Elektron ədəbiyyat və sənət portalı

Məsud Əlioğlu Əliağa Vahid haqqında

Bölmə: Hadisə 05.10.2018

 

Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

Monoqrafiyaların, 100-ə qədər məqalənin, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığınıa dair, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların, əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.

Məsud Əlioğlu 1973-ci ilin 23 iyununda Bakı şəhərində vəfat edib.

Görkəmli alimin 90 illik yubileyi münasibətilə Əliağa Vahid poeziyası haqqında yazdığı məqaləni təqdim edirik.

 

Ə.VAHİDİN KÖNÜL DÜNYASI

Əliağa Vahid dünyadan getdi. Onun gözəllik və məna ilə zəngin şeir dünyası qədirbilən oxucularına və doğma xalqına qaldı. Şair ömrünü bu xalqa və xalqın təcəssümündə insanlığa xidmətdə başa vurdu. İndi Vahidsiz dünyada, lakin Vahidin dünyası ilə yaşayırıq.

Obrazlı fikrin, şairanə sözün məharətli ustası Ə.Vahidin şeir xəzinəsi tükənməzdir. Zaman keçdikcə bu xəzinədə bərq vuran gövhərlərin, qiyməti solmayan fikirlər cavahiratının məna və dəyəri artacaq, Vahid sənətinə bəslənən məhəbbətin və marağın hərarəti soyumayacaq.

Ə.Vahid klassik şeirimizin məna-məzmun siqlətini, eyni halda şəkil-üslub sənətkarlığını son əsrdə yaşadan vahid bir sima idi və vahid sima olaraq da qalacaq, ehtiramla yad ediləcək.

Şair Azərbaycan klassik şeirinin qəzəl kimi əsrləri keçib gələn və zamanın təlatümlərinə davam gətirən janrına, bu janrın mündəricəsinə və şəkil xüsusiyyətlərinə uyğun bir sıra əhəmiyyətli yeniliklər gətirmişdir. O, qəzəl janrında ifadə olunan fikirlərin məna çəkisinə, dəqiq və sərrast deyilişinə sadiq qalmaqla kifayətlənməmiş, bu janrın kütləviləşməsi, geniş oxucu auditoriyalarının, xalqın mənəvi qida, bədii həzz mənbəyinə çevrilməsi üçün böyük islahat aparmışdır. Bu mənada Ə.Vahidin qəzəlləri təmiz və halal ana südü, bərəkətli-müqəddəs vətən torpağı kimi hər bir azərbaycanlı oxucuya doğmadır, əzizdir:

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,

Can ver elə cananə ki, ilqarı gözəldir.

Bu qəzəl təkcə klassik poeziyanın yayılmış növü, şeirin çox mürəkkəb və çətin janrı olduğu üçün qiymətli deyil, bundan daha ziyadə xalqın mənəvi böyüklüyünü, ruhi sərvətini tanıtdırdığı üçün qüvvətlidir. Qəzəldə həyatın, varlığın və dövranın ecazkar sirlərinə vaqif müdrik bir təfəkkür, xalq zəkası dil açıb danışır. Qəzəl yazmaq bacarığı xalq təfəkkürünün itiliyinə, vüsətli fikirləri söz, misra və beytlə ifadəyə gətirmək qabiliyyətinə dəlalət edir. Digər tərəfdən, həmin müdrik təfəkkür yanar bir qəlbin hərarəti ilə – səmimiyyət və saflıq dolu xalq mənəviyyatının sönməz odu ilə qızınır.

Demək, qəzəl ağılla ürəyin vəhdətini yaşadan və bu vəhdətin gözəlliyini əsrlərin axınından keçirərək, ta bu günə qədər gətirib çıxaran bədii sözün icadı, möcüzəsidir.

Ə.Vahid həmin möcüzəyə vaqif sənətkardır, bu səbəbdən onun sənəti də müəyyən miqyasda möcüzədir! Vahid şeirində əbədiyyətə çağıran və "gərdişi-dövranın" hər növ sədləri, maneə və çətinlikləri önündə məğrur dayanan bədii idrakın ana xətti bu münbit, bərəkətli ənənəyə axıra qədər sadiqdir:

Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən,
Bir dəfə şikayət sözü çıxmaz dilimizdən.
Qəsd etsə həsədlə bizi məhv etməyə zalim,
Keçməz bizim ərbabi-qələm qatilimizdən.
Tufani-bəla gəlsə də, qorxan deyilik biz,
Dağlar belə sədd olsa qaçar sahilimizdən.

Baxma bizə min naz ilə, səyyadlərik biz,
Yüz gözləri ahu qaça bilməz əlimizdən.
Xaki-dəri-meyxanədə dəfn et bizi, saqi,
Min kuzə çaxır torpağımızdan, gilimizdən.
Vahid, biz o nəslik ki, bu gülzari-cahanda
Övladi-vətən zövq alacaq hasilimizdən.

Vahid, biz o nəslik ki, bu gülzari-cahanda, Övladi-vətən zövq alacaq hasilimizdən.

