Elektron ədəbiyyat və sənət portalı

“Çox pul haramsız, çox söz də yalansız olmur”

Bölmə: Müsahibə 11.12.2015

- Etimad müəllim, iki il bundan qabaq bir müsahibənizdə demişdiniz ki, “Min yol mənə söylər” romanım Rusiyada və Türkiyədə çapa hazırlanır. Bəs nə oldu, niyə çap olunmadı?

- Romanı Türkiyədə çap eləmək təklifi İstanbuldakı bir nəşriyyatdan gəlmişdi, mənim təşəbbüsüm deyildi. Əvvəlcə dedilər ki, romanı Türkiyə türkcəsinə uyğunlaşırıb onlara təqdim edim. Mənim də belə imkanım yox idi deyə, bunu da öz üzərlərinə götürdülər. Sonra onlardan xəbər çıxmadı, mən də üstünə düşmədim.

 

- Hə, adətən belə olur, özləri deyirlər, özləri də eləmirlər...

- Gedib dava döyəsi deyildim ki, niyə sözünüzü tutmursunuz. Rusiyada isə kitab çıxacaq. Əvvəlcə jurnalda hekayələr çap olunacaq, sonra roman və hekayələr bir yerdə, kitab halında. 

 

- Yenə də iki il bundan qabaq demişdiniz ki, yeni romanın eskizləri hazırdır, lazımi araşdırmalar aparılıb, istiqamətini müəyyən eləmişəm, amma yazmağa hələ yaxınlarda başlayacam. Nə oldu, niyə yazıb qurtarmadınız?

- Yazıb qurtarmamışam, niyəsini də sən məndən yaxşı bilirsən. Elə zəmanədə yaşayıraq ki, imkanımız olanda yazırıq, ürəyimiz istəyəndə yox. İmkanı isə heç vaxt kənarda axtarmamışam, özüm yaratmağa çalışmışam. Amma belə görünür ki, çox işləyən az qazanır, az işləyən çox və bu, bəlkə də, dialektikanın qanunudur. Ona görə də darılmağa dəyməz, hər şey yolundadır. Sadəcə, adam ortaya çiy şeylər çıxarmaq istəmir.

 

- Roman nə vaxt çap olunacaq?

- Kitabı gələn il çap eləyəcəyəm, inşallah.

 

- Maraqlıdır, bir yazıçı kimi də, bir insan kimi də, son iki ildə həyatınızda nə dəyişdi, nə yenilik oldu? Məsələn, birini mən deyim: Bakı Slavyan Universitetindən Tərcümə Mərkəzinə gəldiniz. Deyə bilərsinizmi başqa nə dəyişdi?

- Dəyişiklik yaxşı şeydir, ancaq sürəkli olaraq, bir ağacı bir yerdən çıxarıb başqa yerə əkəndə ondan yaxşı bar-bəhər gözləməyə dəyməz. Mənsə ömrüm boyu işlədiyim yerlərin sayını da itirmişəm. Ən çox işlədiyim yer Bakı Slavyan Universiteti oldu. BSU-da prorektor və rektor postlarından savayı, demək olar, bütün vəzifələrdə işləmişəm. Hamısından da öz ərizəmlə çıxmışam.

 

- Bəs sonradan çıxacaqdınızsa, o vəzifələrdə işləməyə niyə razı olurdunuz?

- Ona görə ki, bir işi sənə etibar eləyirlərsə, deməli, inanırlar və sən də bu inamı doğrultmağa çalışırsan. Həm də istəməmişəm haqqımda fikirləşsinlər ki, “donuzun başını xonçaya qoyursan, sürüşüb düşür”. Amma çox şey dolanışığa bağlıdır, indiki vaxtda ali məktəblərdə vəzifə maaşı ilə keçinmək çətindir. Rəhbərlik də öz cibindən sənə pul-para verəsi deyil. Universitet müəllimləri ölkənin ən fədakar insanlarıdır.

