Aydın Yol / ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

 

İLAHİ HİKMƏT XƏZİNƏSİ

İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə, özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır” (Məhəmməd peyğəmbər).

Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə ­– Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də, bu Yolun nə əvvəli, nə sonu  vardır:
“Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhədi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir.
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”.
 

 
                                                                                          A. Məsud

 

 

XİLAS YOLUNUN YOLÇULARI

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ



ZÜBDƏT- İL HƏQAİQ

(HƏQİQƏTLƏR QAYMAĞI)


“Mərhəmətli və Rəhmli Allahın Adıyla!”
Dünyalar Xaqanı Allaha eşq, Ondan, Allah qorxusunu canında gəzdirənlə­rə mərhəmət diləyi ilə!
Onun Məhəmməd Peyğəmbərinə və Peyğəmbərin müqəddəs, saleh nəslinə şükürlərlə!

 

İndi zəiflər zəifi, dilənçilər qulu Əziz ibn Məhəmməd ən-Nəsəfi söz deyə­cək.

Bəzi dərvişlər mən-fəqirdən böyük dünya və kiçik dünya barədə müahidə1 tərtib etməyi, başlanğıcın (məbdə) nə, qayıdışın (məəd) nə olduğunu, başlanğı­cın hər kəs üçün fərqli, ya bir olduğunu, qayıdışın hər kəs üçün fərqli, ya bir olduğunu izah etməyi, qürubun (nüzul) nə, doğulmanın (oruc) nə olduğunu, qürubun əvvəl, doğulmanın sonra, yoxsa əksinə, doğulmanın əvvəl, qürubun sonra olduğunu izah etməyi xahiş etdilər. Mən də bu mahədəni iki hissəyə ayırdım.

Bu dünyada mənim Allahdan savayı ayrı bir fərəhim yoxdu. Ona üz tutur, Ona güvənirəm. 

 

 

BİRİNCİ HİSSƏ (BAB)

  BÖYÜK DÜNYA BARƏDƏ 

 

Allah səni hər iki dünyada sevindirsin, bil ki, dünya iki hissədən ibarətdi. Onun birinə “gizli dünya”, o birisinə “aşkar dünya” deyərlər.

Bu dünyaların hər birinə kəmiyyət və keyfiyyət baxımından müxtəlif adlar verilib: “yaradan dünya”“buyuran dünya”, “mülk2 dünyası və “mələküt3 dünyası, “bədənlər dünyası”“ruhlar dünyası”, “duyğularla anlaşılan dünya” “şüurla qavranılan dünya” “işıq dünyası” “zülmət dünyası”.  

 

Birinci fəsil

 

“Dünya” sözünün mənasını biləndən sonra bunu da bil ki, sən kiçik adam və kiçik dünyasan. Dünya isə “böyük adam”, “böyük dünya” adlanır.

Dərviş, sən kiçik dünyasan, dünya isə böyük dünyadı, sən hər iki dünyanın siyahısı və işarəsisən.

Bil ki, böyük dünyada nə varsa, kiçik dünyada da var. Özünü dərk et, aşkarda və gizlidə olanlara çat ki, böyük dünyanın əvvəlinə və axırına çata biləsən. Bu yoldan savayı, ayrı yol yoxdur.

Hər şeyi olduğu kimi görməyə can atan kəs özünü də olduğu kimi görməlidir.

 

  1. Müahidə – tədqiqat
  2. Mülk – maddi ərazi, hisslərlə qvranılan bədənlər dünyası
  3. Mələküt – qeyri-maddi dünya, ideal ərazi, arxetiplər dünyası

 

 

İkinci fəsil

  

Bil ki, kiçik dünyanın əzəl törədəni bir özül, böyük dünyanın əzəl törədəni başqa özüldür. Böyük dünyanın əzəl törədəni – böyük dünyanın toxumu (tuxum), kiçik dünyanın əzəl tördəni – kiçik dünyanın toxumudu. Bunu yadında möhkəm saxla: hər iki dünyada yaranan və yaranacaq nə varsa, onun toxumunda var.

Bunları biləndən sonra onu da bil ki, böyük dünya da, kiçik dünya da toxumdan yaranıb. Kiçik dünyada mövcud olanlar onun toxumunda mövcud olub, böyük dünyada mövcud olanlar da onun toxumunda mövcud olub.   

           

 

UCA VƏ MÜQƏDDƏS YARADANIN BÖYÜK

DÜNYANI YARATMASI BARƏDƏ

 

Bil ki, şəriət ardıcılları iki mövcudluqdan bəhs edərlər. Bunun biri – əzəli mövcudluq, digəri – ötəri mövcudluqdu. Ötəri mövcudluğun başlanğıcı varsa da, əzəli mövcudluğun başlanğıcı yoxdu.

Bu iki mövcudluq barədə biləndən sonra, bunu da bil ki, əzəli mövcudluğu “Allah”, ötəri mövcudluğu “dünya” adlandırarlar.

Allah dünya deyil. Dünya da Allah deyil.