Vahid şeirinin estetik meyarı gözəllikdir! Gözəllik – həqiqəti dərk etmək mənasında şairin bütün qəzəllərində tərənnüm olunan əsas motivdir. Şair bu fikrin təsdiqinə daha artıq və ardıcıl diqqət yetirir ki, gözəl olan və gözəl ola biləcək bir şey o halətdə mümkündür ki, gözəlliyi yaşada biləcək zəmin – ictimai varlığın özü gözəl olsun. Gözəllik məhdud çərçivədə və intim miqyasda dərk ediləcək keyfiyyət deyildir. Mahiyyəti  mənası tükənməzlikdən ibarət olduğuna görə gözəllik genişmiqyaslı və vüsətlidir. Odur ki, Ə.Vahid qəzəllərindəki "aşiq-məşuq", "pərvanə-şam", "gül-bülbül" və "tuti-şəkər" kimi klassik poeziyadan gələn təbirlər ancaq məhəbbətin ifadəsi üçün deyil, sözaltı mənasında yüksək mətləbləri, ictimai fikirləri ifadə məqsədilə də işlədilir.

Gözəlliyi müəyyənləşdirən amilləri araşdırarkən şair, ilk növbədə, insanın xarici mühitlə, real varlıqla əlaqəsi və ünsiyyəti fikri üzərində dayanır, “ictimai varlıq insanın duyğu, fikir və intibahları baxımından nə dərəcədə, hansı mənada gözəldir” anlayışını nəzərdən keçirir.

Əgər insan xislətən təmiz, qəlbən pakdırsa, onun əməli-əqli incəliyi – gözəlliyin mənəvi dəyərini vəsf etdikdə qiymətlidir:

Gül incədirsə, sən, gözəlim, güldən incəsən,

İncə nəzakətin qədər incə düşüncəsən.

Hər oynadanda xəm qaşını, qan olur könül,

Sanki bu fikirlə əl atırsan qılınca sən.

Zalim, həmişə könlümü incitdi firqətin,

Ömrümdə qoymadın məni bir ləhzə dincə sən.

Ayinələr xəcalət olur görcək əksini,

Naz ilə şanə zülfünə hərdən çəkincə sən.

Gözəllik məfhumunu Ə.Vahid öz qəzəllərində müxtəlif məzmunda, həm də xüsusi incəliklə mənalandırmışdır. Gözəllik – əməldir, parlaq bir əməl! Gözəllik – mərifətdir, zəkanın hünəri! Gözəllik – etibardır, amalın qüdrəti! Gözəllik eşqdir, mənəvi kainatın məhvəri!

Eşq özünün yüksək bəşəri məzmunu, çoxcəhətli təlqin xüsusiyyəti, ağıla və qəlbə tükənməz qida vermək qüdrəti etibarilə Ə.Vahid şeirində tamamilə təzə çalarlarla tərənnüm olunmuşdur. Ümumən qəzəl ədəbiyyatının vüqar və şirinlik mövzusu olan məhəbbət şairin yaradıcılığında insanı real dünyaya bağlayan və canlı həyatı insan təsəvvüründə gözəlləşdirən bitkinlik və ülviyyət rəmzi kimi vəsf edilmişdir. Eşq – mövcudluğun solğun, yekrəng və cansıxıcı təzahürlərini, həyatın xırdaçılıqlarını, üzüntülü, ölgün cəhətlərini insana unutdurur. Sevməyi bacaranlar, məhəbbətə qadir olanlar mənən təkmilləşməli, əqlən yetkinləşməlidirlər. Yalnız bu tərzdə, mənəvi həyatı ali və nurlu hisslərlə zənginləşdirmək sayəsində eşqin fəzasına yüksəlmək mümkündür:

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,

Eşqdən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,

Bir könül ki eşq zövqün duymaya, qəmxanədir.

Ə.Vahid qəzəllərində məna dərinliyi və təsir dairəsi xüsusi sənətkarlıq hünəri ilə təhlil edilən "eşq", əslində, real bir keyfiyyətdir və insanın təbii meyil və hisslərinin tərcümanıdır. Bununla yanaşı, məhəbbət intim-subyektiv münasibətlərin çərçivəsinə sığmır, özünə geniş meydan, ənginliklər axtarır. "Aşiq-məşuq" əlaqələri səpkisində qələmə alınan məhəbbət motivi, əksərən, insanın ictimai amalı, vətəndaşlıq əqidəsi ilə birləşir. Bu əlamətdar xüsusiyyətinə görə şairin poetik dünyasında eşq ilahi həqiqətin dərki və müdafiəsi mövqeyində dayanır. Məhəbbətə könül bağlayan kəs hiylə və riya ilə barışa bilməz! Hər kəsin ki cövhərində "sevgi" adlandırılan saf və müqəddəs bir atəş alovlanır, o, pisliyə, mənəvi eybəcərliyə qələbə çalmaq iqtidarındadır. Ə.Vahid qəzəllərində təsvir olunan müqtədir – dəyanətli aşiq surətinin yaşamaq qayəsi belədir:

Ey gül, səni hər kəs ki sevib, bəxtəvər oldu,

Eşqində bir ancaq mənim ömrüm hədər oldu.

Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı.

Tale mənə yar olmadı, bir dərd-sər oldu.

Şərq poeziyasında, ümdəsi də Şərqin ictimai-fəlsəfi fikir tarixində sənətkarın həqiqəti müdafiə naminə çətinliklər önündə məğrur dayanması əlamətdar xüsusiyyətdir. Klassik Azərbaycan şeirinin fəlsəfi-idrak xəttinə aid olan bu diqqətəlayiq cəhət Ə.Vahid qəzəlləri üçün də səciyyəvidir. Şair əksər şeirlərində istər məhəbbətin hər növ əzablarını igidliklə dəf edən vəfalı aşiqin dilindən, istərsə də bilavasitə özünün cəmiyyət məsələlərinə münasibətini bildirərkən qürurla danışır, məğrurluğun əzəmət və gözəlliyindən bəhs açır. Ə.Vahid şairi – söz sənətkarını insan qürurunun timsalı kimi yüksək qiymətləndirir.

Xalqının vicdan səsi və cəmiyyətin ədalət carçısı olan sənətkar heç bir tabeçiliyə, itaətə dözməməlidir. Şair alçaldılması mümkün olmayan şəxsiyyətin dəyanətini varlığında yaşatmalı və yaradıcılığında doğrultmalıdır! Əgər söz rəssamı – sənətkar, həqiqətən də, istedadlıdırsa, o, səmimi olmaya bilməz. Səmimiyyətin başlıca əlaməti isə həqiqəti söyləməyə qadir sənətkarın yalana qarşı mübarizədə mənəvi səbatını hifz etməsidir. Ə.Vahid şeiri xalqın, cəmiyyətin və ümumun səadəti və yaradıcılığına son dərəcə tələbkar olmağı bacaran şairləri yarışa çağırırdı:

Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var,

Bir gün yetərik vəslə, əgər qismətimiz var.

Hər kimsə bu naz ilə səni bəsləyə bilməz,

Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var.

Biz neyləyirik cənnəti, ya baği-behişti,

Öz bağımız, öz solmayacaq cənnətimiz var.

Bülbül də bizim, gül də bizim, el də bizimdir,

Kimdən, gözəlim, indi bizim minnətimiz var?

Şairin – sənətkarın təbiətən məğrurluğunu və şeiri-sənəti qürurlandıran amilləri araşdırarkən Ə.Vahid belə nəticəyə gəlirdi ki, qürurlu olmaq kifayət deyil, bu qürurla həm də fəxr etmək lazımdır! Şair mənsub olduğu xalqın poeziyası ilə, bu poeziyaya qida və ilham verən zəngin və qədim klassik şeir ənənələri ilə, Azərbaycanın şeir dilinin gözəlliyi və bəlağəti ilə, xalq bədii təfəkkürünün çoxtərəfli, münbit qaynaqları ilə haqlı olaraq fəxr edirdi:

Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,

Məcnun edən aşiqləri leylayi-vətəndir,

Yüzlərlə gözəl aşiqi olsam da mən, amma

Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir.

Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,

Ondan da gözəl xəlqə təcəllayi-vətəndir!

Qoymaz bu müqəddəs yerə biganə toxunsun,

Hər kəs ki sədaqətli bir əbnayi-vətəndir.

Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,

Cənnət də, behişt də bizə səhrayi-vətəndir.

Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,

Məşuqə mənəm, eşqi-Züleyxayi-vətəndir.

Ə.Vahid poeziyası bütünlükdə həm düşündürücü idraki xüsusiyyəti, həm də zəngin, rəngarəng və incə sənətkarlıq əlamətləri ilə bu böyük, işıqlı amalın –Vətənin xidmətində idi, Ə.Vahid bu gün də həmin idealın xidmətindədir.

Ə.Vahid şeiri poeziyamızın inkişafı tarixində xüsusi bir cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair bizə təravəti solmayan qiymətli bir mirası yadigar vermişdir. Bu dəyərli xəzinəni göz bəbəyi kimi qoruyub saxlamaq, böyük qayğı və həssaslıqla mühafizə etmək azdır. Əsas vəzifə Ə.Vahid poeziyasının sirrini açmaq, onu şərh etmək və şairi layiq olduğu dərəcədə oxuculara tanıtdırmaqdır. Ə.Vahid gələcəkli sənətkardır.

Müdrik babalarımızın hikmət dolu kəlamından qida almış Ə.Vahid şeiri bu kəlamların ömrü qədər yaşayacaq!

Şərq muğamları və Azərbaycan musiqisi ilə əkiz doğulmuş Ə.Vahid qəzəlləri bu musiqilərin özü qədər ölümsüz olacaq!

Füzuli dühasının və Füzuli sənətinin son əsrdəki istedadlı davamçısı, klassik fəlsəfi-lirik şeirimizin sonuncu yadigarı, könlünün bütün telləri ilə eşq nəğmələri oxuyan Ə.Vahid məhəbbətin özü kimi köhnəlik, qocalıq görməyəcək.

 

1970