 

- Tərcümə Mərkəzi...

- Düzü, son iki ildə Tərcümə Mərkəzində işə başlamağımdan savayı həyatımda elə bir dəyişiklik olmayıb.

 

- Aydın məsələdir, heç Amerikada da iş yerini tənqid eləmək mümkün deyil, amma istərdim Tərcümə Mərkəzi haqqında danışaq. Siz Tərcümə Mərkəzinin fəaliyyətini necə dəyərləndirirsiniz və orada nə işlə məşğulsunuz?

 - Nə tənqid eləmək istəyirəm, nə də difiramba oxumaq. Bildiyim odur ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması dövlətin humanitar sahədə atdığı ən mühüm addımlardan biridir. Bu Mərkəzin yaradılması həyati ehtiyacdan doğub. Heç fikirləşirikmi ki, niyə “Rusiya tərcümə məktəbi”, “Gürcüstan və ya Türkiyə tərcümə məktəbi” ifadələri bizdə heç bir qıcıq doğurmur, amma “Azərbaycan tərcümə məktəbi” ifadəsi qulağımızı cırmaqlayır? Bu gedişlə belə bir məktəb bizdə nə vaxt yaranacaqdı? Dünyada tərcümə xidmətlərinin ümumi həcmi 50 mld. dollardan çoxdur, lap yaxın qonşularımızla müqayisədə bunun nə qədəri bizim payımıza düşür? Niyə Azərbaycanın ali məktəblərində tərcüməşünaslığa aid dərsliklər yoxdur və ya olanlar da bərbad vəziyyətdədir? Mədəni xalqların keyfiyyət göstəricilərindən biri də ölkədə hazırlanıb, nəşr olunmuş ensiklopediyaların, müxtəlif təyinatlı lügətlərin çeşidi və sayı ilə müəyyənləşir. Bizdə indiyəcən nə qədər ensiklopediya, lügət nəşr olunub? Niyə Almaniya, Rusiya kimi, ilk baxışda öz ədəbiyyatının təbliğinə ehtiyacı olmayan ölkələrdə bu iş dövlət səviyyəsində dəstəklənir, amma biz bu yaxınlaracan yalnız danışmaqla kifayətlənmişik? Bədii tərcümə sahəsində kəmiyyət nə vaxt keyfiyyətə keçəcək?

 

- Belə suallar çoxdur...

- Zamanın çağırışlarına adekvat olmaq lazımdır. Məncə, Tərcümə Mərkəzinin missiyası ilə bağlı heç bir qaranlıq məsələ yoxdu. İndiyəcən görülmüş və görüləcək işlərlə bağlı ölkə mətbuatında da, Mərkəzin saytında və qəzetində də kifayət qədər məlumatlar verilir. Onlara göz gəzdirmək kifayətdir.

 

- Maraqlıdır ki, Tərcümə Mərkəzi də yeni müsabiqə elan eləyib. Biz sizə inanırıq, Etimad müəllim. Siz də bizi inandıra bilərsinizmi ki, Mərkəzin keçirdiyi müsabiqəyə heç bir kənar təsir olmayacaq, hər şey haqq-ədalət çərçivəsində müəyyənləşəcək?

- Mənə inanırsınızsa, bu işin içində olan adam kimi deyirəm, Tərcümə Mərkəzinin müsabiqəsi tamamilə bəyan olunmuş qaydalar əsasında keçirilir. İncildə belə bir ifadə var: “Bütün gizlinlər əvvəl-axır faş olur” və mən buna inanıram. Mərkəzdə bir nəfər də tapammazsan ki, yüngülsaqqallıq eləyib, müsabiqəyə “barmaq eləməyə” çalışsın. Ortada Afaq Məsud faktoru var, o, belə şeylərə göz yuman adam deyil. Başqaları necə müsabiqə keçirir, nə təhər eləyir - bunu özləri bilər.

