Viktor Hüqonun sürgün həyatı

 

III Napoleon 1851-ci ildə Fransada qiyam yoluyla hakimiyyəti ələ keçirdikdən sonra Hüqo ölkədən sürgün olundu və ailəsi ilə birlikdə Normandiyada İngiltərənin tabeliyində olan Quernsey adasında məskunlaşdı. Sürgündə keçirdiyi on beş il ərzində üç şeir kitabı və "Səfillər" də daxil olmaqla, ən uğurlu əsərlərini yazdı. Hüqo Quernseyə yerləşdikdən az sonra Hautevillin evini alaraq (yerli camaat intihar etmiş qadının ruhunun həmin evdə yaşadığına inanırdı) oranı istədiyi kimi qaydaya salmağa başladı. Bu işlərdən ən əsası damda kiçik "müşahidə qülləsi" inşa etmək idi. Manş dənizinə baxan o qüllə adanın ən yüksək nöqtəsində idi və hava açıq olanda buradan Fransa sahilləri görünürdü. Hüqo hər səhər güzgünün qarşısındakı kiçik bir masanın arxasında oturur və əsərlərini yazırdı.

Hər gün sübh tezdən yaxınlıqdakı bir qaladan atılan mərminin səsinə  oyanır, təzə dəmlənmiş qəhvəni və sevgilisi Cülyetta Drüenin məktubunu əlinə götürürüb yuxarı qalxırdı. "Jüjü"nün sevimli "Məsih"inə yazdığı ehtiras dolu sözləri oxuyandan sonra Hüqo iki çiy yumurta içir, müşahidə qülləsinə çəkilib saat on birə qədər yazırdı. Bunun ardınca dama qalxıb gecədən doldurulmuş bir ləyən suyu başına töküb yuyunurdu. Evin qarşısından keçən qəsəbə camaatı və otağının pəncərəsindən baxan Cülyetta bu qəribə mənzərəyə tamaşa edirdilər.

Nahar vaxtı Hüqo yemək üçün aşağı mərtəbəyə enirdi. Yazıçının bioqrafı Qrehem Rob bu dövr barədə belə yazır: "Hüqo az qala hamını, hətta onun məşhur qadın pərəstişkarlarına tamaşa etməyə gələn müşahidəçiləri də qəbul edirdi. Saat on ikidə boz şlyapa və yun əlcəklərdə, sanki bir səliqəli bağban kimi gəlib öz qonaqlarını yemək otağına aparırdı".

Hüqo qonaqlarını yaxşıca doyurur, amma özü çox az yeyirdi. Günortadan sonra iki saatlıq gəzintiyə çıxır, ya da sahildə hərəkətlər edirdi. Ardınca isə bərbəri onun saçlarını qaydaya salırdı. Sonra Cülyetta ilə fayton gəzintisinə çıxır və vaxtını adətən hər gün ona gələn çanta dolu məktublardan bəzilərinə cavab yazmaqla keçirirdi.

Ailəvi nahar süfrəsində Hüqo yalnız fəlsəfi mövzular zamanı söhbətlərə qoşulur, həmişə cibində olan dəftərçəsinə nəsə yazmaq üçün sözlərinə ara verirdi. Hüqonun üç övladından biri sonralar yazıçı olan oğlu Çarlz həmin səhnəni belə təsvir edirdi:

"Atam bəzən hətta ən əhəmiyyətsiz fikirləri məsələn, "yaxşı yatdım, ya da mənə içmək üçün bir şey verin" kimi sözləri dilə gətirdiyi anda belə dayanır, dəftərçəsini çıxarır, indicə dediyini qeyd edirdi ki, heç nə itməsin”.

N.Əliyeva