündüz onu gözləyirdi. Sovet hərbi tribunalının qərarı ilə M.Musazadəyə xain damğası vurulmuşdu, ona qiyabi güllələnmə hökmü çıxarılmışdı. Vətənə gəlsəydi, öldürəcəkdilər. Nazlını tez-tez Kürdəmirdə KQB-yə çağırıb soruşurdular:

- Ərinlə əlaqən varmı? Xainin nəyini gözləyirsən? Niyə ərə getmirsən? Hansı səbəbdən Məcidin qoca anasını evində saxlayırsan?

Nazlı müəllimə isə bütün sualları cavabsız buraxırdı. Bilirdi ki, nə desə, bu cəlladları qane etməyəcək. Məcid isə müharibədən sonra ailəsini və qohumlarını Stalin represiyalarından qorumaq üçün sağ olduğunu gizlətmişdi, hətta tək övladının dünyaya gəlməsindən də xəbərsiz idi. Uzun illərdən sonra yaxınlarının təkidi ilə Nazlı xanım ikinci dəfə ailə qurdu...

- Nazlı, Nazlı… Davaya gedəndə ona “Unutma məni” dedim. O, unutmadı. Mənsə, əslində onunçün çoxdan ölmüşdüm - əllərimi qaldırıb faşistə təslim olduğum andan. Avtomatın darağındakı son patronu özümçün saxlamalıydım. Unutdum. Axırıncı aşırımın qarşısında aciz qaldım. Aşa bilmədim onu. Əvəzində Allah mənə bu zülmü çəkdirdi…

- O sizi həmişə yad edir, tapşırdı ki, salamlarını sizə yetirim. Bakıda hamı sizi səbirsizliklə gözləyir.

… Amma Məcid Musazadəyə canından artıq sevdiyi Azərbaycanı bir də görmək qismət olmadı. O, görüşümüzdən 4 ay sonra, 1990-ci ilin 17 iyulunda Münhendə vəfat etdi.