 

- Sizin 50-dən çox yaşınız var. Cəmi bir roman yazmısınız, bir neçə hekayə, bir neçə tərcümə əsəri və şeirlər... Mənə elə gəlir ki, çox azdır. Bəs sizə necə gəlir? İstedadına və intellektinə inandığımız üç-beş yazıçımızdan birisniz. Niyə az yazırsınız?

- Vaxtından əvvəl qocaltma da, hələ əlli yaşım olmayıb.

 

- Təxminən, dedim.

- Yazıram e, sənətkar, yazdıqlarımı üst-üstə qalaqlasan, bəlkə də, Tolstoydan çox yazmışam. Sadəcə, bunlar sən deyən yazılar deyil. Belə baxanda az da yazmamışam. Ədəbiyyatda “bir əsər müəllifi” kimi tarixə keçmiş yazıçılar çoxdur. Amma o əsər də əsər olmalıdır.

İnan ki, mənim yazmağımı istəyən adamlardan çox özüm-özümü danlayıram. Ancaq eybi yoxdur, gözəl günlərimiz qabaqdadır.

 

- Tez-tez yazıb tənqid edirlər ki, istedadlı gənclər əlavə işlərə çox enerji sərf edir. Müsahibələr, köşələr, reportajlar... Maraqlıdır, başqa necə mümkündür, siz hansı yolu təklif edərdiniz ki, cavanlar sırf bədii yaradıcılıqla məşğul olsunlar?

- Böyük yazıçıların əksəriyyəti, Heminquey, Markes və s. kimi adamlar ədəbiyyata jurnalistikadan gəliblər. Bu mənada gənclərin müsahibə almasında, köşə yazmasında pis bir şey görmürəm. Amma o yazıçılar bədii ədəbiyyatla məşğul olmağa başlayandan sonra, əksərən, jurnalistikanın daşını atıblar. Çünki bunların ikisini də bir arada tutmaq, hardasa mümkün deyil. Sadəcə, jurnalist adətən saytın, qəzetin sifarişini yerinə yetirir, çalışmaq lazımdır ki, sifarişli yazılar yazmaq vərdiş halını almasın, adam ictimai fikrin buyruq quluna çevrilməsin. Sırf ədəbi yaradıcılıqla məşğul olmaq istəyirsənsə və əgər Tolstoy kimi qraf deyilsənsə, gözə almalısan ki, bu yolda səni böyük iztirablar gözləyir. Özü də çox zaman axırda heç bir dividend gətirməyən iztirablar.

 

- Yeri gəlmişkən, bəzən adamlar müsahibə verməkdən çəkinir, imtina eləyir.

- Niyə?

 

- Çünki bilir ki, müsahibə versə, yalan danışacaq. Çünki yalan danışmamaq mümkün deyil. Siz də çox danışmırsınız. Adətən, susursunuz. Görəsən, sizin də susmağınız yalan danışmaqdan ehtiyatdırmı?

- Çox pul haramsız, çox söz də yalansız olmur. Buna görə də yalan-palan danışmaqdansa, susmağı üstün tutan adamları başa düşürəm. Bir də yalançı kimi ad çıxarmış adamların çoxusu, əslində, yalan danışmağı bacarmayan insanlardır. Yalan danışmaq da istedad tələb eləyir. Elə adamlar var ki, ömrü boyu gop eləyir, amma heç kəs bunun fərqində olmur.

 

- Heç xarici ölkələrin birinə getmək istəyirsinizmi? Ömrün qalan hissəsini məsələn, İsveçdə, İtaliyada, Almaniyada yazıb-yaratmaq necə olardı sizin üçün?

- Çox xarici ölkələrdə olmuşam və səmimi sözümdür, müəyyən şərtlər daxilində çıxıb Başkeçidə gedərdim. Orda evim də var.

Teleqraf.com