Allah – dünyaları Yaradandır. Dünya – Allahın yaratdığıdır.

Şəriət ardıcıllarına görə Yaradan dünyanı yaratmaq istəyində də, onu məhv etmək istəyəndə də Öz istəyində azaddı.        

    

Bunları biləndən sonra, onu da bil ki, şəriət ardıcıllarına görə Uca Yaradanın ilkin yaratdığı Özül olub. Ona “İlkin Ruh” deyərlər.

Mülk və mələküt dünyalarını yaratmaq istəyəndə Uca Yaradan Nəzərlərini həmin o Özülə yönəldib və onu hərəkətə gətirib.

Bu hərəkətdən, Özüldə olanlar – mahiyyət və qaymaq olan üzə qalxıb, bulanıq çöküntü olan dibə çöküb.

Həmin o mahiyyət və qaymaq olanlardan Uca Yaradan ruhlar dünyasını, bulanıq çöküntüdən bədənlər dünyasını və hər iki dünyanın dərəcələrini yaradıb.    

 

Dərviş, bunu da bil ki, ruh özü-özlüyündə sadə özüldü. O, bitkilərdə bitki təbiətini, heyvanlarda iradəni, insanlarda – dərəcələr üzrə biliyi hərəkətə gətirir. 

“Dərəcə” məsələsi aydın olmadısa, izah edim:

Ruh hədsiz incə bir özüldü. O bölünmür, hissələrə ayrılmır. O, Hökm dünyasındandı və özü Hökmdü. 

Bədən isə kobud özüldü. O bölünə və hissələrə ayrıla bilir.

Uca Yaradan ilk əvvəl Öz Nəzərini həmin o dupduru Özülə (qaymağa) yönəltdi və onu hərəkətə gətirdi. Bu qaymağın üzündən O, peyğəmbərlərin Möhür Ruhunu (Xətm) yaratdı. O Ruhun çöküntüsünün qaymağından ulu pey­ğəm­­bər1 ruhunu, o ruhun çöküntüsünün qaymağından peyğəmbər-mürsəlatın2  ruhunu, o ruhun çöküntüsünün qaymağından qalan peyğəmbərlərin3 ruhunu, o ruhun çöküntüsünün qaymağından müqəddəslər ruhunu, o ruhun çöküntüsünün qaymağından müdriklər ruhunu, o ruhun çöküntüsünün qaymağından zahidlər ruhunu, o ruhun çöküntüsünün qaymağından əməlisalehlər ruhunu, o ruhun çöküntüsünün qaymağından möminlər ruhunu, o ruhun çöküntüsünün qaymağın­dan adi insan ruhunu, o ruhun çöküntüsünün qaymağından heyvan ruhunu, o ruhun çöküntüsünün qaymağından bitki ruhunu, o ruhun çöküntüsünün qayma­ğın­­dan digər təbiət ruhlarını yaratdı.

Bunun ardınca O hər ruhun dərəcəsi üzrə mələklərini yaratdı və Mələküt dünyasının qurulması bununla başa çatdı.

Sonra O (Yaradan), ruhlar dünyasını on üç dərəcəyə – İlkin Ruh daxil olmaqla, on dörd dərəcəyə ayırdı.

Bil ki, ruhlar dünyasının on üç dərəcədə olmasına sübut – bədənlər dünyasının da ruhlar dünyasına nisbətdə on üç dərəcə üzrə bölünməsidi.

Odu ki, aşkar dünya (zahiri) gizli (batin) dünyanın ünvanı, Mülk Mələkütün işarəsidi.

Dərviş, deyilənə görə Mülk Mələkütün əksi, onun bənzəridi.

Mələkütün əsası isə Cəbərütdü4. Mələküt özünü Mülklə büruzə verəntək, Cəbərüt də özünü Mələkütlə büruzə verər... 

  

BƏDƏN DƏRƏCƏLƏRİ BARƏDƏ

 

Bil ki, Uca Yaradan maddi dünyanı yaradanda Öz Nəzərlərini Özülün qaymağından ayrılmış həmin o bulanıq çöküntüyə yönəltdi və onu hərəkətə gətirdi. Həmin o çöküntünün qaymağından O, Göylər Səltənətini, bu Səltənətin çöküntüsünün qaymağından Göyün yeddinci qatını, o qatın çöküntüsunün qaymağından Göyün altıncı qatını, o qatın çöküntüsünün qaymağından Göyün beşinci qatını və beləcə Göyün dördüncü, üçüncü, ikinci  və birinci qatlarını yaratdı. Daha sonra O, sonuncu çöküntünün qaymağından od ünsürünü, onun çöküntüsünün qaymağından hava ünsürünü, onun çöküntüsünün qaymağından su ünsürünü, onun çöküntüsünün qaymağından tozu və digər cisimləri yaratdı.

Mələküt dünyasının yaradılışı bununla başa çatdı.

Dərviş, Mülk və Mələküt dünyasının yaradılmasında belə bir sual da meydana çıxır: bunlardan ilkin yaradılanı hansıdı? Ruhlar dünyası əvvəl yaradılıb, bədənlər dünyası sonra? Yoxsa bədənlər dünyası əvvəl yaradılıb, ruhlar dünyası sonra? Qürub ilkin olub, yoxsa sübh?

Bu məsələdə həqiqəti əldə edənəcən çox düşünüb-daşınmaq gərəkdi.

Bil ki, ruh dərəcələri ilə bədən dərəcələri öz məkanını bir-birində tapıb. Göylər Səltənəti – peyğəmbərlərin Möhür Ruhunun məkanı, Göylər Taxtı – ulu peyğəmbərlər ruhunun iqamətgahı və hücrəsidi.

Yeddinci göy – peyğəmbər-mürsəlatlar ruhunun iqamətgahı və hücrəsi;

Altıncı göy – digər peyğəmbərlər ruhunun iqamətgahı və hücrəsi;  

Beşinci göy – müqəddəslər ruhunun iqamətgahı və hücrəsi;

Dördüncü göy – müdriklər ruhunun iqamətgahı və hücrəsi;       

Üçüncü göy – zahidlər ruhunun iqamətgahı və hücrəsi;

İkinci göy – əməlisalehlər ruhunun iqamətgahı və hücrəsi;

Birinci göy – möminlərin iqamətgahı və hücrəsidi.

 

Göyün doqquz dərəcəsinin izahı bununla başa çatır. Bundan savayı dörd dərəcə qalır ki, bu da qalan insanların, heyvanların, bitkilərin və digər təbiət ünsürlərinin ruh hücrələri, ali dünyadan olmayanların məkanıdır. Onlar alçaq dünyadan da deyillər.

Dərviş, bunu da bil ki, kamillik yolu ilə pillə-pillə yüksəlib, öz əzəli məkanına yetməyin yeganə yolu – özünü və Allahını dərk etməkdi.

Öz məkanına yetdikcə, hər kəsin dərəcə üzrə doğuluşu başa çatar və səfər dövriyyəsi qapanar.

Bil ki, dövriyyə qapandıqdan sonra yüksəliş baş tutmaz. Bu yüksəliş sonradan da baş tutmaz. Yolda ləngimək olar, lakin əzəli məkanından yuxarı qalxmaq başa gəlməz.

Yolda ləngiməyə izn verilməsəydi, Müqəddəs Yazının və Peyğəmbərin izahları faydasız olardı.

 

Ruhlar və bədənlər dünyası yaradılandan sonra Uca Yaradan bu  dünyaların üç övladını – təbii daşları, bitkiləri və heyvanları yaratdı.

Ən axırda isə O, Adəmi yaratdı.

Adəm və Həvvadan kifayət qədər yazıldığından, bu müahidədə onların üstündən ötüşəcəyik.

Adəmin övladları sonradan yarandı və bu günəcən də yaranmağa davam edir. Onların hər biri tədricən ona ayrılan kamilliyi əldə edir və hər biri, dövriyyəsi qapanana qədər öz əzəli məkanına can atır.

Ulu peyğəmbərlər – Adəm, Nuh, İbrahim, Musa, Davud, İsa, Məhəm­məd;

  1. Peyğəmbər-mürsəlat – müqəddəs yazını insanlara çatdıranlar – Yaqub, Yusif, Əyyub və digərləri;
  2. Qalan peyğəmbərlər – müsəlman ənənəsi tarixində 315 peyğəmbər hesaba alınıb;
  3. Cəbərüt – Mülk və Mələküt dünyasının törəndiyi, hər iki dünyanın ziddiyyətini aradan qaldıran qeyri-maddi dünya.

 

Bu isə o deməkdi ki, hər bir kəsin əldə etdiyi kamillik, onun öz əzəli məkanına aparan Yolu düzgün getməkdən ötrü nə dərəcədə çalışmasından və buna hansı dərəcədə nail olmasından asılıdı.

Dərviş, bil ki, Yolda ləngimək, dayanmaq mümkündü, lakin əzəli məkanından yuxarı qalxmaq baş tutan məsələ deyil.

Bunu da bil ki, bu dünyaya gələnlərin hamısı ruhlar dünyasından gəlir və hər kəs, öz əməlində də, nitqində də öz əzəli dərəcəsində olduğu kimi qalır.

Hər bir kəs, onun üçün əvvəlcədən müəyyən edilmiş ölçüyə malikdi və bu ölçünü aşmaq mümkün olmaz. Bu o deməkdi ki, bu dünyaya gələn hər bir ruhun məlum çərçivəsi var – bədəndə qalacağı müddətin, alacağı nəfəsin, yeyəcəyi qidanın, deyəcəyi sözün, anlayacağı həqiqətin və ona aid olan digər hər bir şeyin öz ölçüsü və mövcud məkanı var. Və bil ki, Uca Yaradanın xəbəri, izni olmadan, bir ağacda bir yarpaq tərpənməz və bir beyindən bir fikir ötməz.

   

(ardı var)

 

Tərtib və tərcümə A. Məsud